Mirzə Cəlili evləndiyi üçün Ağdamda öldürmək istəyirdilər

Mirzə Cəlili evləndiyi üçün Ağdamda öldürmək istəyirdilər
30 iyul 2019
# 08:57

Kulis.az Həmidə xanım Cavanşirin "Xatirələrim" kitabından bir hissəni təqdim edir.

1907-ci il iyunun 15-də Quzanlıdan molla gətirdilər. Həmin molla qohumlarımın və yaxınlarımın iştirakı ilə bizim kəbinimizi kəsdi. Mərhum qızım Mina məmnun idi, hələ tərəddüd içində olduğum vaxtlarda belə ərə getməyim üçün özü məni dilə tuturdu.

Biz heç bir təntənə düzəltmədik. Evlənməyimizdən xəbər tutan qonşular və kəndlilər bizə gəlir, Mirzə Cəlillə tanış olur və söhbət edirdilər. O, hamıda xoş təəssürat oyatmışdı. Ancaq mənim xidmətçim O.Q.Sipyaginanın Mirzə Cəlildən heç xoşu gəlmirdi. Hesab edirdi ki, onun çox amansız gözləri var və məni bədbəxt edəcək. Ağlayır, yalvarıb-yaxarırdı ki, ona ərə getməyim. Kəndlilərin göndərdikləri adamlar yanıma gəlib deyirdilər: “Sən bu camaatı atıb şəhərə necə gedə bilərsən? Bu ədalətsiz insanlar bizi başsız görüb yeyərlər”. Mən onları sakitləşdirir və deyirdim ki, uzun müddətə getmirəm.

Qohumlarım da bir-bir bizə gəlir, Mirzə Cəlillə tanış olurdular. Bir gün Mirzə Cəlili dilə tutdum ki, onlar üçün jurnaldan bir yazı oxusun; kefi kök idi deyə razılıq verdi. Öz sevimlisi, “Fəqir” ləqəbli naxçıvanlı Hacıağanın şairlərini seçdi. Bu “Çul” adlı gözəl bir şeir idi. Cəlil bu parçanı son dərəcə hissiyatla və qəlbdən oxudu. Qonaqlarımız onunla tanışlıqdan çox razı qaldılar. O, hamı ilə həvəslə söhbət edir, sual verir və arada da dəftərçəsinə nəsə qeyd edirdi.

Bizim darvazamız Ağdamdan, Hindarxdan, Ağcabədidən, Lənbərandan gələn böyük yola açılırdı. Bütün zümrələrdən olan insanlar, xüsusilə dövlət xidmətində olan məmurlar yolüstü yemək və dincəlmək üçün bizə dönərdilər.

***

İyunun 25-də Mirzə Cəlil Faiq əfəndidən jurnalın bağlanması xəbəri haqda teleqram aldı. Biz Ağdama qədər bir yerdə getmək üçün hazırlaşdıq. Cəlil Ağdamdan Tiflisə yolda düşməli, mən isə uşaqlarla Şuşaya yaylağa çıxmalı idim.

Mənim bu izdivacım Qarabağ bəylərinin çoxunu hiddətləndirmiş, ciddi qəzəbə səbəb olmuşdu. Onlar zümrə törələrinə sədaqət göstərmədiyimə görə məni tənbeh etmək, hətta Ağdam bazarında Mirzə Cəlili öldürmək istəmişdilər. Yola çıxmazdan əvvəl Əfətli kəndindən olan bir qohumum özünü mənə yetirib xəbər elədi ki, bəylər bizim Ağdamdan keçəcəyimizdən xəbər tutmuşlar və qərara gəlmişlər ki, Bazar meydanında bizə bir kələk qurub hay-küy qoparsınlar, sonra da fürsətdən istifadə edib Mirzə Cəlili öldürsünlər, ya da təhqir etsinlər. Mən əmioğlanlarımı məsləhətə çağırdım. Onların böyüyü olan İbiş bəy çox hiddətləndi...

İbiş bəy 20 il öncə hökumətə müqavimət göstərdiyi üçün həbsə atılmış və 12 illiyə Sibirə sürgün edilmişdi. 1905-ci il manifestinə görə həbsdən azad edilib geri qaytarılmışdı. O, Qarabağda öz mərdliyi, cəsurluğu, qorxmazlığı ilə ad çıxarmış adamdı. Qarabağ bəyləri onunla hesablaşırdılar. 1905-ci ilin avqustunda biz Xankəndində onun sayəsində ermənilərlə müsəlmanlar arasında sülh yarada bilmişdik.

Bizə qəsd hazırlayan bəylərin bu həyasızlığına cavab olaraq əmioğlum İbiş bəy qohumlardan və dostlardan ibarət 20 nəfər silahlı və atlı adamı başına topladı. Onlar bizim faytonu əhatəyə alıb Şuşaya kimi ötürdülər. Bu minvalla biz sağ-salamat Ağdam bazarından keçib stansiyada dayandıq. Pişvazımıza Şuşadan göndərilmiş şəhərin iki nəfər çox nüfuzlu sakini burada bizi gözləyirdi. Sən demə, orada da bizə hazırlanan qəsddən xəbər tutmuş və bu hörmətli adamları göndərmişdilər ki, bizi qarşılayaraq müşayiət etsinlər. Mirzə Cəlili iki nəfər silahlı və etibarlı adamla öz faytonumuzda Yevlaxa yola saldım, özüm isə uşaqlarla Şuşaya getdim.

# 5006 dəfə oxunub

Oxşar xəbərlər

Erməni  müstəntiqə sərt cavab verən cümhuriyyətçi - O, niyə azad edilməsinə razı olmamışdı?

Erməni müstəntiqə sərt cavab verən cümhuriyyətçi - O, niyə azad edilməsinə razı olmamışdı?

14:00 1 iyun 2026
"Artıq meydanda heç bir bəhanə qalmadı..."  - Nəsib Bəy Yusifbəyli gənclərə müraicətində nə yazırdı?

"Artıq meydanda heç bir bəhanə qalmadı..." - Nəsib Bəy Yusifbəyli gənclərə müraicətində nə yazırdı?

12:00 31 may 2026
Almanlarla ortaq olduğumuz iki motiv: ağac kultu və may ayı / Umay ayı - Alov İnanna

Almanlarla ortaq olduğumuz iki motiv: ağac kultu və may ayı / Umay ayı - Alov İnanna

10:00 30 may 2026
Mühacir mətbuatımızın fəallarından biri - O, niyə Tiflisdə həbs edilmişdi?

Mühacir mətbuatımızın fəallarından biri - O, niyə Tiflisdə həbs edilmişdi?

13:30 28 may 2026
Sinfi mübarizə, yoxsa dil soyqırımı? - Rəsulzadənin üzə çıxarılmayan məqaləsi

Sinfi mübarizə, yoxsa dil soyqırımı? - Rəsulzadənin üzə çıxarılmayan məqaləsi

10:00 28 may 2026
Ailəsi Sibirə sürgün olunan bəy oğlu – Qiyas bəy Şıxlinskinin faciəvi həyat hekayəsi

Ailəsi Sibirə sürgün olunan bəy oğlu – Qiyas bəy Şıxlinskinin faciəvi həyat hekayəsi

10:00 13 may 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər