Onun yaşadığı gizli ünvanlar

Onun yaşadığı gizli ünvanlar
6 dekabr 2013
# 08:45

Əlimə bir kağız keçdi. Kağızın üzərində illər öncə Ruhani Başçımız Safruhun əlyazısıyla yazılıb: “Asif Atanın yaşamış olduğu ünvanlar” və aşağıda həmin ünvanların adsırası. Beləliklə, konu məni yamanca çəkdi…

1982-ci ilin avqustunda İnam Ata antisovet, antikommunist, millətçi, türkçü fəaliyyətinə görə işdən və partiyadan çıxarılır, DTK tərəfindən ailəsi dağıdılır və bununla bağlı olaraq İnşaatçılar metrosu yaxınlığında, birinci Alatavada 1966-cı ildən yaşadığı birotaqlı evini keçmiş həyat yoldaşı Raya Əfəndiyevaya və oğlu Fuada verərək oradan biryolluq çıxır.

Bundan sonra İnam Atanın əzablı kirayəçilik dönəmi başlayır. Əslində kirayə həyatı istənilən adam üçün əzabdır. Başqalarından fərqli olaraq, İnam Ataya dövlət tərəfindən kirayədə belə rahatlıq verilməyib: ardıcıl izlənilib, olmazın basqılara uğradılıb. Ata Müqəddəs Kitablarının müəyyən hissəsini elə kirayələrdə yazıb.

Bütün bunlar haqqında İnam Atanın ilk silahdaşı, Ocağın qurulmasında Atayla çiyin-çiyinə çalışmış, bərabər basqılara uğramış, Ocağımızın Ruhani Başçısı Safruhun “Başlanğıc” və “Ata Səcdəsində” kitablarında geniş yazılıb.

1982-ci il olayından sonra İnam Ataya yazmağı belə qadağan eləmişdilər. Buna baxmayaraq o, yazırdı və birdən gözləmədiyi halda Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları içəri girib, yazdıqlarını alıb özləriylə aparırdılar.

Bir gün Atanın Montin qəsəbəsində Komsomolun 50 illiyi küçəsindəki kirayə qaldığı evdə qapı döyülür. Qapıdan baxır, DTK-çıların gəldiyini görür və evdəki əlyazmalarını tez pəncərədən bayıra tullayır. Onlar gedəndən sonra əlyazmalarını götürür.

Bir dəfə də Ata onların gələcəyini bilib əlyazmalarını zibillikdə gizlədir ki, ələ keçməsin. DTK-çılar gedəndən sonra təsadüfən Sadiq gəlir. Ata ona deyir ki, gedib zibilliyi axtarsın, əsərləri tapıb gətirsin. Sadiq gedir və əlyazmaları tapa bilmir. Sonra Ata özü gedib əsərlərini tapıb gətirir.

İnam Atanı Əhmədlidə kirayədə qaldığı evdən çıxaranda Ata bir çamadan əlyazmasını Safruha verir ki, gizlətsin. O da çamadanı gətirib Keşlədəki evində (indi Mütləqə İnam Ocağının Ruhani Mərkəzi) əncir ağacının dibində qalaqlanmış kərpiclərin arasında gizlədir. Çamadan bir müddət burada qalır. Sonra Ata Montində kirayə ev tutanda güvənli ünvan kimi çamadan ora aparılır. DTK-çıların növbəti gəlişlərinin birində həmin əlyazmalar – Atanın onlarla konspektləri götürülür və bugünəcən onlardan bir soraq yoxdur.

1984-cü ildə İnam Ata I Müqəddəs Kitaba (“Mütləqə İnam”) daxil olan “İnsan” əsərinin əlyazmasını Safruha və Sadiqə verir ki, ələ keçməmək üçün onu gizlətsinlər. Evladlar da əsəri gecəylə Sadiqin atasının Bilgəhdəki bağ evində üzüm ağacının altında basdırırlar. Sonra Sadiq əsgər gedir. 1986-cı ildə əsgərlikdən qayıtdıqdan sonra Sadiq həmin yeri qazıyır və bərk bükülməsinə baxmayaraq əsərin çürüdüyünü görür.

Yuxarıda dediyim kimi, 1982-ci il təqibləri zamanı Ata uzun illər yaşadığı evindən çıxır. Ata özü bu haqda yazır: “Çamadanımı götürüb evdən çıxdım”.

Yazıçı Nahid Hacızadə Atanın həmin evlə bağlı xatirəsini belə xatırlayır: “Asif Ata həssas bir insan idi. Onun ailə taleyində də çaxnaşmalar oldu, yoldaşından ayrıldı. Bir gün mənə bir qəribə əhvalat danışdı, onu tez-tez xatırlayıram. Dedi ki, yay vaxtıydı, dostlarımla çörək yedim. Yadımdan da çıxıb ki, mən artıq o ünvana – keçmiş evimə getmirəm. Çantam əlimdə düşüncəli şəkildə gəldim öz keçmiş evimə. Gördüm qapı da açıqdır, girdim içəri. Otağa baxdım, kimsə yoxdur. Mətbəxə baxdım, yoldaşım nəsə bişirirdi. Mən istədim ki, ona salam verəm. Yoldaşım da mənə həsrətlə baxdı və mən hiss elədim ki, bura səhv gəlmişəm. Bircə kəlmə dedim ki, Raya, məni bağışla. Onun bu sözü indiyə qədər yadımdan çıxmayıb”.

Ocağımızın Ruhani Başçısı Safruhun qeydlərində İnam Atanın 1982-ci ildə ailəsindən, evindən ayrılandan sonra Bakı şəhərində ayrı-ayrı yerlərdə kirayə qaldığı ünvanlar belə sıralanıb.

1. İki ay müddətində Sabir Yanardağın indiki Vaqif prospektindəki evində qalıb.

2. Oktyabr 1982 – aprel 1983. (Xəzan 4-cü il – Çiçək 5-ci il) Buzovna qəsəbəsi, M.S.Ordubadi küçəsi, 44-də yaşayıb.

3. 1983-cü ilin aprelindən Yeni Əhmədli qəsəbəsi, M.Hadi küçəsi (keçmiş Profsoyuz küçəsi), 51, 2-ci blok, 6-cı qat, 37-ci mənzildə yaşayıb.

4. 1983-cü ilin avqustundan Montin qəsəbəsi, Əliyar Əliyev küçəsi (keçmiş Yusifzadə) 51\59, 6-cı blok, 1-ci qat, mənzil 93-də yaşayıb.

5. 1 mart 1985-ci ilədək Motin qəsəbəsi, Əhməd Rəcəbli (keçmiş

Komsomolun 50 illiyi), 24, blok 4, qat 4, mənzil 36-da yaşayıb.

6. 1 mart 1985-dən – 5 iyun 1997-ci ilədək Səməd Vurğun küçəsi, 116, blok 6, 2-ci qat, mənzil 44-də yaşayıb.

Sonuncu ünvan – bir otaqlı ev İnam Ataya Azərbaycan Yazıçılar Birliyindən verilmişdi. Bu, Daxili İşlər Nazirliyinin əməkdaşlarının yaşadığı binaydı. Ataya buradan niyə ev verilməsi aydın idi: ona daha yaxşı nəzarət edə bilsinlər!..

İnam Ata öldükdən sonra həmin ev oğlu Fuada qaldı.

Atamız var olsun!

Yolruh ATALI

# 3394 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
# # #