«Üçüncü Roma İmperiyası» xəyalı, Bizans kilsəsinin geopolitik hesabları və anqlosaks ittifaqı
“Bizə realizmin bütün növ zəhərlərinə qarşı effektli antizəhər lazımdır”
Hovard Fillips Lavkart. Amerikalı yazar
Birinci yazı
330- cu ildə Roma imperatoru Böyük Konstantin Bosforda qədim Bizans şəhərinin xarabalıqları üzərində yeni şəhərin salınmasını əmr etdi. Roma german qəbilələrinin hücumları qarşısında tab gətirə bilmirdi. Ona görə də imperator Konstantin yeni paytaxtını Şərqə, barbarlardan uzaq bir əraziyə köçürməyi düşünürdü.
Qədim Bizans eramızdan əvvəl 7-ci əsrdə yunanlar tərəfindən hiylə ilə ələ keçirilən Troya torpaqlarında etrusklar tərəfindən inşa olunmuşdu və faktiki olaraq əfsanəvi Troyanın yenidən bərpa olunması idi. (Qədim Troya Dardanel üzərində, indiki Çanaqqala ərazisində yerləşirdi).
Yenidən bərpa olunan qədim Bizans şəhərini imperatorun adı ilə Konstantinopol adlandırdılar. 410-cu ildə vestqotlar Romanı işğal etdikdən sonra qədim Bizans Roma imperiyasının yeni paytaxtı elan olundu. 11-ci əsrin sonuna qədər Bizans imperiyası bir dünya imperiyası idi və demək olar ki, bütün Aralıq dənizi torpaqlarını əhatə edirdi.
1453-cü ildə Osmanlı sultanı Fateh Mehmet Sultan Kostantinopolu işğal etdi və bununla da 11 əsrilik bir imperiya dünya xəritəsindən birdəfəlik silindi. Əslində Bizans imperiyasının bu qədər uzun yaşaması bir möcüzə idi. 11-ci əsrdən sonra tədricən zəifləyən Bizans imperiyası Osmanlı dönəminə gəldiyində öz ərazilərinin tamamını itirib cırtdan dövlətə çevrilmişdi. Fateh Mehmet Sultan şəhəri alarkən Konstantinopol Osmanlı torpaqları içində əhatəyə alınmış şəhər dövlət idi. Buna baxmayaraq Konstantinopolun varlığı Avropa üçün həyat əhəmiyyətli idi. Çünki Venesiya və Genuya tacirləri məhz boğazlar vasitəsi ilə Avropanı Şərqdən gətirilən strateji mallarla təmin edirdi.
Xristian kilsəsi bölünür
Roma imperiyası 4-cü əsrdə Qərb və Şərq qollarına bölündükdən sonra Roma kilsəsi ilə Konstantinopol kilsəsi arasında fikir ayrılıqları yaranmağa başlayır. Əsrlər boyunca bu fikir ayrılığı 11-ci əsrdə xristian kilsəsinin iki yerə parçalanmasına səbəb olur. Roma papası və Konstantinopol patriarxı kilsə hakimiyyətini paylaşa bilmədiyinə görə fərqlilik düşmənçilik səviyyəsinə çatır.
1054-cü ildə Konstantinopolda, Müqəddəs Sofiya kilsəsində (Aya Sofiya) problemi ortadan qaldırmaq üçün böyük kilsə toplantısı keçirildi. Roma papası Konstantinopola özleqatlarını və kardinallarını yollamışdı. Lakin toplantıda problemi həll etmək mümkün olmadı, əksinə parçalanma rəsmiləşdi. Patriarx Konstantin papanın yolladığı kilsə atributlarını qəbul etməkdən imtina etdi və həmin atributları yerə çırpıb ayaqladı. Bundan sonra isə Roma kilsəsi Konstantinopol kilsəsini, Konstantinopol kilsəsi isə Roma kilsəsini kafir elan etdi. (Qarşılıqlı anafemalar ancaq 1965-ci ildə ləğv olundu, amma kilsələrin birləşməsindən söhbət belə açılmadı).
Üçüncü Roma ideyasının doğuluşu: Bizans imperiyasının çöküşü Rus imperiasının yaranmasını körükləyir
Bundan hardasa yarım əsr əvvəl 988-ci ildə Konstantinopol patriarxı Nikolay Kiyev knyazı Vladimiri və onun təbəələrini xaç suyuna çəkmişdi və ruslar Konstantinopol kilsəsinə bağlanmışdı.
Ruslar Konstantinopolu Çarqrad adlandırır və Konstantinopol patriarxını özlərinin dini liderlərini hesab edirdilər. Buna baxmayaraq orta əsrlərdə Rusiyada bütün dini ayinlər qıpçaq - türk dilində keçirilirdi. Bunun əsas səbəbi Rusiyanın 800 il ərzində qıpçaq -türk xaqanlığına bağlı olması və rusların türk təbəəsi olması idi.
Qədərdən 1453-cü ildə Bizans imperiyası yox olurkən, 1480-ci ildə Moskva öz azadlığın elan etdi. Buna qədər sərgərdan olan və özünə yeni mərkəz axtaran Konstantinopol - yunan kilsəsi nəzərlərini şimala doğru çevirdi. Moskva onlarla eyni etiqada sahibdi və yunan kilsəsi tədricən Rus torpaqlarında məskunlaşdı. Yeni 3-cü Roma imperiyası ideyası belə doğuldu. İdeyanın müəllifi və beyin mərkəzi Bizans-yunan kilsəsi idi.
Bizans kilsəsi Moskva knyazlığında imperiya yaradır
Osmanlılar öz nəzərlərini Avropaya dikdiyi üçün Rus torpaqlarına və Böyük Çölə maraq göstərmirdilər. Böyük Çölün əsil sahibi Qızıl Orda xaqanlığı isə 100 il əvvəl Teymurləng tərəfindən ortadan qaldırılmışdı. Faktiki olaraq Böyük Çöldə hakimiyyətsizlik və xaos hökm sürürdü. Məhz bu vəziyyəti dəyərləndirən Konstantinopol - yunan kilsəsi III İvan Kalitkanı üsyana körüklədi və nəticədə Moskva öz müstəqilliyini elan etdi
1492-ci ildə yunan kilsəsinin bir başa təkidi ilə Moskva mitropoliti Zosima böyük knyaz III İvan Kalitkanı bütün Rusiyanın və Çarqradın və başqa çoxlu torpaqların çarı elan etdi. Buna baxmayaraq knyaz İvan Kalitka çar tacını başına qoymağa cəsarət etmədi. Kazan xanlığı bu yekəxanalığa dözməzdi və Moskvanın hələ ki, bunun hesabını verəcək gücü yoxdu.
Ancaq 50 ildən sonra, 1547-ci ildə Moskva knyazı 4-cü İvan Qroznı təntənəli şəkildə bütün Rusiyanın çarı elan olundu. 50 il müddətində Moskva - Rus dövləti inanılmaz gücə sahib olmuş və ərazisini təqribən yüz dəfə böyütmüşdü. İvan Qroznı bütün rus knyazlıqlarını öz hakimiyyətinə tabe etdirməklə yanaşı Qərbdə Bolqarıstanı və Şərqdə Kazan xanlığını işğal etmişdi.
1579 – 1585-ci illər arasında ataman Yermak İvan Qroznının əmri ilə özünün kazakları ilə bütün Sibiri işğal etdi. Bu yunan provaslav kilsəsinin doğurdan təntənəsi idi. Konstantinopoldan qovulub çıxdıqdan sonra 100 il ərzində yunan kilsəsi rusların əli ilə bütün Böyük Çölü işğal altına almışdı. Hansı ki, Konstantinopolda olurkən bunu xəyal belə edə bilmirdilər.
Böyük uğurun tək səbəbi Əmir Teymurun Böyük İpək Yoluna sahib olmaq naminə Qızıl Orda xaqanlığını ortadan qaldırması idi. Müsəlman - türklərin bütün strateji maraqları Çindən başlayaraq Orta Asiyadan keçərək Yaxın Şərqdən və Mərkəzi Asiyadan Avropaya uzanan Böyük İpək Yolu üzərində toplanmışdı. Ona görə də özünü çar elan etmiş hansısa rus knyazının şimal torpaqlarını işğal etməsi onları heç maraqlandırmırdı. O torpaqlardan dünya iqtisadiyyatının şah damarı, Böyük İpək Yolu keçmirdi və bərəkətli isti torpaqlarda məskunlaşan yeni türk - müsəlman xaqanlarını Sibirin buzlu torpaqları heç maraqlandırmırdı.
16-cı əsrdə bu türklərin bütün tarixləri boyunca buraxdığı ən qlobal geosiyasi səhv idi və çox keçmədi ki, bu səhv türklər üçün geosiyasi fəlakətə çevrildi…
Yunan provaslav kilsəsi ideoloqlarının geosiyasi dühasına doğurdan qibtə olunmalıydı. Onlar 1 əsr içərisində Böyük Çölün qorunmayan bütün ərazilərini öz nəzarətləri altına ala bildilər və nəzarətləri altına aldıqdarı torpaqlar o qədər genişdi ki, Avropa kralları bu boyda ərazilərə hökm etməyi ağıllarının ucundan belə keçirə bilmirdilər. Üstəlik yeni şimal torpaqları dünyanın xəzinəsi idi. (Bu xəzinə hələ də Rusiyanın dünyada söz sahibi olmasını təmin edir və hələ uzun əsrlər də təmin edəcək). Cəmi-cümlətanı 1000-ə qədər türk əsilli kazakın əli ilə həyata keçirilən bu işğal 16-cı əsrin sonlarında artıq Rusiyanı avtomatik olaraq bir dünya gücü halına gətirdi.
Bizans kilsəsi türklərin arxa qalasını ələ keçirdikdən sonra Üçüncü Roma imperiyası ideyasını gerçəkləşdirmək üçün artıq nəzərlərini Qərbdəki və Cənubdakı torpaqlara yönəltdi.
Türklərlə rusların mənəvi bağları qoparılır
Artıq onları Böyük Çöldə təhdid edəcək heç bir güc qalmamışdı. Orta Asiya xanları öz aralarında çarpışır, Səfəvilər Osmanlılarla Böyük Türk Xaqanlığının davasını aparırdı. Ona görə də artıq rus - provaslav kilsəsində ayinlərin türk dilində keçirilməsinə ehtiyac yoxdu. Hələ 16-cı əsrin ortalarından başlayaraq Bizans kilsəsi təkidlə rus kilsələrində istifadə olunan dini kitabların dəyişdirilməsi ideyasını ortaya atmışdı.
Bizans kilsəsi bunu rus dini kitablarında çoxlu səhvlərin olması ilə izah edirdi. Əslində isə dini kitabların dəyişdirilməsi tövsiyəsinin tək səbəbi kitabların qıpçaq dilində olması idi. Ancaq yeni yunan və latın dilində dini kitabların kilsədə istifadə olunmasının ciddi çətinliyi vardı. Yerlərdəki keşişlər yunan və latın dillərini bilmirdilər. Buna görə də İvan Qroznının zamanında problem öz həllini tapa bilmədi. Lakin buna baxmayaraq İvan Qroznının oproçinası kilsəyə qarşı böyük terror həyata keçirərək problemi həll etməyə cəhd elədilər.
Aleyksey Romanovun çar seçilməsindən sonra isə tam olaraq problemin həlli Bizans kilsəsinin ixtiyarına verildi. O zaman qədər İvan Qroznını yönləndirən, lakin rus kilsəsinə tam olaraq hakim ola bilməyən Bizans kilsəsi Aleksey Romanovu taxta çıxardıqdan sonra rus kilsəsi üzərində tam nəzarəti ələ keçirmək üçün qətiyyətli addımlar atdılar. Öncə Bizans kilsəsinə fanatikcəsinə sadiq olan novqorodlu Nikonu patriarx seçdilər.
Yeni patriarx rus provaslav kilsəsinin əsas orqanı olan Sinodla məsləhətləşmədən islahatlar həyata keçirməyə başladı və islahatlara qarşı olan hər kəsi kafir elan etdi. Nikonun arxasında duran əsas güc isə dövlət və Bizans kilsəsi idi. Özünün keçmiş dostlarını kilsənin və dövlətin düşməni elan edən Nikon həmçinin onları kafir elan etdi. Patriarx Nikon açıq şəkildə elan etdi ki, rus kilsəsi hər şeyi ilə Bizans kilsəsi ilə eynilik təşkil etməlidi. Hər hansı bir halda bunun əksinə gedənlər Tanrının yolundan sapmış kafirlərdir: «Mən rusam, ancaq mənim etiqadım yunan etiqadıdır», deyə Nikon bəyan etdi.
Onun əsas məsləhətçisi və yol göstərəni isə Bizans kilsəsinin patriarxları Makar Antioxski və Qavril Serbski idi. Məhz onlar Moskvaya gələrək Nikonu islahatları həyata keçirməkdə tələsdirdilər. Buna baxmayaraq İstanbulda oturan Konstantinopol patriarxı Osmanlı sultanının marağına uyğun olaraq Nikona qarşı çıxdı.
İslahatları qanla və kütləvi terrorla həyata keçirən patriarx Nikon və Bizans kilsəsi minlərlə köhnə inanclı din xadimini dəhşətli işgəncələrlə öldürdülər. Moskvada və bir çox şəhərlərdə Nikonun «islahat»larına üsyan edən sadə xalq dəhşətli terrora məruz qaldı. Çar ordusu on minlərlə insanı qətl etdi. Buna baxmayaraq islahatları qəbul etməyən insanlar Mərkəzi Rusiyanı tərk dib Sibirə qaçdılar. (Köhnə inanclılar hələ də Tayqanın və Tundranın dərinliklərində öz köhnə inanclarını qoruyub saxlamaqdadırlar.)
Nəhayət zorla yeni dini qaydalar tətbiq olundu və dini ayinlər yunan qaydaları ilə icra olunmağa başladı. Bu «islahat»la Bizans kilsəsi rus xalqının türklərə olan mənəvi bağlılığını qoparıb atdı. Artıq rusların keçmişi yoxdu. Bu keçmiş sonradan, 18-ci əsrdən başlayaraq uydurulacaq və bizans - rus birliyi tərənnüm olunacaq, türklər isə müqəddəs rus torpaqlarının tək düşməni və şeytani güc olaraq təmsilçisi elan olunacaqdı.
Üçüncü Roma İmperiyası doğlur: Yeni hədəf soyuq və isti dənizlər, həmçinin Çarqraddır
Rus kilsəsini tam olaraq ələ keçirildikdən son Bizans kilsəsi özünün əsas rəqiblərindən biri olan katolik dünyasına meydan oxumağa qərar verdi. Üçüncü Roma imperiyası heç də Şimali Asiya imperatorluğu kimi nəzərdə tutulmamışdı. Yeni imperiya Asiyanın və Avropanın sonsuz torpaqlarını özündə birləşdirməli və türklərlə bərabər katolik Avropasını da nəzarət altına almalıydı. Ən uzaq hədəfdə isə Hindistan və Çinin işğalı belə vardı.
Böyük Pyotrun dövründə güclü və iradəli bir hökmdara sahib olan Bizans kilsəsi Şimali Avropa torpaqlarını işğal edərək bütün materikin şimalını nəzarət altına almağı hədəfləyirdi. Avropaya meydan oxuyan Pyotr Bizans kilsəsinin təlqini ilə şimalda yeni paytaxt inşa etdi. Pyotrun Sankt-Peterbuq (müqəddəs Pyotrun şəhəri) əslində birinci Roma imperiyasına açıq işarə idi. Bizans kilsəsi açıq şəkildə Pyotr vasitəsi ilə Avropaya Romanın şimala, rus torpağına köçürüldüyünü bəyan edirdi və katolik dünyasına açıq şəkildə meydan oxuyurdu. Yeni paytaxt tamamilə qədim Roma manerasında inşa olunmuşdu. Bütün bunlarla yanaşı Bizans kilsəsi I Pyotru imperator elan etməklə həm Roma imperiyasını, hə də Bizans imperiyasını Bizans provaslav kilsəsinin ağuşunda, rus torpaqlarında birləşdiriləcəyi bütün dünyaya elan olundu.
Avropa katolik dünyası mərkəzdən və cənubdan osmanlılar tərəfindən, şimaldan isə ruslar tərəfindən qısqaca alınmışdı. 1721-ci ildə imzalanan Niştadt sülhündən sonra Avropada və Asiyada öz ərazisi ilə Avropadan bir neçə dəfə böyük olan yeni dünya imperiyası doğuldu. Baltik dənizinə və Şimal okeanına çıxış əldə edən Pyotr 1721-ci ildə Bütün Rusiyanın imperatoru elan olundu və faktiki olaraq rus imperiyası Bizans kilsəsi ilə birlikdə köhnə dünyaya hakim kəsildi.
Artıq dünyaya yeni geosiyasi maraqlar hökm edirdi
1722-ci ildə Pyotr Həştərxandan Azərbaycan və İran torpaqlarına hücum etdi. Xəzərin qərb sahili Dərbənd, Bakı, Gilan, Rəşt, Mazandaran və Astarabad ruslar tərəfindən işğal olundu. Rusların Qafqaz və İran torpaqlarına soxulması Osmanlı imperiyasını narahat etdi və Sultan Pyotru müharibə ilə hədələdi. 1724-cü ildə İstanbulda imzalanan sülh müqaviləsinə əsasən Dərbənd və Bakı ruslara verildi və rusların İran torpaqlarına girməsinin qarşısı alındı. Pyotrun ölümündən sonra səfəvilər Bakı qalasını geri qaytarmağa nail olsalar da, Dərbənd Rusiya sərhədləri içində qaldı.
Pyotr öldüyü zaman varislərinə Hind okeanından tutmuş Aralıq dənizinə qədər bütün isti dənizlərə qədər uzanan torpaqları Rus İmperiyasına qatılmasını vəsiyyət etmişdi. Əsas strateji hədəflərdən biri isə Çarqradın azad olunması və yenidən bərpa olunan Konstantinopol - Çarqradın Rus imperiyasının yeni paytaxtı elan olumasıydı. Provaslav kilsə öz ocağına, Konstantinopola qayıtmalı və dünyaya hökmranlıq etməliydi…
Yekatrina və Volterin ortaq xəyalı
1762-ci ildə imperator III Pyotr çevriliş nəticəsində taxtdan endirildi və onun yerinə alman əsilli, rus sarayında ingilis və alman agenti olan (Yekaterina taxta çıxmazdan əvvəl dəflərlə Rusiyanın hərbi sirlərini İngiltərəyə və Avstriya imperatorluğuna satmışdı), imperiatriça Yekaterina taxta çıxarıldı. Yekaterina taxta çıxması ilə əlaqədar olaraq verdiyi ilk manifestində ərini dövlət dininə xəyanət etməkdə günahlandırdı. Tezliklə imperator III Pyotr bilinməyən şəraitdə öldü.
Yekaterinanı hakimiyyətə gətirməklə yunan kilsəsi yeni planını fəaliyyətə gətirdi. 1782-ci ildə Rusiyadakı yunan diasporası onların vətənini türk işğalından qurtarmaq üçün imperiatriça Yekaterinaya müraciət etdilər. Müraciətə əsasən Yekaterina yunan imperatorluğunun yaradılması üçün plan hazırlanmasını əmr etdi.
İmperatriçanın katibi Bezborodko planın qaralamasını hazırladı və bundan sonra knyaz Potyomkin plana müəyyən dəyişikliklə edərək imperatriçaya təqdim etdi. Yekaterina hazırlanmış planı məxfi məktubla Almaniya kralı və Müqəddəs Roma imperatoru II İosifə yolladı.
Plan geopolitik xarakter daşıyırdı və Cənub - Şərqi Avropanın yenidən formalaşdırılmasını nəzərdə tuturdu. Plana əsasən Osmanlı türkləri Avropadan çıxarılmalı və Rusiyanın nüfuz dairəsi çərçivəsində Konstantinopol başda paytaxt olmaqla Şərqi Avropanı və Aralıq dənizi ölkələrini əhatə edəcək yeni yunan imperiyası yaranmalıydı. Planın ən ilginc tərəfi isə bütün bu provaslav torpaqlarının Rusiyanın vassalığına verilməməsiydi. Planın əsas müəlliflərindən biri imperatriçanın katibi Bezborodko «yunan layihəsi» haqqında danışarkən, «Əgər bu plan baş tutarsa, o zaman imperatriçanın icazəsi olmadan Avropada heç bir top atəş aça bilməyəcək», demişdi.
Plan tam olaraq türklərin Avropadakı varlığına son qoymağa və Türkləri Orta Asiyaya sıxışdırmağa, ya da onları tamamilə məhv etməyə hesablanmışdı. Türklərdən azad olunan bütün torpaqlar isə «Dakiya» adlanacaq, yunan imperiyasının tərkibinə veriləcək, buna baxmayaraq Rusiya bu torpaqlarda əsas söz sahibi olacaqdı.
Yeni yaranacaq yunan imperatorluğunun imperatoru isə Yekaterinanın nəvəsi, bunun üçün xüsusi olaraq Bizansın ilk imperatoru Konstantinin adı verilən Konstantin olacaqdı. Konstantin tam olaraq Ellin və Bizans mədəniyyətlərinin qaydalarına əsasən tərbiyə olunurdu.
Yekaterinadan sonra isə taxta Konstantinin böyük qardaşı Aleksandr çıxacaq və o bir dünya imperatoru olacaqdı. (Yekaterina Aleksandr adını nəvəsinə Makedoniyalı Aleksandrdan alaraq qoymuşdu və onun planlarında öz nəvəsini doğurdan bir dünya cahangiri etmək vardı. Sonradan Aleksandr ingilislərə əlaqəyə keçərək öz atası imperator Paveli öldürərək taxta çıxacaq və tam 25 il rus taxtında oturacaq və Napoleonun məğlub edilməsində əsas rol oynayacaqdı).
Yekaterinanın, daha doğrusu Bizans kilsəsinin yeni planı Almaniya tərəfindən məqbul görünsə də, Fransa və İngiltərə şiddətlə plana qarşı çıxdılar. Paris və Londonda yaxşı başa düşürdülər ki, rusların Cənub - Şərqi Avropada yerləşməsi onlar üçün türklərdən daha böyük təhlükə yaradacaqdı.
Fransa və İngiltərədən fərqli olaraq Yekaterinanın planı Avropada ən dəbdə olan şəxs tərəfindən - böyük fransız maarifçi filosofu, yazıçı, satirik və tarixçi Volter tərəfindən alqışlandı. Volter faktiki olaraq Yekaterinanı məktub atəşinə tutaraq onu planı təcili reallaşdırmağa həvəsləndirdirdi. Volter yeni planlar hazırlayır, onları Yekaterinaya yollayırdı.
Volterə görə maariflənmə dönəminə qədəm qoyan Avropanı vəhşi türklərin təhlükəsindən və təsirindən qorumaq üçün plan təcili işə salınmalı və türklər məhv edilməliydi. İmperatriçaya yazdığı məktubların birində Volter belə deyirdi:. «Bu barbarlar qəhrəman ilahə tərəfində hələ də qadınlara qarşı göstərdikləri münasibətə görə cəzalanmağı haqq edirlər. Aydındır ki, qadınları qapadan, lətif incəsənətə xor baxanlar məhv edilməyə layiqdirlər».
Volter Yekaterinanı türklərə qarşı soyqırımı siyasəti yürütməyə həvəsləndirməklə yanaşı onu ilahə və Avropanın xilasedicisi adlandırırdı.
Yeni geosiyasi şərait anqlosaks ideyasını doğurur
Yekaterinanın planlarının reallaşması üçün əsas maneə Vatikan, həmçinin Fransa və İngiltərə idi. Avropanın bu iki superdövləti və katolik kilsəsi Avropada geosiyasi balansın pozulmasını istəmir və Cənubi Avropanın Slavyan ərazilərində, həmçinin Aralıq dənizi hövzəsində möhkəmlənən türkləri özləri üçün heç də təhlükə olaraq qəbul etmirlər. Daha yaxşı olardı ki, türklər və ruslar bir-birinə girib bir-birlərini zəiflədəydilər. Onların bir-birlərinə qarşı savaşları katolik Avropanı həm türklərin hücumundan, həm də Bizans-rus ittifaqından qoruyacaq tək yoldu. Tanrı Avropanı xilas etmək üçün yeni ittifaq yaradılmasını zəruri etmişdi.
Ona görə də Vatikanda təbii olaraq yeni geosiyasi şərtlərə uyğun olaraq Avropanın dünyaya hökm etməsini təmin edəcək yeni geosiyasi ittifaqın yaradılması üçün qolları çırmaladılar…
Ardı var