"Heç vaxt insana olan inamımı itirməmişəm..." - Pablo Nerudanın Nobel nitqi

"Heç vaxt insana olan inamımı itirməmişəm..." - Pablo Nerudanın Nobel nitqi
21 oktyabr 2025
# 14:37

21 oktyabr 1971-ci ildə, görkəmli çilili şair və diplomat Pablo Nerudanın ədəbiyyat üzrə Nobel mükafatını qazandığı rəsmi elan olunub.

Kulis.az bu münasibətlə Ülkər Nəsibbəylinin tərcüməsində yazıçının Nobel nitqini təqdim edir.


Çıxışım uzun bir yolu əhatə edəcək. Yol boyu Skandinaviyanın mənzərələrini və tənhalığını xatırladan uzaq ərazilərdən keçəcəyəm. Bu yol ölkəmdən ucqar cənuba uzanan yoldur.

Biz, çilililər o qədər təcrid olunmuşuq ki, sərhədlərimiz demək olar, Cənub qütbünə qədər uzanır. Landşaftı ilə Çili zirvələri qarlı şimal qütbünə toxunan İsveçə bənzəyir.

Unutduğum səbəblərdən çıxdığım bu yolda Argentina ilə Çilinin sərhədinə çatmaq üçün And dağlarını aşmalı idim. Geniş meşəliklər bu əlçatmaz yerləri tunelə bənzədirdi. Bu xəlvəti və yasaq səyahəti başa vurmaq üçün bizə yalnız solğun nişanələr bələdçilik edəcəkdi. Yolda nə bir cığır, nə bir ləpir var idi. Mən və dörd yoldaşım at belində nəhəng ağacların, keçilməz çayların, dibsiz uçurumların, qar təpələrinin yaratdığı maneələri dəf edə-edə dolambac yolda irəliləyirdik. Kor-koranə azadlığımın məskən saldığı yeri axtarırdım. Yol yoldaşlarım meşənin sıx cəngəllikləri arasından özlərinə məharətlə yol açsalar da, ehtiyat üçün böyük ağacların gövdələrini bıçaqla yonur, məni arxada taleyin ümidinə qoyduqdan sonra, hansı yolla qayıtmalı olduqlarını müəyyən etmək üçün yolda nişanlar qoyurdular.

Biz hərəkətimizə mane olmaq üçün qəfildən qarşımıza çıxan yarı aşılı ağac gövdələrinin, nəhəng zoğ atmış bitkilərin, ağacların yaşıl mavi səssizliyinin arasıyla addımlayır, yüz illər ərzində yığılıb qalaqlanmış torpaq qatının üstü ilə, həmin o ucsuz-bucaqsız tənhalığın kölgəsində irəliləyirik.

Bəzən güclə nəzərə çarpan ayaq izlərini təqib edirdik. Güman ki, onlar qaçaqmalçıların, ya da həbsdən qaçan adi cinayətkarların ayaq izləri idi. Qışın buzlu pəncələrini, And dağlarında qəfildən tüğyan edən, yolçunu tərkinə alıb, sonra ağ qar təpələri altında basdıran qorxulu qar çovğunlarını, nəzərə alsaq, onlardan neçəsinin indi sağ qaldığını müəyyən etmək çətin deyildi. Ləpirlərin qurtardığı yerdəki kimsəsiz viranəlikdə diqqətimizi bir yerə qalaqlanmış, insan əlinin dəydiyi budaqlar cəlb etdi. Yoldan ötən yüzlərlə insanın burada ölənlərin xatirəsini yad etmək üçün üst-üstə yığdığı budaqlar yolçuları sonacan tab gətirə bilməyib qarın altında qalanlar haqda düşünməyə vadar edirdi. Yol yoldaşlarım bıçaqla nəhəng palıd ağaclarının son yarpaqları qış küləyində titrəyən, saçlarımızı darayan, önə doğru əyilmiş şaxələrini kəsdilər. O naməlum yolçuların qəbirlərini bəzəmək üçün mən də ağaclardan bir budaq qopardım.

Yola davam etmək üçün dağ çaylarından birini keçməli idik. And dağlarının zirvələrində ağılsızcasına, dəli bir qüvvə ilə özlərinin məhv edib, hiddətlə torpağı və daş parçalarını yerindən oynadan şəlalərə çevrilən kiçik çaylar axır. Lakin bu dəfə su sakit idi, böyük güzgüyə bənzəyən çayı keçmək mümkün idi. Şappıltıyla suya girən atların ayaqları yerdən üzüldü, sahilə tərəf üzməyə başladılar. Tezliklə atım demək olar, tamamilə suyun altında qaldı. Suyun üstündə çarəsizcəsinə çaralamağa başladım. At başını suyun üstündə saxlamağa çalışır, ayaqlarım ümidsizcəsinə dayaq nöqtəsi axtarırdı. Nəhayət, sahilə çıxdıq. Təzəcə çay kənarına çatmışdıq ki, bərkə-boşa alışmış kənd sakini olan yoldaşım gizlədə bilmədiyi təbəssümlə soruşdu.

– Qorxdun?

– Çox. Elə bildim ömrümün axırıdı.

– Əlimizdə kəmənd arxanda dayanmışdıq.

– Düz orada, – başqası dilləndi, – atam yıxılıb, axına düşmüşdü.

Yəqin ki, bu zirvələr formalaşmazdan çox-çox əvvəl hansısa yeratlı təkan nəticəsində yaranan və ya bir vaxtlar gur, indi isə qurumuş bir çay tərəfindən oyulan təbii tunelə çatanadək yolumuza davam etdik. Daxil olduğumuz tunel qranit qayanın içindən keçirdi. Bir neçə addım atdıqdan sonra, atlarımız kələ-kötür yola davam gətirə bilməyib sürüşməyə başladı, ayaqları qatlandı, dəmir nallarından qığılcım çıxmağa başladı. Bir neçə dəfə atın məni belindən atıb, qayaya çırpacağını zənn etdim. Atımın ağızlığından və ayaqlarından qan axırdı, lakin biz inadla uzun, təhlükəli və bununla yanaşı valehedici cığırla irəliləməyə davam edirdik.

Qəfildən bu vəhşi, balta dəyməmiş meşənin ortasında, qayaların arasında özünə yer açan, kiçik, gözəl bir çəmənliyə rast gəldik: şəffaf su, yaşıl otlar, yabanı çiçəklər, kiçik çayların şırıltısı, mavi səma insanı valeh edirdi, artıq başımızın üstündə gün işığının qarşısını kəsən yarpaqlar yox idi.

Tilsimə düşmüş kimi donub qalmışdıq. Sanki hansısa müqəddəs mərasimin iştirakçısına çevrilmişdim. Çobanlar atlarından endilər. Çəmənliyin ortasında öküz kəlləsi var idi. Qədim bir rituala əməl edərək bir-birinin ardınca sakitcə kəlləyə yaxınlaşıb, göz çuxurlarına dəmir pul yerləşdirdilər. Yolunu azmış yolçular, ölü öküzün göz çuxurlarında çörək və yardım tapan bütün qaçaqlar üçün nəzərdə tutulan bu ritualı mən də icra etdim.

Lakin unudulmaz mərasim bununla bitmədi. Həmvətənlərim papaqlarını çıxarıb, qəribə bir rəqsi ifa etməyə başladılar, tək ayaq üstündə kəllənin üstündən atlanır, onlardan əvvəl bu yerlərdən keçənlərin ayaq izlərini təqib edərək, kəllənin ətrafında dövrə vururdular. Əsrarəngiz yol yoldaşlarımın yanında dayanarkən başa düşdüm ki, hətta dünyanın ən ucqar, ən tənha yerlərində belə, bir-birini tanımayan insanlar arasında hansısa bağlılıq, canıyananlıq, məhəbbət mövcuddur.

Məni uzun müddət vətənimdən ayıracaq sərhədə az qalırdı, gecə saatlarında dağların arasındakı son keçidə çatdıq. Uzaqdan insan varlığından xəbər verən ocağın işığını gördük. Yaxına gedib, yarı uçulmuş tikililər, tərk edilmiş daxmalarla rastlaşdıq. Daxmalardan birinə girib, döşəmənin üstündə yanan alovu gördük. Gecə-gündüz sönməyən, nəhəng ağacların gövdəsindən qalanmış ocağın tüstüsü damın çatlarından süzülür, qaranlıq səma tünd mavi rəngə bürünürdü. Kişilər un çuvalı kimi ocağın ətrafına düzülmüşdülər. Gitara səsini, qaranlıqdan və küldən yaranan nəğmənin sözlərini eşidiridik. Bu, səyahətimiz boyunca eşitdiyimiz ilk insan səsi idi. Bu, məhəbbət və ayrılığın, sevgi harayının, bahar həsrətinin, məhrumiyyətlərdən azad həyat üçün duyulan xiffətin nəğməsi idi. Bu insanlar bizi tanımırdılar, qaçışımız haqqında heç nə bilmirdilər. Nə məni tanıyırdılar, nə də poeziyam haqqında eşitmişdilər. Bəlkə də bilirdilər? Bəlkə bizi tanıyırdılar? Onlarla birlikdə ocağın ətrafında mahnı oxuduq, yemək yedik, sonra bizi köhnə, sadə otaqlara apardılar. Evlərin arası ilə isti su axırdı, Dağ zirvələrindən qopub gələn, bizi ağuşuna alan vulkanik suda yuyunduq.

Sevinc içində suya girib-çıxır, sanki at belində qət etdiyimiz yolun ağırlığını üstümüzdən atmağa çalışırdıq. Bizi doğma torpaqdan ayıracaq son bir neçə millik məsafəni də geridə qoymaq üçün yola düşən zaman təmizləndiyimizi, saflaşdığımızı, yeni həyat qazandığımızı hiss edirdik. Yaxşı yadımdadır, nəğmələrinə, yemək və isti suya, bizə evlərini açıb, yatmaq üçün yer göstərdiklərinə, mən deyərdim, gözlənilməz ilahi yardıma görə, təşəkkür etmək məqsədilə dağ sakinlərinə pul vermək istəsək də, təklifimizi rədd etdilər. Onlar bizim qulluğumuzda durmuşdular, vəssalam. Bu susqun “Vəssalam” sözünün ardında, əslində gizli mətləblərin – bəlkə həmrəyliyin, bəlkə də ortaq xəyalların dayandığını anlayırdıq.

Xanımlar və Cənablar,

Şer yazmağın yollarını kitablardan öyrənməmişəm, öz növbəmdə mən də gənc yazıçılara üslub və ya janrla bağlı məsləhətlər verməyəcəyəm. Çıxışım ərzində keçmiş hadisələri xatırlayıb, unudulmaz xatirələri yada salmağımın səbəbi budur ki, abidəyə çevrilmək üçün yox, özünüifadə üçün zəruri düsturu və köməyi mən həmişə həyatın özündə tapmışam.

Bu uzunmüddətli səyahət boyunca mən, şer yazmaq üçün gərəkli vasitələri aşkar etdim, yerlərdən və göylərdən yardım aldım. Və mən inanıram ki, əbədi və ya ötəri olmasından asılı olmayaraq, tənhalıq və həmrəyliyin, emosiya və hərəkətlərin, özünə və insanlara qarşı doğmalıq hisslərinin eyni nisbətdə daşıyıcısı olan poeziya təbiətin sirli qüvvələrinin diqtəsi ilə yaranır. Bununla belə, bilmirəm, təhlükələrlə dolu çayı keçən zaman, öküz kəlləsinin başına fırlanarkən, dağ zirvələrindən axıb gələn su ilə yuyunarkən öyrəndiklərim mənə başqalarına ötürmək üçün agah olub, yoxsa bütün bunlar, əslində başqalarının bildiyi və mənə ötürülən dərsdir? Bilmirəm, bütün bunları yaşamışam, yoxsa özümdən uydurmuşam. O anlarda yaranan, ya da sonradan nəzmə köçürülən şerlər əbədi, yoxsa ötəridir?

Dostlar, sadaladıqlarımdan belə bir nəticə çıxır ki, şair insanlardan öyrənməlidir. Məjburi tənhalıq olmur. Bütün cəhdlər eyni məqsədi daşıyır: başqalarına kim olduğumuzu başa salmaq. Yöndəmsiz tərzdə rəqs edib, qəmli nəğmələr oxuya biləcəyimiz o sehrli məkana çatmaq üçün tənhalıq və atılmışlıqdan, səssizlilk və çətinliklərdən keçməliyik. Həmin nəğmə, həmin rəqs ümumi taleyə inanan adamların ən qədim rituallarının daşıyıcısıdır.

Məni ortaq cavabdehlik və dostluq masası arxasına keçməsi yasaqlanmış sektant hesab edənlərin qarşısında özümü müdafiə etməyə çalışmayacağam. Çünki mənim inancıma görə nə ittiham, nə də özünü müdafiə şairin vəzifələrindən sayılır. Hansısa şair başqalarını tənqidə girişir, ya da vaxtını əsaslı və ya əsassız ittihamlardan qorunmağa sərf edirsə, məncə, onu buna vadar edən yalnız şöhrətpərəstlikdir. Fikrimcə, şair ədəbiyyat düşmənlərini şerlə məşğul olanlar və ya onun mühafizəçiləri arasında yox, öz içindəki daxili natamamlıqda axtarmalıdır. Bu bütün dövrlərə və bütün ölkələrə aiddir.

Yox. Şair “kiçik Tanrı” deyil. O, başqa peşə sahiblərindən üstün, seçilmiş insan deyil. Həmişə deyirəm ki, ən yaxşı şair gündəlik çörək ehtiyacımızı ödəyən, tanrılıq iddiasını ağlının ucundan belə keçirməyən, qonşuluğumuzda yaşayan çörəkçidir. O, vətəndaşlıq borcunu ödəyərək bizi çörəklə təmin etmək üçün hər gün xəmiri yoğurub, sobaya qoymaq, qızılı rəng alanadək bişirməkdən ibarət iddiasiz və ecazkar işini yerinə yetirir. Bu sadə sirrə yiyələnə bilsə, şair də insanlığın çörək, həqiqət, şərab və yalan kimi məhsullarını tədarük edən, bəşəriyyətin tabe olduğu şərtləri dəyişən, cəmiyyətin təməlini təşkil edən, sadə və ya mürəkkəb struktur daxilindəki nəhəng prosesin tərkib hissəsinə çevrilər. Öz öhdəliklərini, səylərini və həssaslığını insanların gündəlik mübarizəsi ilə birləşdirməklə, şair onların bitib-tükənməz mübarizəsinə qoşulmalı, onlarla eyni xəyalları paylaşmalı, şərab və çörəyin yaradılmasında iştirak etməli, onlarla birlikdə tər tökməlidir. Yalnız sadə insana çevrilməklə, biz poeziyaya dövrdən - dövrə azalan qüdrətini qaytara bilərik.

Nisbi həqiqətə aparan səhvlər və yenidən həmin səhvlərə qaytaran həqiqətlər mənə əlçatmaz ədəbiyyat zirvələrinə qalxmağa, yaradıcılıq prosesinə öncüllük etməyə imkan verməyib və mən heç vaxt bu iddiada olmamışam. Təkcə bunu anlaya bilmişəm ki, mif yaratma bacarığımız sayəsində həqiqəti özümüz üçün əlçatmaz edirik. Faydalandığımız və ya faydalanmaq istədiyimiz vasitələr sonradan gələcək inkişaf üçün maneçilik törədir. Biz qətiyyətlə reallığa və realizmə doğru yönəldilirik ki, bu da bizi əhatə edən hər şeydən və onların dəyişmə üsullarından xəbərdar olmaq deməkdir. Artıq iş-işdən keçdikdən sonra isə görürük ki, həyatın inkişafına və çiçəklənməsinə kömək etmək əvəzinə elə keçilməz bir sədd çəkmişik ki, mövjud hər şey məhv olur. Realizmi zorla özümüzə təlqin edir, sonra isə görürük ki, bu məqsədin özü, onun uğrunda çəkilən əzab-əziyyətlərdən daha ağrılıdır. Yaxud əksinə, anlaşılmaz (və ya çox az insanın anladığı) sirli və qeyri-adi məfhuma pərəstiş edir, reallığı və real degenerasiyanı istisna ediriksə, gözlənilmədən gözümüzü dözülməz bir ölkədə palçıq, yarpaq və tüstüdən ibarət bataqlığın əhatəsində açırıq, ünsiyyət qeyri-mümkün hal aldığından nəfəsimiz daralmağa başlayır.

Bu məsələnin bizə – geniş sahəli Amerika regionunun yazıçılarına daha çox aidiyyəti olduğundan, durmadan bu nəhəng boşluğu ətdən və qandan xəlq olmuş varlıqlarla doldurmağa çalışırıq. Hansı məsuliyyəti daşıdığımızı bilirik, lakin eyni zamanda biz boz və boş olduğu üçün əzab-əziyyətlər, cəzalar və ədalətsizliklərlə dolu dünyada qaçılmaz, ağır ünsiyyət yükünü də çiynimizdə daşımalı oluruq. İldırım kimi gurlayan çaylarda, balta dəyməmiş, sıx meşələrdə, ucsuz-bucaqsız düzənliklərin səssizliyində qədim, uçmuş abidələrin daş bütlərində uyuyub qalan köhnə arzuların bərpasına görə də cavabdehlik hiss edirik. Biz bu nizamsız qitənin ən ucqar künclərini belə, sözlə doldurmalıyıq. Nağıllar uydurub ad qoymaq imkanı bizi bu vəzifəyə ruhlandırır. Bu, bəndənizə də aiddir və deməli, mənim bütün mübaliğəm, ritorikam sadə amerikalının gündəlik həyatında baş verən ən adi hadisələrdən heç nə ilə fərqlənmir. Mənim hər bir qafiyəm maddi obyekt kimi öz yerini tutmağa, hər şerim faydalı alətə çevrilməyə, hər nəğməm kəsişən yol ayrıclarında insanlara yol göstərməyə yönəlib. Məndən sonra da bu yola yeni nişanələr qoyanlar tapılacaq.

Bu ali qənaətə vardıqdan sonra qət etdim ki, mənim cəmiyyət və həyat qarşısındakı mövqeyim kütlələrə qoşulmaq olmalıdır. Mən şərəfli kasıblığın, tənha zəfərlərin, möhtəşəm məğlubiyyətlərin şahidi olduqdan sonra, bu qərara gəldim. Mən gördüm ki, vəzifəm nizamlı insan kütlələrinin arasına, həyata və ruha, onun iztirablarına və ümidlərinə qoşulmaqdır, çünki yalnız xalq kütlələrinin köməyi ilə müəlliflər üçün zəruri yeniliklər meydana gələ bilər. Bəzən mövqeyim kəskin və ya dostyana etirazlara səbəb olsa da, həqiqət budur ki, bizim geniş sahəli, amansız ölkələrdə qaranlığı işıqlandırmaq istəyən, nə oxumaq, nə yazmaq bacaran insanların taleyinə laqeyd olmayan müəllifin bundan başqa yolu yoxdur.

Ümid və mübarizə bizə yol göstərən ulduzlardır. Lakin yalnız mübarizə və ümid mövcud deyil. Hər insanda eyni zamanda ən uzaq dövrlər, laqeydlik, ətalət, səhvlər, iztirablar, zamanın təxirəsalınmaz tələbləri, tarixin sürəti məskən salıb. Hansısa yolla Amerikanın feodal keçmişinin müdafiəsinə girişsəydim, özümə necə bəraət qazandıra bilərdim? Hazırda ölkəmə sirayət etməkdə olan yenilikdə az da olsa, payımın mövjudluğunu hiss etməsəydim, indi İsveç Akademiyasının mənə layiq gördüyü mükafat qarşısında özümü alnıaçıq apara bilərdimmi? Bir çox yazıçının keçmişin nailiyyət və rüsvayçılıqlarını nə üçün bölüşdürmək istəmədiyini başa düşmək üçün Amerika xəritəsinə nəzər yetirmək lazımdır.

Mən çətin yolu – kütləvi məsuliyyət yolunu seçirəm, şəxsiyyətə günəş və ya kainatın mərkəzi kimi pərəstişdənsə, öz cüzi xidmətlərimi aradabir səhvə yol verən, amma dayanmadan irəliləyən, inadkar anarxizm, höcət səbrsizliklə hər an mübarizə aparan insan ordusuna təklif edirəm. Çünki şair kimi mənim vəzifəm təkcə qızılgül və ahəng, uca sevgi və sonsuz həsrət yox, həm də poeziyama daxil etdiyim, insanın sərt əməllərini əhatə etməlidir.

Ən əzabkeş ruhun sahibi, bədbəxt və parlaq bir şairin gələcəkdən xəbər verən bu ifadəni işlətdiyi gündən düz yüz il keçir: “A l`aurore, armes d`une ardente patience, nous entrenons aux splendid Villes” “Dan yeri sökülən zaman yanar səbrimizlə biz möhtəşəm şəhərlərə daxil olacağıq”.

Rembonun bu inancını, bu arzusunu bölüşürəm. Mən sıldırımlı qayalarla ətraf ərazilərdən təcrid olunan uzaq bir ölkədə yaşayıram. Mən dünyanın ən tənha şairi idim. Poeziyam ayaq altına atılmış, göz yaşları ilə dolu əyalət poeziyası idi. Lakin mən heç vaxt insana olan inamımı itirməmişəm. Mən heç vaxt ümidimi itirməmişəm. Yəqin elə buna görədir ki, bu gün poeziyamın və bayrağımın köməyi ilə nəyəsə nail ola bilmişəm.

Sonda xeyirxah insanlara, fəhlələrə, bütün gələcəyi Rembonun bir misrası ilə ifadə olunan şairlərə – bütün bəşəriyyətə işıq, ədalət və ləyaqət bəxş edəcək şəhəri yanar səbrləri ilə fəth etməyi arzulayıram.

Bu isə o deməkdir ki, nəğmələr əbəs yerə oxunmur.


# 128 dəfə oxunub

Oxşar xəbərlər

Dilə gətirilməyən Əmin Abid həqiqəti - Niyə onun  adını çəkməyə qorxurdular?

Dilə gətirilməyən Əmin Abid həqiqəti - Niyə onun adını çəkməyə qorxurdular?

13:30 21 oktyabr 2025
Bu ilin ədəbiyyat üzrə Nobel mükafatçısı  Laslo Krasnahorkai kimdir? - DOSYE

Bu ilin ədəbiyyat üzrə Nobel mükafatçısı Laslo Krasnahorkai kimdir? - DOSYE

17:00 9 oktyabr 2025
"Can Azərbaycan" ifadəsinin müəllifi... - Yavuz Bülənt Bakilərin Qarabağla hansı bağlantılatı vardı?

"Can Azərbaycan" ifadəsinin müəllifi... - Yavuz Bülənt Bakilərin Qarabağla hansı bağlantılatı vardı?

12:00 5 oktyabr 2025
Səttarxan, Xiyabani, yoxsa Pişəvəri: Tarix kimin yanında idi? - ARAŞDIRMA

Səttarxan, Xiyabani, yoxsa Pişəvəri: Tarix kimin yanında idi? - ARAŞDIRMA

12:42 26 sentyabr 2025
100 il əvvəl çəkilən "Bismillah"  - Filmin rejissorları arasında niyə münaqişə yaranmışdı?

100 il əvvəl çəkilən "Bismillah" - Filmin rejissorları arasında niyə münaqişə yaranmışdı?

09:00 17 sentyabr 2025
Qədim içki və taxıl anbarı aşkar edildi

Qədim içki və taxıl anbarı aşkar edildi

11:20 10 sentyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər