Maştağa: Qoçulu, lotusuz kənd

Maştağa: Qoçulu, lotusuz kənd
11 fevral 2013
# 15:00

Nə zamandır Bakının kəndlərinə bir-bir səfər edib, kəndlərin tarixi, mədəniyyəti, hazırkı durumu haqqında yazı yazmağı düşünürdüm. Bakı özünün 32 kəndi ilə tanınır. Kəndlər özlərinə məxsus mədəniyyətləri, toponimləri, folkloru ilə hər zaman diqqət mərkəzində olub. Əslində bu kəndlər Bakının yox, Abşeron yarımadasının kəndləri hesab olunur. 1813-cü ildə artıq Bakı ətrafı kəndlərin sayı 37-yə çatmışdır.

Bakı kəndlərinə getmək fikri ortaya çıxanda ilk olaraq Maştağa kəndini ziyarət eləməyi qərara aldım. Maştağanın Bakı kəndləri arasında ən qədim və ən böyük kəndlərdən biri olması, özünəməxsus folklor janrı (meyxana) ilə tanınması ilk yazının məhz bu kənddən yazılmasını tələb edirdi.

Koroğlu metro stansiyasından çıxıb məni kəndi gəzdirəcək olan Xəyal bəy ilə 131 nömrəli avtobusa daxil oluruq. Səhər çağı olduğundan avtobusda boş yerlər çoxdur. Havanın yağışlı olması bizi çox düşündürür; ağsaqqalları küçədə tapa bilməyəcəyik, rahat gəzə bilməyəcəyik. Hətta Xəyal səfərimizi təxirə salmağı təklif etsə də yağışa baxmayaraq səfərimizə başlayırıq.

Tarixi massagetlərə gedib çıxır

Maştağa Bakının ən böyük kəndi sayılır. Bir sıra tarixi mənbələrdə hətta Bakı kəndlərinin paytaxtı kimi də verilir. Ərazi və əhali sayı baxımından Bakının ən böyük kəndidir.

Kəndin adı “Maştağa” deyilənə görə massaget tayfalarının adından götürülmüşdür. Bu haqda kəndin ağsaqqalları da , tarix kitabları da söz edir. Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsərində də massagetlərdən bəhs edilir. Kənd əhli də Maştağa sözünün eramızdan əvvəl V-IV əsrlərdə var olmuş massagetlərlə bağlı olduğunu bildirirlər. Bu mövzu ilə söhbət etdiyimiz kənd ağsaqqalları türk hökmdarı olmuş Tomrisin İran şahı Keyxosrovu döyüşdə məğlub etməsini, massagetlərin burda yaşamasının ən böyük sübutu kimi də irəli sürürlər.

Ümumiyyətlə qəsəbədə bir çox tarixi abidələr var. Bunlara misal olaraq, Qum hamamını, ovdanları, qalaları, qəbirüstü abidələri göstərmək olar. Abşeronun, Bakı kəndlərinin paytaxtı olmasından başqa, Maştağa kəndi həm də bütün Abşeronun qoruyucusu kimi də məşhur olub. Düşmən basqınlarından qorunmaq üçün kənddə olan qalalardan digər Bakı kəndlərinə tonqal qalanaraq xəbər verilir və bütün Abşeronu ayağa qaldırırdılar.

Maştağanın mərkəzində yerləşən Cümə məscidi də deyilənə görə qalaların birinin daxilində olubmuş. 1841 ci ildə baş verən zəlzələ isə Abşeronda bir sıra tarixi abidəni yerlə bir edib.

Maştağa həm tarix, həm də əhali sayı baxımından ən böyük kənd olduğundan bir çox kəndlərin yaranmasında və əhalisinin formalaşmasında böyük rol oynayıb. 1841-ci il zəlzələsindən sonra tamamilə dağılmış kəndin əhalisi başqa kəndlərə köç etmişlər. Hətta qeyri-rəsmi məlumatlarda İçəri Şəhərdəki “Ağ şalvarlılar”ın kökü Maştağadan köçənlərə aid edilir.

Qaniçənlərin məhəlləsi

Maştağada bir çox məhəllələr olmuşdur. Kəndin əhalisinin az olduğu zamanlarda 3 məhəllə vardı. 1900-cü illərdə əhali əsasən 3 hissəyə ayrılıb: ”Seyidlər”, “Xonxar” və “Keçəllər(“Keçənlər”)” məhəlləsi.

Bu barədə Hüseynqulu Sarabskinin “Köhnə Bakı” əsərində də qeydlər var. Kənd ağsaqqallarının dediklərinə görə isə Sarabski o əsəri sovet dövründə yazıb və bir sıra təhriflərə yol verib: ” Hər məhəllə öz qoçusu ilə tanınır və tez –tez məhəllələrarası davalar baş verərdi. Bu davalarda isə əsasən Xonxar məhəlləsinin qoçuları üstün çıxardılar.” - yazıb Sarabski.

Ən çox tanınmış məhəllələrdən biri olan “Xonxar” kəndin mərkəzində yerləşir. Kənd ağsaqqallarının dediklərinə görə “Xonxar” sözünün mənası “qaniçən” – dir. Bu ad məhəllə cavanlarının yığışaraq digər məhəllələrə gedib məhəllə davalarına qoşulmaları və canfəşanlıq etmələri ilə bağlıdır. Digər ağsaqqallar isə “qaniçən” adının mənasının daha qədimə gedib çıxdığını deyirlər. Onların fikrincə bu ad Tomrisin Keyxosrovun başın kəsərək qanla dolu tuluğa salması və “Qan içməyi sevirdin, indi doyunca iç” rəvayətindən gəlir.

Xonxarın digər xüsusiyyəti isə Maştağanın tanınmış iki meyxana ustadını da yetişdirməsidir. Meyxanaçı Vüqar və Məşədibaba bu məhəllənin yetirmələridir.

Şair Məşədibaba ömrünün axırına qədər Xonxarda yaşamış və Xonxardan biraz aralı olan kənd qəbiristanlığında dəfn edilmişdir.

Məşədibaba haqqında digər məqam odur ki, şair Xonxar məhəlləsində keçirilən heç bir toy mərasimində meyxana deməsinə görə pul almırmış.

“Keçənlər” məhəlləsi (bəzi mənbələrdə “Keçəllər”) müasir Maştağanın düz girişində yerləşir. Şəhərdən gələrkən Maştağaya daxil olanda ilk olaraq burda olursunuz. Məsələn, biz də avtobusdan Keçənlər məhəlləsinin girişində “Əzizin tini” adlanan yerdə düşdük. Bu məhəllənin də tarixi qədim zamanlara gedib çıxır. Deyilənə görə burda böyük bir meydan (bazar) olmuş və kənd əhalisi öz məhsullarını bura çıxararaq satmışlar. İlk xəbərlər də bu meydanda elan edilirmiş. Məhəllələrarası davalar da ilk olaraq bu meydanda başlarmış, sonra da digər ərazilərə keçərmiş.

Digər böyük məhəllə isə “Seyidlər” adlanır. Bu məhəllə isə adından göründüyü kimi camaatının əksəriyyəti seyid nəslinə aid olduğuna görə belə adlanırmış. Seyidlər məhəlləsi haqqında mənbələrdə çox məlumat olmasa da, Seyidlər qəbiristanlığında olan qəbirüstü abidələr və sərdabələr bu məhəllənin də qədim tarixə malik olduğunu sübut edir.

Tarixi qədim olmayan məhəllələrdən isə “Dərə” məhəlləsinin adını çəkmək olar. Kənd ağsaqqalları ilə söhbətdən belə qənaətə gəlirik ki, Maştağanın əhalisinin sayı artdıqca, əhali daha geniş əraziyə yayılıb və kəndin içlərinə doğru gediblər. Və kəndin nisbətən aşağı hissələrində məskunlaşıblar. Məhəllənin çökəkdə yerləşməsi isə adının ”Dərə” qalması ilə nəticələnib.

Maştağanın məhəllələrini soruşduqda bir çox adam “Çəplər” məhəlləsinin olduğunu bildirir, ancaq bu doğru məlumat deyil. Uşaq vaxtı bir nəsildən olan bir neçə uşağın aralarında oyun oynayarkən yaranan zədədən nəslə çəplər adı verilməsi kimi fikirlər tamamilə yanlışdır.

Maştağada digər maraqlı məhəllə və ya nəsil isə “Xingallı” və ya “Xingallılar”dır. Bu nəsil isə öz xeyir-şər məclislərində süfrəyə xingal verməklə məşhurdurlar. Bu nəslin tanınmışları arasında meyxanaçı Ağasəlim Çıldağ, AğaKərim, Ağamirzə də var.

Qoçuları var, lotuları yoxdu

1918-ci il müsəlmanların soyqırımı dövründə kəndi məhz məhəllələrin qoçuları qoruyurmuş. Xalqı ayağa qaldırır, müdafiə işləri ilə məşğul olurlarmış. Maştağanın tanınmış bir neçə qoçusu o zamanlar mərkəz Bakıda yaşamış və indiki Basin, Beşmərtəbə, Hüsü Hacıyev küçələri tərəflərdə erməni döyüşçülərlə açıq döyüşə giriblərmiş. Hətta tarixi mənbələrdə və ağsaqqalların dediklərinə görə qoçular olmasaydı daha böyük tələfatlar olarmış.

Türklərin gəlməsinə az qalmış Qoçu Əzizin başçılığı ilə silahlanmış Maştağa qoçuları qadınların və uşaqların Xəzər sahilinə aparılmasını əmr edib özləri isə Maştağa-Zabrat yolunda erməni döyüşçülərini gözləyiblər. Ağsaqqalların dediyinə görə, hətta ermənilər kəndə daxil olacaqları təqdirdə qadınların və uşaqların düşmənlərin əlinə keçməməsi üçün dənizə atılmasını da əmr ediblər və sonda Qoçu Əzizin evinin yaxınlarında (Keçənlər məhəlləsi) düşmənlər məğlub ediliblər. Qoçularla bağlı bir maraqlı məlumatı da qeyd edək ki, Bakı kəndləri içində “lotu”su olmayan yeganə kənd Maştağadır.

Çıldaq – türkəçarənin qədim növü

Çıldaq-türkəçarənin bir növüdür. Lap qədimdən qorxuluğu götürmək məqsədilə çıldaqdan istifadə ediblər. Çıldaq zamanı parçanı yandırıb bədənin müəyyən nöqtələrinə – boyun nahiyəsinə, bilək, topuq, dirsək, diz qapaqlarına, onurğanın qurtaracaq hissəsinə vururlar. Ənənəvi üsuldan başqa çıldaqçıların hərəsinin öz üsulları da olur: bəziləri çıldağı etdikdən sonra qurğuşunu əridib baş üzərində bir neçə dəfə hərləyir, eləsi də olur ki, nəzər damarını (kürəyini) möhkəmcə ovxalayırlar.

Maştağanın digər kəndlərdən daha çox tanınmasının digər faktorlarından biri isə kənddə bir neçə pir, ziyarətgah, çıldaq olmasıdır. Çıldaqların ən tanınmışı isə «Səkkiz qapı», «Qorxu piri» adları ilə tanınan «Aqil Baba» türbəsidir. Meyxanaçı Ağasəlimin Çıldaq ləqəbini götürməsinin əsas səbəblərindən biri də onun çıldaq yerləşən məhəllədə doğulması və qohumluq əlaqəsidir.

Meyxananın vətəni

Maştağadan yazıb da meyxanadan bəhs etməmək olmaz. Maştağa Bakı kəndləri içində meyxana ocağı olması ilə tanınır və kənd əhli bununla fəxr edir. Bakının tanınmış meyxanaçıları, əsasən bu kəndin yetirməsidir. Kəndin tanınmış meyxanaçılarını sadalasaq görərik ki, Azərbaycan meyxana tarixinin demək olar bir çox tanınmış simaları bu kənddən çıxıb. Ağasəlim Çıldaq, Məşədibaba, Ağamirzə, Ağakərimin, Vüqarın adları bəsdir ki, kəndin meyxana məktəbi olmasını sübut etsin.

Son

Maştağadan çıxırıq. Yağış hələ də səngiməyib. Bütün günümüzü kəndin tarixi küçələrində gəzib 4 saatın necə keçdiyini hiss etməmişik. Yenə də Keçənlər məhəlləsindən keçib Əzizin tinində avtobusa minərək mərkəzə yönəlirik.

# 8328 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #