Vatsap statusları - Sevinc Elsevərin yeni hekayəsi

Vatsap statusları - Sevinc Elsevərin yeni hekayəsi
2 aprel 2026
# 10:00

Kulis.az Sevinc Elsevərin "Vatsap statusları" hekayəsini təqdim edir.

“Paylaşmaq gözəldir!”

Yuyucu tozun reklamından

Tüpürməsə ölürdü. Küçədə tüpürmək həm ayıb sayılırdı, həm də cəriməsi vardı. Yan-yörəsinə baxdı, adam yox idi. Sosial şəbəkələrdə o qədər küçəyə tüpürənləri qınayanlar var idi ki! Özü də həmişə onlarla razılaşırdı, xora qoşulub şərhlər yazırdı. İndi tüpürmək məcburiyyəti yaranmışdı.

Uroloji xəstəxananın arxasındakı küçəylə üzüaşağı gedirdi. Qəfil düz burnunun dibində sidik qoxulu hava kütləsi peyda olmuşdu. Burnuyla nəfəs ala bilmədiyindən, suda boğulan adam kimi məcbur olub hələ ağzını da açmışdı. Sidik iyi ilə zənginləşmiş hava kütləsi xirtdəyinə kimi hücum çəkmişdi.

Ödü ağzına gəlirdi. Tüpürməsə, qusub batıracaqdı. Bu lap pis idi! Küçədə, şəhərin göbəyində!

Gözü künc-bucaq axtardı, gediş-gəlişi olmayan, gözdən uzaq yer tapsın barı! Dar bir küçəyə buruldu. Xəstəxananın böyründə yeməkxana var idi. Yeməkxana ilə xəstəxananın arasında paralel küçəyə çıxan dar bir cığır! Yeməkxanada yemək yeyirdilər, hər yan da şüşədən! Adamlar bunu görürdülər, bu onları! Yenə tüpürməyə şərait yox idi. Ağzı tüpürcəklə aşıb-daşırdı. Tüpürcəyini nə uda bilirdi, nə də qurtula! Ürəyi şiddətlə bulanırdı. Lap hamiləlikdəki kimi.

Bir az da irəlilədi. Yeməkxananın divarları bitdi. Cığır boş idi, qarşıdan kimsə gəlmirdi. Divarın dibinə yaxınlaşıb elə tüpürmək istəyirdi ki, gözü başının üstündəki kameraya sataşdı. Yox! Olmaz! Onu görürlər! Birdən bu kamera vasitəsilə izləyib cərimə elədilər! Yaxud da necəsə sosial şəbəkələrə düşdü! Onda necə? Bu yaşdan sonra ölünü qoy, dirini ağla!

Haradasa, on-on beş günün söhbəti idi, neçə gün tikan üstündə oturdu, yatdı, durdu. Marketdə nəvəsi ətəyindən yapışıb bahalı oyuncaq maşını istəyəndə, dil qəfəsə qoymadan ağlayıb özünü yerə sürtəndə, necə əsəbləşmişdisə, əl çantasını yavaşca uşağın başına vurmuşdu. Çantanın içindəki telefon da uşağın başına dəymişdi deyə, uşaq lap bərkdən qışqırmışdı. Satıcılardan ikisi qaçıb haraya gəlmişdi. Uşağı güclə sakitləşdirib mağazadan çıxartmışdı. Amma neçə gün səksəkədə yaşamışdı ki, görüntüləri yayılacaq, elin dilinə, “ən pis nənə” kimi tarixə düşəcək. Vatsap statuslarında, tik-tokda, feysbukda növbəti hədəfə çevriləcək. Allah istəmişdi, yaxşı qurtarmışdı.

Elə tüpürcəyi ağzında əsir qalmışdı ki, telefonuna zəng gəldi. Əlini çantasına soxub əlləşməyə başladı. Qızının adını ekranda görəndə qanı qaraldı. Allah bilir, Loxəbər indi nə xəbər verəcəkdi?! Qızı heç vaxt xeyirliyə zəng eləməzdi. Telefonu açıb qulağına dayayan kimi qızının ciyiltili səsi axıb beyninə doldu:

- Mama, xəbərin var, gəlinin yenə nə hoqqa çıxardıb? Vatsapına nə şəkillər qoyub? Bax ha! Bacın yenə fili minəcək!

Hirsindən tüpürcəyini necə uddusa, elə bil qan uddu! Artıq gec idi! O tüpürcəyi geri qaytara bilməzdi. Ürəyi hələ də bulanırdı. Ağzında dözülməz tam vardı. Paralel küçəyə çıxıb marketə girdi. Ağzındakı dadı yox eləmək üçün nəsə yeməli, ya içməli idi.

Gəlin yenə vatsap statusunda bər-bəzəkdə, allı-güllü donlarda şəkillərini paylaşmışdı. Gah əriylə, gah uşaqlarıyla, gah da tək çəkdirdiyi şəkillərdə qıpqırmızı pomada çəkmiş, dişlərini də ağardırdı.

Zalımın qızı evdə nə oldu şəklini çəkib paylaşırdı. Əri uşağa oyuncaq aldı çəkib qoyurdu vatsapa. Təzə paltar aldı, çəkib qoyurdu. Restorana gedirdilər, çəkib paylaşırdı.

Əvvəllər gəlinin bu xasiyyəti Zümrüdü narahat eləmirdi. Cavan gəlindir, neynəyir-eləsin. Amma nəzərdən də qorxurdu. Tez-tez duz hərləyirdi nəvələrinin şəkillərinin başına. Uşaqlar şəhərin o tayında yaşayırdılar, hər dəqiqə qalxıb gedə bilmirdi oğlunun evinə, duz hərləyə bilmirdi nəvələrinin başına.

Gedib gəzib dolanıb gəlmişdilər, evə çatan kimi gəlin bir dəqiqəni belə ötürmədən fotoları düzmüşdü dalbadal. Zümrüd evə çatar-çatmaz, əynini dəyişər-dəyişməz, şəkilləri bir-bir nəzərdən keçirdi, hamısına da ürək simvolu atdı. Amma qaranəfəs xəbər də aldı:

- Qəmziyyə xalan görmür ki? Şəkilləri görənlərin siyahısına əl gəzdirmisən?

Gəlindən gələn cavab ləngimədi:

- Hə, Zümrüd xala, arxayın ol! Keçən dəfəki söz-söhbəti heç unudaram? Gözüm qorxub ondan bəri.

Zümrüdün bacısı idi Qəmziyyə. Deyib-gülən, güləndə səsi yeddi evə düşən gəlin idi. Oğlu qəzada öləndən sonra nəinki gülüşü nissə çəkildi, başqalarının gülməyini də bağışlaya bilmədi onlara.

Fuad rəhmətə gedəndən bir ay sonra Zümrüdün gəlini vatsap statusunda evlilik ildönümlərinə görə toy şəkillərini paylaşmışdı. Qəmziyyə həmin gün vatsap statusuna iri hərflərlə bu sözləri yazmışdı: “Mənə göz dağı verib xoş günlərini gözümə soxanları görüm günümə düşsün! Mənim balam toy görmədi!”...

Zümrüdü od-alov bürümüşdü. Sözü öz ünvanlarına götürmüşdü, tez gəlinə zəng edib yalvar-yaxar eləmişdi:

- Başına dönüm, bala! O şəkilləri yığışdır. Gələn il inşallah paylaşarsan. Fuadın qırxı çıxmayıb. Qəmziyyə xalan yanlış anlayar. Həm də görür, pis olur.

Allahtərəfi, gəlin razılaşmışdı. Amma şəkilləri yığışdırmaq yerinə, Qəmziyyənin profilini izləyənlər siyahısından çıxartmışdı. Bir müddət beləcə davam eləmişdi, Qəmziyyənin xəbəri olmamışdı.

Qəmziyyə xəbər tutanda isə, ayrı bir söz-söhbət qalxmışdı. Bir axşam oturduğu yerdə Zümrüdə zəng eləyən Qəmziyyə özündən kiçik bacısına dişinin dibindən çıxanı demişdi:

- Gəlininə sən tapşırmısan mənim profilimi bağlasın? Niyə, bala? Neyləmişəm sizə? Gülxas paylaşdığı hər şeyi görür, xainliyindən də ölə-ölə, bəzəyə-bəzəyə hamıya göstərir, danışır, amma mənə gələndə mənim gözüm sizi götürməz?!

Zümrüd kəkələyə-kəkələyə qalmış, birtəhər söz tapıb, cümlə qurub iki sözü bir-birinin dalına düzmüşdü:

- Vallah, ay bacı, bəlkə, təsadüfən olub. Uşaqların əli dəyib oynadanda, eləyəndə. Telefon bütün günü uşaqların əlindədir. Onlar nə eləyiblərsə, eləyiblər. Deyərəm açar, sən də görərsən paylaşımlarını.

Qəmziyyənin səsi telefondan elə sıçrayıb çıxmışdı ki, az qalmışdı Zümrüdün qulağı bata. Telefonu qulağından uzaqlaşdırmağa məcbur qalmışdı.

- Lazım deyil! Atacam gəlinini də, səni də bloka! Nə görərəm, nə eşidərəm, elə bilərəm yoxsunuz!

Zümrüd güc-bəla ilə bacısının könlünü almış, birtəhər yola gətirmişdi. Amma gəlini də başa salmış, xoş günlərdən nəsə paylaşanda profilini bağlamağı tapşırmışdı.

Zamanla Qəmziyyələrin sayı artmışdı. Birinin əri ölmüşdü, Zümrüd əriylə şəkil paylaşa bilmirdi. Nə özü paylaşırdı, nə gəlinə imkan verirdi. O birinin qızı boşanmışdı. Bir başqasının əri tutulmuşdu. Xoş günləri, xoş saatları paylaşmağa adamların sayı azalmışdı.

Qardaşı qızı Gülərin əri neçə ay idi işsiz idi, oturmuşdu evdə. Qardaşı arvadı Gülpəri bir yandan, qızı Gülər o yandan ah-vay edirdilər. Gah dolanışıqdan şikayətlənir, gah bəxtəvərlik verirdilər.

Oğlu supermarketlərdən birində satış meneceri idi. Bir neçə həftə əvvəl statusunda işdən şəkil paylaşmışdı. Müdiriyyətin diqqətini çəkmiş, uşağı təltif eləmişdilər. Elə ki şəklini paylaşıb vatsapa qoymuşdu, Gülpəri tezcənə Zümrüdə yazmış, təbrik eləmişdi. Amma elə təbrik eləmişdi ki, eləməsə ondan yaxşı idi.

Hələ uşaq maşın alanda Gülpərinin oğlu özündən də xain çıxmışdı. Qapılarında təzə maşını görəndə damağındakı siqaretdən bir qullab alıb dərindən ah çəkmişdi:

- Deyirəm, bu camaat nəylə alır bu bahalıqda maşınları? Mən on ildir əlləşirəm, bunun bir təkərini ala bilmirəm!

Zümrüd güc-bəla ilə özünü ələ alıb gülümsəmişdi:

- Sən də alarsan, bibin qurban! Nə darıxırsan?! Rauf da iyirmi il işləyəndən sonra maşın alıb! Bundan qabaq aldığı da lap köhnə, ucuz maşın idi! Eşşəyə min, ata çatınca! Sən də əvvəl bir ortababını al, sonra bahasını da alarsan!

Beləcə, günlər keçdikcə Zümrüd hər gün bir adamın üzünə vatsap statusunu bağlamışdı. Elə adamlar vardı, onların üzünə “qapı açıb-bağlamağı” paylaşımdan asılı idi. Axırda bir də baxdı ki, ətrafında beş-altı adam qalıb. Bu dünyada sevincini paylaşa bildiyi adamların sayından asılı imiş insanın təkliyi, çoxluğu.

Adamlar arasında getdikcə paylaşmaq çətinləşirdi. Xüsusən sevincləri!

Zümrüd hər şeyi hamıyla paylaşa bilən tək-tük adamlara mat qalırdı. Bunu necə bacarırdılar? Ətraflarında olan bütün adamların həyatı qaydasında idimi? Yoxsa vecsiz idilər?!

Zümrüd vecsiz olmağın yolunu tapa bilmirdi. Gəlin də onun əlindən zara gəlmişdi.

Günlər ötürdü. Zümrüd baxırdı ki, gəlin təzə heç nə paylaşmır. Ürəyində sevinirdi. Fikirləşirdi ki, yəqin, qız ağıllanıb, öyüdlərindən nəticə çıxarıb. Daha bişirdiyi şirniyyatları, ərinin aldığı hədiyyələri, çiçəkləri çəkib vatsapa qoyaraq aləmə car çəkmir.

Qonşusu Simuzər qəfil vatsapdan yazdı: “Ad günün mübarək, ay Zümrüd xala! Sənə can sağlığı, uzun ömür arzulayıram!”.

Zümrüdü təəccüb bürüdü, təşəkkür hisslərini izhar edəndən sonra ad günü olduğunu hardan öyrəndiyini xəbər aldı.

- Boyy, gəlinin qoyub da vatsapa! Nömrəsi məndə var Sənubərin. Paylaşımlarını görürəm.

Zümrüd özünü o yerə qoymadı:

- Hə, deyirəm axı! Sağ olsun o da, sən də! Görmüşəm. Sənubərdir də! Min dəfə demişəm uşaq deyiləm ha, paylaşırsan mənim ad günümü. Hər il yenə paylaşır. Saat on ikini keçən kimi özü də! Xasiyyətidir. Qoymaz bir dəqiqə o yan-bu yana olsun!

Simuzərdən yaxasını qurtarıb telefonun yuxarı başına, vatsap statuslarına baxdı. Sənubərin paylaşımı görünmürdü. O dəqiqə bildi ki, Sənubər ərinin könlünü xoş eləmək üçün qaynanasının şəkillərini paylaşıb, status yeniləmələrinə əl gəzdirməyi isə unudub.

# 365 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər