Sevda Sultanova
“Boşluq” istehsalı
Kimsəsiz, ucsuz çöldə qadın çömbəlib təbii ehtiyacını ödəyir. Arxasını qadına çevirən kişi nə vaxtsa onun bu vəziyyətini fotolentə köçürməyi arzuladığını deyir. Qadın israrla etiraz edir.
Ağlıma gülməli şərh gəlir: yəqin kişi qadının dərkinə həm də onun təbii ehtiyacını fotolentin yaddaşında əbədiləşdirməklə çalışır.
Rejissorun belə bir niyyəti olub-olmadığını bilmirəm. Amma əhvalatın sonrakı gedişatında həmin hissəni unuduram, o, təhkiyədə əhəmiyyətini itirir, dünya kinosundakı bu cür saysız-hesabsız kadrların cərgəsində itib-batır.
Kamera uzun planlarda ilişib qalanda, pauza düyməsini basmadan aşağı enib mətbəxə keçirəm, rahatca südlü qəhvə hazırlayıram.
Tələsmədən kompüterin önünə keçirəm. Təsvir hələ də hərəkətsizdir.
Qadın və kişi hər yerdə sevişir: hovuzda, yolda, otel otağında, qayalıqlarda. Sonra hardansa bir qrup əcaib adam peyda olur, qadını soyundurur, amma kişini zorlayırlar.
Finalda, gözlənilməz zorakılıqdan ağlını itirən kişi sevdiyi qadını qətlə yetirir.
Dəhşət filmlərinə xas olan fəndin uzun, təmkinli planla ifadəsi.
Yeni fransız kinosunun simalarından sayılan Bruno Dyümonun “29 palma” filmində cinsi münasibətlər son dərəcə fizioloji səviyyədə baş verir. Film sanki bəlli həqiqəti yenidən xatırladır: “İnsanı instinktlər idarə edir”. Fəqət, həmin bəlli həqiqəti Dyumon dekonstruksiya, bu kontekstdə insan münasibətlərini analiz etmir, heyvanilik duyğusunu ötürən cinsi aktın arxasında boşluqdan başqa nəsə dayanmır.
Film boyu qəhrəmanlar səbəbsiz susur, rejissor qadın və kişini səbəbsiz dalaşdırır, səbəbsiz münaqişə yaradır. Və Dyumon pərəstişkarı olduğu- tamaşaçı təhtəlşüuru ilə oynayan, qeyri-müəyyənliyin peyğəmbəri Antonioninin, “road-movie”nin ustalarından biri Kiarostaminin kino estetikasına, fikir dünyasına fərqli nəfəs gətirmir.
Mənim üçün hər bir sənət əsəri, hər bir mətn ya yeni bir təcrübə, ya estetik zövq olmalıdır, ya da nəsə informasiya verməlidir. Qısası, nəsə mühüm bir şeyi ifadə etməlidir. Ona görə müasir mətnlərə, filmlərə ehtiyatla yanaşıram, əks halda vaxt itkisini özümə bağışlaya bilmirəm.
Müasir dünya incəsənətində Dyumon kimi “boşluq” istehsal edən onlarla müəllif var. Suzan Sontaq bu vəziyyəti dəqiq ifadə edir: “İçində olduğumuz mədəniyyət artıqlıqlar mədəniyyəti, aşırı istehsal mədəniyyətidir: bunun yaratdığı nəticə, hissi qavrayışımızdakı kəskinliyin getdikcə korşalmasıdır”.
Filmi seyr edəndən sonra saytlardan birində Dyumonun müsahibəsinə rastlaşdım. Rejissor deyir ki, o, intensiyalara, ideyalara nifrət edir və ümumiyyətlə, onun deməyə sözü yoxdur.