Onun əsl adını heç kim bilmir. Heç ssenaristlərin özü də. Əslində müəlliflər (Ramil Ələkbərov, Tahir Əliyev (Tahiroviç) ssenarini hazırlayanda şərti olaraq onun adını “Danqı” qoymuşdu. Gün uzunu kəndin küçələrini gəzib-dolaşaraq qazan danqıltdağına görə.
Onu bəzən məsxərəyə qoyur, bəzən isə mərhəmət göstərirlər. Kənd sakinləri ona özlərindən biri kimi baxmır, ciddiyə almır. Çünki, əqli məhdudiyyəti olan insandır. “Nova Goriça” kino mərkəzi və El TV-nin istehsal etdiyi, rejissor Tahiroviçin yazıçı-tərcüməçi Nəriman Əbdülrəhmanlının “Adsız” hekayəsi əsasında ekranlaşdırdığı “Səsdən usanmışlar” qısametrajlı bədii filmində həm bir insan dramı təsvir olunur, həm də başqa vacib - əqli məhdudiyyətli adama cəmiyyətdə “yad” kimi yanaşılması məsələsi qoyulur.
Kiçik haşiyə zərurəti: Bəzi sovet təfəkkürlü kino məmurları Azərbaycan filmlərində əqli və fiziki məhdudiyyətli insanların obrazının yaradılmasının əleyhinədir. Onlara görə filmdə yaradılan azərbaycanlı obrazları birmənalı şəkildə və istisnasız olaraq fiziki cəhətdən və ruhən sağlam, müsbət xarakteri olmalı, yeri gəldi-gəlmədi pozitiv işıq saçmalıdır. Mənfi cəhətləri göstərmək qadağandır. Qısaca desək, onların nəzər nöqtəsinə görə kinoda ancaq fövqəlinsan görünməlidir. Bəlkə də radikal səslənəcək, fəqət, bu cür yanaşmadan faşizm qoxusu gəlir. Bu, dünyaya müəyyən fiziki, əqli məhdudiyyətlərlə gələn insanları cəmiyyətdən bir növ təcrid etmək, onların özünü bərabər hüquqlu vətəndaş kimi hiss etmək haqqını əlindən almaqdır.
Amma dünyaya dar çərçivədən baxan məmurlardan fərqli olaraq, dövlət dəstəyi ilə əqli və fiziki problemli şəxslərin cəmiyyətə inteqrasiyası ilə bağlı layihələr həyata keçirilir və məsələ həmişə gündəmdədir.
Bu mənada “Səsdən usanmışlar” kimi filmlərin çəkilməsi aktualdır.
Qayıdaq filmə.
Çəkilişlər Yevlaxın Balçılı kəndində baş tutdu. Kəndin təbiət fakturası kasıb olsa da, filmdəki hadisələr üçün əlverişli idi.
Filmin prodüserlərindən biri, istanbullu Remzi Mert Levent hər səhnədə 7-8 işığın qurulmasını istəyirdi. Hətta işığa çox ehtiyacın olmadığı gündüz çəkilişlərində belə. Biz zarafatla Mertə “3-4 günəş belə sənə bəs etməyəcək” deyirik. Məsələ ondadır ki, türk rejissorları əksəriyyəti çəkiliş zamanı bol işıqdan istifadə edirlər. Və üstəlik, hər səhnəni həm ümumi, həm orta, həm də iri planda çəkirlər. Detal planlar da öz yerində. Bol çəkiliş materialı isə montaj zamanı rejissora uyğun kadr seçim imkanı verir. Amma çox planlı metodla işləmək yaradıcı heyət üçün həm zaman, həm texniki, həm də maliyyə baxımdan problem yaradır.
Bunları nəzərə alan rejissor əvvəlcədən hər səhnənin konkret hansı planlarda lentə alınmasını planlaşdırmışdı, buna görə də çəkiliş nəzərdə tutulan vaxtda yekunlaşdı. Amma yenə də ssenaridən kənara çıxılaraq xeyli improvizasiyalar edildi, əlavə səhnələr çəkildi.
Məsələn, əhvalatın vahid xətti əsasən Danqının üzərində qurulsa da, ayrı-ayrı, koloritli kənd sakinləri də personaj kimi istifadə olundu. Qrotesk personajlardan biri kənd sakini Şeyx idi. Sonadək onun əsl adını bilmədik. Kənddə hamı ona “Şeyx” deyə müraciət edir. Əlində təsbeh, yanında həmişə rəngli daşlar gəzdirən, təxminən 55-60 yaşlarındakı Şeyx iddia edir ki, guya bu daşlar müqəddəsdir, hətta İsa Məsihlə bağlılığı var. Şeyx məni dilə tutub, daşlardan birini başıma fırladıb dodaqaltı dua oxudu. Əmin etdi ki, daş uğur gətirəcək, bütün qada-balalarım gedəcək və s. Bilmirəm, Şeyx duanı tərs oxudu, ya nədirsə, daş əks təsir göstərdi. Bütün günü təzyiqim qalxdı, hətta iş o yerə çatdı ki, az qala beynimə qan sızsın.
Qısası, rejissor Şeyxi elə onun təbiətinə uyğun olaraq bir neçə komik, ekssentrik situasiyada oynatdı. Səhnələr haqda ətraflı danışmayacağam. Qismətdirsə, filmdə izləyərsiniz.
Filmin müsbət tərəflərindən biri texniki və yaradıcı heyətdə əyalətlərdə yaşayan işıqçıların, operatorların, aktyorların yer alması idi. Bölgələrlə yaradıcı əməkdaşlıq kinonun inkişafı üçün faydalı təcrübədir. Xüsusən operatorlardan biri Fahir İmanquliyevin işindən zövq aldım.
Filmin maraqlı epizodlarından biri intim səhnənin çəkilməsi idi. Buradakı intim səhnənin nədən ibarət olduğunu izah etməyə çalışacam. Ona görə ki, sonra “İlahi məxluq”dakı məşhur kadr kimi süni, əsassız qalmaqal ortaya çıxmasın. Deməli, Danqı simpatik, cavan kənd müəlliməsinə vurulur. Müəllimə ona həmişə mərhəmətli davranır, konfet verir, söhbətləşir, əhvalını sorur. Və bir gecə küçədə veyllənən Danqı, müəllimənin evinə gedir. Yataq otağına girəndə onu gecə paltarında görür, instinktləri oyanır, ehtiraslanır, yaxınlaşıb, əlini onun açıq baldırına sürtür. Müəllimə də buna imkan verir və heç bir intim akt baş vermədən, Danqı beləcə orqazma çatır. Səhnə bitir.
Bu səhnəni rejissor operatorla işlədi və səs rejissoru, assistentlərin heç biri çəkilişə buraxılmadı. Məlum səhnə Şeyxin evində çəkildi. Ev sahibi otaqlarından birində açıq səhnənin çəkilməsindən xəbər tutmadı. Xəbəri olsaydı, icazə verərdimi, reaksiyası necə olardı, burasını bilmirik. Yeri gəlmişkən, rejissor bu rolu bir neçə aktrisaya təklif eləsə də, yuxarıda dediyim səhnəyə görə imtina ediblər. Sonda rolu oynamağa gənc aktrisa Vəfa Babayeva razılaşıb.
Vəfadan rolun onun üçün problem yaradıb-yaratmayacağını soruşanda, dedi ki, kompleksim yoxdu. Vəfanın anası Firəngiz Babayeva da aktrisadır. Bələdiyyə Teatrında çalışır. “Toy gecə”si serialında da əsas rollardan birini ifa edib.
Futbol məşqçisi, Yevlaxın ən koloritli adamlarından biri Həsən Abdullayevin oyunu da yaddaqalan idi. İdman müəllimi rolunu ifa edən H.Abdullayev Danqıya Lobanovskidən, “Qalatasaray”dan, futbol tarixindən mühazirə deyir, onu idmanın şahını sevmədiyi üçün qınayır. Səhnə 5-6 dubla lentə alındı və gecə yarıya kimi davam elədi. Sonra Həsən müəllim boynuna aldı ki, o, qəsdən yanlış oynayırmış. Çünki kamera qarşısında özünü Hollivud ulduzu kimi hiss edirmiş və ətrafın ona diqqət kəsilməyindən zövq alırmış.
Əhvalatın ən təsirli yeri, yəqin ki, Danqının ölüm səhnəsi oldu. Peşəkar aktyor olmayan Nazim Əliyev rolunu o qədər dəqiq, həssas ifa etmişdi ki, səhnə bitəndə onun anasını oynayan, Ağdam Dram Teatrının aktrisası Afət Əliyevanın gözləri dolmuşdu.
Digər yaddaqalan səhnə yaradıcı heyətin kənd əhli üçün klassik musiqi ifa etməsiydi. İdeya səs rejissoru və bəstəkar Azər Əsgərovdan gəldi. Azərin dediyinə görə, səhnə həm klassikaya iddia edən müasir musiqiyə, həm də konsert salonlarında klassik musiqi çalınan zaman gözlərini yumub guya feyziyab olurmuş, özünü anlayırmış kimi göstərən adamlara ironiyadır.
Janrına görə film eklektikdir: həm absurd, həm dram, həm komediya elementləri var. Personaj və situasiya bolluğu isə dramaturji materiala mozaiklik verir.
Rejissor Tahiroviçə və filmin ikinci rejissoru, həm də istedadlı operator Asif Qəhrəmanova “əgər, montaj dramaturgiyası uğurlu qurulsa, film - dünya kinosunun ən üslubçu rejissorlarından biri, holland Aleks Van Varmerdamın absurd, qara komediyaları kimi alınacaq” deyirəm.
Yaşayarıq, görərik.
P.S. Çəkiliş prosesini izləmək üçün şərait yaradan filmin icraçı prodüseri və El TV-in direktoru İqbal Məmmədəliyevə təşəkkür edirəm.
Fotoqraf: Nazim Qurbanov