Bu filmimiz dünyanın ən yaxşı 12 əsərindən biridir

Bu filmimiz dünyanın ən yaxşı 12 əsərindən biridir
4 fevral 2017
# 09:30

Kulis.az ”Naməlum kino” layihəsində Boris Barnetin 1936-ci ildə çəkdiyi “Mavi dənizin sahilində” filmini təqdim edir.

Süjet: Hadisələr Azərbaycanın cənubunda, Sara adasında balıqçılıq kolxozunda baş verir. İki dost Yusif (Lev Sverdlin) və Alyoşa (Nikolay Kryuçkov) adada yaşayan balıqçıların köməyinə gedir. Xəzər dənizində onlar tufana düşür, içində olduqları qayıq çevrilir. Bu zaman kolxozun dənizdə olan balıqçıları dostların həyatını xilas edirlər. Fəhlə qəsəbəsinə ezam olunmuş dostlar kolxozda işləyir. Və onların hər ikisi briqadir, balıqçı qızı Maşaya (Yelena Kuzmina) vurulurlar. Əhvalatda məhəbbət üçbucağı yaşanır. Dostlar Maşaya görə bir-birilə rəqabət aparır, onun sevgisini qazanmağa çalışırlar.

Finalda məlum olur ki, Maşanın uzaqlarda, donanmada xidmət edən nişanlısı var və qız ona sadiqdir.

Əhvalat banaldır, mövzu isə çox işlənib. Hətta elə eyni ildə Abbas Mirzə Şərifzadə oxşar motivli “Məhəbbət oyunu” filmini çəkib. “Naməlum kino” layihəsində həmin ekran əsəri haqda məlumat verilib.

Personajlar da, onların sevgisi də infantil təsir bağışlayır. Maşanın nişanlısı olsa da hər iki dostla əhvalat boyu niyəsə flirt edir.

Hərçənd, “Mavi dənizin sahilində” filmində əsas məsələ ssenari yox, məhz maraqlı rejissor işidir. Əvvəla, annotasiyada filmin qəhrəmanlıq əməyindən və balıqçıların dostluğundan danışıldığı deyilsə də Barnet onu ideoloji təbliğatın əsirinə çevirmir, nümunəvi sovet vətəndaşı obrazı yaratmır, şüar səsləndirmir. Rejissor əsasən kinodilinə, təsvirlərin həllinə fokuslanıb.

Janrına görə film melodram və komediyadır. Amma onu eyni zamanda marina janrına da aid etmək olar. Çünki bütün hadisələr demək olar ki, rəngarəng, dəyişkən dəniz mənzərələrinin fonunda baş verir. Daha doğrusu, dənizin xarakter dəyişkənliyi - fırtınası, sakitliyi, poetikliyi, təmkini, romantikası, hüznü - bütün bunlar personajların ovqatı ilə bütövləşir, balıqçıların məişəti, sosial həyatı, şəxsi münasibətləri ilə iç - içə keçir. Bəzi epizodlarda dənizin nəhəngliyi köhnə qayıqların, yoxsul daxmaların, büzüşmüş kəlağayılı qadının fonunda əriyib kiçilir.

Təsvirlər ən yaxşı dəniz mənzərələri ilə tanınan İvan Ayvazovskinin tablolarına bənzəyir. Kadrlardan birində arxa planda günəşin dəniz üzərindən doğulması və kölgə effekti ilə işlənmiş qayığın keçməsinə baxanda adama elə gəlir ki, Ayvazovskinin rəsmləri hərəkətə gəlir. Bəzən də təsvirlər Klod Monenin “Təəssürat. Doğan günəş” tablosunun impressionist ovqatını aşılayır.

Mənə elə gəlir milli kinoda Xəzəri bu qədər müxtəlif biçimdə ekrana gətirən, onun əhvalatın mərkəzinə çevirən ikinci film yoxdur.

Təsvir baxımından maraqlı epizodlar çoxdur. Məsələn, gəminin dar kayutunda iki dost Maşaya görə mübahisə edir. Gah qısa panorma, gah kəskin keçidlər - fırtınalı dənizin gəminin yırğalaması ilə bütünləşir və bu qəhrəmanların daxili gərginliyini, xoşagəlməz hadisənin baş verəcəyini ifadə edir.

Başqa bir epizodda Yusif kolxozun iclasında dostu Alyoşanı yalan danışdığına görə tənbeh edir. Onun tənbehinin əsasında sovet adamının təəssübkeşliyi yox, dostunu Maşaya qısqanması dayanır.

Alyoşanı qınayan iclas iştirakçıları otağı tərk edir, o tək qalır. Və onun arxasında görünən Karl Marksın büstü bu vəziyyətdə sadəcə dekor rolunu oynayır. Yaxud filmboyu “Kommunizm alovları” kolxozunun adı ara-sıra, sanki təsadüfən, əhəmiyyətsiz fakt kimi keçir. Barnet belə incə yumorlu eyhamları ilə ideoloji niyyətlərdən yayınır.

Maşa Alyoşanın yalanını biləndə ona bağışladığı boyunbağını boynundaca qırır. Şüşə muncuqlar onun boynundan sürüşüb döşəməyə, ayaqlarının altına səpilir. İndi kliplərdə, filmlərdə ən çox rast gəlinən bu həll xəyal qırıqlığının ifadəsidir.

Dialoqlar az, aktyor oyunları ifadəli, yumor ölçülü biçilidir. Həm bəstəkar (Sergey Pototski), həm xalq mahnılarımızdan istifadə edilib.

Maşa rolunun ifaçısı Kuzmina filmin çəkilişləri zamanı Barnetlə boşanmaq ərəfəsində olub. Deyilənə görə rejissorun, istəyinin əksinə olaraq, studiya rəhbərliyi rola onu təsdiqləyib.

Film operatoru Mixail Kirillov, ikinci rejissoru Səməd Mərdanovdur.

Dünya kinosunun 100 illiyi münasibətilə nüfuzlu kinoşünaslar arasında keçirilən sorğuya əsasən bu film dünya kinosunun ən yaxşı 12 əsəri siyahısına daxil edilib.

“Azərfilm” və “Mejrabpomfilm”in birgə istehsalı olan “Mavi dənizin sahilində” milli kinomuzun tarixində ilk səsli film sayılır.

1963-cü ildə Boris Barnet “Mosfilm”in rəhbərliyi ilə konfliktdən sonra ordan gedir, iki il sonra intihar eləyir. Yazdığı məktubda yorulduğunu, qocaldığını, özünə inamını itirdiyini yazıb.

Barnet sovet kinosunun ən nüfuzlu ustalarından sayılır.

Jan Lyuk Qodar 2014-cü ildə çəkdiyi “Əlvida dil” ekran işində bu filmdən sitat gətirib.

# 1671 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #