Fəxrəddin Manafovun mənasız gülüşləri

Fəxrəddin Manafovun mənasız gülüşləri
12 fevral 2014
# 09:00

- “Kim deyərdi ki, Çelsi öz meydançasında uduzacaq. Zəmanə necə də dəyişir?

- Aradabir Koelyonu da oxu da.

- Kitabda pul yoxdur, əzizim”.

Serialdan sitatlar

ATV kanalında göstərilən və sonradan yayımı dayandırılan “Həyat çiçəyi” (Əvvəlcədən 40 seriya nəzərdə tutulsa da, 10-a yaxın bölümü yayımlanıb. Telekanal rəsmiləri açıqlamalarında serialın başa çatdığını deyiblər) serialı təkcə evdar qadınların marağını təmin etmirdi, eyni zamanda maarifləndirici funksiyanı yerinə yetirir, son bir neçə ildə cəmiyyətdə yaşanan kitab “bum”una fayda verirdi.

Amma serialın maarifləndirici funksiyası bununla bitmirdi.

Personajlardan biri Dadaş baba (Müdhət Aydın) botanika bağında növbənöv bitkilər yetişdirir, “Biləyən” uşaq verilişindəki Savalan baba kimi övladlarına, nəvələrinə sağlam həyat tərzinin faydaları haqda mühazirə deyir, humanist ideyaları təbliğ edirdi...

...Gürcü rejissoru İrakli Apakidzenin ekranlaşdırdığı serialın (süjet varlı ailədən, ailənin sirlərindən, onun ətrafında baş verən intriqalardan və s. bəhs edir ) 7-8 bölümündən aldığım təəssürat: atmosfer yoxdur.

“Atmosfer” deyəndə mövzu, onun işlənməsi, aktyor işi, montaj, musiqi, təsvir həllinin yarada biləcəyi ümumi ovqatın seyrçiyə ötürülməsini nəzərdə tuturam.

Serialdan aldığım ilk travma aktyor oyunu və keyfiyyətsiz dialoqlar oldu.

Bədii filmdə aktyorun oyununu, ssenarinin əyər-əskiyini ört-basdır örtmək üçün min cürə fənd, hoqqabazlıq etmək mümkündür. Necə ki, məsələn, “Yeni dalğa” filminin finalında Alen Delonun bərbad oynaması səbəbindən J.L.Qodar sinxron səsi musiqi ilə əvəz edib.

Fəqət, serialda sənət hoqqabazlığı etmək çətindir. Çünki kütləvi olduğu üçün burda sənət oyunları yox, sadə, açıq mətn zəruridir və yük əsasən aktyorların, dialoqların üzərinə düşür.

Aktyorların bir qismi rusdilli olduğundan mətnləri düzgün səsləndirə bilməyiblər. Bu, serialı həm pis günə qoyub, həm də qəribə ziddiyyətə yol açıb. Məsələn, Rus Dram Teatrının istedadlı aktrisalardan biri Mələk Abbaszadə oynadığı obrazın xarakterini vücud dili ilə dolğun açsa da, mətni pis ifa etməsi səbəbindən personajını “öldürüb”.

Mətanət Atakişiyevanın ifası sovet dövründə çəkilən teletamaşalardakı aktrisaların pafoslu, ritorik oyunu kimi alınıb.

Digər peşəkar aktyorlar Mehriban Zəki, Fuad Poladov, gənc aktrisa Günel Məmmədova ümumi fonda nisbətən yaxşı görünür.

Amma bütövlükdə oyunlara teatrallıq, situasiya tələb etdi-etmədi bəlağətli davranış hakimdir. Hiss olunur ki, rejissor aktyorlar, xüsusən serialda rol alan uşaqlarla işləməyib. Aktyorlar sadəcə öz təcrübələrinə söykəniblər.

Baş rollardan birinin ifaçısı Fəxrəddin Manafovdan ayrıca danışmaq istəyirəm. F.Manafovu əsasən mərhum rejissor Rasim Ocaqovun filmlərində oynadığı baş rollardan tanımışıq. Bu filmlərdəki obrazlar demək olar ki, bir-birindən fərqlənmir: eyni xarakter cizgiləri, eyni ovqat, qapalı, soyuq, darıxan, sıxılan, özünə heç cürə yer tapmayan, yorğun, təngə gəlmiş, mizantrop, pessimist romantik, qadın sarıdan bəxti gətirməyən, uğursuz sevgi qəhrəmanı və s.

F.Manafov bu qəliblərin içinə elə yerləşib ki, illər keçsə də, sonradan fərqli amplualarda oynasa da, R.Ocaqovun kino-məktəbindən əxz etdiyi obrazdan, jestlərdən, mimikalardan, hərəkətlərdən, intonasiyadan tam qurtula bilmədi.

Hətta “Hökmdarın taleyi”, “Sübhün səfiri“, ”“Mahmud və Məryəm” filmlərində fərqli pozisiya tələb edən rollarda belə.

“Həyat çiçəyi” serialında o, öz ənənəvi obrazını yüngülvarı korrektə edib: yeri gəldi-gəlmədi, mənalı-mənasız gülür.

Adama elə gəlir ki, aktyorun oynadığı Aslan əslində “Təhminə”dəki Zaurun yaşlı dövrüdür. İllər öz sözünü deyib, Zaur yaşlanıb, konformizmə gedərək özünə gün-güzəran qurub, müdrikləşib, arada sirli-sirli fikrə gedib keçmişini - Təhminəli günlərini xatırlayır. Kazım Ənvəroğlu ilə tərəf müqabili olduğu səhnələrdə F.Manafov manerası, ədası, xəfif sezilən ironik baxışları ilə sanki demək istəyir ki, mən səndən peşəkar, üstün aktyoram, plankam da yüksəkdir.

Rejissor işinə gəlincə ... Serialın rejissoru, bir neçə film müəllifi olan İrakli Apakidze həm də aktyordur. Ssenarini həmvətəni Nana Çavçanidze ilə birgə yazıb. İnternetdən topladığım məlumata görə, “Həyat çiçəyi” İ.Apakidzenin vətənində çəkdiyi serialın adaptasiyasıdır.

“Həyat çiçəyi” serialının uğursuzluğunun səbəblərindən biri onu mühitimizi, mentallığımızı tanımayan, bilməyən adamın çəkməsində, hələ üstəlik, məlumatsızlığa rəğmən ssenarini də yazmasındadır. Geniş auditoriyaya hesablanan serialda tamaşaçı özünü, problemlərini, görmək istəyir. Alternativ həyata baxması üçün isə keyfiyyətli əcnəbi seriallar var. Yeri gəlmişkən, milli serialın çəkməyin vacibliyini rejissorun özü də müsahibəsində təsdiqləyir: “Uzun müddət Gürcüstanda insanları inandırmalı oldum ki, hansısa Latın Amerikası serialını adaptasiya etməkdənsə məhz gürcü serialı çəkmək lazmdır”. Amma nədənsə gürcü rejissoru Azərbaycanda öz məhsulunun adaptasiyasını uyğun sayır.

Səliqəli planlar, rakurslar olsa da, rejissor dramaturji materialla işləməyib, əhvalatı dramatikləşdirə bilməyib, sevgi səhnələri isə ikinci dərəcəli klip təsvirlərinə bənzəyib.

# 8820 dəfə oxunub

Müəllifin son yazıları

# # #