Reytinqimizi kim və necə ölçür? ARAŞDIRMA

Reytinqimizi kim və necə ölçür? ARAŞDIRMA
18 fevral 2015
# 13:00

Yaxınlarda Türkiyənin “Kral” telekanalında Funda Ararın Gezegen Mehmetin qonağı olduğunu görüb kanalı dəyişmədim. Aparıcı müğənniyə yeni doğulmuş oğlu ilə bağlı sual verəndə qadın duyğulandı, gözləri yaşardı. Bu vaxt aparıcı gözləmədyim bir şey dedi. O, “Biz Funda Ararın ağladığını görməyə vərdiş eləməmişik. Amma mən onun göz yaşlarının hesabına reytinqi qaldırmaq istəmirəm. Ona görə reklama gedib, sonra söhbəti davam etdirərik”.

Gezegen Mehmetin aparıcılıq keyfiyyətlərini bilmədiyimdən onun jestini dəqiq qiymətləndirməkdə çətinlik çəkirəm. Ola bilsin ki, nəzakətli taktiki gedişi də reytinqə xidmət edirdi. Hər halda həmin an aparıcının alicənablığı mənə səmimi gəldi…

Reytinq… Milli kanllarımız da, yazılı və elektron mətbuat da, ümumən dünyada çox şey “REYTİNQ” adlı kabusun əsirinə çevrilib.

Milli telekanalların - ciddi problemlər üzrə müğənnilərin ekspert qismində çıxış eləməsinə, toy estetikasında proqramların bolluğuna, ictimai, sosial məsələləri, ailə faciələrini belə şoulaşdırılmasına, duyğu sümürücülüyünün əsas ifadə vasitəsinə çevirilməsinə lakonik və qəti cavabı var: “Bunu reytinq tələb edir”.

Reytinqə görə hətta peşə etikasının da, adi etik qaydaların da üzərindən rahatlıqla xətt çəkmək olar. Təki reytinq olsun!

...Telereytinq reklamverici şirkətlər üçün nəzərdə tutulub. Onlar üçün verilişin adının, məzmununun xüsusi önəmi yoxdur. Vacib olan proqramın baxımlılıq faizinin yüksək olmasıdır.

Telekanalların isə çoxu dövlət büdcəsindən maliyyələşmədiyi üçün reklam bazarının hesabına yaşayır. Beləliklə biz istəsək də, istəməsək də reytinq televiziyanın taleyini həll edən əsas göstəricidir.


Azərbaycanda telekanalların reytiniqini ölçən iki şirkətdir: “TV MR AZ AGB Nielsen Media Research" мarketinq şirkəti” və “SIAR - Sosial və Marketinq Araşdırma Mərkəzi”

Reytinq məsələsi bir neçə dəfə teleaparıcıların özlərinin də araşdırma obyekti olub: ayrı-ayrı vaxtlarda Kamran Həsənlinin, Azadə Balayevanın verilişlərində, Elçin Əlibəylinin analitik yazılarında…

Araşdırma zamanı bir sıra maraqlı, intriqa motivli, cavabı dəqiq tapılmayan suallar meydana çıxıb.

Məsələn, suallardan biri, reytinqin obyektiv olub-olmaması, niyə məhz bayağı, şou verilişlərinin reytinq cədvəlində liderlik etməsidir.

Bununla bağlı internetdə aparıcı Murad Arifin belə bir açıqlamasına rast gəldim: "Reytinq şirkətləri əsasən, estetik zövq və maarifləndirmə aşılamayan proqramları birinci edib ki, kanallar da məhz o tip verilişlərə üstünlük versin. Nəticədə cəmiyyət günü-gündən cahilləşir. Bir çox istedad efirdən, ölkədən uzaq düşür. Deməli, baxımlı proqram boş veriliş deməkdir. Reytinq hesablayan şirkətlər isə xaricdən maliyyələşir. Sizcə, məqsəd nədir? İnstaqramda 25 min, "Facebook”da 15 min izləyicim var. Kimin evinə o reytinq hesablayıcı cihaz qoyulub? Bir şeyi nəzərə alın ki, reytinq ölçən cihazlar kabel televiziyasına və peyk antenalara aid ola bilməz. Kimin evində antena var? Hamı kanallara kabel televiziyası və ya peyk antenalarla baxmırmı?”.

E.Əlibəyli qeyd edir ki, şou proqramları, ailə-məişət temasında tok-şouları, serialları kanallara sifariş edən transmilli şirkətlər öz tamaşaçısını (başqa cür desək alıcısını) formalaşdırır. Məqsəd bu verilişlərdə, seriallarda iri şirkətlərin öz məhsullarını yerləşdirməsi, reklamıdı və proqramlar hesabına formalaşan aşağı səviyyəli tamaşaçı kütləsinə həmin şirkətlərin keyfiyyətindən asılı olmayaraq hər cür məhsulunu sırımaqdır. Yəni dünyada tətbiq olunmuş təcrübə bizdə də müəyyən mənada həyata keçirilir.

Məsələnin başqa tərəfi isə odur ki, xairici ölkələrdə bu proqramlara alternativ ciddi, samballı, maarifləndirci layihələr müxtəlif dövlət strukturlarının, milli şirkətlərin dəstəyi ilə həyata keçirilir.

Bizim teleməkanda belə təcrübəylə reallaşan alternativ layihələr isə demək olar ki, yoxdur.

Hə, aydın məsələdir ki, özəl telekanallar özünü dolandırmğa məcburdur. Bəzən də haqlı olaraq, “Alternativ kanallar var, xoşunuz gəlmirsə onlara baxın” deyənlər tapılır. Bəs o zaman telekanalların ictimai məsuliyyəti necə olsun?

Ortaya çıxan digər məsələ, reytinqlərə əsasən tamaşaçıların nədən şou, pessimist, insan faciələri üzərində qurulan verilişlərə marağının olmasıdır. Bu faktor artıq cəmiyyətin durumunu sosioloji, psixoloji kontekstdə analizini diktə edir.

Bu analizin aparmağın ən uyğun yollarından biri sorğulardır. Məsələn, deyək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hər hansı Qeyri – Hökumət Təşkilatı ilə ailələrdə, daha da konkretləşdirsək uşaqlar, qadınlar, yeniyetmələr arasında bu tip verilişlərin təsiri, nəticələri ilə bağlı sorğu həyata keçiribmi?

Ümumiyyətlə, ailə-məişət, kriminal proqramların, serialların faydasını, zərərini araşdıran, seyrçinin nə istəməsi, hansı proqramalra tələbinin olması ilə bağlı fundamental araşdırma olubmu?

Yuxarıdakı suallar öz növbəsində başqa suallar doğurur. Məsələn, Türkiyədə proqramların, serialların reytinqi ictimaiyyətə açıqdır, şəffafdır.

Bizdə niyə bu, şəffaflıq yoxdur? Niyə ictimaiyyətə açıq olmalı bir məsələ az qala dövlət sirri kimi qorunur?

Reytinqlərin şəffaflığı cəmiyyətin durumunun daha doğru, obyektiv analizinə imkan yaradacaq, həm də ictimai müzakirələr telekanalların özlərinin problemini çözməyə imkan verəcək. Çünki dünya təcrübəsində reytinq nəticələrinin ictimailəşdirilməsi tətbiq olunur və bununla da bir çox problemlər aradan qaldırılır.

Ortaya çıxan digər suallardan biri evində reytinq ölçən cihaz qoyulan 400 nəfərin kimliyi, sosial tərkibi, statusu, yaşı və bu respondentlərin ümumilikdə cəmiyyətin gerçək tamaşaçı potensialına adkevat olub-olmaması məsələsidir.

Reytinq ölçən cihazlar regionlar üzrə qurulurmu, yoxsa yalnız Bakını əhatə edir?

Televiziya mütəxəssisi Zeynal Məmmədlinin hələ bir neçə il əvvəl “Lent.az”a verdiyi müsahibədə bununla bağlı maraqlı fikirlər deyir:” Son ədəbiyyatlarda reytinq ölçməklə bağlı 7000 rəqəmi əsas götürülür. Ən müxtəlif məsələlərlə bağlı 7000 seyrçinin fikrini öyrənməklə, onları daimi monitorinq eləməklə, televiziyaların reytinqini müəyyənləşdirmək olar, Azərbaycanda isə reytinq ölçən təşkilatlar cəmi 400 adamın fikrini öyrənir və bu, Azərbaycanın bütün əhalisinin rəyi kimi götürülür. Bu reytinqlərin doğruluq faizi də təbii ki, az olacaq. Bütün Azərbaycanda dini, etnik, zonal, cinsi özəllikləri 400 adamda əks etdirmək nə dərəcədə mümkündür?”

Reytinq ölçmə mexanizmində daha incə detallar var. Bir qayda olaraq reytinq göstəriciləri təsnifləndirilməlidir. Daha aydın desək, informativ, analitik, əyləncəli, yumoristik, musiqili proqramlar, kinofilmlər, seriallar qruplaşdırıaraq, onların hər birinin ayrıca reytinqi ölçülməlidir. Çünki yumoristik proramla analitik proqramın eyni tərəziyə qoyaraq reytinqinun təyinatı peşəkarlıq baxımından düz deyil.

Reytinq ölçən şirkətllər bu təsnifatı aparırımı?

Reytinqlərin olçərkən hansı metodlardan istifadə olunur? Dünya təcrübəsində bir necə metod mövcuddur: ekektron sayğaclar ( elektron sayğac televizor işlədiyi zaman seyrçinin hansı kanala baxdığı avtomatik qeyd edən xüsusi cihazdır), “tamaşaçı gündəliyi” (gündəlik cədvəl şəklində olur, respondentlər hansi kanala, hansı vaxtda baxdıqlarını qeyd edirlər), telefon sorgusu və anket yolu ilə. Daha dəqiq nəticə almaq üçün bu metodlar kompleks həyata keçirilir.

Azərbaycan ərazisində fəaliyyət göstərən şirkətlər adı çəkilən metodlardan kompleks istifadə edirmi?

Məqalədə yazılan məsələləri diqqətdə saxlayağcıq.

Yazıda Elçin Əlibəylinin “Reytinqin sənin – taleyin sənin” məqaləsindən istidadə edilib.

# 1784 dəfə oxunub

Müəllifin son yazıları

# # #