Kulis "Unuda bilmirəm" layihəsində Sevda Sultanovanın xatirəsini təqdim edir.
1991-ci ildə Ali Sovetin növbədənkənar sessiyası canlı yayımlanırdı. O vaxt Ali Sovetdən olan bütün canlı yayımları maraqla izləyirdim. Avqustun 30-da müxalifətin israrı ilə ölkənin müstəqilliyinin bərpası haqqında Bəyannamə qəbul olundu.
Ali Sovetin iclaslarında gülməli, əcaib situasiyalar olurdu. Həmin vəziyyətlər əsasında kiçik, komik bir bədii mətn yazdım. Mətnin formasını “O olmasın, bu olsun” filmindəki məşhur ziyafət səhnəsi üzərində qurmuşdum. O vaxtkı hakimiyyəti tənqid edən yazını dövrün məşhur, radikallığına görə xoşuma gələn “Aydınlıq” qəzetinə yolladım. Bir neçə gün sonra çap olundu. Yazının altında oxuduğum məktəbin nömrəsini də yazmışdım. Dərslər də təzə başlamışdı.
Yazım məktəbdə səs-küy doğurdu. Nizami Rayon İcra Hakimiyyətindən zəng vurub direktoru tənbeh elədilər. Valideynlərim məktəbə çağırıldı. Hətta məktəbdən qovulmağım da müzakirə olundu. Nəsə şagirdlərin, bir qisim müəllimin müdafiəsindən sonra məsələ yoluna qoyuldu.
Üstündən illər keçdi. İnstitutu bitirmişdim. Təsadüfən “Aydınlıq” qəzetinin yaradıcılarından biri, mərhum Məmməd Nazimoğlu ilə rastlaşdım. Ona yazını xatırladanda sözümü bitirməyə imkan vermədi:
“Sevda Sultanova, Nizami rayonu, 238 nömrəli məktəbin 11 b sinif şagirdi.”
Arxasınca da əlavə etdi ki, sənə görə o vaxt redaksiyada narahat olmuşduq. Məktəbə xəbərsiz adam yollamışdıq ki, səni orda incidirlərmi?
Nazim müəllimin üstündən illər ötməsinə baxmayaq, bunu unutmamağı, diqqəti məni mütəəssir elədi.
Sevda Sultanova