Kulis.az “Naməlum kino” layihəsində Şamil Mahmudbəyovun 1978-ci ildə ekranlaşdırdığı “Bayquş gələndə” filmin təqdim edir.
Süjet: Hadisələr Abşeronun kiçik qəsəbələrindən birində cərəyan edir.
Qəhrəmanlar Tahir (Emin Qafarzadə) ilə Vasif (Fikrət Məmmədov) yay tətilini dəniz sahilində oturub suya tilov atmaqla, balıq tutmaqla keçirir. Vasif birmotorlu qayığının olmağını, dənizdə balıq ovuna çıxmağı və çoxlu pul qazanmağı arzulayır. Tahir isə təbiətcə həssasdır, filosofdur, mütaliəyə meyllidir. Valideynləri ekspedisiyada olduğundan nənəsinin yanında qalır.
Qəsəbəyə ara-sıra bayquş gəlir. Bayquşa nifrət edən Tahir onu öldürmək istəyir. Nənə isə bayquşunu öldürərsə, bədbəxtlik gətirəcəyindən əmindir. Bayquş gələn gün müharibə iştirakçısı olan qoca Şahlarbəy (İsmayıl Osmanlı) ölür. Amma Tahir bunu bayquşla əlaqələndirmir.
Qəsəbəyə Rəşid (Həsənağa Turabov) adlı varlı adam köçür. O, hamıya yaxşılıq edir. İlk baxışdan onun yaxşılığı təmənnasız görünür. Hadisələrin gedişatında isə onun gizli niyyəti bəlli olur: o, bağ evlərini ələ keçirmək istəyir. Qəsəbə sakinləri Rəşidi sevsə də, təkcə bağ qonşusu, yazıçı Kamil (Vidadi Əliyev) onun səmimiyyətinə inanmır...
Film Maqsud İbrahimbəyovun “Bayquş gəlmişdi” povestinin əsasında ekranlaşdırılıb.
“Bayquş gələndə” milli kinoda “Şərikli çörək” kimi kult filmə imza atan Şamil Mahmudbəyovun ən yaxşı ekran əsərlərindən deyil.
Eyni sözləri “Bizim Cəbiş müəllim”, “Uşaqlığın son gecəsi” filmlərinin ssenarilərini yazmış M.İbrahimbəyova da şamil etmək olar.
Filmin adı bayquşla bağlı olsa da, əhvalatda bayquş obrazı vizuallaşıdırılsa da, o, mərkəzi fiqur kimi çıxış eləmir. Bayquş obrazı təbii ki, simvolik məna daşıyır. Yəni əski təsəvvürlərdə kök salan “bayquş qonan ev xaraba qalar”, “bədbəxtlik baş verər” kimi inanclara inanan nənə (yaşlı nəslin təmsilçisi) və bunu inkar edən nəvə (rasional düşünən yeni nəsil) arasında bu barədə ara-sıra polemika gedir.
Müəlliflər bayquşla bağlı inancın mövhumat olub- olmaması polemikasını açıq saxlayır, nəticəni tamaşaçının öhdəsinə buraxırlar. Yəni, əhvalatda bayquş obrazı ikimənalı verilir. Çünki bayquş gələndən sonra Şahlarbəy vəfat edir. Onun ölümü bioloji baxımdan təbiidirsə, digər tərəfdən həkiminin onun yaxşı formada, gümrah olduğuna vurğu eləməsi inancın əbəs olmadığı ehtimalını artırır.
Yaxud bayquşun gəldiyi gün yazıçı Kamilin arvadının qaytımasını nəvə yaxşılığa yozur və inancı şübhə altına qoyur, nənə isə onların münasibətinin yaxşı qurtarmayacağını deyir: “Nə bilirsən qayıtmağı yaxşılığadır, dərdinin üstünə biri də artdı”.
Bir neçə vəziyyəti çıxmaq şərtilə baş verən digər hadisələrdə bayquş obrazı kənarda qalır, açar rolunu oynamır, yuxarıda dediyim kimi, mərkəzi fiqur kimi çıxış eləmir. Söhbət heç də bütün əhvalat boyu illah da ki, bayquşun mütləq mənada adının hallanmasında getmir. Sadəcə, ümumən süjetlə bu obraz arasında bir qırıqılıq yaşanır.
Həm də əgər müəlliflər bayquşla bağlı ikimənalılığı önə çəkmişdirsə, onda nəsə bir mistik qatın olması zəruri idi. Ümumiyyətlə isə filmdə heç nə baş vermir, dramatizm sıfıra yaxındır.
Başqa bir məsələ; əgər məqsəd kimi sadəcə, personajların taleyinə münasibətdə mövhumatın olub-olmaması polemikası əsas götürülmüşdüsə, onda bu, son dərəcə bəsit polemikadır. Və ona film həsr eləməyə dəyməzdi.
Filmdə dərin konflikt də yoxdur, hətta varsa da üzdədir, üstəlik, obrazlar yarımçıqdır.
Kamilin yazıçı kimi uğrusuzluğuna səbəb nədir, onun əsas ideyası nədən ibarətdir? Aydındır ki, namuslu adamdır, vicdanlıdır, amma bu keyfiyyətlər heç də onun yaxşı yazıçı olmasını əsaslandırmır. O, arvadına əsərindən bir parça oxuyur: “Sanki belə axşamlarda qocalar bağlara, bağlar da qocalara xatirə danışır”. Belə lirik-melanxolik əhvalı olan əsəri mən də çap eləməzdim.
Yaxud açıq-saçıq geyinən, üstəlik, sakinlərə görə evdarlığı da bacarmayan Nailə niyə evdən getdi? Nə baş verdi ki, qayıtdı? Onların görüş səhnəsinin təsvirləri səthidir, psixoloji qatı yoxdur. Müəmmalı zənginliyi olan Rəşid gerçəkdə nəylə məşğuldur? Ümumiliikdə filmdə qeyri-müəyyənlik, anlaşılmazlıq var.
“Bayquş gələndə” 1970-ci illərdə çəkilib, ola bilsin, həmin illərdə Sovetlər İttifaqında populyar olan, qeyri-müəyyən kinematoqrafiyanın ustası sayılan M.Antonioninin yaradıcılığı M.İbrahimbəyova təsirsiz ötüşməyib.
Personajların davranışında, əsərin atmosferində qeyri-müəyyənlik, hansısa gizlilik kodları verməyə cəhd edilib, amma əvəzində seyrçiyə təsir eləməyən dolğun, uyğun ifadə vasitələri tapılmadığından, yarımçıq, illüstrativ film alınıb.
Daha sadə desək, Antonioni əhvalatlarında hər şeyi maksimum göstərərək suallar, qeyri-müəyyənlik yaradır: yarıboş, plastik məkanlarla, ünsiyyətdən, reallıqla özgələşmədən əziyyət çəkən perosnajların psixoloji durumunun dolğun təsvirlərilə, informativ pauzalarla, minimal dialoqlarla. Xülasə, min cürə xırdalıqlarla seyrçinin altşüuruna kimi təsir edən, düşündürən qeyri-müəyyənliik atmofseri.
Bu filmdə qeyri-müəyyənlik yarımçıq təsvirlərlə, natamam obrazlar vasitəsilə, vəziyyətlərlə, daha doğrusu heç nə göstərilmədən yaradılıb.
Müsbət tərəfi odur ki, əhvalatda birmənalı mənfi və ya müsbət obraz yoxdur. İnsanlar olduğu kimidilər. Hətta Rəşid belə arada simpatik görünür, təmənnalı olsa da, o, iradəsini kiməsə məcbur qəbul elətdirmir.
Daha çox mənfi planda göstərilən Rəşid belə katarsis olmur, dəyişmir, cəzalandırılımır, eləcə bədii ömrünə davam edir.
Zəngin Rəşidin imkansız Kamilə, onun yazıçı peşəsinə istehzası, acıması günümüzdə də aktualdır.
Ədilənin (Gülşən Qurbanova ) qeybətləri filmi canlandırır.
Dialoqlar canlı, yumor təbiidir. Məsələn:
“- Görəsən Xanımananı kim alıb?
- Müslüm Maqomayev. Kim alacaq?”
M.İbrahimbəyov ümumiyyətlə, ssenarilərində ritorika ilə danışmır, öyüd-nəsihət vurğuları eləmir. O, adi, gündəlik məsələlər fonunda böyük ideyaları qabartmağı bacarır.
Ş.Mahmudbəyov “Şərikli çörək” və “Qaraca qız”da olduğu kimi bu filmində də təsdiqləyib ki, o, milli kinoda uşaqlarla əla işləyən, onları kinoməkana uğurla uyğunlaşdıran ən yaxşı rejissorlardan biri olub.
...Vasif rolunun ifaçısı Fikrət Məmmədov, son məlumatlara görə, səfil həyat tərzi keçirir.
2002-ci ildə qəza nəticəsində çənəsini sındırıb və bu səbəbdən kinodan uzaqlaşıb.
O, “Şir Evdən Getdi”, “Pəncərə”, “Park” və s. filmlərində çəkilib.