“Oskar”da ABŞ ideologiyasının triumfu ARAŞDIRMA

“Oskar”da ABŞ ideologiyasının triumfu ARAŞDIRMA
24 fevral 2013
# 09:00

Bu il Oskar mükafatına nominant olan filmlər arasında ən azı üçü – Ketrin Biqelounun “Bir nömrəli məqsəd”, Ben Afflekin “Arqo əməliyyatı”, Stiven Spilberqin “Linkoln” dramları Amerika dövlətçiliyi, ideologiyası ilə bağlıdır.

Oskar mükafatı almış ilk qadın rejissor kimi tarixə düşən K. Biqelounun Bin Ladenin ifşasından danışan “Bir nömrəli məqsəd” filminin kino sənəti ilə heç bir əlaqəsi yoxdur. Çünki filmdə kino sənətinin prinsipləri yox, ideologiya ön plana keçir və o, birmənalı şəkildə dövlətin siyasi maraqlarını əks etdirir. Faktlar əsasında çəkilən filmdə Bin Ladenlə əlaqəli olan şəxslərin dindirilməsi zamanı işgəncə verilməsinə müəllif ara-sıra 11 sentyabr hadisələri zamanı 3 minə yaxın adamın öldürülməsini xatırlatmaqla haqq qazandırır.

Amerikanın ikili standart siyasəti K. Biqelounun rejissurasında da əksini da tapır: ölkənin terrorizmlə mübarizədə, ədalət naminə (əlbəttə ki, onun təsəvvüründəki “ədalət”dən söhbət gedir) dünyanın hansısa yerində dinc vətəndaşları qətlə yetirməsi normaldır, fəqət, Amerika vətəndaşlarının öldürülməsi isə antiinsani, insan haqlarının pozulması anlamına gəlir.

“The Guardian” qəzeti filmi “zərərli təbliğat” adlandırıb. Vyetnam müharibəsi zamanı işgəncələrə məruz qalmış Amerika senatoru Con Makkeyn isə filmin onda ikrah doğurduğunu deyib. Amerika rəsmiləri bildiriblər ki, Bin Ladenin məhv olunması əməliyyatı zamanı doğrudan da işgəncələrdən istifadə olunub.

Xatırladım ki, BMT-in 1966-cı il tarixli Beynəlxalq Paktının 7-ci maddəsində deyilir ki, heç kəs işgəncəyə və ya ləyaqəti alçaldan rəftara məruz qalmamalıdır. 1984-cü ildə isə işgəncələrə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və cəzaya qarşı BMT konvensiyası qəbul edilib. Və Amerika bu sənədlərin yurisdikasiyası altındadır...

Ben Afflekin “Arqo əməliyyatı” siyasi trilleri də gerçəkliyə əsaslanır: rejissor 1979-cu il İran inqilabı zamanı amerikalı diplomatların Tehrandan qaçırılmasını danışır. Sənədli kadrlardan istifadə edən müəllif həmin dövrün mühitini, atmosferini bədii hissəyə dəqiq uyğunlaşdırıb. Afflek trillerin elementlərindən doğru yararlanaraq tamaşaçını film boyu həyəcanda saxlayır.

Film maraqlı sənədli kadrlarla başlayır, kadraarxası mətndə 1950-ci illərdə Amerikanın və Böyük Britaniyanın birləşərək İranın neft sənayesini milliləşdirən baş nazir Məhəmməd Müsəddiqi devirməsi, ölkəni amerikalaşdıran Rza Şahı hakimiyyətə gətirməsi, islam inqilabı haqda məlumat verir. Tədricən dramaturji xətt Tehranda girov saxlanılan amerikalı diplomatlarının hekayətinə doğru gedir. Afflek onların hiyləsinə aldanan iranlıların axmaq, özlərinin isə ağıllı, əzmkar obrazını yaradır.

“Bir nömrəli məqsəd” filminin mərkəzində Cessika Çesteyinin Bin Ladeni inadkarlıqla axtaran qəhrəmanı Maya, “Arqo”da isə diplomatları xilas edən, həyatını təhlükə altına atan Afflekin Toni obrazı dayanır. Bir qayda olaraq, Hollivudun siyasi, kriminal trillerlərində planlarında israrlı olan qəhrəmanlar kollektivə, rəsmi qurumlara qarşı dayanır, hadisələrin gedişatında təbii ki, haqlı olduqlarını isbatlayırlar. Bu cür basmaqəlib intriqalar həm filmin dramatizmini artırmaq niyyətini güdür, həm də rəsmi qurumların Maya, Toni kimi sıravi əməkdaşlarının əzmkarlığını, dövlət üçün həyatlarını riskə atdığını önə çəkir.

Üstəlik, “Arqo əməliyyatı”nın finalı da Hollivuda xas klişe - amerikasayağı banal, sarsaq dialoqla bitir. Məsələn, təxminən belə dialoq Hollivudun siyasi triller, kriminal, əkşn janrlı filmlər üçün tipikdir:

- Con, sən əclafsan, amma əla işlədin. Mister Smit səni görmək istəyir.

Qəhərmanın da guya tərf-filan vecinə deyil, təvazökar davranır:

- Qələt edir. Mən Ceklə vaxt keçirməyi üstün tuturam (Sonra məlum olur ki, Cek – amerikanın məşhur viski markası “Jack Daniels”dir).

- Con, sən it oğlusan. Hahahahaha.

Yenə də tarixi faktlar əsasında lentə alınmış Stiven Spilberqin “Linkoln” bioqrafik dramı hər iki filmlə müqayisədə daha ciddidir. Spilberq peşəkar, amma “düz” rejissordur. Yəni, filmlərində ideyalar, məzmun, xarakterlər açıq, birbaşadır, düşündürücü, polemikaya, alternativ versiyalara təhrik edəcək nəsə yoxdur. Təsadüfi deyil ki, onu kütləvi mədəniyyətin dahisi adlandırırlar.

“Linkoln” da kütləvi auditoriyanın rahat həzm edəcəyi filmdir. Spilberq əsas vurğunu Avraam Linkolunun vətəndaş müharibəsi zamanı konfederasiya üzərində qələbəsinə yox, quldarlığın ləğvi zamanı rastlaşdığı çətinliklərə, pərdə arxası siyasi oyunlara və ailəsindəki problemlərə edib.

“Linkoln” tarixə fərqli, yeni baxışdan çox Amerika xalqına tarixi xatırlatmadır. Rejissor eyni zamanda həm ailə, həm müharibə, həm də quldarlıq probleminin öhdəsindən gələn Linkolnun mükəmməl portretini yaradıb.

Ümumiyyətlə, bu filmlər xarici bazardan çox Amerikanın yerli əhalisinə hesablanıb. Çünki Amerika hökuməti beynəlxalq terrorizmlə mübarizəyə milyardlarla dollar xərcləyir, ölkədəki iqtisadi böhranın əsas səbəblərindən biri də budur.

Üstəlik, Amerikanın başqa ərazilərdə keçirdiyi hərbi əməliyyatlar nəticəsində onlarla amerikalı əsgər həlak olur. Kino sənəti üçün əhəmiyyət daşımayan bu tip filmlər sıravi amerikalılara vətənpərvərlik, mübarizə, əzmkarlıq hissini aşılayır, qəhrəman obrazlarla onların qəlbinə toxunurlar. Ən əsası, şüurlara yeridirlər ki, bütün bunlar Amerikanın təhlükəsizliyini qorumaq naminə edilir. Ona görə, ideoloji filmlərin Oskar nominasiyalarında önəmli yer tutması təbiidir.

# 3867 dəfə oxunub

Müəllifin son yazıları

# # #