Kulis.Az-ın "Ən yeni Azərbaycan kinosu" layihəsində son 15-20 ildə çəkilən, amma geniş tamaşaçı auditoriyasına tanış olmayan qısa və uzun metrajlı, bədii və sənədli filmlərimizi tanıdırıq.
“Teatral həyat”
Çəkildiyi il: 2009
Xronometaj: 20 dəqiqə
Rejissor: İlqar Nəcəf
Ssenari müəllifi: İlqar Nəcəf
Operator: Adil Abbasov
Bəstəkar: Firudin Allahverdi
Rollarda: Rasim Cəfər, Rövşən Almuradlı, Sevinc Həsənova, İqrar Salamov, Mahir Dərviş, Qurban İsmayılov
İstehsalçı şirkət: “Butafilm”
Süjet: Filmdəki hadisələr Sovet İttifaqı dağılandan sonrakı illərə təsadüf edir. Filmin qəhrəmanı əyalət teatrlarından birinin aktyorudur. Yaşadığı dövrün xaotik əhval-ruhiyyəsi onun xarakterinə, ruhi vəziyyətinə birbaşa təsir eləyib. Qəhrəman depressiya keçirir. Onun valideynləri də aktyor olub, uşaqlığı səhnədə keçib, səhnədə böyüyüb. Keçmişi çox yaxşı olub, amma indi düşdüyü mühit, təklik onu sıxır, psixoloji sarsıntı içindədir....
Dosye: İlqar Nəcəf 1975-ci ildə Bakıda anadan olub. Orta məktəbi Ermənistanın Ararat rayonunda bitirib. 1988-ci ildə ailəsi ilə birlikdə məcburən evini tərk edərək Azərbaycana köçüb. Təhsilini Sumqayıtdakı 12 saylı məktəbdə davam etdirib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino və televiziya rejissoru ixtisasında təhsil alıb (1993-1997). 2003-cü ildə İsveçrənin FOCAL təşkilatı tərəfindən keçirilən Beynəlxalq “Avanti” layihəsi çərçivəsində rejissor Kşiştof Zanussinin kinorejissor kurslarını bitirib. 2005-ci ildə “Butafilm” kinoşirkətini təsis edib. 2012-ci il aprelin 26-da "Buta" filminə görə "Humay" milli mükafatına layiq görülmüşdür. “Kölgəsiz komalar”, “Bir qoca var”, “Buta” filmlərinin müəllifidir.
Rejissorla söhbəti təqdm edirik.
- Bu layihədə iki filminiz arasında tərəddüd elədim: “Kölgəsiz komalar” sənədli və “Teatral həyat” bədii lenti. Sizə deyəndə “Teatral həyat”a üstünlük verdiniz. Niyə?
- “Kölgəsiz komalar” köçkünlərlə bağlıdır. İndi köçkünlərlə, qaçqınlarla bağlı KİV-də o qədər informasiya, yazı, videomaterial verirlər ki, artıq bunu bayağılaşdırıblar. Ona görə, bu mövzuda danışmaq istəmirəm. Mənə xoş deyil. Əslində mövzu çox ağırdır. Burda bir fərdin faciəsi daha maraqlıdır və mən onu işləyə bilərəm. Amma indi bu haqda danışmaq istəmədiyim üçün “Teatral həyat”ı seçdim.
- Amma hər halda informasiyada sənətin gücü yoxdur.
- Doğrudur. Taleyimiz belə gətirib ki, köçkünlərlə bağlı kifayət qədər situasiyalar, hadisələr var. Bütün qlobal yerdəyişmələrin içərisində bir fərdin faciəsi daha təsirlidir. Nəinki bu hadisələrə ümumi yanaşmaq. O dövrdə belə düşünsəydim, filmi bəlkə də başqa cür çəkərdim. Mən özüm də köçkün olmuşam, Ermənistandan gəlmişəm. Məşhur söz var, bir nəfərin ölümü faciə, min nəfərin ölümü statistikadır. Kütləvi insan yerdəyişməsi statistika ola bilər. Bir nəfərin daxili dünyası, faciəsi artıq bir hadisədir.
- Əyalət, tragikomik situasiya, bir qədər ekssentrik obrazlar, süjetin hardasa xaotikliyi Fellini filmlərini, məsələn, “Amakrord”u xatırlatdı...
- Maraqlı bir şey deyim, sizin dediyiniz sözün eynisini bu filmin prodüseri Əli İsa Cabbarov çəkiliş meydanında dedi. Avtobus səhnəsini çəkəndə... Avtobus aşır, sonra bunlar çıxıb, orda özlərinə qısa müddətli şərait yaradır, rejissorla aktyorun arasında münaqişə yaranır. Əli İsa dedi ki, bu səhnədən Fellini filmlərinin iyi gəlir. İnandırım ki, o filmi çəkəndə Fellini qətiyyən ağlımda olmayıb. O film mənim hansısa yuxularımın qısa görüntüləridir. Mənim qəhrəmanım real həyatla virtual həyat arasında qalıb. Özünü tapa bilmir.
- Bir səhnədə qəhrəman uzanıb, proyektorla divarda xatirələri əks olunur. Bu səhnəni həm yuxunun görüntüsü, həm də xroniki xatirələr, həm də personajın reallıqla xəyalının sərhədinin itməsi kimi yozdum.
- Əslində mövzu odur. Amma dediyiniz, divarda əks olunan görüntü nə vaxtsa onun valideynləri ilə bir yerdə olanda lentə alınmış xatirələrin əksidir. Yəni orda yuxu yoxdur. Film 20 dəqiqədir. Amma ümumilikdə 35-40 dəqiqəlik material vardı. Məsələn, mənim heyfim gələn səhnələr vardı, Asif (Asif Rüstəmov - rejissor, filmin kreativ prodüseri) onu kəsdi. Filmdə nəsə sizə xaotik gələ bilər. Bu, əslində qəhrəmanın daxili dünyasının təzahürüdür. Müəyyən mənada tamaşaçıya da sirayət edir.
- Bir əyalət aktyorunun həyatını ekrana gətirmək niyə sizi bu qədər maraqlandırdı?
- Mən dünyanı çox gəzirəm. Demək olar ki, ilin çox hissəsini səfərlərdə oluram. Dünyadakı aktyorların əksəriyyəti bir-birinə oxşayır. Onlar bir millətdir sanki. Mən məmur aktyorları demirəm. Məmur aktyorların faciəsi başqadır. Onlar səhnə ilə kreslo arasında çarpışan adamlardır. “Teatral həyat”da rejissorla qəhrəman arasında konflikt var. Əksər teatrların direktorları teatr adamı olurlar. Aktyorluqdan gəlirlər. Təsadüfi hallarda kənardan kimsə gəlir. Amma teatrda həmişə direktorla aktyor arasında bir konflikt olur. Bu, ənənəvi şeydir. Direktor həyatı aktyorun gözü ilə görə bilmir. Aktyor səhnədə olanda onunla tamaşaçı arasında məsafə var. Aktyor bu məsafədə həmişə uzaqdadır. O, virtual dünyada yaşayır. Tamaşaçı kresloda oturub necə səhnəyə baxırsa, teatr direktoru da elə baxır. Onun dünyasını duya bilmir. Çünki o, məmur kimi düşünür. Ola bilsin ki, Avropada aktyor ayda 2 min avro alır, bizdə 300 manat. Bu, başqadır. Amma mənəvi prinsiplərin kodeksləri var ki, onlar məncə eynidir. Ona görə də mənim üçün aktyorların həyatından film həmişə maraqlı olub. Düşünürəm ki, “Teatral həyat” başlanğıcdır. Əyalət aktyorları mənə xüsusən maraqlı olub, onları həmişə izləmişəm.
- Və həmişə də diqqətdən kənarda daha çox onlar qalır.
- Tam mənada yox, amma müəyyən mənada bu, onların faciəsidir. Niyə görə deyirəm ki, müəyyən mənada. Aktyor var ki, əyalətdə yaşayır, amma öz dünyasını yaşayır, onun heç mərkəzdən xəbəri yoxdur. Bilmir orda nə baş verir, səhnəyə çıxır, öz rolunu oynayır. Amma konkret özümdən götürürəm. Rejissorların iddiası nədir? Film çəkir, müəyyən bir iddia ortaya qoyur. Sübut eləmək istəyir ki, mən yaxşı rejissoram və yaxşı film çəkirəm. Və bu sübut nəylə ölçülür? Festivallar və tamaşaçı yanaşması ilə... Bu baxımdan əyalətdəki aktyor da ona diqqət olmasını istəyir. İndi onun filmdən fərqi ondadır ki, tamaşanı oynayır, gedir evinə. Tamaşaçıda bir-iki günlük təəssürat qalır. Sənət dünyasında Səttar Bəhlulzadə kimi adamlar çox azdır. O, rəsmlərini çəkirdi. Sonrakı taleyi ilə maraqlanmırdı. Onun üçün vacibi, içərisindəkini kətana köçürmək idi. Belə adamlar çox azdır, təsadüfidir. Amma mənim də, dünyada əksər rejissorların da iddiası var. Bunuel, Tarkovski, Fellini Səttar kimi olsaydılar, festivala gəlməzdilər.
- Nə əcəb baş rola əyalət aktyorunu çəkmədiz?
- Rasim Cəfər mənim üçün çox dəyərli aktyordur. Milli dəyər deyərdim ona. Məncə o, kəşf edilməmiş aktyordur. İmkanları çox genişdir. Amma bəlkə də əyalət aktyorunu çəkmək olardı. Bir az müəyyən mənada cəsarətli olsaydım axtarıb tapardım. Görünür axtarmamışam. Rövşən Almuradlını və bizim cavan aktrisanı çıxsaq qalanları əyalət aktyorlarıdır.
- Yas yerində personajın ayaqqabıları fonunda təsvir kinematoqrafikdir. Bu, sseanridə əvvəlcədən nəzərdə tutulmuşdu, yoxsa çəkiliş meydanında ekspromt oldu?
- Ekspromt deyildi. Uşaq vaxtı gördüyüm bir səhnədi. Sənət adamları alt şüurlarında müəyyən səhnələri yığıb saxlayırlar. Ola bilsin ki, heç vaxt istifadə eləməsinlər. Amma film çəkəndə şüur altında yer alan səhnələri, yuxuları və ya gördüyü hadisələri mövzuya uyğundursa onlardan istifadə etməyə başlayırlar. Mən bu məsələdə simicəm. Gülbəniz Əzimzadə həmişə dərsdə deyərdi ki, yuxularınızı yazın. Maraqlı yuxular sizə heç bir əziyyət çəkmədən gələn görüntülərdir. Onları yazın, filmlərinizdə istifadə edərsiz. Həmin səhnənin sözləri də indiyə kimi yadımdadır. Orda aktyor deyir ki, valideynlərim avtomobil qəzasında öləndə bizə çoxlu adamlar gəlmişdi. İçəridən ağlamaq səsləri gəlirdi. Mən daha çox ayaqqabıları görürdüm. Elə bilirdim ki, ayaqqabılar ağlayır, o səs ayaqqabılardan gəlir. Dialoqu işlədim. Uşaq vaxtı gördüyüm bu sənəni filmdə yerləşdirdim.
- İki epizodda qəhrəman məşqə gəldiyi anda Hamletin “Olum, ya ölüm, çıx yerin dibindən qara intiqam!” sözləri səslənir. Təsadüfdür?
- O səs bizim komik aktyorumuz Nofəlin səsidir. Təsadüf idi. Düzdür, əslində filmdə təsadüfi heç nə olmur, amma sadəcə teatr aurasını yaratmaq üçün istifadə olunan tryukdur.
- Personajlar bir neçə dəfə ümidin, inamın rəmzi kimi şam yandırırlar...
- İslamda şam yandırmaq yoxdur. Amma təriqətlərdə, məsələn, şiəlikdə var. Pirə gedəndə yandırırlar. Mən bunları uşaq vaxtı valideynlərimlə pirə gedəndə görmüşəm. Göyçə gölünün ətrafındakı rayonda idi. Orda kilsə ilə pir yanaşı idi. Ermənilər də kilsədə ibadət edirdilər. “Buta” filmini çəkməzdən öncə obyekt axtarırdım, gedib Lerikin Mistan kəndinə çıxdım. Mistan son kənddir. Ordan o yana sərhəddir. Ordakı pirdə də şam yandırırlar.
- Montaj edilmiş səhnələri neyləyirsiz? Onları yenidən işləmək fikriniz var?
- Maraqlı sualdır. Bu sualı həmişə özümə vermişəm. Çünki enerji qoyursan, o səhnəni yaradan sənsən. Sənin məhsulundur. “Teatral həyat”da istifadə olunmayan səhnələrin eynisini başqa filmdə çəkmək məqbuldur. Əgər o filmdə getmədisə, başqa bir filmin mövzusuna uyğundursa niyə də olmasın. Amma təzədən çəkmək lazımdır.
- “Teatral həyat” ilk bədii filminizdir. Bu, ilk tammetrajlı filminiz “Buta”ya hazırlıq idi?
- “Teatral həyat” əslində tammetrajlı bədii film idi. Nazirlik şərt qoydu ki, mütləq qısametrajlı çəkməlisən. Bu mənada haqlısız. “Buta”ya hazrlıq idi. Amma kaş ki, nazirlik bu şərti qoymasaydı. Kaş ki, “Buta”nı çəkib sonra “Teatral həyat”ı çəksəydim. Onda daha zəngin, dolğun ideyalı film olardı. Amma “Teatral həyat” mənim üçün çox əziz filmdir. Həm də xarici ölkəyə satılan filmdir. Fransanın “Arte” kanalına satılıb. Kanaldan məktub almışdıq, filmi çox bəyəndiklərini yazmışdılar.
- Nazirlik rejissorun tammetrajlı filmini maliyyələşdirirsə, ona öncə qısametrajlı film çəkmək şərtini qoyması normaldırmı?
- Nazirlik dövlət qurumudur, onlar öz işlərini görürlər. Yanaşmaları belədir ki, pulu verərik, işin öhdəsindən gələ bilməz. Onların yanaşmasına o dövrdə hardasa haqq verirdim. Çünki bədii film çəkməmişdim. Amma, təbii ki, sənətdə məcburiyyət olmamalıdır. Hərçənd, mən elə şeylərdən uzaq adamam. On il çəkmərəm, öz istədiyimi çəkərəm. Həm də film çəkmək üçün ideya, süjet səndə yetişməlidir.
- “Teatral həyat” festivallarda nümayiş olunub?
- Amerikada mükafat alıb. 11 festivalda əsas müsabiqədə iştirak edib.
- Siz həm də işgüzar adamsız. Sənətlə biznesi bir araya necə gətirirsiz?
- Ramiz Fətəliyevlə ssenari işləyirik. Demək olar ki, bitirdik. Mənə dedi ki, eşitmişəm biznesi buraxıb sənətə gəlirsən. Dedim, qətiyyən! Çünki sənət də dolayısı yolla biznesə bağlı sahədir. Amma mən ordakı maddi təminatımı edə bilməsəm, kinoda sərbəst ola bilmərəm. İndi 40 yaşım var, kinoda, şəxsi həyatda, biznesdə gördüyüm işlərə görə özümə hesabat verirəm. İndi baxıram ki, biznes kinonu çox qabaqlayır. Bu, həm yaxşıdır, həm də pis. O mənada ki, mən daha çox sənət adamıyam. Biznesdə müəyyən uğursuzluğum olanda, sırf sənət adamı olmağıma bağlanır. Sənət adamlarının müxtəlif xarakterləri olsa da, onları bir ipə düzsən bir-birinə çox oxşayacaqlar. Amma artıq o məsələni, həll eləmişəm. Sənətdə sərbəstəm, iddialıyam.
- Planda yeni film var...
- Ramiz Fətəliyevlə artıq ikinci ssenarini yazıram. Yaxın çevrəm bilir mövzunu. Ya tək yazacam, ya beynəlxalq həmmüəllif tapacağıq. “Buta”dan sonra özüm üçün müəyyənləşdirdim ki, ssenari işində gərək eqoist olmayasan. Mövzu sənin ola bilər. 30-40 səhifəni sən yaza bilərsən. Amma hökmən həmmüəlliflərlə işləməlisən. Çox vacibdir. Ssenari artıq filmin yarısıdır. O baxımdan tələsmirəm.
- Ramiz Fətəliyev varsa, yəqin detektiv elementləri də var...
- Var. Amma mənim qəhrəmanımın fəlsəfəsi tamam başqadır. Nəsə, hələ bundan danışmayaq.