“Ona toxunsanız...” - Ziya Bünyadov xalq düşməninin oğlunu necə xilas elədi?

“Ona toxunsanız...”  - Ziya Bünyadov xalq düşməninin oğlunu necə xilas elədi?
30 may 2025
# 18:20

Kulis.az Firuz Mustafanın "İki məşhurun dostluğu: Bünyadov Semyonovu necə xilas etdi?" yazısını təqdim edir.

Ziya müəllimi tanıyırdım, AMEA-da az qala hər gün üz-üzə gəldiyim adam idi. Sərt, düzünəqulu, zahirən bir az da kobud adam təəssüratı yaratsa da, qəlbən həssas, duyğusal bir şəxs idi. Hətta çoxları bilmir ki, Ziya müəllim rusdilli olsa da dilimizdə şeirlər, həcvlər də yazırdı. Onun şeirlərindən bir neçəsini vaxtilə qəzetdə dərc etdirmişəm. Oğlu Heydər biz işləyən kafedrada imtahan vermişdi, alicənab, yüksək mədəniyyətli, sakit, təvazıkar bir oğlan idi, heyif, həyatını tez qayb etdi. Ziya müəllimin həyat yoldaşı Tahirə xanımı isə Azradiodan tanıyırdım.

Söhbətimin məğzi ayrıdır...

Ziya müəllim müharibə başa çatandan, ordudan tərxis olduqdan sonra 1946-cı ildə Moskva Şərqşünaslıq İnstitutuna daxil olmuşdu. Onun əhatəsində olan və olmaq istəyənlər çox idi. 24 yaşında SSRİ-nin ən yüksək mükafatına layıq görülmüş gənci sevənlər, ona diqqət yetirənlər də az deyildi. Tələbə Bünyadovun dostları arasında Primakov və Semyonov sonralar az qala bütün dünyada məşhur oldular. Onlar Ziya ilə eyni dövrdə, amma fərqli kurslarda oxuyurdular.

Müxtəsər söhbətimizin qəhrəmanları Yulian Semyonov və Ziya Bünyadovdur.

Oxucular yaxından tanısın deyə, vurğulamaq istəyirəm ki, Yulian Semyonov məşhur yazıçıdır və ən məşhur filmlərdən birinin ssenari müəllifidir: bu, “Baharın onyeddinci anı” filmidir. Yəni “Ştirlis” haqqında film...

Bünyadov ilə Semyonov arasında on yaş fərq olsa da, onların dostluğu tuturdu.

Günlərin bir günü gələcəyin məşhur yazıçısını oxuduğu İnstitutdan qovmaq istəyirlər. Sən demə, Yulianın atası “xalq düşməni” imiş və oğul Semyonov bunu gizlədirmiş... Bunu eşidən tələbə Bünyadov tez özünü dostunun “mühakimə” olunduğu zala çatdırır və söz alıb tribunaya qalxır. O, sanki şərt qoyub deyir ki, Yulianı İnstitutdan qovsanız, mən də buranı tərk edəcəyəm. Və əlavə edir: “Axı yoldaş Stalin deyib ki, oğul ataya görə cavab verməməlidir”.

Beləliklə, bu ciddi “ultimatum” və təhdiddən sonra Yulian Semyonov təhsilini davam etdirir...

Mən bu barədə məlumatı SSRİ çökmək ərəfəsində olanda Yulian Semyonovun özünün bir müsahibəsində oxumuşdum.

Onların dostluğu son günlərinəcən davam etdi. Yulian Semyonov 1993-cü ilin 15 sentyabrında vəfat etdi. Hə, yeri gəlmişkən onu da deyim ki, yazıçının qızı Darya Semyonova israrla bildirir ki, onun atasını “aradan götürüblər”. Ziya Bünyadov isə 21 fevral1997-ci ildə faciəli şəkildə həlak oldu.

Mən bu əhvalatı niyə xatırladım?

Adam dostluğunda da kişi olar, düşmənçiliyində də. İndi dünən “dost” dediyi adama bu gün arxadan zərbə vuranlar da yox deyildir... Təəssüf...

# 3451 dəfə oxunub

Oxşar xəbərlər

Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

Mumiyaların üzərinə yerləşdirilən Fəyyum portretləri nümayiş olunur

18:04 3 noyabr 2026
Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

Əbu-Dabidə ilk böyük incəsənət hərracı rekordla başa çatdı

17:43 3 noyabr 2026
Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı:  Başqa adla roman yazıbmış

Məşhur yazıçı illərdir gizli saxladığı sirri açdı: Başqa adla roman yazıbmış

17:26 3 noyabr 2026
Ancelina Coli və Bred Pittin qızı  atasının soyadından imtina etdi

Ancelina Coli və Bred Pittin qızı atasının soyadından imtina etdi

16:57 3 noyabr 2026
Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

Dilçilər heyəti 2026-cı ilin sözünü seçdi - "Mogging" nə deməkdir?

16:40 3 noyabr 2026
"Sən böyük adamdan yalnız bir cəhətlə fərqlənirsən..." - Vilhelm Reyxin "Kiçik adam" əsərindən bir hissə

"Sən böyük adamdan yalnız bir cəhətlə fərqlənirsən..." - Vilhelm Reyxin "Kiçik adam" əsərindən bir hissə

16:00 3 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər