"Türkün arabaçısı budursa, gör, bunun şairi, müəllimi, alimi nə mərtəbə ucadır!" - Fikrət Sadıq

Fikrət Sadıq, şair

Fikrət Sadıq, şair

30 may 2025
# 12:15

Bu gün görkəmli şair Fikrət Sadığın 95 illik yubileyidir. Kulis.az bu münasibətlə onun "Üçüncü kərə "qarşı" sözünə qarşı və başqa dərdlər" məqaləsindən hissələri təqdim edir.

20-ci əsrin 40-cı illərində Şamaxıya getmişdim, Çarhan kəndinə baş çəkəcəkdim. Gəldim yol ayrıcına. Gördüm, yaşlı bir kişi arabaynan keçir. Qışqırdım:

- Arabaçı, saxla minim!

Arabaçı saxladı. Mən də mindim. Soruşdum:

- Çarhana gedirsən? Başı ilə "hə" - dedi. Sonra dedi:

- Övlad, eşit, qulaq as! Arabanı saxlamazlar, arabanı əyləyərlər. Adam arabaya minməz. Ata minər. Adam arabaya qalxar.

Yol boyu Tofiq Fikrətdən, Rza Tofiqdən, Orxan Seyfı Orxandan şeirlər dedi. Şirin dilindən doymadım. Sonra dedi:

- 1918-də gəlmişdim. İndi Mərəzədə yaşayıram. Bir Şirvan gözəli məni burda saxladı.

Yol boyunca hələ çox ibrətli sözlər dedi. O, baba idi, mən nəvə. Mənə nəsihət idi bu sözləri. Çarhana çatdıq. Dedim: - Arabanı, əylə, düşüm. Yenə hirsləndi. Əyləni düz demişdim. "Saxla" - demədim. Amma. O:

- Yahu, övlad! Daş düşər, adam düşməz! Adam enər - dedi.

Dedim, baba, bağışla, arabanı əylə, enim.

Dedi:

- Bu doğru!

Sonra soruşdu:

- Adın nədir?

Dedim:

- Fikrət! Deyirlər mənim adımı Şamaxılı Soltan Məcid müəllim qoyub. Şamaxılılar ona Soltan Məcid Əfəndi deyərdilər.

Dedi:

- Onda Tofiq Fikrətdən dediyim şeirlər, lap yerinə düşüb ki!

* * *

Bir müddətdən sonra Çarhana bir də gəldim. Müharibə qurtarmışdı. İnsanların qırışığı bir az açılmışdı. Soruşdum: - Mərəzədə yaşayan o qoca türk dururmu ola?! Dedilər:

- Bu qış dünyadan köçüb.

Dünyadan köçsə də, mənim qəlbimdən köçməyib. O, mənim gözümü açdı. Türkü mənə tanıtdı. Türk şeirini mənə sevdirdi. Pəltək sözlərimi düzəltdi. Türkün arabaçısı budursa, gör, bunun şairi, müəllimi, alimi nə mərtəbə ucadır.

Müdrik qoca! Allah sənə qəni-qəni rəhmət eləsin, ömrümün səhərində mənə rast gəlib, məni bu günümə göndərdin! Öz ömrünü qardaşının azadlığına qurban verdin.

Qürbətdə yaşadın, amma qərib olmadın. Şamaxı sənə ana Vətən oldu: Burda sevib-sevildin. Burda övladların gəldi dünyaya. Millətə qarışdı. İndi heç birini biri-birindən ayırmaq olmur. Budur türk yurdsevərliyi, millətsevərliyi, azadlıqsevərliyi və cömərdliyi!

* * *

Türk dili təkhecalı sözləriylə zəngindir. Ay, Su, od, Gün və s. Bu dilin çox qədimiliyinə dəlalət edir. Türk dilində səs təqlidi ilə yaranan sözlər də çoxdur: su şırıltısı, yarpaq xışıltısı və s. Səs təqlidi ilə yaranan sözlərin də çoxluğu dilin çox qədimiliyinə sübutdur.

* * *

Türk dili - dünya dillərinin ilkinlərindən biridir. Qədim türk əlifbası da dünyada yaranan əlifbaların ilkinlərindəndir. Türk dili - aqlyutinativ - iltisaqi dillər qrupuna daxildir. Dünya dillərinin çoxu iltisaqi dillərdir. Burda söz yaratmaq imkanı çox genişdir. Sözdüzəldici şəkilçilərin köməyi ilə yeni-yeni düzəltmə sözlər və yaxud bir-iki sözün birləşməsi ilə yeni-yeni mürəkkəb sözlər yaranır. Şəkilçi qoşmaqla bir sözdən beş, yeddi və daha çox söz düzəltmək olur. Məs: Qorx, qorxu, qorxut, qorxaq, qorxudan, qorxan, qorxudulan, qorxulu, qorxunc, qorxa-qorxa.

Bu ki, lap doqquza-ona çatdı.

Başımızı ucaltdı!

Güldan, Nəməkdan və bunlara bənzər xeyli söz fars dilindən birbaşa dilimizə qarışıb. Biz bu sözləri gülqabı, duzqabı kimi də işlədirik, sözlər daha da doğmalaşır. Fars dilindən abru (üzün suyu) sözünü alıb, abır eləmişik. Dilimizdə bu cür düzəldilən öz sözlərimiz ümmancadır. Məs: İstiot. Çox sərrast deyilib. Dilin kəşfidir bu! Bu cür sözlər hesabına dilimiz daha da zənginləşəcək, Ortaq dilin lüğət tərkibi günü-gündən artacaq. Dilimizdə elə sözlər də var ki, elə bil türkcə-farsca lüğətdən qopub, düşüb. Məs: Uığ-cəm, uzundıraz. Bu sözlərin bir hissəsi türkcə, bir hissəsi farscadır. Bu cür qarışıq sözlər çox azdır. Barmaqla saymaq olar.

Öz mürəkkəb sözlərimiz çoxcəhatəlidir, çoxmənalıdır. Genişliyi və rəngarəngliyi ilə seçilir. Məs: Qaraçuxa, çalpapaq, çirkətab, dəvədabanı, ayağıyalın, dəymə-düşər, Göygöl, doxsan, səksən, tükürpədici, xoruzquyruğu (çay), dördbucaqlı, gecəqondu və minlərcə biri-birindən gözəl - adı mürəkkəb, özü sadə və aydın olan sözlər.

İkicə kəlmə də türk dilinin feilləri barədə! Bu feillər birər-birər qəhrəmanlardır.

Heç bir dilə əyilməyib. Məğrur-məğrur durublar. Yeriyirlər, gəzirlər, gülürlər, ağlayırlar. Dilimizdə bir dənə də olsun başqa dildən keçmə feil yoxdur. Milli sözü təkcə bunlara yaraşır.

Bir də görürsən, bölgənin birində gözəl səslənən, mənalı bir söz, başqa bir bölgənin dilində pis səslənir və mənasızdır. Məs: Özbək dilində böyük sözü - ələngə kimi işlədilir. Ələngə - bizdə iri sümüyə deyirlər. Elə sözlər var ki, özbək deyəndə azərbaycanlı utanır, azərbaycanlı deyəndə özbək utanır. Türkiyə türkcəsində pıçıldamaq əvəzinə fısıldamaq işlənir. Pıçıldamaq pıçıltı sözündən yaranıb. Pıç-pıç danışmaqdan nəşvü-nüma tapıb. Amma fısıldamaq pıçıltını vermir. İlan fısıldayar. Ya kök adam fıs-fıs nəfəs alar. Başqa bir söz! Yenə Türkiyə türkcəsində mırıldamaq sözü var. Bizə görə it mırıldanır, ya pişik. İnsan zümzümə edər, mızıldayar. Ortaq dil olanda bu cür sözlər zamanla öz-özünə dəyişəcək, cilalanacaq, hamarlanacaq, dəqiqləşəcək, təbii seçmə qanunu ilə iki sözdən biri qalacaq. Hər iki tərəfin işlətdiyi sözə çevriləcək. Ortaq dil - hər iki dili təmizləyəcək. Bəzi sözləri biz "Y" hərfi ilə yazırıq. Məs: Yaponiya. Türkiyə türkləri isə "J" ilə - Japoniya yazırlar. Biz geoloji yazırıq, onlar jeoloji. Ayrı cür, fərqli yazılan bu sözlər də ortaq dil olanda bir cür yazılacaq.

Türkiyə türkcəsində əvvəllər "salam" əvəzinə "gün aydın" işlənərdi. Bizim böyük sənətkarımız Cəfər Cabbarlının pyeslərindəki adamlar (surətlər) bir-birbiriləriylə "gün aydın"la salamlaşırdılar. Nədənsə indi Türkiyədə "salam" əvəzinə "mərhəba" işlədirlər.

"Mərhəba" - ərəbcə "xoş gəldiniz" deməkdir. Bu söz ən çox "əhsən" və ya "afərin" əvəzində işlədilir. Bu salamların içində bizə ən doğma olanı, ən aydını elə "gün aydın"dır.

Gün aydın! Gözəl səslənir. Günaydına qayıtmaq lazımdır.

* * *

Bir az da tərcümədən danışaq!

Dilimizdə xeyli qələti-məşhurlar var. Gün çıxıb. Gün batıb, ün üyünüb, ölü ölüb. Və s.

Amma, indi qəsdən, rus dilindən hərfi tərcümə yolu ilə elə sözlər uydururlar ki, adam lap məəttəl qalır. Qələti-məşhurlar bu qələti eləməzlər. Məs: "Oddan təhlükəlidir". Oqneopasno - sözündən əmələ gəlib. Bilmək olmur ki, "təhlükəli" nəyə aiddir. Benzin sisternasına, qaz balonına, yaxud onlardakı mayelərə, yoxsa toxunduğu nəyəsə. Bu sözü aydınlaşdırmaq lazımdır.

Oddan qoru! Odda yanan. Odahəssas. Odqapan. Oddanalışan. Oda həris. Oda mütamail. Hansını istəyirsən seç, götür. "Oddan təhlükəlidir" demə. Dünyada ən qorxulu fəlakət elə oddur. Odur ki, "oddan təhlükəlidir" ifadəsi səhvdir. Burda söhbət oddan qorxmaqdan gedir.

"Oddanqoru" daha dəqiq olardı.

* * *

Bir necə kəlmə yer adları barədə.

Bir alim İstanbul sözünün mənşəyini tapıbmış kimi danışırdı, deyirdi ki, İstanbul, guya "stan" və "bul" sözlərinin birləşməsindən əmələ gəlib. Stan - yer, bul - tap deməkdir. Yəni yer+tap, qədim bir şəhərin adı Yertap ola bilməz. İstanbul Konstantinapol sözünün təhrif olunmuş, türk dilində eroziyaya uğramış, sadələşdirilmiş, türkcələşdirilmiş variantıdır. Bu ad göydən düşməyib. Bu şəhər Bizans imperiyasının paytaxtı Konstantinapol adlanırdı. Soltan Mehmət Fateh bu yeri tapmayıb, 1453-cü ildə qurbanlar bahasına fəth eləyib. Konstantinapol dönüb olub İstanbul.

Kürdəmir sözünün də bir vaxt "Kürə dəymir" kimi başa düşürdülər. Dilimizdə Kürdəmir, Kürdmaşı, Kürdəxanı yer adları da var. Bu sözlərin mənası elə adlarının üstündədir. Sözləri hecalara ayırıb, bir sözdən başqa sözlər yaratmaq olmaz. Kürdəmir elə Kürdəmirdir. "Kürə dəymir" uydurmadır. Bu cür yer adı olmaz ki!

Yenə tərcüməyə qayıdıram. ASE-də (Azərbaycan Sovet Ensiklopediyası - red.) işləyirdim. Coğrafiya şöbəsindən mənə çaylar haqqında məqalələr gəlirdi. Burda çayın adı, eni, uzunluğu, dərinliyi, gəmi üçün yararlığı və bir də axırda rusca "Lesasplav" sözü yazılardı. Mənim gözəl ensiklopediyadaşlarım bu son sözü "meşə axıdılır" tərcümə eləmişdilər. Meşə də axar?! Meşə bitən, ayaq üstə dayanan ağaclar toplusuna deyərlər. Bəs, çayda axıdılan nədir? Taxta-şalbandır (kəsilmiş ağacdır). Taxta-şalban biri-birinə dəmir qarmaqlarla bərkidilir, sal kimi çay boyu üzüaşağı axıdılır.

* * *

Və yenə həmin şöbədən mənə bir məqalə gəlmişdi, təəccüb elədim. Yolun çiyni! (Şosse yolunun çiyni var, guya.) Dedim, bu söz hardandır? Dedilər rus ensiklopediyasından. Bəlkə də orda "Pleço doroqi" sözü işləyir. Bizdə işləməz. Yolun köbəsi, zehi, qırağı, ortası olar, amma çiyni olmaz. Mən bu sözdən bir lətifə də düzəltmişdim. Bir gün işə gecikmişdim. Həmkarlar Komitəsinin sədri (elə coğrafıya şöbəsinin müdiri o idi) məndən soruşdu ki, niyə gecikmisən? Mən özümü itirmədim, dedim, işə gəlirdim, bir də gördüm asfalt yol qalxıb durub ayaq üstə. Dedim: Yat aşağı, keçim, gedim. Dedi: - Yatmaram. Dedim: - Adam-zadsan, bəgəm, niyə ayağa durmusan? Dedi: - Yolun çiyni varsa, onda mən adamam. Şöbə müdiri arif adam idi, eyhamı göydə tutdu, başa düşdü. Gecikməyimi mənə bağışladı.

Bir əhvalat da fikrimdən çıxmır. "Gənclik" nəşriyyatında, tərcümə şöbəsində işləyirdim. Bir gün nəşriyyatm direktoru mənim yanıma bir gənc qız göndərdi, dedi ki, bu qızın bacarığını yoxla. Böyük adamın qızıdır. Soruşdum: - hansı dili bilir. Dedi: Rus dilini. Gəldi. Dedim bir səhifəlik mətn verəcəyəm, tərcümə elə, baxaq! Dedi: - müəllim, çoxdur. Dedim: Yaxşı, onda yarım səhifəlik bir yazı verəcəyəm. Dedi: - Bu da çoxdur. Yadıma düşdü ki, böyük adamın qızıdır. Dedim, yaxşı, onda sənə tək bir söz verəcəyəm, 2 saat da vaxt. Hətta, istəyirsən lüğətlərə də bax! Dedi: - lüğətlər lazım deyil. Söz verdiyim sözü verdim. Neprislonyatsya! Dedim bu mürəkkəb sözü tərcümə elə!

Dedi: - Yaxşı. Kağız-qələm istədi, verdim, 2 saat keçdi. Durdu mənə yaxınlaşdı. Yazdığı vərəqi mənə verdi. Oxudum, məni ildırım vurdu. Dedim: - Qəşəng qız! Sən Axundov adına rus dili İnstitutunu bitirmisən, 5 il oxumusan. Bir sözü tərcümə eləməkdə çətinlik çəkirsən. Bir də oxudum tərcüməni. "Fil yanında durmamaqlıq!" Dedim: Bərəkallah, qızım! Bunu sənə kim öyrədib? Dedi: müəllimim. Deyib ki, rus dilindən cümləni və ya sözü Azərbaycan dilinə çevirəndə axırdakı sözü və ya hərfi əvvələ gətir. Mən də elə elədim. "Ne" ayrı çastitsadır. Qoy, hələ burda qalsın. Sonra gəlir slon - fil, sonra gəlir pri - yanında, sonra da gəlir "yatsya" - bu da inkar bildirən mamaq-məmək şəkilçisidir. Yuxarıdakı, "ne" — çastitsasını da sözə qoşanda oldu "fil yanında durmamaqlıq!"

* * *

Bu da bir əhvalat! Yenə həmin şöbədə işləyirdim. Gördüm, bir tərcüməçi yazıb ki, "durna su içmək üçün quyunun dibinə enib-qalxırdı". Söhbət rus kəndlərində su quyularının üstündə quraşdırılan mancanaqdan gedir. Bu mancanaq bir ayağı üstündə dayanmış durnaya oxşadığından ruslar buna "juravel" deyirlər, doğrudan da, durna deməkdir. Amma quyuya enib-qalxan durna deyil. Su qabıdır və zəncirdir.

Keçən yazımda dovşanı qoltuğuna vurub, qatarda gedən adamdan yazmışdım. Rus dilində "on poexal zayçom", o deməkdir ki, o, biletsiz sərnişindir. Yəni dovşan kimi qorxa-qorxa vaqonun bir küncündə gizlənib gedir. Bu söz - idiomadır. Bunu hərfi tərcümə eləmək olmaz. Gərək qarşılığını tapasan.

"Körpü" jurnalı

# 1339 dəfə oxunub

Oxşar xəbərlər

Üzvlükdən azad edilən, töhmət verilən Füzuli Hüseynov kimdir?

Üzvlükdən azad edilən, töhmət verilən Füzuli Hüseynov kimdir?

15:22 31 may 2025
Saleh Səmədov həbs edildi

Saleh Səmədov həbs edildi

15:00 31 may 2025
Qadağan olunmuş layihə: Bakıxanovun məktəb planı nəyə görə gizlədildi?

Qadağan olunmuş layihə: Bakıxanovun məktəb planı nəyə görə gizlədildi?

14:01 31 may 2025
Qəbri tapılmayan baş nazirimiz - Onu kim qətlə yetirmişdi?

Qəbri tapılmayan baş nazirimiz - Onu kim qətlə yetirmişdi?

11:00 31 may 2025
Təfəkkürün başqa kainatı - Murad Köhnəqala

Təfəkkürün başqa kainatı - Murad Köhnəqala

10:15 31 may 2025
İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

09:00 31 may 2025
#
#
# # #