Kulis.Az-ın "Ən yeni Azərbaycan kinosu" layihəsində son 20-25 ildə çəkilən, amma geniş tamaşaçı auditoriyasına tanış olmayan qısa və uzun metrajlı, bədii və sənədli filmlərimizi tanıdırıq.
Adı: “Meydan”
Çəkildiyi il: 1989
Xronometaj: 45 dəqiqə
Rejissor: Zaur Məhərrəmov
Operatorlar: Zaur Məhərrəmov, Nizami Abbas, Köçəri Məmmədov, Rəfael Salamzadə
İstehsalçı şirkət: "Yaddaş" Sənədli Filmlər Studiyası
Süjet: Film Azərbaycanın azadlığı və müstəqilliyi ilə bağlı Bakıda 1988-ci ilin noyabr-dekabr aylarında baş vermiş hadisələrdən bəhs edir.
Dosye: Zaur Məhərrəmov 1938-ci ildə Bakıda anadan olub. Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda kinooperator fakültəsində təhsil alıb və institutu əla qiymətlərlə bitirərək “Azərbaycanfilm” kinostudiyasında quruluşçu operator kimi işləyib. “Uşaqlığın son gecəsi”, “Dərviş Parisi partladır”, “Ad günü”, “Uzun ömrün akkordları” və başqa filmlərin quruluşçu operatoru olub.
“Köç”, “Bakı balkonları”, “Gəl-gəl bahar günləri”, ”Dünyanın naxışı söz”, “Almas İldırım”, “Mirzə Kazımbəy”, “Əzablı yollar” və s. filmlərin rejissorudur.
Z. Məhərrrəmov hazırda Türkiyənin Anadolu Universitetinin kino və TV bölməsində dərs deyir.
Rejissorla söhbəti təqdim edirik.
- Zaur müəllim, 20 ildir ki, Türkiyədə yaşayırsız. Bu 20 il sizə nə verdi və siz Türkiyənin kino təhsilinə nələri qazandırdız?
- Türkiyə inkişaf eləmiş ölkə olsa da, onun kino sahəsi qonşu İran kinematoqrafı ilə yarışmaq məcburiyyətindədir. Bu qənaətə gəlmişəm ki, kinematoqrafik xalqlar var. Sovetlər Birliyində bu rolu gürcülər daşıyırdı, Şərq ölkələri arasında isə İran kinosu orijinal yolla getməkdədir. Kino təhsilinə gəlincə ölkələrin çoxunda olduğu kimi Türkiyədə də, xüsusi olaraq, kino sahəsində təhsil verən müəssisə yoxdur. Sanballı universitetlərin çoxunun iletişim bilimləri fakültələri nəzdində Kino TV bölmələri mövcuddur. Fundamental kino məktəbi qurmaq üçün yaradıcı və maddi potensial lazımdır. Əslində bizim Azərbaycanda da durum fərqli deyil. Kino təhsili ilə məşğul olan tək bir İncəsənət Universitetimiz var, onun da təchizatı yetərli deyil. İndi yeni rəhbərlik gətirilib, bəlkə nəsə dəyişdi.
Türkiyədə “Sənədli kino estetikası”, “Kinoda təsviri tərtibat”, “Film, kamera, aydınlatma”, “Filmin quruluşu və istehsalı”, “Film təhlili və quruluşu”, “Kinoda yeni cərəyanlar” dərslərini deyirəm. Bu arada Anadolu türkcəsində iki kitab yazmışam; ”Sinematografi üzərinə düşüncələr”, “Belgesel estetiği”. Birinci kitabı Azərbaycan Mədəniyyət Nazirliyi də nəşr edir. Ümidvaram ki, nazirlik ikinci kitabı da çap edəcək. Bu başdan təşəkkürümü bildirirəm.
- Azərbaycandan hansı səbəbdən getdiniz? Kino sənətinin perspektivini görmədiyinizə görə?
- Azərbaycandan küsüb getməmişəm. Ölkədən 1995-ci ildə getdim. Həmin illər kino tənəzzül yaşayırdı. Əslində Amerikaya-Hollivuda getməyi planlaşdırırdım. Sonra elə oldu ki, Türkiyədə sənətimə çox dəyər verən bir iş adamı məni fikrimdən daşındırdı. Bir həftə içində Kayseri universiteti məni ştatına saldırdı, halbuki, universitetə işə düzəlmək üçün aylar, illər tələb olunurdu. Həm də düşündüm ki, ingilis dilində bilgilərim yetərsizdi, yaşım da çox uyğun deyil və Türkiyədə qaldım. İndi görürəm ki, ehtiyatlı addım atmışam.
- Arif Babayev, Rasim Ocaqov, Kamil Rüstəmbəyov, Tofiq Tağızadə ilə quruluşçu operator kimi işləmisiz. Hansı rejissorla əməkdaşlığınız daha orqanik alınırdı?
- Arif Babayevlə. Arif daha kinematoqrafik rejissor idi, romantik və yaradıcı bir adamdı. O, Azərbaycan kinosunda “Yeni dalğa”nın nümayəndəsi kimi dəyərləndirilə bilər. “Uşaqlığın son gecəsi” Arifin filmidir, amma mənim iştirakımla. Ona görə də filmi özümə daha yaxın hiss edirəm, elə “uşaqlığımın” filmi sayıram onu. Onda institutu yeni bitirib gəlmişdim, istədiyim yenilikləri bu filmdə gerçəkləşdirdim. Ümumiyyətlə, yaradıcılığımın başından bədii filmlərin yaradıcı həllində söz sahibi olmuşam. Çəkilişlərə Arifin və mənim dostlarım qatılıb. Amma “Ad günü” filmində quruluşcu operator olsam da, onu yaradıcılığımda uğur kimi görmürəm. Rasim Ocaqovun filmlərində, xüsusi ilə son filmlərində daim ssenarist basqısı mövcud idi, plastik həllin yerini sözlü ifadələr alırdı. Burada rejissor - ssenaristin stilini, dünyagörüşünü sözbəsöz icra edirdi. Əslində İbrahimbəyov qardaşları Azərbaycan kinosunu yanlış yola yönəldirdilər. Azərbaycan filmləri Rusiya filmlərini təqlid edirdi. Sadəcə, qəhrəmanların, məhəllələrin, küçələrin adı dəyişirdi. Bizim gənc rejissorlar da rus kinosunun təsirindən qopa bilmirlər. Qafqaz sıra dağları milli kinomuzu sanki güvənli bir şəkildə zvyagintsevlerin, larsvontrierlerin rüzgarlarından qoruyur. Ayrıca, rus sovet kinosu düşündüyümüz qədər də dünya kinosunda xüsusi yer tutmur.
- Siz dediniz ki, Arif Babayev “Yeni dalğa”nın nümayəndəsi idi. Bu cərəyana aid olan başqa hansı rejissorumuzun adını çəkə bilərsiz?
- Çox təəssüf ki, heç kimin. Ondan başqa elə bir kinematoqrafik rejissor yox idi, halbuki o, Ümumrusiya Dövlət Kinematoqrafiya Universiteti məzunu deyildi.
- “Uşaqlığın son gecəsi” filminin lap əvvəlində foto-kadrlar var. Mizan, atmosfer Kris Markerin, Alen Renenin filmlərini xatırlatdı. Ümumiyyətlə, daha çox hansı estetika sizə yaxındır?
- İndi o kadrları dəqiqliklə xatırlamıram. Sənədli kinoya könül verdiyimə görə bu mövzu ilə bağlı fikrimi sənədli kino baxımından söyləyəcəyəm. Burada seçimim eklektik quruluşadır. Çünki günümüzün kinosu janrların iç-içə keçməsiylə fərqlənir. Fəqət bunu da kinematoqrafik ifadələrlə qurmaq, janrların bir-birinə qovuşması ilə gerçəkləşdirmək lazımdır. Yetər ki, aradakı “tikişlər“ görünməsin. Hər hansı bir oyun o oyuna məxsus qanunlarla oynanmalıdır. Kino da oyunların ən intellektualıdır. Milli kino milli dəyərlərimizi tərənnüm etsə də formasıyla bəşəri olmalıdır.
Bəzən iş gününün sonuda universitet dəhlizləri boşalanda və binaya tənhalıq çökəndə bilgisayarımda əski “Arşın mal alan filmini” izləyirəm... Gözlərim nəmlənir. Burada tam azərbaycançılıqla bərabər bir Hollivud havası var; Rəşid Behbudov sanki - Robert Teylordur, Leyla Bədirbəyli- Viviyen Li. Niyə bu ip gırıldı, yerinə saxta beynəlmiləlçilik gəldi?
- Sizcə niyə?
- Bilmirəm. Bu möhtəşəm əsərin arxasında kim durub? Zənnimcə, bu şəxsiyyət Təhmasib deyil (Rza Təhmasib – “Arşın mal alan” 1945-ci il versiyasının rejissorlarından biri- S.S.), çünki yaradıcılığının davamında bu şücaəti onda görmədik. Leşşenkomu? (Nikolay Leşşenko- bu versiyanın ikinci rejissoru- S.S.). Onun sonrakı yaradıcılığı da kino cəmiyyətində dilə gətirilmədi. Burada Əlisəttar Atakişiyev fenomeninin təsiri ehtimalı böyükdür. O, rəsmən filmin quruluşçu operatoru olub, amma bundan başqa Atakişiyevin filmin quruluşuna, ümumi təsviri həllinə böyük təsiri olub. Eyni zamanda filmdə istifadə olunan kostyumların eskizlərinə tərtibat verib Atakişiyev. Atakişiyev çox şaxəli kino mütəxəssisi və əsl ziyalı olub. Bakıda ilk kəpənək qalstuk taxan o olub. Əfsuslar olsun ki, bu dəyərli ziyalı intriqalar qurbanı oldu və ömrünün sonunda da çox haqsızlıqlarla üz-üzə qaldı. Sonda qürbətdə vəfat etdi. Dünyasını dəyişmiş başqa bir rejissorumuzun sözüylə desəm, Azərbaycan kinosunda intriqantlar və istedadlı adamlar çalışıb. Təəssüf ki, birincilərin sayı daha çox idi.
“Arşın mal alan” bu parlaq əsərin arxasında kim var imiş? Hörmətli kino tədqiqatçıları üçün bu mövzunun dəyərli olduğunu düşünürəm.
- “Uşaqlığın son gecəsi” kult film sayılır. Bu filmin çəkilişlərindən ən çox yadınızda nə qalıb?
- Əski evlərin damları. Bu, mənim ideyam idi. Tofiq Mirzəyevi küçədə, kütlənin içində statistlər istifadə edilmədən və əl kamerası ilə çəkdiyim səhnə. Tam həyatın içindən alınmış bir səhnədir.
- Siz Azərbaycanda kino operatorluq sənətinə poetik dəsti xətti gətirən ilk adamsız. Sənədli filmlərinizdə, hətta “Meydan”da poetika hiss olunur. Poetika niyə bu qədər yaxındır sizə?
- Əslində sənədli film paradoks üzərində qurulur, bir yanda həyati hadisələri gerçək bir tərzdə əks etdirmək zərurəti, o biri tərəfdə quru gerçəkliyə aludə olmamaq ehtiyacı. Sənədli kinonun əsas hədəflərindən biri bilgi verməkdir. Jül Vernə məxsus bir deyim var, “Əyləndirərək bilgiləndir!” Bu fikir yaradıcılıqda mənim üçün bir yol xəritəsi olub. Sənədli filmlərimdə bayatılardan, orijinal musiqidən istifadə etmişəm. Bununla bərabər işıqlandırma, kompozisiya, kamera hərəkətləri, rəng balansı, montaj, effektlər, varsa-söz və sair kimi ünsürlər yerli yerində olmalıydı. Ümumiyyətlə, sənədli kino quruluşuna da bədii film qaydaları ilə yanaşmaq lazım.
- “Meydan” filminin çəkilişləri necə keçdi, hansı çətinliklərlə üzləşdiz?
- Bu mövzuyla bağlı çox danışmaq istəmirəm. Arxivimdə meydan hadisələrinə dair gündəliyim var. Qismət olsa, geniş şəkildə bunu yazacam. Sadəcə bir şeyi qeyd etmək istəyirəm. Sanıram hamımız Qahirədəki Ərəb baharı hərəkatını televizorda izləmişik. Oradakı Meydana dəvələr, atlar, baltalı, çomaqlı adamlar çıxdı. Ardından Ramzesler məmləkətində təcavüzlər meydana gəldi... Bu hərəkətlərin heç biri bizim meydanda olmadı. Çünki Bakı meydanı xalqdan biri, əyalət ziyalısı tərəfindən idarə edilirdi. Sovet ideologiyasından bəslənmiş ziyalılarımız ortada yoxuydu. Bir an təsəvvür edin ki, 17 gün, 17 gecə meydan öz başına qalaydı... Burada kimləri görmədim, nələri görmədim ki...
Bir gözəl şeyi də müşahidə etdim-xalqın həmrəyliyini. Bütün meydandakılar, oteldəkilər-Abşeron otelinin 17-ci mərtəbəsində bir geniş nömrədə yerləşmişdik, canla-başla bizə yardım etdilər. Təchizatımız çox mükəmməl, çəkiliş qrupu da professionallardan ibarət idi. Filmin 25 yaşı var, amma ekran üzü görməyib. Bunu dərk etməkdə çətinlik çəkirəm...
- Tələbələrinizdən razısızmı?
- Çox məmnunam, çalışma şərtlərim də çox rahatdır. Ən önəmlisi tələbələr imtahan sonunda hədiyyə təklif etmir və ya tapşırıqla qiymət almırlar...
- Yeni nə film çəkirsiz?
- Son filmin Məmməd Əmin Rəsulzadəyə həsr etdiyim “Əzablı yollar”dır. Bu film, mənim ən əzablı filmim oldu.. Film, Gülüstan müqaviləsindən başlamış 1995-ci ilə qədər dövrü əhatə edir. Filmin istehsalı isə 1990-1995-ci illəri əhatə edir. İki saatlıq filmdir. İstehsal boyu qarşılaşdığım macəralardan söz etsəm, bu, uzun zaman alar. Çəkilişlər Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyədə, Fransada, Almaniyada baş tutub.
Əsasən sponsor dəstəyindən yararlanmışıq. Bu əzablı yolun sonu da çox acınacaqlı olub. Filmin əsas neqativini son sponsor, azərbaycanlı bir “iş adamı” tərəfindən türk ortağına olan borcunun yerinə zəmanət kimi verib. Hazırda neqativin harada və nə vəziyyətdə olduğu haqqında məlumatım yoxdur. Əlimdə qalan sınaq surətindən min bir əzabla elektronik düzəltmələrdə köçürülən DVD versiyasıdır. Bu film də ekranlardan uzaq tutuldu. Bax, belə...