Kulis.az Aydan Hacının yazıçı Şərif Ağayarın "Rəng mühəndisi" adlı yeni romanının təqdimat və imza günündən reportajını təqdim edir.
Mayın sonuncu günü, yaz fəslinin özünü yay kimi apardığı bir vaxtda mən yenə çıxdım yola. Bu dəfə də ünvanım bəllidir. Yazıçı Şərif Ağayarın “Rəng mühəndisi” kitabının təqdimat mərasiminə gedirəm.
Elmlər metrostansiyasında boşluqdur. Bu da güman ki, həftə sonu ilə əlaqədardır. Ancaq təqdimat mərasiminin keçirildiyi Libraff mağazasına daxil olanda təəccüblənirəm. İçəridə böyük izdiham var.
Ətrafa göz gəzdirib, maraqlı nələrsə axtarmağa başlayıram. Həftəsonu olmağına baxmayaraq, baş redaktorum buradan reportaj hazırlamağı tapşırıb mənə. Ümid edirəm ki, maaşda bunu da nəzərə alacaq...
Hələ ki rastıma çıxan bir şey yoxdur. Bir kənara çəkilib müşahidə kameralarımı açıram.
Tədbirdə, tanınmış qələm adamları, yazıçı-şairlər və ictimaiyyət nümayəndələri gözümə sataşır: Mirmehdi Ağaoğlu, Vüqar Van, İlham Əziz, Cavanşir Yusifli, Etibar Əliyev...
Əlisəmid Kür, Baba Vəziroğlu...
Zahir Əzəmət Ulucay və Qismət Rüstəmovla nəsə haqqında həvəslə danışır. İstəyirəm Ulucaya yaxınlaşıb "Ümid edirəm ki, maaşda bu isti gündə, həftə sonunda reportaja gəlməyimi də nəzərə alacaqsınız, cənab baş redaktor!" - deyim, fors eləyim. Sonra fikrimdən daşınıram.
Aqil Abbasla İradə Tuncay qol-qola girib gəlirlər. Bütün yerlər dolub. Ayaqüstə dayanmağa da yer tapmaq olmur.
Tədbiri giriş sözü ilə müəllif Şərif Ağayar açır. “Rəng mühəndisi”nin ənənəvi deyil, fərqli tərzdə bir kitab olduğunu nəzərə çatdırır. Eyni zamanada kitabın özünü doğruldacağını və bəxti gətirən kitablardan olacağına ümid etdiyini bildirir. Yazıçı hər kəsə təşəkkür etdikdən sonra ilk sözü də elə Cavanşir Yusifliyə verir.
Cavanşir bəy də müəllifi yeni kitab münasibətilə təbrik edib, oxuculara xoş mütaliələr arzulayır.
Şərif Ağayar mikrofonu götürüb sözü kitabın redaktoru Hədiyyə Şəfaqətə vermək istəyirdi ki...
Bu dəm Aqil Abbas yaman əsəbiləşir. Şərif Ağayara yaxınlaşıb mikrofonu əlindən alır:
- A bala! Ay camaat! - üzünü adamlara tutur. Bir anlıq hamı susur. - Söhbət eləməyə gəlmisiniz bura?! Çıxış eləyənlərə qulaq asın da!
Görünür arxadakı səs-küy, tək bizi yox, elə Aqil Abbası da yaman yorur. Bir az da acıqlanandan sonra hirsi soyuyur, mikrofonu əlinə almışkən Şərif Ağayarın yaradıcılığını tərifləyir, yeni romanı, yaxınlaşan 50 illik yubileyi münasibətilə də təbrik edir.
Aqil Abbas yerinə keçəndən sonra arxadakı adamlar yenə yüksək səslə söhbət eləməyə başlayırlar. İstəyirəm bu dəfə də mən mikrofonu götürüb üstlərinə qışqırım.
Axı bir kitab təqdimatında susub çıxışçılara qulaq asmaq nə qədər çətin bir şey ola bilər ki?
Sakitlik bərqərar olmasa da, təqdimat kitabın redaktoru Hədiyyə Şəfaqətin, Ülvi Babasoyun, Samirə Əşrəfin və Simuzər Nüsrətbəylinin çıxışları ilə davam edir.
Rəsmi hissəni dinləyə-dinləyə ətrafda gözüm nələrisə, kimlərisə axtarırdı. Elə bu vədədə gördüm ki, Həmid Herisçi tədbirdən aralı, sakitcə divanda əyləşib ətrafa tamaşa edir. Deyəsən səs-küy Həmid bəyi də yaman yorub. Dinməz-söyləməz çəkilib bir kənara, rəsmi hissənin yekunlaşmasını gözləyir.
Sonda Şərif Ağayar çıxış edərək, romanın demokratiya eşqi ilə yazıldığını qeyd edir. Eyni zamanda müəllif deyəsən, fürsət bu fürsətdir deyib, özünü tərifləmək qərarına gəlir. Bildirir ki, bizim yazıçılar əsərlərində yaşanmış hər bir hadisəyə laqeyid yanaşırlar. Şərif Ağayar isə hər şeyi olduğu kimi çatdırmağın lazım olduğunu, yeri gəldikdə insanları incitmək, sarsıtmağın da vacib olduğunu qeyd edir.
Tədbirdə Ulucayla yan-yana dayanmışdım. Xanım oxuculardan biri yaxınlaşıb Ulucayla salamlaşdı:
- Salam, Akif bəy! Necəsiniz?
Ulucay heç nə olmamış kimi təbəssümlə salamı aldı. Deyəsən, adının Akif olmadığını vurğulamaqdan çox yorulub. Bu səfər düzəlişi yanımızda dayanan Vüqar Van eləyir:
- Ay xanım, adı Ulucaydı, Ulucay! Akif deyil! - gülə-gülə deyir.
Xanım pərt olmuş kimi təbəssümlə üzrxahlıq edir. Vüqar Ulucayla oxucunun arasını vurub aradan çıxır.
Tədbirin bu yerində Sərxan Rüstəmov mikrofonu əlinə alıb uca səslə dillənir:
- Arxada danışanlar var da! Gəlsinlər burda, mikrofonu götürüb danışsınlar, danışmaq istəyirlərsə! - əsəbini ironik cümləylə bildirir. Yenə də heç kim susmur.
Təqdimat başa çatır. Keçirik ənənəvi olaraq kitabın imzalanma mərasiminə. Sıranın isə ucu-bucağı görünmür. İnsanlar qarışqa kimi müəllifin üstünə axışır.
Dinləməyi bacarmadığımız kimi, sırada düzülməyi də bacarmırıq, amma təki "kitab təqdimatında sıraya düzülməyi bacarmayaq" deyə düşünüb özümə təsəlli verirəm.
Müəllif üstünə daraşmış adamların əlindən kitablarını alıb bir-bir imzalayır, nəsə deyir, gülümsəyir, şəkil çəkdirir.
İmza sırasının bitməsini bir xeyli gözləsəm də, bir müddət sonra ümidimi üzürəm. Həm də uzaqdan Şərif bəyin eynəyini alnına qaldırdığını görüb, yorğun və gərgin olduğunu hiss edirəm. Əsas odur ki, kitabı oxuyum, imzamızı isə başqa vaxt alarıq.
Adamları yara-yara çıxışa tərəf yollanıram. Birdən kimsə qolumdan tutub meni saxlayır:
- Gedirsən, Aydan? - Ulucay tərəddüdlə üzümə baxır. Sən niyə kefsizsən?
- Gedirəm, hə. Kefsiz deyiləm. Yuxusuzam bir az.
- Hə, olma kefsiz. Azərbaycanlılar elə bilir ki, kitab alıb yazıçıya dəstək olurlar. Təsəvvür eləyirsən? Dünyada yeganə xalqıq ki, kitabı yazıçıya dəstək olmaq üçün aldığımızı deyirik, düşünürük. - Ulucayın mənə bunu durduq yerə niyə dediyini başa düşmürəm, görünür, yenə nəyəsə əsəbiləşib. - Get, salamat. Reportajı hazırla amma mütləq!
- Yaxşı. - deyib gedirəm.
Arxamca səs gəlir:
- Narahat olma, maaşda nəzərə alacam!