Firəngiz Əlizadə: “Bizim varlıların mədəniyyəti hələ o səviyyədə deyil” – MÜSAHİBƏ

<span style="color:red;">Firəngiz Əlizadə:  “Bizim varlıların  mədəniyyəti  hələ o səviyyədə deyil” – <span style="color:red;">MÜSAHİBƏ
28 may 2019
# 16:20

Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xlaq artisti Firəngiz Əlizadənin doğum gündür. Kulis.az bu münasibətlə Firəngiz xanımı təbrik edir və onun bu ilin martında ONA-ya verdiyi müsahibəni təkrar təqdim edir.

- Firəngiz xanım, prezidentin mədəniyyət işçiləri ilə görüşündə televiziyalarda bədii şuraların bərpa edilməsini təklif etdiniz. Sizcə bədii şuralar hansı qaydalarla işləməlidir? Kimləri efirə buraxmaq olar, kimləri olmaz?

- Dəfələrlə demişəm, yenə təkrar etmək istəyirəm ki, bizim məqsədimiz qadağa qoymaq deyil, qadağalardan danışmırıq. Kim istəyir, mahnı yazsın, kim istəyir ifaçılıqla məşğul olsun, amma toyxana ifaçıları kanalları zəbt etməsin. Heç onların mədəniyyətindən, səviyyəsindən, zövqündən də söhbət getmir. Vəziyyət o həddə çatıb ki, kim toyda nə qədər pul qazanır, onu belə efirdə müzakirə edir. Televiziya kanalına milyonlarla azərbaycanlı, dünya azərbaycanlıları baxır, sən də toyda kim cibinə nə qədər pul qoyub, onu müzakirə edirsən. Biabırçılıqdır. Siz gedib toyda pul qazanırsınız, özünüz bilərsiniz, amma bu məsələləri televiziya kanallarında müzakirə etməyin. Bu, sizin daxili işinizdir. Bunu danışmaqda məqsədiniz nədir?

- Deyirsiniz, müğənnilərin toyda nə qədər qazanc əldə etməsi gizli saxlanılmalıdır?

- Gizli saxlanılmaqdan söhbət getmir, bu cür məsələlər efirə çıxarılmamalıdır. Biz bu problemlərə görə bədii şuraları bərpa edirik. Orada birinci növbədə diplomlu bəstəkarlar oturmalıdır. Həmişə bədii şuralara Səid Rüstəmov, Tofiq Quliyev, Vasif Adıgözəlov kimi bəstəkarlar başçılıq ediblər. İndi küçədən keçən də deyir ki, mən bəstəkaram. Qoy həmin toy müğənnilərinə 20 faiz həcmində efir ayrılsın, amma 80 faiz bizim klassik musiqimiz verilsin. Mən çıxışımda da dedim ki, heç bir Şərq ölkəsində Azərbaycandakı kimi bəstəkarlıq məktəbi yaranmayıb. Səudiyyə Ərəbistanının milyardları var, amma buna rəğmən, bəstəkarlıq məktəbləri yoxdur. Elə başqa ərəb ölkələrində də eyni mənzərədir.

- Siz deyirisiniz ki, toy müğənniləri efirə çıxmasın?

- Müğənni təkcə toyda oxuyursa, bəli, efirə çıxmamalıdır. Amma xalq artisti, əməkdar artistdirsə, onu biz konsert salonlarında görürüksə, o zaman efirə çıxmalıdır.

- Toy müğənnilərini göstərən verilişlərin reytinqi yüksək olur. Doğrusu, xalq da onları qəbul edir.

- Xalq qəbul edirsə, toylarda qulaq assın, ciblərinə pul bassın. O müğənnilər televiziya kanallarında meydan sulamamalıdırlar. Bu yaxınlarda efirdə bir aşığın çıxışını gördüm, heyran oldum.

- Adı nə idi?

- Təəssüf ki, mən o kanala çevirəndə artıq adı deyilmişdi. Bizim gözəl muğam ifaçılarımız da var, estrada ifaçılarımız da var, aşıqlarımız da var. Sizi əmin edirəm ki, onlar bütün efiri təmin edə bilərlər. Amma bəzi-bəzi zövqsüz geyinmiş, boş-boş söhbətlər danışan müğənnilər də var ki, onlara baxanda adamın əti tökülür. Yəni budurmu Azərbaycan xalqının musiqisi, budurmu Azərbaycan xalqını mədəniyyəti?

- Hələ sovet dövründə Ağadadaş Ağayev, Baloğlan Əşrəfov və başqa bu kimi müğənnilərə efir qadağası var idi. Onların əsərləri kasetlərlə yayılırdı, illər keçəndən sonra isə məlum oldu ki, xalq onları sevirmiş. Bu qadağalar yenidən eyni tendensiyaya gətirib çıxarmazmı?

- Mən yenə deyirəm, qadağadan danışmıram. Tənzimləmə olmalıdır, bu mahnılara 20 faiz, amma klassik musiqiyə 80 faiz yer verilsin.

- Son illərdə klassik musiqiyə maraq niyə azalıb?

- Ona görə ki, səviyyə yoxdur, istək yoxdur, savad yoxdur. İnsanlar savadlı, mədəniyyətli olmalıdırlar. Şükür olsun ki, Azərbaycanda hələ müsəlmançılıqdan, İslamdan gələn gözəl ənənələr yaşayır. Bəzi ölkələrdə o da yoxdur. Heç olmasa, böyüyə hörmət var, qadınlarımız abırlı-həyalıdır. Amma bizdə bu toy məsələsi artıq ciddi hal alıb. Buna bir müqavimət göstərmək lazımdır. O gün baxıram, aparıcı küçədə soruşur ki, “Qara Qarayev kimdir?” Cavan oğlan deyir, metrosundan indi bu saat çıxdım. Mən belə şeyləri eşidəndə tüklərim biz-biz olur.

- Siz dünyanın bir çox ölkələrində səfərlərdə olmusunuz, Türkiyədə, Almaniyada yaşamısınız. Gözəl bilirsiniz ki, klassik musiqiyə maraq heç yerdə əvvəlki kimi deyil...

- Bəli, doğrudur. Bu proses bütün dünyada gedir. Amma heç yerdə də toyxana adəti bu qədər geniş yayılmayıb. Hətta bizim qardaş Türkiyədə belə toy adəti bu cür deyil. Bizdə toy bir partlayışdır, qlobal hadisədir, artıq həyatımızın ən yüksək zirvəsinə çevrilib. Olsun, çox gözəl, amma onu da zövqlə eləmək lazımdır. Bilirsiniz, bizim toylarda israfçılıq çoxdur.

- Siz toylara getmirsiniz?

- Xeyr, getmirəm. Mənim toyda başım ağrıyır.

- Firəngiz xanım, görüşdə gənc bəstəkarların şəraitinin yaxşılaşdırılması ilə bağlı da çıxış etdiniz...

- Mənim qəbuluma gələn gənc bəstəkarlar tez-tez ev problemindən şikayətlənirlər, çoxu kirayə mənzillərdə yaşayır, maaşları elə kirayə pulu ödəməyə gedir. Bəstəkarlar İttifaqının yaşayış binası 1962-ci ildə tikilib, ondan sonra da daha bizə bina verilməyib. Guya yeni bina tikmək üçün torpaq sahəsi ayrılıbmış, amma o yerdən bir xəbər yoxdur. Mənim fəaliyyətim dövründən əvvəl o torpaq sahəsini nə ediblər, bilmirəm. Mənim vaxtımda ittifaqın balansında belə torpaq sahəsi olmayıb. Bizim bəstəkarların ən başlıca problemləri ev problemidir. Özü də Yazıçılar Birliyinin və ya Rəssamlar İttifaqının 1500-1800 üzvü varsa, bizim cəmi 200 nəfər üzvümüz var, yəni bizim problemimizi həll etmək daha asandır.

- Yəqin iki yüz nəfərin hamısının ev problemi yoxdur...

- Xeyr. Dövlətimiz sağ olsun, bizim bir çox məşhur bəstəkarlarımız vaxtilə evlə təmin olunublar.

- Hazırda təxminən neçə nəfərə ev lazımdır?

- Nə qədər çox ev versələr, o qədər yaxşıdır. Mən orda da səsləndirdim, bizim 86 yaşlı bəstəkarımız Yaşar İmanovun evi yoxdur. Nazim Quliyev adlı bəstəkarımız evsizdir, vəziyyəti çox pisdir. Yeddi nəfər pəncərəsi olmayan otaqda yaşayır, özünün də ürək problemi var. Bunları evlə təmin etmək lazımdır.

- 12 ildir ittifaqa rəhbərlik edirsiniz. Bu 12 ildə ittifaqda hansı yenilikləri etmisiniz?

- Sadalasam, uzun çəkər. Bizim “Musiqi dünyası” adlı jurnalımız var, hər kvartalda orda hesabat xarakterli yazılarımız çıxır. İttifaqda hər ay beş-altı tədbirimiz keçirilir. Bütün janrları əhatə edən on bir bölməmiz var. Əsər yazılandan sonra bizə təqdim olunur, müvafiq bölmənin bəstəkarları, musiqişünasları yığışıb əsəri dinləyir, dəyərli əsərdirsə, biz Mədəniyyət Nazirliyinə məlumat veririk ki, belə gözəl əsər yazılıb, xahiş edirik, müvafiq alqı-satqı işini həyata keçirin. Təəssüf ki, Mədəniyyət Nazirliyi bu əsərləri almır.

- Dövlət bəstəkarların əsərlərini almalıdır, amma almır?

- Təbii. Mən bunu görüşdə də dedim ki, Mədəniyyət Nazirliyi artıq beş-altı ildir bəstəkarların əsərlərini almır. Bundan başqa, Mədəniyyət Nazirliyi musiqiçilərə sifarişlər verməlidir, amma vermir. Baxın, Nəsimi ili elan olunub, bununla əlaqədar Mədəniyyət Nazirliyi özü seçim etməli, bəstəkarlara əsərlər sifariş verməlidir. Mənim özümün Nəsiminin qəzəllərinə həsr olunmuş dörd əsərim var, hamısı da xaricdən sifariş olunub, orda da ifa olunub və alınıb da. Mənim burda əsərimin alınmasına heç bir ehtiyacım yoxdur. Mən bəstəkarlarımızın adından danışıram.

- Bəstəkarlara təkcə dövlət və ya Mədəniyyət Nazirliyi sifariş verməlidir, yoxsa başqa qurumlar və ya şəxslər də sifariş verə bilərlər?

- Bizim varlı insanların mədəniyyəti təəssüf ki, hələ o səviyyədə deyil ki, bəstəkarlara klassik əsərlər sifariş versinlər. Başqa xalqlar bunu edir, təəssüf ki, bizim varlılar eləmirlər. Sən varlısan, bu qədər pul əldə etmisənsə, borcun xalqının istedadlı adamlarına kömək etməkdir. Axı gənc istedadların buna ehtiyacı olur, onların ev, təhsil problemi var. Hacı Zeynalabdin Tağıyev, görürsünüz, nə qədər insanı oxumaq üçün xaricə göndərirdi? Təəssüf ki, indi o cür messnatlarımız yoxdur. Bizim oliqarxlarımız isə gedib Avraam Russoya ev alırlar. Avraam Russo kimdir ki, siz ona malikanə alırsınız?

- Nəsiminin qəzəlini oxuyan müğənniyə də kimsə maşın hədiyyə eləmişdi...

- Olsun, mən bir söz demirəm. Bu zövq məsələsidir, amma sonra o müğənni də dedi ki, maşını özüm almışam. Onu eşitmədiniz? Belə olacaqdısa, maşına bant taxıb studiyaya niyə gətirmişdin? Bu nə biabırçılıqdır? Deyir, bir az pulum çatmırdı, onu ödədilər. Allah-Allah, gör bizim müğənnilər nə işlə məşğuldurlar. Bunlar gənclərə nə ibrət verəcəklər?

- Firəngiz xanım, ittifaqa üzvlüyün şərtləri necədir?

- Çox çətin şərtlərimiz var. Birincisi, ya bəstəkarlıq, ya da musiqişünaslıq diplomu olmalıdır. Buna uymayan insanları biz qəbul etmirik. Mən demirəm ki, həmişə belə olacaq. Nə 8-ci qurultayda, nə də 9-cu qurultayda bu məsələni qaldırıb müzakirə edən oldu, buna görə də şərtlər əvvəlki qaydada qaldı.

- Qurultay demişkən, növbəti qurultay nə vaxt keçiriləcək?

- Əslində qurultay ötən il olmalı idi, Prezident seçkiləri keçirildi, mən də Prezidentin vəkili olduğum üçün qurultayı təxirə saldım. Bu il Şəki festivalını təşkil edək, bundan sonra, hardasa sentyabr-oktyabr aylarında növbəti qurultayı keçirməyi planlaşdırırıq.

- Yenidən ittifaqın sədrliyinə namizədliyinizi irəli sürməyi düşünürsünüz?

- Açığı, mənim 12 il bu vəzifədə oturmaq niyyətim yox idi, ona görə qurultayın ötən il keçirilməsini istəyirdim. Mən istəmirəm, amma həmkarlarım desələr ki, biz istəyirik yenidən sədr olasan, o başqa məsələ.

- Gənc vaxtınızdan katib olmusunuz. Bildiyim qədəri ilə o vaxt qurultayda sərt çıxışınız olub, Niyazini tənqid etmisiniz. Niyə tənqid etmişdiniz?

- Niyazi bizim əsərlərimizi Filarmoniyada ifa etməyə yasaq qoymuşdu. Onun Qara Qarayevlə münasibəti soyuq idi, biz də bunun əzabını çəkirdik. Mən də adını çəkmədən ümumi tənqid edərək bildirdim ki, Qara Qarayevin tələbələrinin əsərlərinin Filarmoniyada səsləndirilməsinə icazə verilmir. Hamı başa düşdü ki, Niyazini nəzərdə tuturam.

- Bu çıxışdan sonra sizi katib seçdilər?

- Bəlkə o çıxışın da təsiri olub, amma hələ tələbə vaxtımdan çox yaxşı oxumağımla yanaşı, ictimai işlərdə də fərqlənirdim. Mən Azərbaycanda yeganə tələbə idim ki, eyni vaxtda iki fakültədə oxuyurdum. Bütün bunların mənim katib seçilməyimdə köməyi olmuşdu.

- Hazırkı gənc bəstəkarlar arasında sizi o cür tənqid edənlər var?

- Bilmirəm, mənim özümə hər zaman təşəkkür edirlər. Bəziləri minnətdarlıq məktubları yazırlar, hamısı da məndə durur. Bizim çox gözəl münasibətlərimiz var.

- Yəni sizin qurumda gənclər etiraz etmir? Yazıçılar Birliyində gənc üzvlər müxtəlif şikayətlərlə çıxış edir, Anar müəllimə etirazlarını bildirirlər.

- Bizim qurumu başqa qurumlarla müqayisə etməyin. Mənim Anara çox böyük hörmətim var. Onlar sevinsinlər ki, Yazıçılar Birliyinin Anar kimi rəhbəri var.

- Firəngiz xanım, yenidən prezidentin mədəniyyət işçiləri ilə görüşünə qayıtmaq istəyirəm. Orda səsləndirilən fikirlər barədə dərhal tapşırıqlar verildi, bəstəkar Yaşar İamova ev verilməsi, Qvarneri skripkasının alınması... O tapşırıqlar artıq yerinə yetirilirmi?

- Bilirsinizmi, hər ölkənin özünün prestijli sahələri var. İtaliyada La-Skala, Rusiyada Bolşoy Teatr, Almaniyada Ştatsoperdir. Bunlar dövlət tərəfindən dəstəklənməlidir. Bizim də bəstəkarlıq məktəbimiz prestij məsələmizdir və daim ən yüksək səviyyədə dövlət tərəfindən dəstəklənməlidir. Prezidentimiz də görüşdə təkliflərimizə ciddi reaksiya verdi, dedi ki, hər bir arzumuz yerinə yetiriləcək. Amma hələ ki, heç nə həyata keçirilməyib. Yenə də çox böyük ümidlə gözləyirik. Mən istəyərdim ki, məmurlarımız cənab Prezidentimizdən ibrət götürsünlər: hamıya qulaq asdı, heç kəsin sözünü kəsmədi, səbirlə, təmkinlə dinlədi. Görüş bitdikdən sonra da hamımıza müsbət cavab verdi. Mən istərdim, məmurlarımız da prezidentimizdən örnək götürüb məsələlərə bu cür reaksiya versinlər.

# 5920 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #