Şakir Zəngəzurlu: “XXI əsrin ən böyük filosofu mənəm və dördqat Nobelə iddialıyam”-FOTOLAR

Şakir Zəngəzurlu: “XXI əsrin ən böyük filosofu mənəm və dördqat Nobelə iddialıyam”-FOTOLAR
11 dekabr 2013
# 12:28

“Salam Cəlil müəllim. Sizin nömrənizi Yazıçılar Birliyində Sayman müəllimdən (yazıçı S.Aruzdan söhbət gedir-C.C.) almışam. Mən araşdırmaçıyam. 15 ildir elmi tədqiqatla məşğulam. 20-yə yaxın çap olunmamış kitabım var və sizinlə hökmən görüşməliyəm”.

Bu sözləri telefonda mənə deyən naməlum araşdırmaçı elə israr elədi ki, görüşmək təklifini geri çevirə bilmədim. Necə gəlmək lazım olduğunu izah etdim.

Təxminən bir saatdan sonra iş yerimin qarşısında yaşlı bir adam yaxınlaşıb sevincək, gülə-gülə əl uzatdı:

“Salam, Cəlil müəllim. Sizə zəng edən araşdırmaçı mənəm”.

Nəzakətlə salamlaşdıq və ayaqüstü söhbətə başladıq. Naməlum araşdırmaçı cəmi 10 dəqiqəlik söhbətimizdə elmi tədqiqatlarla məşğul olduğunu, nəsillikcə sufi olduqlarını, islamın tədrisi ilə bağlı yeni elmi metodlar işləyib hazırladığını, Nobel mükafatına iddialı olduğunu, şahmatı təkmilləşdirərək “Şahənşah” adlı oyun kəşf etdiyini və şeirlər yazdığını bildirdi. Qırımından başa düşdüm ki, müsahibə vermək istəyir. İşimin çoxluğuna görə, bir neçə gün sonra görüşə biləcəyimizi bildirib, sağollaşdım. Naməlum araşdırmaçı nəhayət ki, ayrılanda özünü təqdim etdi:

“Sufi nəzəriyyəçisi Şakir Zəngəzurlu. Yevlaxda yaşayıram”.

Nəhayət bir neçə gündən sonra müsahibə üçün görüşdük. Ümid edirəm ki, vaxt itirib bu qarmaqarışıq və absurd söhbətləri oxuduğunuz üçün əsəbiləşməyəcəksiniz...

“Dördqat Nobelə iddialıyam...”

- Ağsaqqal, zəhmət olmasa özünüzü təqdim edin ki, oxucularımız da sizi ətraflı tanısın...

- Şakir Zəngəzurlu. Şair, sufi nəzəriyyəçisi, araşdırmaçıyam. Ermənistan SSRİ-nin Meqri rayonun Nüvədi kəndi vardı, orda doğulmuşam. Bizə sufilər nəsli deyirdilər. Nəsillikcə sufi olsaq da, sufizmin nə olduğunu əvvəllər anlamırdım. Tədqiqat işlərinə başlayandan sonra anladım ki, bu çox dərin məsələdir.

- Tədqiqatlara nə zaman başladınız?

- 44 yaş yarımımda tədqiqata başladım. 15 ildən artıqdır ki, bu tədqiqatla məşğulam. Əvvəllər hər hansı bir araşdırmayla hobbi kimi məşğul olurdum. Sonralar gördüm ki, bu, elmi məsələdir və məlum oldu ki, mən bu işdən geri çəkilə bilməyəcəm. Deyir ki, (kimin dediyini sonra biləcəksiniz-C.C.) “Köksümüzün altında bir tanrı vardır. O tanrı vicdandır.” Həmin o tanrı, o vicdan məni məcbur etdi ki, bəşəriyyətin işıqlı gələcəyi üçün araşdırmalarımı davam etdirim. Məmməd Aslanın “Ərzurumun gədiyinə varanda” kitabında bir şeir var:

Ərzurumun gədiyinə varanda,

Onda gördüm bürəm-bürəm qar gəlir.

Lələ dedi, gəl bu yoldan qayıdaq,

Dedim Lələ, qeyrətimə ar gəlir.

- Sufi müəllim, bu şeir parçası “Əsli və Kərəm” dastanından deyilmi?

- Bəli, bəli. O dastanda da bu şeir var. Mən də Kərəm kimi bu yoldan dönməyi özümə ar bildim.

- Bəs bu 15 illik tədqiqatın sonucu, nəticəsi necə oldu? Nə tapdınız, nəyi kəşf etdiniz?

- 15 ildə çox böyük kəşflər etdim. Minimum dördqat Nobel mükafatı iddiaçısıyam, plyus xırda-xırda mükafatlara da iddiam var. Çünki saysız-hesabsız xırda kəşflərim var və onları da balaca kəşf hesab etmirəm. Bütün kəşflərim çox böyük kəşflərdir əslində.

Nobelə layiq “nəzəriyyələr”

- Hansı kəşflərinizə görə sizə Nobel verilməlidir?

- Mənim kəşflərimin ardıcıllığı belədir:

Birincisi; Nəriman Nərimanov deyir ki, müəyyən bir dövr gələcəkdir ki, “Nə üçün müsəlman ölkələri niyə tənəzzüldədir?” sualının arayıb-axtaracaqlar. Sonra deyir ki, əcəba müsəlman ölkələrinin tənəzzüldə olmasının sirri nədir? Din axı insanın xeyrini nəzərdə tutur. Gərəkdir ki, biz bu işə ehtiyatla yanaşaq. Nərimanov dahidir. Şərqin Leninidir. Qəbri Kremldədir. İndi də onu yüksək qiymətləndirirlər.

Mən əvvəlcə dialektikanı bilmirdim. Nərimanovdan, Həzrəti Əlidən, Bəxtiyar Vahabzadədən öyrəndim. Qurandan öyrəndim dialektikanı. Daha sonra Aristoteldən, Hegeldən, Kantdan, böyük sufi nəzəriyyəçisi Qəzzalidən öyrəndim. Saysız-hesabsız dünya filosoflarından öyrəndim. Mən müsəlman ölkələrinin nə üçün tənəzzüldə olmasının səbəbini tapmışam.

İkincisi; Bəşəriyyət sürətlə məhvə doğru gedir. Amerika, İngiltərə, Almaniya alimləri qlobal istiləşmənin səbəbini günəşdəki partlayışlarda və “planetlərin paradı”nda axtarırlar. Mən bunları inkar edirəm. Deyirəm ki, bu belə deyil. Dünyanın sürətlə məhvə getməsinin səbəbi insan şüurunun sürətlə inkişaf etməyindədir. Aristotel deyir ki, hər şeyin orta həddi yaxşıdır. Və əlavə edir ki, orta həddi bəyənin və ordan kənara çıxmayın. Kolumb və Ameriqo Vespuççi Amerikanı kəşf edəndən sonra bu məhv sürətlənib. Almanlar qlobusu kəşf edəndən sonra bəşəriyyət inkişafa başladı. Kapitalizm və imperializm bəşəriyyəti məhvə aparır. Mən bəşəriyyətə bunun qarşısını almaq yollarını göstərə biləcəyəm.

Üçüncüsü; Koreyalıların, çinlilərin, vyetnamlıların gözləri qıyıqdır. Dünya alimləri bu qıyıqlığı təbii şəraitlə izah edir. Mən isə isbat edirəm ki, alimlər səhv edir. Mən bu qıyıqlığı heroqliflərlə izah edirəm. Bu xalqların heroqliflərində vertikal və horizontal xətlər var. Horizontal xətlər çox sıx olduğu üçün, onlar gözlərini qıyıb baxırlar. Bu heroqliflərin 4000 il yaşı var. Onlar başqa əlifbaya keçməklə gözlərinin qıyıqlığı keçib gedəcək. Mən bunu Hegel və Kant fəlsəfəsi ilə izah edirəm. Həzrəti Əlinin fəlsəfəsi də burda mənim dadıma çatır.

Dördüncüsü; Hegel deyir ki, inkişaf mistik mütləq ideyada, sirli bir başlanğıcda baş verir. Mən buna fəlsəfi izah verdim. Rezerfordun atomun planetar modelini psixologiyaya tətbiq etdim. Psixologiyaya bütün elementləri yerbəyer elədim. Bu modellə bütün hadisələri izah etmək mümkün deyil. Mən bunu qurmaqla dahilərin şüur səviyyəsini müəyyən edə bilirəm.

Şahmatın kamil variantı : Şahənşah

- Əvvəlki söhbətinizdə qeyd etdiniz ki, Şahənşah adlı bir oyun da kəşf etmisiniz. Mümkünsə bu oyun haqqında danışaq...

- Bir gün gecə saat birdə televizora baxırdım. Qəfildən Amerikada baş vermiş bir hadisə yadıma düşdü və bu kəşfə təkan oldu. Deməli qızla oğlan bir-birini sevir. Qız oğlana deyir ki, dünyada məşhur olmasan səninlə evlənməyəcəyəm. Oğlan çox fikirləşir ki, dünyada məşhur olmaq üçün nə etsin?

Qəzetdən oxuyur ki, prezident onların şəhərinə gələcək. Gedir bir tapança alır və yollanır prezidentin görüş keçirəcəyi yerə. Görüş başlayan kimi havaya üç-dörd güllə atır və onu polis tutur. Bundan sonra oğlan qıza müraciət edir ki, artıq mən məşhur adamam.

Birdən məşhur olmaq istədim. Sonra şahmat ağlıma gəldi. Düşündüm ki, niyə şahmatda şahı mərkəzə gətirmək mümkün deyil? Şahmatı yaxşı bilməsəm də qoydum qabağıma və başladım fikirləşməyə. Gördüm mümkün deyil, lövhəni 9*9 şəklində böldüm. Həzrəti Əli deyir ki, yəqin etmək iki ürəklilikdir. Bunu sonra sizə izah edərəm. Bunun düsturu da var.

Şahı mərkəzə gətirəndən sonra gördüm ki, şahın bir yanı boşaldı. Nağıl kitablarından oxumuşdum ki, şahın vəziri və vəkili olur. Ona görə də boş xanəyə qoyduğum fiquru da vəkil adlandırdım. Balansı düzəltmək üçün “xod” fikirləşdim. Vəkilə vəzirdən zəif, digər fiqurlardan güclü “xod” tapdım. Filin və şahın gedişlərini vəkilə tətbiq etdim. Hər gün onun üzərində işlədim və onu xeyli təkmilləşdirdim. Yarızarafat deyirəm ki, şahmatı yaradan adam səhvə yol verib. Şahmat dövlət strukturuna uyğun olduğu üçün, vəzir varsa, vəkil də olmalıdır. Bəziləri deyir ki, vəkil varsa cəllad da olmalıdır. Mən isə deyirəm ki, istənilən piyada cəllad ola bilər. Dövlət qanunlar əsasında işləməlidir. Mənim şahənşahım idealdır. Bu oyunu Şahmat Federasiyasına təqdim edəndə Faiq Həsənov mənə dedi ki, Fişer də şahmatda dəyişiklik edib fiqurların yerini dəyişmişdi.

Nəzəriyyəçi olduğum üçün dərhal sual verdim, populyarlıq qazandımı? Dedi ki, yox.

Dedim heç populyarlaşa bilməz. Xətib Təbriziyə görə kamil forma məzmun gözəlliyidir. Fişer şahmatın gözəlliyini itirdiyi üçün populyarlaşmırdı. Faiq Həsənov məni göndərdi “Olimpiya dünyası” qəzetinə. Bir ay ərzində bu kəşfim çap olundu. Sonra Yevlax televiziyasında “Şahmat yoxsa, yeni oyun şahənşah?” adlı veriliş təşkil etdilər. Bu kəşfim çox geniş müzakirə olundu. Hesab edirəm ki, şahmatla bərabər şahənşahda tədris olunmalıdır.

Bu oyun çox ləzzətlidir. Şahı qızıl xanəyə qoyanda insan böyük zövq alır. Dostoyevski deyir ki, dünyanı gözəllik xilas edəcək. Gözəllik simmetriyadadır, şahənşah simmetriyası ilə şahmatdan üstündür. Şah hər iki tərəfdə qara xanadadır. Ona görə şah qızıl xanaya gedə bilir.

Dahi, yoxsa dəli?

Şakir müəllim onu da dedi ki, oxuduğu məqalələrdən 20-yə yaxın qalın dəftərlər hazırlayıb və yazıları oxuduqdan sonra bəyəndiklərini kəsib dəftərə yapışdırır.

Söhbətin gedişində Şakir Zəngəzurlu şikayətləndi ki, hansı qəzetə getsə, onu dəli hesab edirlər: “Məni başa düşmədikləri üçün, televiziyaya, qəzetlərə buraxmırlar. Dəfələrlə eşitmişəm ki, mənim haqqımda danışanda deyirlər ki, o dəlidir. ”.

Sonda Şakir Zəngəzurlu bəyan etdi ki, özünü XXI əsrin ən böyük filosofu hesab edir və mətbuatda bunun yazılmasını arzulayır.

Hər halda, qoy əlahəzrət oxucu özü qiymət versin. Sizcə Şakir Zəngəzurlu dahidir, yoxsa?...

# 4117 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #