"Oğul da görəydim gərək yuxuda" - Sevgi məktublarını xanımından gizlədən Xalq şairi

"Oğul da görəydim gərək yuxuda" - Sevgi məktublarını xanımından gizlədən Xalq şairi
1 dekabr 2025
# 10:20

Bu gün Xalq şairi Məmməd Arazın anım günüdür.

Kulis.az onun haqqında materialı təqdim edir.

Pedaqoji təhsil almış, müəllimlik fəaliyyəti ilə bir neçə yerdə çalışmışdı. Gənclik illərində İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbi dərnəyə gedib-gəlməsi onun ədəbiyyata qədəm qoymasının ilk mərhələsi oldu. Elə o vaxtlardan da yazıçı kimi diqqət çəkdi.

Tanınmış yazıçı-publisist İradə Tuncay anasının ağır xasiyyətə malik olduğunu deyir. Evdə sərt qaydalar hökm sürürmüş:

“Həmişə deyirəm ki, mən demək olar, həbsxana rejimində yaşamışam. Evdən ancaq dərsə gedib gələ bilərdim. Başqa heç yerə icazə yox idi”.

Məmməd Arazın yazı üçün ayrıca otağı olmayıb. Ailə dəfələrlə ev dəyişsə də, o, hər şəraitdə yazmağa imkan tapıb. Qardaşı APİ-də oxuyurdu. Şair universitetə gedib-gələrkən gələcək həyat yoldaşını görür, ona könül verir. Onları Kələntər Kələntərli tanış edir. İlk görüşdə bulvarda gəzərkən qadının onun şeirlərini əzbər söyləməsi Məmməd Arazı daha da heyrətləndirir. Beləcə, bu tanışlıq bir sevgiyə, sonra da ailəyə çevrilir.

Ailənin iki qızı dünyaya gəlib. Qızlar arasında doğulan üç uşaq isə vəfat edib. Şair oğul həsrəti çəkirmiş, bunu şeirlərində də gizlətmirmiş:

“Qızlarım taleyin ulduz töhfəsi, oğul da görəydim gərək yuxuda”.

Oxuculardan saysız məktublar gəlirdi, onların arasında sevgi məktubları da az deyildi. Lakin şair həyat yoldaşının inciməməsi üçün həmin məktubları gizlədirmiş. Xanımı illər sonra bunu belə xatırlayır:

“Daha sonra bildim ki, ona sevgi dolu məktublar çox yazılırmış. Amma Məmməd məndən gizlədibmiş. Deyirdi, ürəyində xal düşməsin deyə onları əlyazmaların arasına qoymuşam”.

“Ədəbiyyat qəzeti”nin baş redaktor müavini olduğu vaxt qəzetin bir nömrəsi tamamilə Nəriman Nərimanovun 100 illiyinə həsr edilir. Xatirələr, yazılar və heykəlin açılmamış şəkli geniş yer alır. Lakin bu, ciddi narazılıq doğurur. Yazıçılar İttifaqında müzakirələr aparılır, onu “xalq düşməninə yer verməkdə” günahlandırırlar. Məmməd Araz həmin vaxt ezamiyyətdə olduğuna görə, toplantıda iştirak etmir. Nəticədə, onun işdən çıxarılması barədə qərar qəbul olunur. Hamı səs verir, yalnız Sabir Əhmədov etiraz edir:

“Adam burda deyil, özünü müdafiə edə bilmir. Siz isə onu işdən çıxarırsınız”.

Hətta partiyadan xaric olunması barədə də söhbətlər dolaşır, amma məsələ sonda söz-söhbət olaraq qalır.

Bu hadisədən sonra şair iki il işsiz qalır. Ailənin dolanışığı yalnız Ədəbiyyat Fondundan gələn cüzi vəsaitlə təmin olunur.

Məişətdə bir o qədər bacarıqlı deyildi. Qızının dediyinə görə, evdə adi bir mıx vurmağı belə bacarmazmış.

Yəhudi əsilli sovet şairi Mixail Svetlovun şeirlərini tərcümə etdiyi dövrdə ilk dəfə əllərində titrəmə yaranır. Ailə təşvişə düşür, Bakıda həkimlər dəqiq diaqnoz qoya bilmir. Moskvada aparılan müayinələrdən sonra ona parkinson diaqnozu qoyulur.

Ömrünün sonuna qədər “Azərbaycan Təbiəti” jurnalının baş redaktoru işləyib. Yerişində çətinlik artdığı dövrdə belə, işinə gedib-gəlməkdən imtina etməyib.

Jurnalın bağlanması məsələsi ortaya çıxanda Məmməd Araz yuxarı instansiyalara müraciət edir. Məktublarının birində yazırdı ki, “Azərbaycan Təbiəti” jurnalı “Molla Nəsrəddin” qədər vacib nəşrdir və bağlanmamalıdır. Coğrafiya fakültəsini bitirdiyi üçün təbiəti dərindən bildiyi, onu səmimi qəlbdən sevdiyi şeirlərindən də hiss olunurdu.

Son illərdə danışığını, hərəkətini, yerişini itirməyə başlamışdı. Əlil arabasına ehtiyac duyulduğu xatırladıldıqda isə hiddətlə “Özüm gəzirəm!” deyirdi. Bədəninin idarə olunması çətinləşirdi, bəzən bütün vücudu titrəyir, evdəkilər onu sakitləşdirmək üçün tutub saxlayırdılar. Son vaxtlar deyirmiş: “İstəyirəm yatım-qalım yazılarımın içində…”

Vəfat etdiyi gün xəstəxananın həyəti adamla dolu idi. Onu tanıyanlar, sevənlər oraya axışmışdı.

Ailəyə xəstəxanadan belə bir söz deyilir: şairin burada öldüyünü təsdiqləmək üçün “24 şirvan” ödəniş etməlisiniz…

# 57 dəfə oxunub

Oxşar xəbərlər

Alman ədəbiyyatının son nəhəngi - Krista Volfun əsərləri bu gün niyə aktualdır?

Alman ədəbiyyatının son nəhəngi - Krista Volfun əsərləri bu gün niyə aktualdır?

11:00 1 dekabr 2025
Qocalar evində yaşayan aktyordan açıqlama

Qocalar evində yaşayan aktyordan açıqlama

10:40 1 dekabr 2025
Ağalar Qut:  “Axundov, Mirzə Cəlil xətti yanlış xətdir" - Müsahibə

Ağalar Qut: “Axundov, Mirzə Cəlil xətti yanlış xətdir" - Müsahibə

10:00 1 dekabr 2025
Arvadı öləndən sonra depressiyaya düşən yazıçı - O, borclarını necə ödəmişdi?

Arvadı öləndən sonra depressiyaya düşən yazıçı - O, borclarını necə ödəmişdi?

15:00 30 noyabr 2025
Məni özünlə niyə aparmadın, ay papa? - Orxan Fikrətoğlu

Məni özünlə niyə aparmadın, ay papa? - Orxan Fikrətoğlu

14:17 30 noyabr 2025
Krımın ən güclü qadını necə Sovet cəhənnəminə atıldı? - Bakının faciəli "qonağ"ı

Krımın ən güclü qadını necə Sovet cəhənnəminə atıldı? - Bakının faciəli "qonağ"ı

15:00 29 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər