"Satıcı oğlan xəyalındakı qadını soyundururmuş kimi..." - Fəridə

"Satıcı oğlan xəyalındakı qadını soyundururmuş kimi..." - Fəridə
1 dekabr 2025
# 14:00

Kulis.az Fəridənin "Levhi-Sükut" yazısını təqdim edir.

Bizə nədənsə həmişə nəyisə düzəltməyi öyrətmişdilər. Sınanı başqa cür qiymətləndirməyi, çatlağı gizlətməyi... Biz bir şeyi atacaq qədər zəngin deyildik. Bəlkə də, elə buna görə münasibətlərdə sevginin qopmuş yerini sükutla yapışdırır, ümidlər yamayırıq...

Ata bilmirik. Əl çəkə bilmirik. Getməyə cəsarətimiz də yoxdur.

Bəzi qapılar yalnız çıxmaq üçündür, amma... Bəzi qapılar artıq içəri açılmır. Biz evinin yolunu itirmiş uşaqlar kimi harasa qayıtmalı olduğumuzu bilirik, amma hara?!

Bir zamanlar həyatına nəfəs kimi girən insanlar, günlərin birində üstündən yük kimi gedir. Həyatın ən böyük ironiyası zamandır, bəlkə də. Boş qalan yerlərə həmişə ağrı köçür...

Mağaza vitrini qarşısında dayanıram. Satıcı oğlan xəyalındakı qadını soyundururmuş kimi ehmalca manikenin çiynindən sürüşdürür köynəyi. Sevişmələrimizi xatırlayıram.

Baxışlarım vitrin şüşəsində donub qalır. Səni düşünürəm. Mən həmişə bu üzündə dayanmışam şüşənin, sən o üzdə. Həyat kimi paltar dəyişmisən elə bil... Ən məhrəm xatirələrin düyməsi qopub düşür içimdən.

Heç kim tapmayıb nə vaxtsa itirilmiş xoşbəxtliyi. Mən də axtarmıram. Uzandıqca köhnəlir bütün müharibələr: ölüm, itim, dağıntı... Artıq həyəcanlanmıram heç nəyə.

Yaxın birinin ölüm xəbərini eşidir, inanmırsan. Toxunmaq istəyirsən soyuq bədəninə son dəfə. Bəzi sevişmələr də belədir: eşqin öldüyünə inanmaq üçün mütləq son dəfə toxunmalısan – bumbuz, yad, ruhsuz.

Qaranlıq köynəyini geyindirir gecəyə. Yaddaşdan bir sevişmə silinir. İçimdə bir nəfəs azalır. Bir ad adiləşir. Bir üz solur. Bir gecə daha mənim olmur.

Və mən… evin yolunu itirmiş uşaq kimi hələ də harasa qayıtdığımı düşünürəm və hara qayıtmamalı olduğumu yaxşı bilirəm. Sənin ürəyinə eşqimi salsın deyəmi, yoxsa eşqini məndən alsın deyəmi dua edim, bilmirəm.

Heç nə itməz deyə arxayınam, aramam. O lövhəyə yazılacaq axı:

“Səni sevən bir qadın vardı.
İnsan itməkdən yorularmı?"

Mən yoruldum itməkdən sənin arzusuzluğunda.

Və kitabdakı kimi: "Dəniz kənarı ilə qaçan alabaş... Dönürəm yanına – tənha, əliboş"...

# 2760 dəfə oxunub

Oxşar xəbərlər

İşarələr və rəmzlər - Vladimir Nabokovun hekayəsi

İşarələr və rəmzlər - Vladimir Nabokovun hekayəsi

10:00 14 noyabr 2026
"Vüqar da daxil olmaqla bir neçə imza var ki, onları bəyənəndə..." - Hekayə müzakirəsi

"Vüqar da daxil olmaqla bir neçə imza var ki, onları bəyənəndə..." - Hekayə müzakirəsi

12:05 12 noyabr 2026
"Səndən başqa heç kim məni sevmir..." - Elizabet Qaskell

"Səndən başqa heç kim məni sevmir..." - Elizabet Qaskell

11:33 12 noyabr 2026
"Dilim arzu ilə titrəyir..." - Rolan Bartın "Eşq söhbətindən fraqmentlər"

"Dilim arzu ilə titrəyir..." - Rolan Bartın "Eşq söhbətindən fraqmentlər"

10:00 12 noyabr 2026
"Ləyaqət işdə deyil, işçidədir" - Amerikalı yazıçıdan deyimlər

"Ləyaqət işdə deyil, işçidədir" - Amerikalı yazıçıdan deyimlər

17:35 11 noyabr 2026
"Məni narahat edən öz cəhalətim və bacarıqsızlığımdır..."  - Noah Qordonun "Təbib"indən sitatlar

"Məni narahat edən öz cəhalətim və bacarıqsızlığımdır..." - Noah Qordonun "Təbib"indən sitatlar

15:00 11 noyabr 2026
Ana səhifə Reels Yazarlar Xəbərlər