Orta əsrlərdə qadına bu alətlə işgəncə verirdilər – Reportaj

Orta əsrlərdə qadına bu alətlə işgəncə verirdilər – <span style="color:red;">Reportaj
27 mart 2019
# 14:07

Adətən, ziyarətçilər sərgi salonlarından xoş ovqatla ayrılarlar. Şirvanşahlar Muzey Mərkəzinin divarları arasında qurulan sərgi isə qorxuram eyni hissləri bəxş etmək iqtidarında olmasın. Nədən ki, sərgi “Orta əsrlər İnkvizisiya dövründə işgəncə alətləri adlanır.

Adından da göründüyü kimi, sərgidə inkvizisiya dövründə bidətçilərə - eretiklərə, cadugərlikdə ittiham olunan qadınlara, yəhudilərə, o cümlədən kitablardan oxuduğumuz Yan Qus, Qalileo Qaliley, Cordano Bruno, Tommazo Kompanella, Nikolay Kopernik və başqa tarixi şəxsiyyətlərə tətbiq olunan işgəncələr bu cür alətlər vasitəsilə həyata keçirilib...

“İspan atı” və “Nürnberq qızı” ilə Bakıdan inkvizisiya dövrünə səyahət – REPORTAJ - FOTOSESSİYA - VİDEO

* * *

Girişdəki qara pərdə qalxır və insanlara görünməmiş amansızlıqla işgəncələr vermiş alətlərin düzüldüyü salona daxil oluruq. Ancaq gəlin, alətlərlə tanış olmamışdan qabaq sərginin yaradıcısı, italyan kolleksioner Pyerluici Kanovini dinləyək: “Cavanlıqdan antikvar əşyalar yığmaqla, kitab, avtomobil toplamaqla məşğulam. Bu kolleksiya isə 30 il əvvəl yaradılıb. Hazırda 200-dən çox eksponat var, yer az olduğu üçün otuzunu gətirmişik”.

İtaliya və Rusiyanın tərəfdaşlığı ilə “Art Akademiya” təşkilatı tərəfindən keçirilən sərginin eksponatları dünyanın müxtəlif yerlərində, o cümlədən İtaliyanın bütün bölgələrində nümayiş etdirilib. İndiyə qədər 3 milyondan çox ziyarətçi gəlib.

Cənab Kanovininin sözlərinə görə, eksponatların hazırlanmasında tarixçilərin, İtaliya elm adamlarının təcrübələrindən yararlanıb, daha sonra alətlər qravüralar əsasında düzəlib: “İnkvizisiya XIX əsrə qədər davam edib. 500 illik bu qaranlıq dövrdə 1 milyondan çox insan kafirlikdə, cadugərlikdə ittiham olunaraq işgəncələrə məruz qaldı. İnkvizisiya ləğv edildikdən sonra dəlilləri məhv etmək məqsədilə alətlərin çoxu inkvizitorlar tərəfindən yandırılıb deyə, orijinal alətlər, demək olar ki, günümüzə gəlib çatmayıb. Yalnız Avropanın bəzi muzeylərində metaldan olan alətlər qalmaqdadır, taxtadan hazırlananların çoxu yandırılıb”.

“Sərgidə orijinal eksponatlar yoxdurmu?” Bu sualla cənab Kanoviyə müraciət edirik. O, isə cavab əvəzinə iti addımlarla içəri otaqlara doğru istiqamətlənir və növbəti işgəncə qurğularından birinin yanında yer alan çəki daşına işarə edib deyir: “Gördüyünüz çəki daşı inkvizisiya dövründə istifadə olunub”. Görəsən, bu daş neçə günahsızın ayağından asılıb, neçəsinin ölümünə bais olub? Daşa toxunmaq istəmirəm. Elə bilirəm toxunsam, mənim də əlim günahsızların qanına batacaq – sərginin atmosferinə düşüb istər-istəməz bu cür xurafata qapılırsan.

Cənab Kanovi daha sonra bizə balta və bir neçə qandal göstərir: “Bu balta da orijinaldır. Bununla, adətən, qurbanların əllərini kəsirdilər. Gördüyünüz qandallar da o vaxt istifadə olunub, yəni sonradan düzəlmə deyil”.

Cənab Kanovinin köməkçisi və tərcüməçisi Nadejda Kupryaxinanın sözlərinə görə, sərgiyə gələn azərbaycanlıların təəssüratı xoş olur. O bunu bizim insanların şərqliliyi ilə əlaqələndirir: “Şərq insanları inkvizisiya yaşamadıqları üçün bu alətlərə daha çox tarixi fakt kimi baxırlar”.

“Sərgiyə gələnlərin yarısını turistlər təşkil edir, əsasən rus və türk turistlər gəlirlər. Təəssüratlar fərqli olur. Bəzi insanlar burdan çıxdıqdan sonra özlərini pis hiss elədiklərini deyirlər, bəziləri isə tarixlə maraqlandıqları üçün neçə vaxtdır öz gözləri ilə görmək istədiklərini söyləyirlər”. Bunları da bələdçi Hacıbaba deyir.

Pyerluici Kanovi bizi orta əsrlərin zülmətinə dartmağa davam edir: “İşgəncə prosesi kifayət qədər amansız olduğuna görə qurbanların çoxu o dəqiqə ölürdülər. Bəziləri isə dava-dərman olmadığı üçün qısa müddət sonra canlarını tapşırırdılar. İnkvizisiya ilk mərhələdə eretiklərə qarşı yönəlmişdi. Sonrakı mərhələdə isə marranlar, yəhudilər və cadugərlikdə ittiham olunan qadınlar da təqib olunmağa başladılar. O dövrdə kilsə siyasi və ictimai həyatda əsas rol oynadığı üçün qonşusundan xoşu gəlməyən də bir bəhanə ilə onu inkvizitorların qurbanına çevirə bilərdi. Ümumiyyətlə, olduqca dəhşətli dövr idi, katolik kilsə 500 il boyunca günahsız qanlar axıtdı. 2000-ci ildə isə Roma Papası inkvizisiya dövründə baş verənlərə görə üzr istədi”.

* * *

Salona daxil olanda mənə elə gəlmişdi ki, burdakı alətlərin hər birində nə vaxtsa kimlərəsə işgəncə verilib. O adamları gözümün qarşısına gətirdikcə, nə yalan deyim, özümü sərgi salonunda deyil, qədim bir tikilinin zirzəmisində, işgəncə otağında hiss etmişdim, vahimə basmışdı. Salonda səslənən musiqi yerinə qulaqlarımda qurbanların ah-nalələri əks-səda vermişdi.

İnsan nə qədər qəddar olmalıdır ki, belə alətlər fikirləşsin. Hələ siz onlara verilən adlara baxın, elə bil bədii əsər adıdır: “İspan atı”, “Nürnberq qızı”, “Taxt-tac”, “Qeybətçilərin skripkası”, “Gurultu fleytası”.

Psixologiya elmi içimizdə mələyin deyil, şeytanın gizləndiyini, insan dərisi altında vəhşi heyvan bəslədiyimizi çoxdan müəyyənləşdirib. Özümüzü inandırmağa çalışırıq ki, guya incəsənət içimizdəki vəhşi heyvanı uyutmaq üçündür. Amma bu alətlərin hazırlanmasına da təxəyyülün xərcləndiyini düşündükcə, “vəhşilik incəsənəti”nə nəzər yetirdikcə, yanıldığını görürsən. Axı tarixdə bu alətləri təkmilləşdirmək, insana daha amansız cəza vermək naminə bir-biri ilə yarışan, bir-birini ötməyə çalışan sənətkarlar, ustalar da vardı. Nə qədər dəhşətli səslənsə də, məqsədləri çox sadə idi: daha çox işgəncə vermək.

Gəlin, bəşəriyyətin bu “böyük kəşflər”indən bir neçəsi ilə tanış olaq:

İspan atı - Orta əsrlərdə cadugərlikdə və ya şeytanla əlaqədə ittiham olunan qadınlara işgəncə vermək üçün istifadə edilirdi. “Günahkar” qadın bu üçbucaq “yəhər”in üstünə oturdulur, ayaqlarından da ağır daşlar asılırdı.

Yuxusuz qalma və ya İudanın beşiyi - Guya İppolit Marsili tərəfindən qurbanlarla humanist davranmaq xatirinə yaradılıb. Çünki bu alətdən istifadə zamanı qurbanın bədəninə hər hansı sınıq və kəsik xəsarəti yetirilmir. İplə göydən asılan qurban piramidanın üzərinə yerləşdirilir, o, yelləndikcə piramida bədəninə işləyir və dözülməz ağrılar verir.

Birinci salondakı işgəncə alətlərindən biri də paya adlanır. Ona ən ibtidai işgəncə aləti də demək olar. Məlumat lövhəsindəki yazılara inansaq, Qədim Şərqdə Assur-Babil zamanı icad olunub. Alətin tətbiqi çox sadədir, yəqin özünüz istifadə qaydasını anladınız, elə “payaya otuzdurmaq” sözü hər şeyi izah edir. Deyilənə görə, qorxu filmlərinin əvəzsiz qəhrəmanı, amansız Transilvaniya ağası, Qraf Drakula türklərə məhz bu üsulla işgəncə verirmiş.

Digər bir mürəkkəb qurğu isə dartma aləti adlanır. Qurban taxta “çarpayı”ya uzadılırdı. Əl-ayağı buxovlandıqdan sonra xüsusi qurğu ilə dartılır, əzələ və sümüklər bir-birindən ayrılaraq qurbanı çəkilməz işgəncələrə məruz qoyurdu.

Sərgidəki ən amansız alətlərdən biri də sorğu kürsüsü adlanır. İnkvizitorlar cadugərlikdə ittiham olunan qadınları etiraf etdirmək üçün bu kürsüdən istifadə edirdilər. Məhkum kirpi stula oturdulub dəmir kəmərlə bağlanırdı. Tərpənmək olmaz, tərpəndikcə bədəninə batmış dəmir tikanlar dərinə işləyərək parça-parça edəcək. Bəzi hallarda qurbanın işgəncəsini daha da şiddətləndirmək üçün oturacağın dəmir altlığı qızdırılırdı. Nadejda xanım rəvayət edir: “1693-cü ildə Avstriya hakimi Volf fon Lampertiş 57 yaşlı Maria Vukinetsin işini aparırmış. Cadugərlikdə ittiham olunan qadın on bir gün bu stulda oturur. Cəlladlar onun susduğunu gördükdə ayaqlarını da yandırırmışlar ki, bəlkə nəsə danışa. Amma Maria cadugər olduğunu etiraf etmir, bu stuldaca ölür. Ümumiyyətlə, inkvizisiya dövründə qadınlar cadugərlik və ifritəlik adı ilə təqib olunurdular. Bir kişinin hansısa qadından xoşu gəlirdi, qadın onun arzusunu yerinə yetirmədikdə isə cadugərlikdə ittiham edilirdi. İnkvizitorların əlinə keçəndən sonra da bu alətlərdə işgəncələr görür, axırda da guya ruhunu xilas etmək məqsədilə tonqalda yandırırdılar. Yeri gəlmişkən, deyim ki, Janna d Ark da tonqalda yandırılan qadınlar arasındadır”.

Bu da məşhur Nürnberq gözəli, daha doğrusu, Nürnberq qızı. Cəza alətini ilk dəfə 1515-ci ildə Almaniyanın Nürnberq şəhərində tətbiq etməyə başlayıblar. Cənab Kanovi qurğunun işləmə mexanizmini göstərmək üçün sarkofaqa daxil olur: “Qurban bura salındıqdan sonra qurğunun ağzı bağlanır və içindəki tikanlar onun bədənini dəlməyə başlayır. Tikanlar elə yerləşdirilib ki, həyati vacib orqanlara xətər yetirməsin. Bunun nəticəsində qurban sarkofaqda üç gün ərzində əzab çəkərək ölürdü”.

Növbəti işgəncə aləti məşhur gilyotindir. “İudanın beşiyi” kimi, bu alət də “humanizm” aşılayır. Onu 1789-cu ildə fransız həkim, dövlət xadimi Jozef İqnas Gilyoten icad edib. Qurğuya yerləşdirilən qurbanın boynu ağır ülgüc vasitəsilə bir andaca üzülürdü. Gilyoten onu edam zamanı işgəncələri azaltmaq üçün təklif etmişdi. Onun təklifi qəbul olunur və Fransa inqilabı, eləcə də Böyük terror zamanı geniş şəkildə istifadə olunmağa başlayır. Gilyotində kimlər edam edilməyib: Kral XVI Lüdoviq, Maria Antuanetta və ən nəhayət, çoxlarını gilyotinə göndərmiş, Böyük Fransa inqilabının memarı Robespyerin özü belə bu alətdən nəsibini alıb.

Maraqlı burasıdır ki, Gilyotenin nəslindən olanlar Fransa dövlətinə müraciət edərək, alətin adının dəyişdirilməsini xahiş edirlər, rədd cavabı aldıqda isə soyadlarını dəyişdirirlər...

Gələk sərginin daha yüngül eksponatlarına. Onlardan biri “Armud” adlanır. Armud, adətən, ağız, ən çox da anus dəliyinə yerləşdirilərək, xüsusi qurğu vasitəsilə çiçək kimi “açılırdı”. Nəticəni özünüz düşünün. Cənab Kanovi izah etməyə davam edir: “Eretikin çəngəli” kəmər vasitəsilə qurbanın boğazına bağlanır, çəngəlin bir ucu sinəsinə, digər ucu isə çənəsinin altına keçirilirdi. Bir qədər sonra qurbanın boynu davam gətirməyərək əyilir, çəngəl ətə işləyirdi. “İspan çəkməsi” isə qurbanın ayaq sümüklərini sındırmaq üçün istifadə edilirdi. Çəkmənin arxasındakı burğu burulduqca, qurbanın dizdən aşağı sümükləri sınırdı”.

Bu “yüngül” alətlərdən qurbanlardan müəyyən etiraflar qoparmaq üçün istifadə edilirdi. Əgər dindən dönmüsənsə, dinə qayıtmaq, alimsənsə, kəşfini danmaq, cadugərsənsə, cadugərliyini etiraf etmək üçün... Bunlar səni “doğru yol”a döndərməsə, o zaman yuxarıda bəhs etdiyimiz alətlərə sıra gəlirdi, ən axırda isə təbii ki, Cordano Bruno kimi tonqalda yanmaq gözləyirdi. Altı il zindanda qalan Cordano Bruno bu işgəncə alətlərindən hansı ilə cəzalandırılmışdı, görəsən? Və ya Qalileo Qalileyə Yerin fırlandığını danması üçün zindanda hansı cəza verilmişdi? Biz lətifəyə çevirmişik, elə bilirik məhkəmədə Qalileyə “kəşfini dan” deyiblər, o da dərhal danıb, məhkəmədən sonra isə deyib: “Hər halda, Yer fırlanır”. Halbuki...

Sonda xoş xəbərimiz də var: sərgi avqustun 18-dək davam edəcək. Məncə, baş çəkməyə dəyər. İnsanlığın öz keçmişi ilə üzləşməsi üçün, elmin bu səviyyəyə çatana qədər hansı bədəllər ödədiyini, hansı işgəncələrdən, əzablardan keçdiyini görmək üçün, ən əsası isə sadəcə, başqa cür düşündüyünə görə, “başqası” olduğuna görə insanın və insanlığın yaşadığı işgəncələrə, əzablara şahidlik etmək üçün bu sərgini görməyə dəyər.

# 6889 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #