Nazirlik xarici rejissora film verərsə... – Sevda yazır

Nazirlik xarici rejissora film verərsə... – <span style="color:red;">Sevda yazır
10 may 2016
# 12:37

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında “Üç gün və bir ömür” adlı bədii filmin çəkilişlərinə başlanılıb.

Film psixoloji dram janrındadır. Qəhrəmanı doğma rayonunun işğalı zamanı həbsxanada olur. Azadlığa çıxanda valideynlərinin işğal altında qalmış məzarını ziyarət etməyin yollarını axtarır.

Filmi iranlı rejissor Babək Şirinsifət çəkir.

Məlumatı oxuyanda ağlıma ilk gələn, nazirlikdən tammetrajlı bədii film üçün maliyyə dəstəyi ala bilmədiyinə, illərlə ssenariləri qəbul edilmədiyinə görə şikayətlənən rejissorlar və nazirlikdən ümidlə film gözləyə-gözləyə dünyasını dəyişən rejissor Nicat Feyzullayev düşdü.

İlk baxışda B.Şirinsifətin dövlətin maliyyə dəstəyi ilə film çəkməsində qəribə nəsə yoxdur. Buna kimi də o, Qarabağ qaçqınları haqda bir neçə sənədli film və “Çaqqal nəfəsi” adlı serial çəkib.

Fəqət nazirliyin bu addımına o vaxt haqq qazandırmaq mümkün idi ki, adı çəkilən ekran əsəri hər iki ölkənin müştərək istehsalatı olaydı. Müştərək layihələr zamanı hər iki ölkə maliyyə vəsaiti, texnika ayırır.

Filmin istehsal olunduğu Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası rəhbərliyinin mətbuata verdiyi məlumatdan isə aydın olur ki, bütün xərc Azərbaycan dövlətinin hesabına olacaq.

Bu halda hansı əsasla milli film başqa ölkənin vətəndaşına həvalə edilməlidir?

Milli kino sənəti o zaman inkişaf edər ki, buna məsul olan rəsmi qurumlar yerli müəlliflərə potensialını realizə etməsi, film istehsalatının işlək mexanizmə çevrilməsi, gəlir gətirməsi üçün imkanlar yaratsın.

Kinoya pul ayıran yeganə rəsmi qurum bunu eləmirsə, yerli müəlliflər təcrübəni harda necə qazanmalıdır, milli kino sənayesi necə, hansı şəraitdə inkişaf eləməlidir? Üstəlik işsizlik, böhran şəraitində.

Həm də “Azərbaycanfilm” studiya olaraq milli kinonun inkişafına, yerli kadrların yetişdirməsinə maraqlı olmalıdır.

Son illərdə nazirliyin kino şöbəsinin yeritdiyi kino siyasətinin səbatsızlığı, doğru rejissor kadrları ilə işləməməsi üzündən xeyli keyfiyyətsiz film çəkilib. Həmin məhsullar rəflərdə yatır. Doğrusu, elə rəflərdə tozlanmağa da layiqdirlər. Amma keyfiyyətli filmlər də çəkilib ki, bunlardan, məsələn, sonuncusu, Elxan Cəfərovun “Yarımçıq xatirələr” kütləvi maraq doğura biləcək ekran işidir. Yaxud, Asif Rüstəmovun “Axınla üzüaşağı” milli kinonun ciddi uğurlarından biridir. Amma bu cür filmlərin də reklam kampaniyası aparılmadığından publika ondan xəbərsizdir.

Əvəzində kino sahəsinə məsul olan rəsmilər uğursuz siyasətini kompensasiya eləmək üçün başqa ölkədən rejissor dəvət edir və bununla da uğur qazanacağına ümid edir.

Bəlkə də buna o zaman haqq qazandırmaq olardı ki, Şirinsifətin yerinə imzası dünyada brend olan müəllif gətiriləydi. Məsələn, Əsgər Fərhadi, Cəfər Pənahi səviyyəsində. Elə rejissorlar ki, onların adı ən nüfuzlu kino festivallarda şəksiz qəbul olunur.

XX əsrin əvvəllərində milli kino sənayemizin təşəkkül tapması, inkişafı üçün başqa ölkələrdən rejissorlar dəvət olunurdu. Çünki ölkədə rejissor qıtlığı vardı. Və filmin istehsalının bütün xərcini Azərbaycan çəkirdi.

Kulis.azda “Naməlum kino” layihəsində tanınmayan milli filmlərimizdən yazıram. Bu layihə hesabına əsrin əvvəllərində çəkilən filmlərin əksəriyyətini izləmişəm. Maraqlıdır ki, həmin dövrdə ən maraqlı filmləri ölkəyə dəvət olunan rejissorlar yox, elə öz rejissorlarımız çəkib: Mikayıl Mikayılovun “Lətif”, “İsmət”, Abbas Mirzə Şərifzadənin “Bismillah” filmi və s.

Hər halda həmin dövrdə xaricdən rejissor dəvət olunması labüd idi. Amma indi Azərbaycanda rejissor qıtlığı yoxdur.

B.Şirinsifət səviyyəsində, üstəlik, ondan daha yaxşı potensialı olan onlarla rejissor var: Hüseyn Mehdiyev, Vaqif Azəryar, Nəsimi Əliyev, Tahir Əliyev, Elşən Zeynallı, Yusif Quliyev, Əli İsa Cabbarov, elə nazirliyin layihəsi olan “Şəhər motivləri” almanaxında işləyən gənc rejissorlar, müstəqil maliyyə ilə çəkən Emil Quliyev, Elvin Adıgözəl...

Onların filmləri beynəlxalq festivallara da gedib, mükafat da qazanıb.

Sadəcə bizim rejissorlara imkanı yaradılmalı, yaradıcı azadlıq verilməli, işlərinə lazımsız müdaxilələr edilməməlidir.

Məlumatıma görə, “Üç gün və bir ömür” filminin ssenarisi bir neçə rejissora verilsə də onlar imtina edib. Rejissorlardan biri ssenari zəif olduğu üçün çəkmək istəməyib. Amma ölkənin kino mühiti bir neçə rejissordan ibarət deyil.

Digər tərəfdən, zəif ssenari amili başqa bir məsələni də aktual edir.

Filmin ssenari müəllifi nazirliyin kino şöbəsinin əməkdaşlarından biridir. Ssenarilər “Azərbaycanfilm” kinostudiyasının tərkibində fəaliyyət göstərən Bədii Şurada müzakirə olunaraq qəbul edilir. Bu halda kim təminat verir ki, sadə bir ssenaristin ya rejissorun ssenarisi ilə kinoya məsul olan məmurun ssenarisi seçimi qarşısında qalanda Bədii Şura ədalətli qərar çıxarır? Və bu şəraitdə obyektiv dəyərləndirmə ola bilərmi? Deməli, ssenarilərin qəbul olunmasında şəffaf mexanizm işlənilməlidir.

...Belə şəraitdə ümid bircə ona qalır ki, nazirliyin bu qərarını B.Şirinsifət yüksək, keyfiyyətli işi ilə doğrulda biləcək.

# 1269 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
#
#
# # #