“Ədəbiyyatçı tarixdən öz axtardıqlarını tapmağa çalışır. Əlbəttə, tarixçi əsər yazanda söhbəti faktlar üzərində qurur, çalışır ki, xronologiyanı dəqiq təsvir eləsin. Mənbələrdə mənəvi məsələlərə o qədər də geniş yer ayrılmır. Nəyə yer ayrılırsa, o, döyüşün taleyinin həll olunmasına, ruh yüksəkliyinin yaradılmasına xidmət edir. Məsələn, Əmir Teymurun vəsiyyətlərində var ki, biz ruh yüksəkliyi ilə şəhərə daxil olduq, yaxud qoşunu necə düzmək haqqında bəhs edir. Qoşun şəhərə daxil olanda kimi ac idi, kimi yaralanmışdı bunlar tarixi kitablarda yazılmır. Bu, artıq ədəbiyyatçıların işidir”. Bu fikirləri APA TV-də yayımlanan “Ulduzlu kvartet” verilişinin qonağı, yazıçı Əjdər Ol deyib.
Proqramın digər qonağı, ədəbiyyatşünas alim Rüstəm Kamalın qənaətinə görə, sənədlər tükənən yerdə yazıçılıq və yazıçı təxəyyülü başlayır: “Əslində, tarixi mövzu yazıçının yeni mif yaratmasıdır. Məsələn, Şah İsmayıl Xətai haqqında yazılan romanlar hər bir yazıçının Xətai ilə bağlı mifidir. Yəni tarixi roman bərabərdir mifə. Yazıçı öz yaşadığı dövrü müraciət etdiyi tarixi dövrə proyeksiya edir. Bu, qaçılmazdır. Tarixi faktlar mütləq təhrif olunur. Tutalım, yazıçı Şumer dövründən əsər yazır və gil yazıları oxuya bilmir. Deməli, orda öz təxəyyülünə güc verəcək”.
Əjdər Ol isə hesab edir ki, Avropa müəllifləri fironlardan yazanda tarixi çox yaxşı öyrənirlər: “1988-ci ildə Sabir Rüstəmxanlının “Ömür kitabı” çap olunmuşdu. O zaman Azərbaycan oxucusu basqı altında qalmışdı deyə, Rusiyanın yeritdiyi siyasətdən xəbərdar deyildi. Ona görə də Sabir Rüstəmxanlı müəyyən məxəzlərdən topladığı materiallar əsasında publisistik əsər yazmışdı. O dövrdə tarixçilər məhz tarixilik nöqteyi-nəzərdən bu əsərə ciddi yanaşmırdılar. Məsələn, Ziya Bünyadov demişdi ki, bu, Sabirin öz uydurduğu məsələlərdir. Amma o zaman xalqa bir yazıçının müəyyən tarixi mənbələrə söykənərək təxəyyül əsasında verdiyi məlumatlar çox vacib idi. İnsanlar o kitabı gözlərinə təpdilər. Amma o kitab iki il əvvəl çıxdı, qaldı rəflərdə. Çünki artıq oxucu bu mövzudan doymuşdu. İnsanlar bu mövzuda mətbuatdan kifayət qədər məlumat almışdı. Rüstəm müəllimin dediyi kimi təxəyyül orda üzə çıxır ki, faktları az bilirsən”.
Verilişin qonaqları tarixi əsərlərdə yazıçı-tarixçi qarşıdurmasına da münasibət bildiriblər. Rüstəm Kamalın fikrincə, bəzən tarixçilər ədəbiyyatın həqiqətini qəbul edə bilmir: “Tarixçilərlə tarixi roman yazan yazıçılar arasında həmişə qarşıdurma olub. Xüsusən bizdə. Təəssüf ki, bizdə tarixçilər ədəbiyyatın həqiqətini yaxşı bilmirlər. Onlar üçün faktların gətirdiyi həqiqətlə ədəbiyyatın həqiqəti qarşıdurma yaradır. Bizim yazıçılarda da sanki özfəaliyyət var. Ona görə qarşıdurma yaranır. Ədəbiyyatda təxəyyül olmasa, o ədəbiyyat deyil. Bizim ədəbiyyatın ən axsaq yeri təxəyyülsüzlük və fantaziyanın olmamasıdır. Macəra ruhlu tarixi romanlara Avropa bazarında tələbat böyükdür. Bizim ədəbiyyatda süjet instinktinə malik yeganə yazıçı Məmməd Səid Ordubadi idi, onun da yüksək savadı yox idi”.
Əjdər Olun fikrincə, müasir dövrümüzdə də bizdə tarixi mövzulara müraciət edən yazıçılar var: “Məsələn, Elçin Hüseynbəyli, Yunus Oğuz və başqa yazıçılar tarixi romanlar yazıblar. Yunus Oğuzun Şah Təhmasibdən yazdığı roman daha çox macəralar üstündə qurulub, saray intriqaları əsasında yazılıb. Həmin intriqaların haradan götürülməsi məsələsi var. Onlar bəlkə də yüz faiz yazıçının təxəyyülü əsasında yazılıb”.
Rüstəm Kamal düşünür ki, Şah İsmayıl Xətai mifi ədəbi düşüncəmizi korlayıb: “Bizim ədəbi düşüncəmizi Şah İsmayıl Xətai mifi o qədər korlayıb, o qədər gözümüzü kor edib ki... Yəni bolşeviklərin başını Lenin, Stalin mifi nə qədər məhv edibsə, bizim də başımı Xətai mifi məhv edib. Xətai ilə bağlı bilirsiniz nə qədər əsər yazılıb?! Mən bəyan edirəm ki, Xətai mifinin bu qədər ifrata getməsi düşüncəmiz və ədəbiyyatımız üçün çox ziyanlıdır. Çünki o mif başqa hökmdarlarımıza diqqət yetirməyə imkan vermədi. Onun mistikası, magiyası, bu mövzu ətrafında olan spekuliyasiyalar qoymadı ki, Ağqoyunlu hökmdarlarına, Uzun Həsənə baxaq. Sizə deyim ki, Ağqoyunlu xanədanında o qədər maraqlı, detektiv ruhlu hadisələr baş verib, sadəcə, öz yazıçısını gözləyir. Məsələn, ayrı-ayrı şahzadələr yoxa çıxıb”.
Əjdər Ol isə bu fikirlərlə müəyyən mənada razılaşmır: “Bu, bütün xalqlarda var. Məsələn, fransızlar Napoleondan, ruslar Pyotrdan çox yazıblar. Yaxud ruslar 1812-ci il müharibəsini həddindən artıq genişləndirilər. İndi dünyada nəşriyyatlar daha çox tarixi mövzularda əsərlər çap etməyə maraqlıdırlar”.
Qonaqlar tarixi mövzularda pafos amilinə də toxunublar. Əjdər Ol qeyd edib ki, hər mövzunun özünəməxsus hissiyyat tələbləri var: “Əgər qəhrəman haqqında yazırsansa, orda pafos olmalıdır. Çünki qəhrəmanlıq elə pafos və yüksək hissdir. Bir adam canından keçirsə, deməli, başqalarına özünü fəda edir. Onun haqqında yazanda necə sakit yazmaq olar?! İstər-istəməz, yazıçı faktın təsiri altına düşür. Qəhrəmanlıq romanında pafosdan qorxmaq lazım deyil”.
Rüstəm Kamalın fikrincə, qəhrəman seçimindən də çox şey asılıdır: ““Üç müşketyor” əsəri də tarixi əsərdir. Saray var, kral var və s. Amma orda kral daha çox gülməli vəziyyətə düşür. Sadəcə, bizdə təəssüf ki, tarixi romanlarda bəzi obrazlara diqqət ayrılmır. Məsələn, mənim üçün Şah Təhmasibin bağbanı obrazı daha maraqlıdır. Amma bizdə yazıçı ancaq taxta və şaha fokuslanır və yeksənəklik yaradır. Mən İranın vaxtilə xarici işlər naziri olan Əli Əkbər Vilayətinin “İran-Osmanlı münasibətləri XVII əsrdə” kitabını oxudum. İlk dəfə həmin kitabda Xətai ilə Sultan Səlimin məktublarının həm üzünü gördüm, həm də mətni ilə tanış oldum. Sultan Səlim ölkəni qadına bənzədir. Xətaiyə deyir, kişisənsə, çıx. Xətai isə ona bir torba nəşə göndərir və yazır ki, şah, bəzən sizin katiblər bundan istifadə edirlər. Ona görə inanmıram ki, siz bu cür təhqiramiz məktub yazasınız. Bu, çox maraqlı faktdır. Romanda stilizasiya olmalıdır və yazıçı bilməlidir ki, onun bu mövzuya müraciət etməkdə məqsədi nədir?!”.