“Mən səni sevirəm”in açması

“Mən səni sevirəm”in açması
7 mart 2016
# 11:45

“MSS”-n müəllifinə məktub

Gecə saat ondur, adətimcə bu vaxtlar işlərimi bitirib, uşaqları yuxuya verib televizorun pultunu alıram əlimə, Rusiyanın kino kanallarından maraqlı film axtarışına çıxıram və əksər hallarda tapıb baxıram. Bu gün Gənc Tamaşaçılar Teatrından tamaşadan qayıtmışam, uşaqlar yatdı, mən pultu götürmədim, istəmədim baxdığım tamaşa haqqında təəssüratlarımı başqa əhvalla köhnəldim, istədim isti-isti ovqatla yazıya köklənməyimdən bəhrələnim.

Dediklərimi sizə ünvanlayıram, Əli müəllim, baxdığım tamaşanın ssenari müəllifi Əli Əmirliyə. Qəribədir ki, yox, əslində qəribə deyil, görün sizi, bir-birimizi neçə illərdir tanıyırıq, o qədər təəssüratlar bölüşmüşük ki. İlk dəfə gəncəcik müxbir idim sizdən müsahibə almağa gəlmişdim, o zaman siz mənim indiki yaşımda idiniz və artıq imzanız, qələminiz çoxdan tanış idi oxucuya-tamaşaçıya. Əsərləriniz çap olunur, pyesləriniz bir-birinin ardınca səhnələşdirilirdi.

Sizinlə müxtəlif mövzularda həmsöhbət, müsahib, bəzən hansısa verilişdə hər ikimiz qonaq qismində, bəzən siz mənim efirdə qonağım olmusunuz, fikirlərimiz üst-üstə də düşüb, haçalanıb da. Hər bir halda sizə böyük, intellektli, dərin düşüncəli və fikirləri həmişə maraqlı olan insan kimi baxmışam.

Bu gün “MSS” tamaşanıza baxdıqca qəlbimdə sizinlə köhnə bir dostum kimi söhbət edirdim, fikirlərimiz o qədər bir-birini tamamlayırdı ki. İstər mövzu seçimində, istər o mövzunun içində incə gedişləriniz, islamla bağlı qənaətləriniz, təhsilimizə, gələcəyimizə dair narahatlığınız və çağırışlarınız ruhuma və düşüncələrimə çox yaxındır. Məncə, bu günün ziyalısının narahatlığıdır bu, siz pyes formasında büruzə vermisiniz, cəmiyyətin diqqətinə bu münvalla çatdırmısınız.

Tamaşa başlayanda bir anlıq öz orta məktəb illərimə qayıtdım, sinif yoldaşlarımla isti münasibətlərimiz, zarafatlarımız, davalarımız, sevgilərimiz, – hamısı düşdü yadıma. Müəllimlərimi xatırladım, sizin yaratdığınız o personajların hər iksindən var idi mənim də məktəb illərimdə. Pis müəllim deməyə dilim gəlmir, bilmirəm nədəndirsə, müəllim mənim üçün həmişə müqəddəs olaraq qalır. Yaxşı müəllimlərim daha çox olub. İçimi qəribə hisslər çuğladı, sevinci, kədər, kədəri narahatlıq, nə bilim daha nələri nələr əvəz elədi. İlk sinif müəlliməm anamdan tutmuş, rəhmətliklər Zəkiyyə müəlliməmi, Şəhla müəlliməni, indi köçkün məktəbdə dərs deyən ədəbiyyat müəllimim Fərhadı, yuxarı sinifdə müəllimim olan atamı, Çingiz müəllimi, Əjdər müəllimi, hətta heç sevmədiyim Tofiqə, Leyla müəllimələri xatırladım. Birini “sizin qəhrəmanlar” Sabah müəllimənin timsalında, o birini Qətibə kimi. Biri bizi övladından ayırmırdı, o, biri müəllimlər otağında anamla, yaxud atamla yaranan fikir ayrılığının “hesabını” sinifdə mənimlə çəkirdi.

Sonra özümün müəllimə işlədiyim vaxtlara uçdu xəyalım, düşünməyin ki, fikrim tamaşada olmayıb, əksinə bunların hamısı səhnədə gördüyüm hadisələr idi, məni çəkib öz yaşantılarıma və bugünkü reallığa aparıb-gətirirdi. Bir il müəllimə işlədim, 6-cı sinfin rəhbəri idim, gözəl sinif idi, uşaqların hərəsinin öz düşüncəsi, öz dünyası vardı. Hamısını çox sevirdim, onlar da məni çox sevirdilər. İnanırdım onların gələcəyinə, hətta ən zəif oxuyanı da yaxşı insan olacaqdı, buna inanırdım.

Nə yazıq ki, məktəbin mühiti bu sevgini və inamı qəbul eləmirdi. Direktorun və onun beynini öz çürük düşüncələri ilə dolduran müəllimələrin fikrincə, uşaqla müstəntiqin cani ilə rəftar etdiyi kimi davranmaq məsləhətlidir. Əks halda “uşaq adamın başına çıxar”. Mənim başıma çıxmırdı uşaqlar, ürəyimdə yerləri vardı, amma uşaqları öz davranışı ilə ürəyinə deyil, üstünə qaldıran Ceyran müəllimə onlarla mənim aramızda olan sevgini, hörməti, inamı həzm edə bilmirdi. Bir gün məni o həddə çatdırdı ki, ona cavab qaytaran şagirdə sillə vurmalı oldum, Ceyran müəllimənin günahını aldım öz çiyinlərimə o sillə ilə. İndiyə qədər o sillə yadıma düşəndə xəcalət və vicdan əzabı çəkirəm. Heç bir günahı olmayan şagird başını aşağı salıb çuğundur kimi qızardı qarşımda, kaş, ondansa mənə cavab qaytaraydı...

Söz yox sonra ancaq baxışlarımla ondan üzrxahlıq elədim, o, da başa düşdü vəziyyəti, zatən, şagird sevdiyi müəllimi həmişə başa düşür.

Ardınca hadisələr məni qızımın iki əvvəl təhsil aldığı 261 saylı məktəbə apardı. İnanın ki, Sabah müəllimə onun dil-ədəbiyyat müəlliməsi İlahənin obrazıdır, Qətibə isə riyaziyyatdan “dərs deyən” Elladadır ki durub. Beynimdən keçən bu fikri qızım qulaqlarıma pıçıldadı, “Ana, Qətibəni oynayan aktrisaya nifrət elədim, elə bil Elladanı canlandırır”-dedi. Haqlı idi qızım, Şəfəq Əliyeva özünün tam əksi olan bir obrazın öhdəsindən çox böyük məharətlə gəlir, hədsiz “nifrət qazanır” səhnədə. Hətta, sonda baş əyməyə çıxanda tamaşaçı onu alqışlamaq istəmirdi, obrazla qazandığı nifrətin sayəsində. Sabah müəlliməni isə (əməkdar artist Leyli Vəliyeva) gurultulu alqışlarla qarşıladılar, bu əslində arzuolunan müəllimin alqışlanmasıdır. Axı, hər kəsin içində bir müəllim obrazı var-Sabah müəllimə kimi.

Qızım öz siniflərini gördüyünü, hətta uşaqları bir-bir hansının kimə bənzədiyini də dedi. Nazlını isə özünə bənzətdi. Mənsə yavaş-yavaş bu günün reallığına qayıtdım, bu dəfə qızımın sinfinin, bugünkü təhsilin, məktəb mühitinin timsalında, yaşadığımız cəmiyyətin, ətrafımızdakı valideynlərin obrazında. Azdırmı, evdə də “müstəntiq” olan ana, müəlliməyə övladının oxumaması üçün rüşvət verən valideyn, ancaq pul qoparsın deyə uşağı sinifdə “hipnoz” edən müəllim? Təəssüf ki, Sabah müəllimələr azdır, barmaqla sayacaq qədər, çünki asan deyil onun kimi olmaq, ətraf Qətibələrlə boldur, qanqal qədər.

Sabah müəllimə ilə sinifdə uşaqların söhbəti isə bütöv bir insanlıq, əxlaq dərsidir, Əli müəllim, bu gün müəllimlərin aparmadığı dərsdir həm də, bu dərsə görə çox sağ olun. Məndən olsa, bu tamaşanı məktəblərdə dərs proqramına salaram, həm də müəllimlər üçün dərs proqramına. MSS-in açması Mən Səni Sevirəm deyil, MƏN Sabahı Sevirəm imiş.

O ki, qaldı tamaşaya tamaşa kimi fikir söyləməyə, ümumilikdə ovqat aşılayan tamaşadır, baxılır. Aktyorlar bir az obrazlarla müqayisədə yaşlı görünsələr də o yaşın ab-havasını yaşaya bilirlər. Qızlar daha çox yaraşır öz obrazlarına. Tamaşanın rejissoru Cənnət Səlimova da sağ olsun. Şəbnəm Hüseynova, Elnur, Eşqin Quliyev, Asya Atakişiyeva, bütün yaradıcı kollektivə bugünkü ovqata görə təşəkkürlər.

Tamaşa boyu ürəyimdə sizə dediklərimdir bunlar, bəlkə nəyisə unutdum, amma hər halda siz demək istədiklərimi də sətir altından oxuyacaqsınız. Uğurlar, siz yazın, Əli müəllim, teatrların səhnəsi boş qalmasın.

# 2962 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #