"Camaat acından arvadını boşayırdı..." - Hacıbaba Hüseynov qızına nə vəsiyyət eləmişdi?

"Camaat acından arvadını boşayırdı..."  - Hacıbaba Hüseynov  qızına nə vəsiyyət eləmişdi?
24 oktyabr 2025
# 15:40

24 oktyabr görkəmli xanəndə, şair Hacıbaba Hüseynovun anım günüdür.

Kulis.az bu münasibətlə onun həyatı, yaradıcılığı haqqında diqqətçəkən faktları və onun ifasında "Atəşim var, külüm yox" mahnısını təqdim edir.

Hacıbaba Hüseynov 15 mart 1919-cu ildə Bakıda ruhani ailəsində dünyaya gəlib.

1962–1992-ci illərdə Hacıbaba Hüseynov Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Məktəbində muğam dərsi deyib.

Nəzakət Məmmədova, Qədir Rüstəmov, Səxavət Məmmədov, Zaur Rzayev, Teymur Mustafayev, Sabir Əliyev, Bilal Əliyev, Zabit Nəbizadə və başqa tanınmış ifaçılar onun tələbələri olub.

Hələ uşaqlıqdan onun yaxşı səsi var imiş - məsciddə azan verib, növhələr oxuyurmuş.Ailəsi onun dini təhsil alıb ruhani olmasını istəyirmiş.

Hacıbabanın məktəbdən uzaqlaşmasına səbəb də nənəsinin, ata-anasının aşıladığı dinə sevgisi olub.

Bir gün onu allahsızlığa dəvət edən komsomol təşkilatı katibinin başına masanı qaldırıb çırpıb və məktəbdən qaçıb. Beləcə, Hacıbaba Hüseynovun təhsil həyatı 1933-cü ildə, 4-cü sinifdə bitib.

Onun haqqında belə rəvayət olunur ki, kiçik yaşlarında arabir dodaqaltı zümzümə etdiyinə görə atası ona atası xəbərdarlıq edib:

"Bilirəm səsin var, hərdənbir mızıldanırsan. Amma birdən çaşıb xanəndə-zad olarsan ha...”

Atası onun xanəndə olacağından narahat imiş. Əslində, təşvişə düşməsinə səbəb olmayıb, çünki o zaman Hacıbaba bu fikirdən çox uzaq olub.

Çox erkən yaşlarda itirdiyi atasının məsləhəti ilə sənət sahibi olub, bir müddət "Paris kommunası” adına zavodda tornaçı işləyib.

Onu İkinci Dünya müharibəsinə məhz çox yaxşı tornaçı olduğuna görə aparmayıblar.

O, Rast muğamının "Üşşaq", "Hüseyni", "Novruzi ravəndə" şöbələrinin ilk ifaçısı olub. Onun təşəbbüsü ilə Bayatı-Şiraz muğamının "Dilrüba" şöbəsi dərsliyə əlavə olunub.

Tornaçılıqdan aldığı məvacib yetməyəndə ailəsini dolandırmaq üçün başqa yol axtarıb. Amma yenə də xanəndə olmağı ağlından keçirməyib.

Qohumu, qarmon ifaçısı Teymur Dəmirov onu özü ilə toylara aparmağa başlayıb. Əvvəl toylara xanəndə yox, nağara ifaçısı kimi gedib. O, nağara çalmağı da məktəbsiz, müəllimsiz öyrənib.

1943-cü ildə, müharibə gedən zaman ailə həyatı qurub. Sonralar zarafatla deyirmiş:

"Camaat acından arvadını boşayırdı, mən arvad aldım".

İştirak etdiyi Bakının kənd toylarında yaxşı səsi olduğundan xəbəri olanlar xahiş ediblər ki, oxusun. O da hərdənbir bir-iki mahnı, ya da muğam ifa edib. Sonralar o günləri belə xatırlayıb deyib:

"Utanırdım, Zülfinin, Seyidin, Xanın qarşısında oxuya bilməzdim”.

Alim Qasımov da Hacıbaba Hüseynovun tələbəsi olub. Bamxayaraq ki, onun müəllimi Ağaxan Abdullayev olub, amma o, heç vaxt onun dərsində oturmaz, qaçıb Hacıbaba Hüseynovun dərsində oturarmış.

1945-ci ildə müharibə bitəndən sonra o zamanlar artıq xanəndə kimi tanınan baldızı Sara Qədimova Hacıbaba Hüseynovu görkəmli pedaqoq, tarzən Əhməd Bakıxanovla tanış edib.

O, gənc Hacıbabanı öz ansamblına işə dəvət edib. Həmin ansamblda üç il çalışıb.

Xatirələrdə Hacıbaba Hüseynov haqqında bu fikirlər qalıb ki, o, heç vaxt şan-şöhrət əsiri olmayıb. Bir də yalnız öz səsinə uyğun mahnılar ifa edib.

Aşıq Alının "Nə qaldı” mahnısını gözəl oxuyub. Amma deyirmiş: "Bu mahnı mənim üçün deyil".

"Qara tellər" mahnısını çox sevsə də, heç vaxt oxumayıb. Deyirmiş ki, onun möhürünü Bülbül vurub...

Xanəndə 1989-cu ildən xarici ölkələrə qastrol səfərlərinə başlayıb - İraq, Türkiyə, Fransa, Hollandiya, Belçika, İsveçrədə konsertlər verib.

Son səfəri iki aydan çox davam edən İran İslam Respublikasına olub.

Hacıbaba Hüseynov 1989-cu ilin martında “Əməkdar artist”, 1990-cı ilin oktyabrında isə “Xalq artisti” fəxri adları ilə təltif olunub.

Qızı Sevinc Hüseynova onun vəsiyyəti barədə deyir:

"Bir dəfə demişdi ki, dəfimi heç kimə vermə. Bir də deyirdi ki, məni Bibiheybətdə basdırarsız, çünki özü uşaqlıqdan orada İmam Museyi-Kazımın bacısı Həkimə xanımın məzarını ziyarət etməyə gedirmiş. Amma lap ölməyinə bir-iki gün qalmış dedi: "Birdən desələr ki, Fəxri Xiyabanda basdırılsın, onda eybi yoxdur, razılaşarsınız"".

Hacıbaba Hüseynov 24 oktyabr 1993-cü ildə Bakıda vəfat edib.

Heydər Əliyevin göstərişi ilə xanəndə 26 oktyabr 1993-cü ildə Birinci Fəxri Xiyabanda dəfn olunub.

# 2927 dəfə oxunub

Oxşar xəbərlər

Tanınmış aktrisa "Oskar"a namizəd göstəriləcək - "Ən yaxşı aktrisa" kateqoriyasında

Tanınmış aktrisa "Oskar"a namizəd göstəriləcək - "Ən yaxşı aktrisa" kateqoriyasında

14:00 24 oktyabr 2026
Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi

11:00 24 oktyabr 2026
2026-cı ilin ən qorxulu filmi bəlli oldu

2026-cı ilin ən qorxulu filmi bəlli oldu

10:30 24 oktyabr 2026
İlyas Əfəndiyevin  xatirəsi Bakı Bələdiyyə Teatrında yad edildi

İlyas Əfəndiyevin xatirəsi Bakı Bələdiyyə Teatrında yad edildi

18:40 23 oktyabr 2026
Filmlərin xronometrajında artım qeydə alındı

Filmlərin xronometrajında artım qeydə alındı

18:20 23 oktyabr 2026
Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olundu

Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olundu

18:00 23 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər