Ağaclarla danışan dahi - Onu niyə İslamı müdafiə etməkdə günahlandırırdılar?

Ağaclarla danışan dahi - Onu niyə İslamı müdafiə etməkdə günahlandırırdılar?
21 oktyabr 2025
# 15:30

Bu gün fransız şair, yazıçı Alfonso de Lamartinin doğum günüdür.

Kulis.az bu münasibətlə müəllif haqqında maraqlı faktları təqdim edir.



Əsl adı Alfonso Marie Luis de Prat de Lamartin olan fransız şair, yazıçı, ictimai-siyasi xadim 21 oktyabr 1790-cı ildə Fransanın Burqundiya bölgəsində yerləşən Milli kəndində doğulub.

Lamartinin 1820-ci ildə nəşr olunan "Poetik düşüncələr" kitabı fransız ədəbiyyatına yeni nəfəs gətirmişdi.

Onun bu kitabında ağılın yerini emosiya, qaydaların yerini azadlıq alırdı. Lamartinin poeziyası hislərin təntənəsi ilə fərqlənirdi.

Təbiət insanın içindəki Tanrıdır,” – o deyirdi.



O, 1816-cı ilin avqustunda Borqet gölündə gəzintidə olarkən Elvira ilə tanış olmuşdu. Evli olan Elviranın əsl adı Culia Çarlesdi. O, incə ruhlu, xəstə bir qadın idi.

Həmin görüş şairin bütün yaradıcılığını dəyişmişdi və o, bu qadına aşiq olmuşdu. Onlar qayıqla göldə gəzərkən uzun müddət söhbətləşirmişdlər və həmin gün Lamartin demişdi: “Gölün sakitliyində mən bir ömürlük səs eşitdim”.

Lamartin ən güclü şeirlərini sevgilisinin ölümündən sonra yazmışdı.

Qadın 1817-ci ildə vərəm xəstəliyindən vəfat etmişdi. Ölüm xəbərini gec alan şair sevgilisini sonuncu dəfə görə bilməmişdi.

Elviranı itirəndən sonra yazdığı “Göl” şeiri ölüm və əbədiyyətin ən poetik kəsişmələrindən biridir. Şeirin qəhrəmanı gölün sahilində dayanır, keçmiş sevgisinin xatirələrini suya danışır. Göl susur, Elvira da susur. Ancaq hər dalğa özü ilə bir xatirə gətirir.

1829-cu ildə atasının ölümü Lamartin üçün dönüş nöqtəsi oldu. “Artıq yazmaqla xilas ola bilmirəm, dəyişmək lazımdır,” – deyərək ailə malikanəsinə qayıtdı və siyasi karyeraya yönəldi.

Parlamentə namizədliyini verdi. Tezliklə seçildi. Amma deputat kreslosunda da şair kimi əyləşirdi. Hər çıxışı ədəbi natiqlik nümunəsi kimi yadda qalırdı.

1848-ci ilin fevralında Parisdə inqilab başlamışdı. Küçələrdə qəzəb, xaos hökm sürürdü. Lamartin həmin gün xalqın qabağına çıxıb, silahlı dəstələrə müraciət etdi: “Biz qanlı bayraq istəmirik!

O, xalqı üçrəngli Fransa bayrağını qəbul etməyə razı saldı və ölkəni vətəndaş müharibəsindən xilas etdi. Tarixçilər yazır ki, o, öz natiqliyi ilə bir günün içində monarxiyanı devirdi, qan tökülməsinin qarşısını aldı.

1848-ci ildə Fransa prezident seçkilərində Lamartin də namizəd olmuşdu. Lakin, demək olar, öz kampaniyasını aparmadı. “Mən xalq üçün danışıram, xalqın üstünə çıxmaq istəmirəm,” – deyirdi.

Nəticədə seçkiləri Napoleon Bonapartın qardaşı oğlu Lui-Napoleon qazandı. Lamartin isə siyasətdən uzaqlaşdı.



Lamartin 1832-ci ildə arvadı və uşaqları ilə Şərqə səyahət etdi. Misirdən başlayaraq Qüdsə qədər gəzdi, İsa Məsihin doğulduğu yeri ziyarət etdi.. “Bu sakitlikdə Tanrının nəfəsini duyuram,” – o, gündəliyində yazırdı. Həmin səfərdə şair Osmanlı əyanları ilə də görüşmüşdü. Onun “Şərqə səyahət” əsəri həmin səfərin canlı xatirələridir.

Səyahəti zamanı Lamartin Suriyadan keçərək Osmanlı idarəsində olan Livanana yollanmışdı. Beyrutda yerli ziyalılarla görüşüb, ərəb dilini öyrənməyə başlamışdı. O, Şərqin qonaqpərvərliyinə valeh olmuşdu. “Onlar az danışır, amma çox şey hiss edirlər,” – deyirdi. Parisə qayıdanda özü ilə təsbeh və ərəb qrammatikası kitabı aparmışdı.

1854-cü ildə Lamartin “Türkiyənin tarixi" adlı üçcildlik əsərini nəşr etdirdi. Bu kitabda o, Məhəmməd peyğəmbərin həyatını yüksək ehtiramla təsvir edir, yazırdı ki, “heç kim o qədər böyük məqsədlərlə doğulmayıb və heç kim bu qədər uğurla yaşamayıb”. Bu fikirlər Avropada böyük rezonans doğurdu. Bəziləri onu İslamı “müdafiə etməkdə” günahlandırırdı.



Lamartin ömrünün son illərində kasıblıq içində yaşamışdı. Borclarını ödəmək üçün evini, kitablarını, hətta şəxsi əşyalarını satırdı. Buna baxmayaraq, “əgər dünyada heç nəyim qalmasa, sözlərim mənim evim olacaq,” – deyirdi. .

Lamartin ömrünün son illərini Saint-Point kəndində keçirdi. Yenə də gündəliklər, xatirələr, məqalələr yazırdı. Kənd sakinləri onu hər səhər bağında gəzən, ağaclara salam verən bir qoca kimi xatırlayırdılar.

Deyirdilər ki, o, hər ağacın yanında dayanıb, bircə cümlə pıçıldayarmış. “Mənim dostlarım danışmır, amma məni anlayırlar”.






Lamartin həyatının bir dövründə teatr əsəri yazmağa cəhd etmişdi. Amma əsər tamaşaya qoyulanda tamaşaçılar siyasi məzmununa görə salondan çıxmışdılar.

O, həmin vaxt demişdi: “Bəzən həqiqət səhnəyə çıxanda tamaşa bitir”.

Lamartin 28 fevral 1869-cu ildə Saint-Pointdə vəfat etdi. Onun son sözləri bu idi: “İşıq sönmür, sadəcə dəyişir”.


# 173 dəfə oxunub

Oxşar xəbərlər

"Yazmaq mənim üçün dua etməyin bir formasıdır" - Frans Kafka haqqında maraqlı faktlar

"Yazmaq mənim üçün dua etməyin bir formasıdır" - Frans Kafka haqqında maraqlı faktlar

17:00 20 oktyabr 2025
Artür Rembo nə üçün Tanrı ilə bağlı şeirləri “şər” adlandırırdı?

Artür Rembo nə üçün Tanrı ilə bağlı şeirləri “şər” adlandırırdı?

15:50 20 oktyabr 2025
Şərq intibahı: Doğrular və Yalanlar  - Aydın Talıbzadədən yeni ARAŞDIRMA

Şərq intibahı: Doğrular və Yalanlar - Aydın Talıbzadədən yeni ARAŞDIRMA

12:00 19 oktyabr 2025
Xose Orteqa-i-Qassetə görə ağıllı və axmaq  arasındakı əsas fərq

Xose Orteqa-i-Qassetə görə ağıllı və axmaq arasındakı əsas fərq

15:00 18 oktyabr 2025
"Tez işlə, Luka..." - Fırça ilə sürətlə işləyən barokko rəssamı

"Tez işlə, Luka..." - Fırça ilə sürətlə işləyən barokko rəssamı

12:30 18 oktyabr 2025
“Faşizm qadın və kişi arasındakı münasibətdə başlayır…” - İngeborq Baxman

“Faşizm qadın və kişi arasındakı münasibətdə başlayır…” - İngeborq Baxman

18:10 17 oktyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər