Qəbiristanlıqdan qorxan qız - Yeni hekayə

Qəbiristanlıqdan qorxan qız - Yeni hekayə
27 avqust 2021
# 14:59

Kulis.az Orxan Cuvarlının "Gül yaddaşı" hekayəsini təqdim edir.

Fərəh işdən icazə alıb çıxanda nahardan bir az keçmişdi. Pillələri enə-enə əynini səliqəyə salmağa çalışırdı. Birinci mərtəbədəki xırda güzgünün önündə özünə xeyli müddət tamaşa etdi. Güzgüdəki nazik çat əksindəki alnını ikiyə bölmüşdü. Qumral saçlarını ani hərəkətlə plaşının üstünə atdı, kiçik toxunuşlarla buruqlarını sağa-sola yellədi. Bunlar hər iş çıxışında adət etdiyi hərəkətlər idi. Küçəyə çıxanda qəhvəyi plaşının önünü bərk-bərk bağladı. Çətirini açmadı - gecədən yağan yağış yeni səngimişdi. Ona elə gəldi ki, yağış küçənin, asfaltın, səkilərin, skamyaların, yelləncəklərin də yorğunluğunu yuyub aparıb. Məhəllə gündəlik qayğılarından, əndişələrindən, insan basırığından arınıb, dupduru olub. Həmişə məhəlləni başına alan uşaqların çığır-bağırı da sanki yağışla birgə harasa hopmuş, yoxa çıxmışdı.

Dar məhəllədən geniş prospektə çıxanda şəhərin səs-küyü, insan hənirtisi bayaqkı səssizliyi pozdu. Bugünkü hava onu təəccübləndirmədi. Dünən taksi ilə evə qayıdanda radioda havanın temperaturunun 5-8 dərəcə aşağı enəcəyini, yağış yağacağını eşitmişdi. Diktor qızın quru səsini dinləyə-dinləyə sabahkı mənzərəni beynində canlandırmağa çalışırdı. Düşünürdü ki, sabah yenə maşınlar şosedə şütüyəcək, avtobuslar, metro basabas olacaq, sərnişinlər dayanacaqlara doluşacaq, yeriyən çətirlər artacaq, taksi şirkətləri yüksək tələbat və tıxaca görə tarifi dəyişəcək, adamlar xəzəlləri əzə-əzə işə, evə, görüşə - qeyri bir yerə tələsəcək. Bunları xəyal edə-edə getdiyi yuxunun ardından işə ən gözəl ovqatı ilə gəlmişdi. Payızın şəhərə gətirdiyi çiskinli görkəmi ilk dəfəydi belə dərindən hiss edirdi. Payızın gəlişini həm də gündəlik vərdişlərin dəyişməsindən anlamaq mümkün idi. Havalar yavaş-yavaş soyumağa başlayanda yayda adət etdiyi səhərlər çimib evdən çıxmaqlar yerini xəstələnmək təlaşıyla axşamdan çimməklərə buraxdıqca başa düşürdü ki, bir yay da belə getdi, payız, qış qapını kəsib. Nə qədər ehtiyatlı davransa da, soyuqlamaqdan yaxasını qurtara bilmədi. İşdən də mədəsindəki dözülməz ağrılara görə icazə aldı.

Prospekt uzunu gedə-gedə, ağacların sarılığına, yağışlı şoseyə, xəzəlli səkiyə, gölməçələrdəki suyu səkidəki piyadalara sıçratmamaq üçün ciddi cəhd göstərən sürücülərə baxa-baxa mədəsindəki küt ağrını da artıq unutmuşdu. Yağışlı günlərdə vərdiş etdiyi belə gəzintilərdə anlayırdı ki, insan hiss etdiyi qədər var, düşündükləri qədər mövcuddur. Hissiyatının, düşüncələrinin sərhədləri sənin mənanı, qayəni, varlığını da bir çərçivəyə salır, qəlibləşdirir. Hərdən bu düşüncələrin başlanğıc nöqtəsini müəyyənləşdirmək onun üçün heç də asan məsələ deyildi.

Uzun siqnal səsi onu fikirlərindən ayırdı. İşıqfor dirəyinin altında yaş asfaltda şütüyən maşınlara diqqət kəsildi. Bir xeyli gözünü sərnişin dolu qırmızı avtobusdan çəkə bilmədi. Arxa sıraların birində əyləşmiş toppuş uşaq nəfəsini pəncərəyə verib barmağı ilə müxtəlif cizgilər çəkirdi. Az sonra bütün maşınlar irəli cummağa hazır vəziyyətdə qırmızı işıqda dayanmışdı. Fərəh piyada keçidində tək addımlamırdı - yolu keçməkdə çətinlik çəkən ahıl kişinin qoluna girmişdi. Ehtiyatlı, təmkinli addımları həmahəng idi.

- Ömrün uzun olsun, qızım.

Təşəkkürə gülümsəmə ilə qarşılıq verdi. Qocalıq barədə düşüncələr ona həmişə dəhşətli görünürdü. Özünü heç vaxt heysiz, əldən düşmüş qarı kimi təsəvvür edə bilmirdi. Beyni o qədər qarışmışdı ki, bir fikri qoyub, digərinə keçirdi. Yolboyu yarımçıq qalan işlərini çək-çevir elədi. Müdir dəyişəndən sonra səhər “letuçka”ları olan-qalan enerjisini də sovururdu. Hər səhər kollektivlə bənzər söhbətlər, məzmunsuz motivasiya çıxışları, işgüzar səfərlər, kooperativ qeybətlər, süni gərginliklər, arada söz aparıb gətirənlər, təzə müdirin gözünə girmək üçün sinov gedən, növbədə duran iş yoldaşları əlini-ayağını işdən təmiz soyutmuşdu. Arada nahar fasiləsində yeməkdən sonra gözlərini yumub azca mürgüləmək, gözünün acısını almaq istəyirdi. Belə anlarda istəmədən qıraq-bucaqda olan söhbətlərə qulaq müsafiri olurdu. Məsələn, öyrənirdi ki, filankəsin maaşı nə qədərdir, bəhmənkəs necə olur ki, işə düzələn kimi müdirlə aşna olur, sən demə, xadimə qadın otaqdakı “ən təhlükəli casus” imiş, işə təzə düzələn sısqa oğlanı əslində kim tapşırıb, mühasibatlıqdakı cavan gəlin niyə müdirin otağından çıxmaq bilmir.

- Həə, həə. O gün hələ bizim bu Kamran görüb ki, otaqdan yaxasını bağlaya-bağlaya çıxır.

- Bıyy, ciyərin yansın, qız. Bəs bunun kor qalmış əri hara baxır?

- Əşi, hansı ər? İndiki gəlinlər lap həyasız olublar. Subayların adı çıxıb elə. Evlilər lap göz verib, işıq vermirlər.

- Bəs, öyrən də bunları, ay bacı. On ildir eyni ştatda qalmısan. Ha-ha-ha. Müştərək pıqqıldaşma otağın pəncərələrini silkələdi.

- Ştat demişkən, o cüllüt gədə gələn kimi necə ştata düşdü?

- O, ayrı məsələdir. - Kamran otağın o başında çeçələ və baş barmağını telefon kimi qulağına tutmuşdu.

- Sən Allah?! Sən bizim uşağa bax e, vid-fasonuna baxsan, heç bir zənglə işə düzələsi adama oxşatmarsan.

- Kamran deyir ki, o gün hələ iş qrafikindən şikayət edirmiş.

Fərəh söhbətin bu yerində bir gözünü azca aralamışdı. Söhbətin gedişatından hiss olunurdu ki, Kamran ofisin ən məhrəm məsələlərindən halidir, işdəki gündəmin nəbzini o tutur, qeybətlərə o yön verir.

- Yox a?! - bayaqdan kompyuterdə nəsə döyəcləyən digər bir iş yoldaşının təəccübdən alnı qırışdı.

- Bəs necə! Deyən lazımdı ki, ay anqut, sən bəyəm ağız-burun bəhəm eləmisən ki, bu qədər stajlı işçi dura-dura narazılıq edirsən?

Bu söhbətlərin məzmunu hər keçən gün daha da iyrəncləşirdi. Fərəh hər nə qədər özünü eşitməzliyə vursa da, pörtürdü, üzü qızarırdı. Hərdən bu qeybətlərə heç anlam verə bilmirdi. Yəni, doğrudan da, insanlar üçün başqalarının şəxsi həyatı, şəxsi istəkləri, həyat tərzləri bu qədər maraqlıdır?! İş yoldaşlarının bir-birinin yanına basa-basa, xüsusi maraqla danışdığı, dinlədiyi hər şey onda ikrah yaradırdı.

Boğazının quruduğunu hiss edib marketə girdi. Böyük marketlərdən zəhləsi gedirdi, onların kapitalizmin insanlar arasında yaratdığı ən dərin uçurum olduğunu düşünürdü. Boğazındakı qıcıq dözülməz olmasa heç girməzdi də. İçəri girən kimi yenə o sıxıcı ab-hava ürəyinin dərinliklərinə qədər işlədi. Vitrinlərin gözoxşayan səliqəsi onu yorurdu. Çeşid-çeşid meyvələr, fərqli bölmələr, sağa-sola tələsən işçilər, əlindəki zənbili yellədə-yellədə gəzən adamlar bir anlıq fikrini yayındırdı. Zənbil və arabaların içi əsl maddiyyat güzgüsü idi. Dolu zənbillə, arabayla gəzənlər sanki şəstlə yeriyir, üzündəki yersiz irişməylə arabir razı-razı sağa-sola baxırdılar. Boş, yarım zənbillə gəzənlər sanki utanırdı, alınlarında puçur-puçur tər girməyə deşik axtarırdılar. Tələsik içki bölməsini tapıb şüşə butulkada su götürdü. Marketin ən xoşu gəlməyən hissəsi kassa idi. Məhsulları aparata oxudandan sonra gələn dözülməz ritmik səslər, çek aparatının cızıltısı, kassadakı növbədən boylanan nigaran baxışlar, kassir və paketçinin yorğun üzü onu hövsələdən çıxarırdı. Növbəsi çatanda qəpikləri möhkəm-möhkəm kassir qızın ovcuna sıxıb çeki gözləmədən çölə çıxdı. Təmiz havanı ciyər dolusu içinə çəkdi, sudan bir qurtum aldı.

Birdən göy üzünə baxanda ona elə gəldi ki, yağış da göylərin göz yaşıdır. Adamlar sayağı göy üzü də hərdən doluxsunur, nəyisə ürəyinə salır, dözür, səbr edir, amma birdən bacarmır, dodaqları səyirir, hönkürür, burnunu çəkə-çəkə doyunca ağlayır, hıçqıra-hıçqıra ürəyini boşaldır. İndi - yağışdan sonra, axşamçağına doğru göyün üzü həlim, qayğısız, nəhayətsiz görünürdü. Buludlar gülüş kimi apaydın səmanın dodağına qonmuşdu, göy sanki ürəyini boşaltmışdı, arın-arxayın idi. Arabir dəniz tərəfdən gələn külək sanki çox-çox uzaqlardan, Xəzərin o tayından ya da kim bilir, okeanın o biri üzündən göy üzünün ürək sözlərini, gileylərini ağacların ikibir-üçbir sapsarı yarpaqlarına, yerdəki xəzəllərə pıçıldayırdı. Bu külək təkcə söz gətirmirdi, dənizin, yosunların, balıqların, neftin xəfif qoxusunu, okeanın o tayındakı insanların gündəlik qayğılarını, həyəcanlarını, hənirtisini narın-narın Fərəhin üzünə çiləyirdi.

Badamdar dairəsinə çatanda Fərəhi ilk qarşılayan kabab qoxusu oldu. Xeyli müddət ətrafını müşahidə etdi. Yan-yana düzülmüş restoranları, manqallardan çıxan tüstünü süzdü. Onların qapılarına, adlarının yazıldığı lövhələrə göz gəzdirdi. Onlardan birinin düz yanında "BAŞDAŞI SİFARİŞLƏRİ QƏBUL OLUNUR!" elanı vurulmuşdu. Elanın yanında nümunə kimi bir neçə başdaşı şəkli asılı idi. “Xeyirlə Şər qardaşdır”, - dodaqaltı gülümsündü.

Evlərinin çox da uzağında olmayan bu mənzərəyə nabələd deyildi. Amma hər səfərində təəccübünü, təəssüfünü gizlədə bilmirdi. Bayaqdan gözünü zillədiyi qırmızı nöqtəyə doğru addımlamağa başladı. Qəbiristanlığın taybatay qapılarının qabağında əyləşən gülsatan qadına yaxınlaşıb yaxınlaşmamaqda həftələrdir tərəddüd edirdi. Yaxınlaşıb nə desin? Bağışlayın, qərənfilləriniz neçəyədir? Ya da üzrlü sayın, gül almaq olar? Yox, yox, bu lap uşaq işi olardı. Deyəcək ki, əlbəttə olar, pulunu ver, al. Gülsatan qadın qara kəlağayasının ucunu ağzına sipər etmişdi. Hərdən Fərəhə elə gəlirdi ki, bu kəlağayı qadına pərçimlənib, həmişə onun başında, xəlvəti yerlərdə çiyinlərində olur. Özü də məhz bu sayaq - bir ucu ağzını örtmüş qaydada. Təkcə gözlərini görə bilirdi. Parıltısız, əlamətsiz, sönük bir cüt göz sanki dərin bir quyunun dibi idi, işıqsız, ümidsiz görünürdü.

- Bağışlayın, mən... Mən qərənfil istəyirdim.

Qadın dəstədəki qərənfillərdən birini ona uzatdı.

- Neçəyədir?

- Heç neçəyə, qızım.

Fərəh hər dəfə onu müşahidə etsə də səsini heç belə güman etməmişdi. Həmişə heysiz, zəif bir səs eşidəcəyini düşünürdü. Amma qadının səsi gümrah, cingiltili idi. Gülü isə pulsuz götürmək niyyətində deyildi.

- Yox, yox. Axı belə olmaz.

- Götür, qızım. Çoxdandır fikir verirəm, buralardan tez-tez keçirsən.

- Hə, evim bir az aşağıdadır - Fərəh əlini binalarına sarı uzatdı.

Sözləri tükənmişdi sanki. Həmişə ağlına gələn bir yığın sual, maraqlar birdən-birə qeybə çəkilmişdi. Hərəkətlərinin şübhəli, qəribə göründüyünün fərqində idi. Bundan özü də narahat olurdu, hər halda heç kimin vaxtını almaq fikrində deyildi.

- Bəlkə də sizə qəribə görünür. Ancaq mən hər buradan keçəndə sizi görürəm. Yağışlı, qarlı havalarda da, istilər düşəndə də həmişə burada olursunuz. Hər dəfə sizə yaxınlaşmaq, hal-əhval tutmaq istəyirəm, amma çəkinirəm.

- Çəkinmə qızım, çəkinmə. Gəl, otur. Gülsatan qadın əlini karton sərdiyi səkiyə vura-vura onu oturmağa dəvət etdi.

Fərəh dəvəti geri çevirməyib əyləşdi, əlində tutduğu qərənfili dizlərinə qoydu. İndi çiyin-çiyinə idilər.

- İslanmadınız ki? - bunu qadının qupquru tellərinə baxıb gizləyə bilmədiyi maraqla soruşdu. Ətrafında çətir də gözə dəymirdi. Gecədən başlayan yağışda islanmamaq mümkünsüz idi.

- Yox, ay qızım. Bir az olar gəlmişəm. Mənim yelim var, bu havalar mənə əvvəlcədən əyan olur - dizlərini sığallaya-sığallaya göstərdi. Elə bil canındakı hov, sızıltı hər tumarda bir az da dağılırdı.

Kəlağayısını ağzından çəkdi. Sanki söhbətin məhrəmliyini, yaxınlıqlarını o da anlamışdı və aralarındakı tək maneəyə - kəlağayının ucuna artıq ehtiyac duymurdu. Fərəh onun görkəmini də heç belə xəyal etməmişdi. Yanaqlarından qan damırdı. Gözlərinin ətrafındakı qırışlardan yaşını təxmin etmək mümkün idi. Fəqət gözləri çox kədərli görünürdü. Təkcə gözlərinə baxıb ömrünün dolaylarını, uzun illərinin gileyini, ağrılarını, qorxularını, yaşantılarını yəqin etmək, ürəkdən duymaq olardı.

- Çoxdan burada işləyirsiniz? - Fərəh beynində dolanan suallardan birini verdi.

- İki il olar. Mən uşaq vaxtı qəbiristanlıqdan qorxduğum qədər heç nədən qorxmamışam. Heç ağlıma gəlməzdi ki, bir gün mənə qorxunc görünən şeylər belə adiləşəcək.

- Bilirsiniz, mən də qorxurdum, indi də qorxuram. Məni babam böyüdüb. Dəcəllik edəndə belə şeylərlə qorxudurdu. Ona görə də heç vaxt yaxınlarımın məzarını ziyarət etməyə tək gedə bilməmişəm. Elə bilirəm ki, arxadan kimsə qollarımdan tutacaq, yerə yıxacaq.

Doğrudan da elə idi. Fərəh üçün qara bayramlarda olan qəbirüstü ziyarətləri qorxulu bir adətə çevrilmişdi. Nə qədər çox adamla getsələr də, uşaqlıqdan qalma xofundan xilas ola bilmirdi. Başdaşıları ilə üz-üzə duranda ürəyi ağzına gəlirdi. Belə anlarda elə zənn edirdi ki, bərabərində gedən kimsə ürəyinin döyüntülərini lap aydın eşidir. Həmişə gözlərini başdaşı şəkillərindən qaçırmağa çalışırdı. Hərdən elə düşünürdü ki, bir az da o donuq sifətlərə baxsa şəkildəki kəs hərəkətə gələcək: ya gülümsünəcək, ya qəşş edəcək, ya acıqlanacaq, ya üz-gözünü turşudacaq, ya da qeyri bir şey... Bu qorxu ürəyini sıxcalayırdı. İndi yanbayan oturduqları bu yaş səkidə, tanımadığı, amma ona izahsız dərəcədə doğma gələn gülsatan qadınla danışdıqca bütün o həyəcanların, gərginliklərin gilə-gilə canından çıxdığını hiss edir, yüngülləşirdi.

Hər ikisi uğultulu izdihama sarı qanrıldılar. Uzaqdan bir yığın insan qaraltısı onlara yaxınlaşırdı. Fərəh tez-tez növbələşən, çiyinlərini dəmir mafəyə verən adamları güclə seçdi. Ən qabaqda molla gəlirdi - əlində təsbeh, başıaşağı, zabitəli simada idi. Mollanın sağ tərəfindəki yeniyetmə mərhumun şəklini tutmuşdu - ölən cavan idi, kim bilir hansı arzu, kamları ürəyində qalmışdı... İzdiham yanlarından ötüb keçdi, uğultu qəbiristanlığın aşağılarına qədər davam etdi, qırıq-qırıq, hərf-hərf eşidilməz oldu.

- Yenə qorxdun deyəsən. Gülsatan qadın canıyananlıqla, bir az da ehtiyatla əlini Fərəhin saçlarına uzatdı. Doğrudan da, bənizi saralmışdı.

- Yaxşıyam, yaxşıyam.

- Mən adət etmişəm, qızım. Gündə neçə belə tabut keçir yanımdan. Əvvəl-əvvəl məni də ürküdürdü.

- Çoxdan qərənfil satırsınız?

- Siftə qızılgül satırdım. Vağzal tərəfdəki parkda idim, yaxşı da qazanırdım. Mən müəlliməyəm, qızım. Pensiyaya çıxmışam. O vaxt oğluma rayonda yatmışdım. Yoldaşım bizi görməyə gələndə qəzaya düşdü, cavan yaşımda dul qaldım. O qədər əldən düşdüm ki, körpə balam qırxı çıxmamış tələf oldu. Kəlağayını yenə üzünə çəkdi. Bu dəfə göz yaşlarını silmək üçün. Sonra iş elə gətirdi ki, şəhərə köçdüm. Uzun illər burada işlədim, başımı məktəblə, dərslə qatdım, şagirdlərimi övlad bildim, heç incitmədim, güldən ağır söz demədim.

Fərəh söhbətin axarından çox təsirlənmişdi. Əllərini onun dizlərinə qoymuşdu: yəni ki, tək deyilsən, dərdinə, ağrılarına şərikəm. Hərdən sadəcə bir nəvazişli toxunuş, bir mənalı baxış, bir möhkəm qucaqlama min kəlmədən təsirli olur.

- Sonra yaşım gəldi, pensiyaya çıxdım. Pensiyam görmür məni, arada dizlərimdə təpər tapıb gül satıram. Hə, deyirəm axı, mən əvvəl qızılgül satırdım.

Hər ikisi bu qəribə təzadı - qızılgüldən qərənfilə, sevgidən ölümə dəyişən incə xətti hiss etdilər.

- Sonra?

- Yaxşı da qazanırdım. Cavan-cavan uşaqlar olurdu, baxırdın ki, həvəslə yaxınlaşırlar, alırlar. Bir dəfə evə qayıdanda bir dəstə qızılgülü zibil qutusunda gördüm. Sarıdığım iplərindən tanıdım, mən satan idi. Desəm inanmazsan ki, necə qəlbimə toxundu. O gündən özümə söz verdim ki, qızılgül satmayacam.

Qəbiristanlıq tərəfdən arıq, uzun oğlan qaça-qaça onlara yaxınlaşdı. Bayaqkı izdihamda şəkli tutan oğlan idi. Əlindəki üç əzik, sarı beşliyi ona uzatdı, olan-qalan bütün qərənfilləri sinəsinə yığıb gəldiyi istiqamətə tərəf qayıtmaq istəyirdi.

- Ay oğul, bir ayaq saxla. Nəyindir ölən?

- Əmimdir, xala. - tövşüyə-tövşüyə cavab verdi. Cavabından da hiss olunurdu ki, tələsir.

- Allah rəhmət eləsin, ay bala. Cavan imiş deyəsən.

- Ölənlərinizə rəhmət. Hə, 40 yaşı olacaqdı.

- Bəs nədən ölüb?

- Yatıb oyanmadı.

Gülsatan qadın əllərini dizlərinə çırpıb heyfsləndi. Oğlan gəldiyi sürətlə geri götürülmüşdü. Fərəh bayaqdan susqun idi. Gülsatan qadının hekayəsi ona yaman dəymişdi. Qəhərini udub sükutu pozdu:

- Deməli, ona görə qərənfil satmağa keçdiniz.

- Hə, qızım. Gördüm ki, qızılgülün tikanı hərdən necəsə adamın özünə də bata bilir. Qərənfildən başqa hamısı alayı söhbətdir. Qərənfili alan ürəyinin dərdindən, fərəhsizliyindən, ağrı-acısını azaltmaq istədiyindən alır. Gül var ki, sevincini artırır, gül də var ki, dərdini azaldır. Mən insanların dərdini azaltmağı üstün tuturam.

Bir azdan tanış uğultu yenə yaxınlaşmağa başladı. Bayaqkı izdiham eyni qaydada onlara tərəf gəlirdi, səslər lap aydın eşidilirdi. Boğuq, ağlamsınan sifətlər həyatın faniliyindən, ölümün qaşla göz arasında olmağından, yaşa baxmamağından danışırdılar. Axın uzaqlaşdı, gileyləri, ölüm haqqında müzakirələri lap uzaqdan eşidildi, qəfil yoxa çıxdı.

- Mən tez-tez yolumu burdan salıram. Daha yaxşı bir dost qazanmışam. Fərəh bunu deyib gülsatan qadına sarıldı. Onu illərin tanışı kimi hiss edirdi. O da eyni mehribanlıqla Fərəhin çiyinlərini qucaqlamışdı.

- Gözüm üstə yerin var, qızım. Həmişə gəl.

Gülsatan qadın gözdən itənə qədər arxasınca baxdı. İndi anladı ki, heç adını soruşmaq ağlına gəlmədi. “Əşi, nə fərqi? Gələn dəfə soruşaram”, - ürəyində düşündü. Butulkadakı suyu tam başına çəkib zibil qutusuna atdı. Uzun müddət çək-çevir edəndən sonra qəbiristanlığa girdi. Xeyli tərəddüddə olsa da sakit-sakit addımlamağa başladı. Başdaşları nizamlı ordu kimi aşağılara doğru uzanıb gedirdi. Bayaq marketdə düşündüyü yenə ağlına gəldi: sanki məzarlar da maddiyyat güzgüsü idi: bəziləri həddən artıq baxımsız, bəziləri lazımından çox dəbdəbəli görünürdü. Bunu heç vaxt qəbul edə bilmirdi. Axı öləndən sonra bütün bu həngamələr nəyə lazımdır? Əgər səni bu dünyada xatırladacaq bir düzgün əməlin, savabların yoxdursa, bahalı başdaşın kimə lazımdır?!

Fərəhin heç ağlına da gəlməzdi ki, günlərin birində qəbiristanlıqda tək gəzər, gəzmək bir yana, başdaşlarını ölçüb-biçər, qiymətlərini müqayisə edər. Hələ də ürəyindəki izahsız asudəliyə ad qoya bilmirdi. Gülsatan qadının danışdıqlarından sonra ölüm də, ölülər də gözünə əvvəlki kimi görünmürdü. Bir xeyli qəbir daşlarının üstünü oxudu, ölənlərin təvəllüdlərinə, ölüm tarixlərinə baxdı, qeyri-ixtiyari yaşlarını hesabladı. Gözü yeni dəfn olunmuş yeri aldı, bayaq yeniyetmənin sinəsinə sıxdığı şəkillə göz-gözə gəldi. Torpağın üstünə yaşıl sətin parça sərilmişdi. Qərənfillər xüsusi bir səliqə ilə parçanın ətrafı boyunca düzülmüşdü. Fərəh gülsatan qadının ona verdiyi qərənfili də o cərgəyə qoydu.

Şəhər tərəfdən gələn külək Fərəhin saçlarını dağıtdı. Birdən ona elə gəldi ki, bu külək çox-çox uzaqlardan, Xəzərin o tayından, ya da okeanın o biri üzündən yox, hansısa özgə, naməlum bir dünyadan əsdi.

Kazan / mart-aprel 2021

# 5929 dəfə oxunub

Oxşar xəbərlər

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

Bizə belə “Dədə Qorqud” lazımdırmı? – Nadir Yalçın

17:00 19 noyabr 2024
"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

15:00 19 noyabr 2024
"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
# # #