"Ölü nağıl" - Nihat Pirin yeni hekayəsi

Nihat Pir

Nihat Pir

14 mart 2023
# 09:00

Kulis.az "Hekayə müzakirəsi" layihəsindən Nihat Pirin “Ölü nağıl” adlı yeni hekayəsini təqdim edir.

...alma çiçəklərinin fəsliydi,
axşamdı,
leysandan sonra göy üzü mas-maviydi –
mənə öləcəyimi dedilər.

Hədiyyə Şəfaqət

Nə oldusa, bircə gecənin içində oldu. Səhər obaşdan kəndin hər dəngəsində toz-toza qarışdı, səs-səsə. Dəhrə ilə gələn kim, yaba ilə gələn kim, eləcə əliyalın gəlib “Onu öz əllərimlə didib öldürəcəyəm” deyən kim… Elə bil bütün kənd camaatı gecə ikən sözü bir yerə qoyub qərar vermişdi. Günahkarın yalnız və yalnız o adam olduğunu qətiləşdirmişdi…

***

Qərib gözlərini həkimin ayaqlarına zilləyib barmaqlarının ucuyla yanındakı oturacağın parça üzlüyünü didişdirir, hərdənbir həkimin gözlərinə baxır, dərhal da qaçırırdı. Bəlkə də, bütün bu danışıqların yekunu kimi “Öləcəksən!” həqiqətini təzədən həkimin gözlərində görməkdən qorxurdu.

– Xəstəliyiniz çox irəliləyib. Həm də çox! – həkim Mustafa Namazov danışa-danışa resepti yazır, arabir eynəyin altından Qəribi süzürdü, – amma bu dərmanları mütəmadi qəbul eləməyiniz yaxşıdır. Ən azından, ağrılanız azalar. Çox olur ağrı?

Qərib hələ də gözlərini həkimin ayaqlarından çəkməmişdi.

– Sizi başa düşürəm, amma keçən dəfə də dediyim kimi, mütləq şüa qəbul eləməlisiniz. İranda. Bura tanış bir həkimin ünvanını da yazıram, adımı versəniz, hörmət də edər. Ərdəbildədir. Bundan əlavə, tez bir zamanda siqareti də tərgitməlisiniz. İndi sizin üçün hər bir siqaret... – həkim sözlərini tamamlamamış Qəribi öskürək tutdu. Tez şalvarının ciblərini eşələyib qırışmış dəsmalı tapar-tapmaz ağzına tutdu. Həkim Namazov kreslodan qalxıb Qəribə yaxınlaşana qədər Qərib dizləri üstə çöküb ikiqat vəziyyətdə boğuq səslər çıxarmağa başladı. Namazov “Bax buna görə deyirəm də” – deyərək qollarından yapışıb onu qaldırdı. Stula otuzdurub köynəyinin yaxasını açdı. Ardınca özü də yanında oturdu.

– Kimin-kimsən yoxdurmu, ay ağsaqqal?

Qırışmış dəsmalla alnının tərini silən Qərib güclə eşidiləcək səslə cavab verdi:

– Üç oğlum var, – dərin və xırıltılı nəfəsin arasından ox kimi süzülən fikir, az qala, otağın pəncərələrini titrətdi, – işləmirlər! – Qəribin boğuq səsində məyusluqdan daha çox qətilik hiss olunurdu. Bu, bir növ, bugünkü çıxılmaz vəziyyətdə özünün daha çox payının olmasının təsdiqi idi.

“Vaxtında oxudaydın, indi sənə dayaq olardılar!”

– Heç biri? Niyə? – Namazov tələsik verdiyi suallardan peşman oldu. Hətta yaratdığı bu gərəksiz müstəntiq obrazından utandı da.

– Ortancılla balaca oğlum qəbir daşı düzəldirlər, – əliylə havada qəbir daşını göstərməyə çalışdı, – fəhləlikdir. Qəpik-quruş... Siqaretlərinə zornan çatır, – öskürək hələ də Qəribin yaxasını buraxmamışdı. Hər öskürək sonrası qollarını sinəsinin üstündə çarpazlayıb dizlərinə sarı bükülür, pörtmüş sifətini həkimdən gizlətməyə çalışırdı.

– Bəs böyük? – Namazov əliylə onun kürəyinə toxundu. Tər-su içində idi.

– Türmədə olub iki il. İpə-ilmağa gəlmir indi, – dəsmalı ovcunun içərisində büküb təzədən alnının tərini sildi. Sonra onu Namazovdan gizlədirmiş şəklində tez-bazar cibinə basdı.

Mustafa Namazov alnını ovuşdura-ovuşdura nəsə fikirləşirdi. Əslində, deyəcək çox söz vardı, amma bilirdi ki, indiki vəziyyətdə bu sözlər heç nəyi dəyişən deyil. Boğazını arıtlayıb nəsə demək istəyirdi ki, Qərib qəfləti hərəkətlə ayağa qalxdı, resepti götürüb qapıya sarı getdi və ardından “Sağ olun, həkim” deyib otaqdan çıxdı.

Uzun müddət çörək zavodunda işləyən Qərib on ilə yaxındır ki, işsizdir. Arvadı öləndən sonra bir müddət əli heç nəyə yapışmadı, həyatdan küsdü. Və nəticədə işindən də oldu. Ondan sonra isə bir-iki yerdə fəhlə işləsə də, canı imkan vermədi.

Üç oğul böyütmüşdü Qərib. Amma onların da taleyi özününkündən o yana deyildi. Böyük oğlu Malik dostu ilə mağaza yaranda tutuldu. Dostunu pul hesabına qurtarsalar da, Qərib oğlu üçün heç nə edə bilmədi. Türmədən çıxandan sonra isə oğlu ilə arası heç düzəlmədi. Hər şeyin günahını Qəribdə görən Malik hər fürsətdə bunu onun üzünə vururdu. Hətta son zamanlar evə belə gəlmirdi. Qınamaq da olmurdu, əslində. Onun da həyatı puç olmuşdu...

Ortancıl oğlu Tural bacarıqlıdır, yaxşı əl qabiliyyəti var. Ona görə də elə doqquzuncu sinifdən çıxıb qonşu Fərman kişinin rayon mərkəzindəki qəbir daşı sexində işləməyə başladı. Bir az keçdi, balaca oğlan da məktəbi atıb ona qoşuldu. Qəribinsə “məktəbi atma” deməyə cəsarəti çatmadı. Bilirdi ki, uşağın əyin-başı yoxdur.

Əl-ələ verən qardaşlar öz kəndlərinin qəbir daşı işlərini boyunlarına götürmüşdü. Nə qədər qəribə səslənsə də, kənddəki hər ölüm xəbəri onları sevindirir, siqaretpulu mesajını verirdi. Qəribin xəstəliyə tutulmasından sonra isə sevincə bir də dərd qılafında dərmanpulu şərik oldu. Dərmanların da ki qiyməti dil-dodaq yandırırdı.

Həyət qapısı aralı idi. “Yəqin, uşaqlar tez gəlib” fikirləşən Qərib həyətə girən kimi Turalı çağırmağa başladı. Amma gələn Malik imiş. Böyük oğlu. Pilləkəndə rastlaşdılar.

– Hardaydın, a bala?! – Qərib ayaqqabılarını çıxara-çıxara soruşdu. Malik dillənmədi, – bu gün öydə olarsan, yəqin, hə? – Qərib yenə soruşdu.

– Bilmirəm hələ. Tural dedi ki, səni İrana yazıblar. Mənə niyə deməmisən? – Malikin səsində qəribə giley hiss olunurdu. Yəni böyük oğlan mənəm, birinci mənim xəbərim olmalıdır.

– Əşş, nə mənası var ki? Bir para pulları tökürsüz çölə, – Qərib masanın üstündəki dərman paketlərini görüncə səsini daha da qaldırdı, – ay bala, sən bu pulları hardan alırsan? Mənə dərman-zad gərək deyil, hamısı da od bahasına, onsuz atmıram heç birini...

Qərib bir də onda ayıldı ki, Malik həyət qapısından çıxır.

Paketləri və təzəcə yazılmış resepti üst-üstə qoyub pəncərənin kənarına vurulmuş mıxa keçirdi. Termosdan özünə çay süzüb oturdu. Çay təzə idi. Malik dəmləmişdi. Güleyşəni xatırladı. Düz üç dəfə qapısına elçi göndərmişdi. Hər dəfəsində də kəndin sayılıb-seçilən ağsaqqal-ağbirçəklərini. Amma kənd-kəsəkdə “Tərs Salman” kimi tanınan Salman kişini heç kəs heç cür razı sala bilməmişdi. “Mənim yetim-yesirə verəcək qızım yoxdur” demişdi Salman. Onda Qərib dədədən də yetim idi, nənədən də. Yaşı da otuzu haqlamışdı. Güleyşə isə şehi üstündə tər bənövşə, cəmi 18 yaşı vardı. Məktəbi təzəcə bitirib instituta qəbul olmuşdu, mühəndis olacaqdı. Amma Qərib qızın qılığına necə girmişdisə, gecənin bir aləmi hər şeyi atıb onunla qaçmağa razı olmuşdu. Səhər tezdəndən kəndə zur düdüyü vuruldu ki, o boyda Salman kişinin qızını yetimçənin biri qaçırıb. Salman dözmədi. Dözə də bilməzdi. Eşidər-eşitməz kişini infarkt vurdu və ölənə qədər qızını bağışlamadı, xeyir-dua vermədi. “Namərd balam” deyə-deyə canını tapşırdı.

Axşama yaxın Turalgil gəldi. Həmişəki kimi uşaqların üz-gözü toz-torpaq içində idi.

– Dədə, Həşim kişi var e, onun Maskıvadakı oğlunu öldürüblər, sabah gətirəcəklər,

– Tural qapıdan içəri girər-girməz dədəsini muştuluqladı.

– Nəyə sevinirsən, a bala! – Qərib başını yelləyə-yelləyə soruşdu.

– Bu həftə dördüncü işimiz olacaq, keçən həftə də yaxşıydı, İranın pulunu düzəldərik, ondan sonra da bunu qoyarıq məllim yanına. Bəlkə, adam ola, – Tural balaca qardaşının yambızına bir təpik də ilişdirdi. Gülüşdülər.

Qəribi elə bil ilan sancdı.

– A bala, mənə İran-zad lazım deyil! Odey, Malik də bir qom dərman gətirib, Allah bilir, – səsinin tonunu azaltdı, güclə eşidiləcək formada davam elədi, – Allah bilir, yenə kimin dükanına giriblər… – öskürək fikrini tamamlamağa imkan vermədi. Bir də onda ayıldı ki, Turalgil hovuzun yanında əççəmətən soyunub bir-birlərinin əlinə-ovcuna su tökürlər.

Pilləkənə söykənib Həşimi fikirləşməyə başladı. Həşimlə əvvəllər bir yerdə işləmişdi. Rusiyadakı oğlunun adını xatırlamağa çalışdı. Bir xeyli düşündükdən sonra dodaqaltı “Cəlil” deyib başını buladı. “Yazıq Həşim...”

Nədənsə bir anlıq Cəlilin ölümündə özünü günahkar hiss elədi. Ümumiyyətlə, ona elə gəldi ki, hamının ölümünə baiskar odur. Keçən dəfə Fehruz, ondan sonra Səlimə arvad, Mərdan, indi də Cəlil. Hamısı da sappasağlam adamlar. Xəstəliyi yaranandan bu yana ilk dəfə idi ki, belə qəribə hiss keçirirdi. Utandığından az qalırdı ki, yerə girsin.

Turalgilin isə kefi yerində idi. Az qala, kənddəki hər ölüm xəbərindən sonra belə sevincli görünürdülər. Üst-başlarını qaydasına qoyandan sonra Qəribə nəsə deyib onlar da harasa getdilər. Qəribsə hələ də Həşimin fikrindən ayılmamışdı. “Yazıq Cəlil...”

***

Bütün kənd camaatı Cəlilin dəfnində idi. Qərib nə illah elədisə, Həşimi tapa bilmədi, axır yan eləyib adamların birindən soruşdu.

– Dözmədi, ay Qərib, xəstə adamdı o da. Gecəynən infarkt vurdu, həkimlər gəlib apardı...

Qərib nə reaksiya verəcəyini bilmirdi. Kənddə ən çox hörmət bəslədiyi adam idi Həşim. Zavoddan çıxandan sonra Həşim ona görə düz üç dəfə raykomun qəbuluna getmişdi, ağız açmışdı. İndi bu ağır gündə ona dəstək ola bilmədiyi üçün və üstəlik, içindəki günahkarlıq hissi onu dəhşətə gətirirdi.

Qəbiristanlıqdan çıxanda yenə öskürəyi tutdu. Kənara çəkilib ögüməyə başladı. İlk dəfə idi ki, əlinin içində qan görürdü. Qonşulardan biri yanaşıb kömək elədi, ayağa qalxdı.

– Bu yazıq da zülm çəkir neçə vaxtdır, – kim idisə Qərib haqqında deyinirdi, – Allah özü kömək olsun.

– Vallah, əzab çəkə-çəkə bir-bir hamını yola salır, canı bərkdir, maşallah! – yanındakı dilləndi. Qərib ha istədi ki, danışanların kimliyini təyin eləsin, gözü seçmədi.

Yas çadırı da dolu idi. Həşim kişi hamının xeyir-şərinə yarayan adam olmuşdu. Kənddə kim kimlə evlənərdisə, birinci ondan xeyir-dua alar, elçilik mərasimlərində də başda oturardı. Amma Qəribin elçilik məsələsi başqa idi. Qərib nə illah elədisə, Həşimi razı sala bilmədi. “Salman tərsin biridir. İndiyə kimi mənim sözümün qabağına söz deyən olmayıb, rədd elə” deyib biryolluq bu söhbəti bağlamışdı. Qərib Güleyşəni qaçıranda isə ürəyi dözməmişdi, onlara ilk qucaq açan Həşim olmuşdu. Üç gün evində yer vermişdi, amma biləndə ki, Salmanın oğanları qapı-qapı gəzir, onda elə gecə ikən ikisini də qonşu kəndə yola salmışdı.

Yasda çox otura bilmədi. Üstəlik, ona elə gəlirdi ki, adamlar ona əməlli-başlı nifrətlə baxır. Verdiyi salamı üçü alanda, beşi susurdu sanki. Çaydan bir-iki qurtum alıb fatihəsiz-zadsız çadırdan çıxdı – heç olmamış kimi.

Birtəhər evə çatıb çardağın altındakı çarpayısına uzandı və düz axşama kimi qəbiristanlıqda eşitdiyi dialoqu fikirləşdi. Və ən əsası isə onu deyən adamın nə dərəcədə haqlı olub-olmadığını…

***

– Dədə, Məzahiri tanıyırdın? – Tural həyətə girər-girməz soruşdu.

– Məzahir kimdi, a bala?! – Qərib yerində qurcuxdu.

– Malikin sinif yoldaşı, tutulan yox, o biri…

– Hə… hə… – Qərib xatırlamağa çalışdı, – onu da tutublar?

– Yox! – Tural irişdi, – bıçaqlayıblar.., – ayaqqabısının tozunu çırpa-çırpa əlavə elədi, – əmisinə zəng edib deyiblər, imkanlıdır axı o, – bir az ara verdi, – amma deyirlər, çoxlu qan itirib. Yəqin…

– Kəs səsini! – Qərib var gücünü toplayıb qışqırdı, – a bala, sən nə yaşadın ki, ölüm sənə bu qədər dadlı görünür? Cavan oğlanı bıçaqlayıblar, sən də daş hayındasan?! Tüpürüm sənin daşına da, sementinə də! Rədd ol gözümün qabağından! – Qəribi öskürək tutdu, boğuq səs çıxara-çıxara dizlərinə sarı büküldü.

– Rədd ol dedim sənə!..

Tural baş barmağı ilə şəhadət barmağını düyünləyib havada üç rəqəmini göstərdi:

– Üç, dədə, üç qəbir də düzəltsək, İrana gedirik.

Birtəhər sürünə-sürünə özünü hamama salan Qərib üz-gözünə su vurdu. Ovcunda gördüyü qan daha ona adi gəlirdi, təəccüblənmirdi. Bir az toparlanıb güzgüdə özünə bir xeyli baxdı. Və birdən başqa kiminsə əksini görürmüş kimi diksindi. Tələsik arxaya çəkilib yenidən diqqətini güzgüdəki əksinə cəmlədi. Gözlərini ovuşdurub dodaqaltı “O idi” deyib duruxdu. “Məzahir idi… Qəbiristanlıqdakı adam Məzahir idi…”

***

Cəmisi iki gün sonra Məzahir də öldü, Həşim də. Qərib isə bu ölüm xəbərlərini eləcə dinməz-söyləməz başını yelləməklə qarşıladı.

# 3247 dəfə oxunub

Oxşar xəbərlər

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

"O yas məclisində hamı mənə baxırdı, mən isə gülürdüm..." - Xalq şairi niyə o qadını kirvə tutmaq istəyirdi?

10:10 18 noyabr 2024
Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal

15:00 16 noyabr 2024
Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

Qorxdum ki, anam işə gecikər - Rauf Ranın şeirləri

12:00 16 noyabr 2024
"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

"Sizin əlinizdən gərək ya paqonu atım, ya da şeiri!" - Gecəyarı partapart

15:00 15 noyabr 2024
"Uzanıb yatıb, baldırı bir az açıq..." - Rakı şüşəsində balıq olmaq istəyən şair

"Uzanıb yatıb, baldırı bir az açıq..." - Rakı şüşəsində balıq olmaq istəyən şair

12:00 15 noyabr 2024
Xalq artisti:  "Anam at sümüklərinin üstündəki ət parçalarını didişdirib yemək bişirirdi..."

Xalq artisti: "Anam at sümüklərinin üstündəki ət parçalarını didişdirib yemək bişirirdi..."

17:00 14 noyabr 2024
# # #