Müharibə bitən gün – Samirə Əşrəfdən hekayə

Müharibə bitən gün – Samirə Əşrəfdən hekayə
9 noyabr 2021
# 09:00

Kulis.az “Hekayə günü”ndə Samirə Əşrəfin “Müharibə bitən gün” hekayəsini təqdim edir.

Elə hey şüşə kimi hamar asfalt yolla qaçırdım. Hara qaçdığım özümə də bəlli deyildi. Yolun kənardakı söyüd ağaclarının yarpaqlarının xışıltısını ürəyimin səsi kimi aydınca eşidirdim. Qarşıdan üzümə vuran sərin meh bir yandan məni sərinlətsə də, bir yandan da alnımdan axan ilıq tər, üzü aşağı yuvarlanıb boynumun ardında soyuyub məni üşüdürdü.

Axı bu intəhasız qaçış nə üçün, kimin üçün idi? Bəlkə hansısa mənzil başına tez çatmalıydım? Qaça-qaça yaddaşımın ən dərin künc-bucaqlarını töküb-töküşdürdüm. Görəsən, qaçmazdan əvvəl kiminsə ölüm-itim xəbərini almamışam? Yox! Yadıma heç nə düşmür. Nə isə olsaydı, mütləq yadıma düşərdi. Elə isə bu təlaş, bu ürək çırpıntısının səbəbi nə idi? Bəlkə evdə nə isə vacib bir şeyi unutmuşdum, indi də qayıdıb onu götürməkdən bağrıqan olmuşdum.

Yollar mənə tanış gəlirdi. Amma bu elə köhnə, qədim tanışlıq idi ki, üstündən az qala iyirmi il keçmişdi. Elə isə iyirmi il geriyə qayıdıb bu qədər qaçmağın mənası nəydi?! Bəlkə, bəlkə ona doğru qaçırdım. Bəlkə o, məni hardasa lap uzaqlarda, bu yolun bitdiyi yerlərdə dayanıb gözləyirdi? Əynində əsgər paltarı, çiynində silah, ağzının kənarında isə piş-pişə saplağı...

Bu qədər vaxtdan sonra onu tanıya bilməyəcəyimin qorxusu bir anda bütün varlığıma hakim kəsildi. O vaxtdan iyirmi il keçmişdi. Yəqin indi yaşlanıb. Çiyinləri bir az əyilib, qıvrım, sıx saçları ağarıb, seyrəkləşib, üzü qırışıb, dişləri siqaret çəkməkdən saralıb. Yəqin son dəfə üzümə dəyən o, pişpişə ətirli nəfəsi də dəyişib, köhnəlib, qocalıb. Hər dəfə bunu düşündükcə kəndin yuxarı başındakı

çöllükdə bitən pişpişəlik köklü-köməcli yağış suyu kimi göylərə

çəkilir, xəyalımda, ürəyin o qərib küncündə ağrılar başlardı.

Yol bitmək bilmirdi, amma yolun kənarındakı söyüd ağacları qəfildən bitdi. Lap düzəngahlıq kimi bir yerdə tək-tənha qaldım.

Hardasa oxumuşdum ki, ağaclar da insan kimidirlər. Dar ayaqda onlara güvənmək olar. Deyəsən, elə bayaqdan bu güvənə qısılmışdım. Qaçdığım yollarda ağaclar mənə yoldaşlıq edirdi deyə elə ürəklə qaçırdım. İndi ağaclar bitmişdi. Göyün pərdəsini var gücü ilə aralayıb kainata boylanan günəşin şüaları gözlərimi deşib mənə əziyyət verirdi. Nə qədər eləsəm də bu şüalardan qoruna bilmədim. Əllərimi var gücümlə gözlərimə sıxdım. Ürəyimdən qəfil sancı kimi ağrılı bir fikir sıyrılıb keçdi. “Bu dəfə də ona çata bilmədim. İndi də günəş imkan vermədi...”

...Gözlərimi açanda saatın əqrəbləri doqquzu tamamlamaq üçün tələsirdi. Bədənim suyun içərisində idi. Elə bil yuxu boyu yuxuda yox, elə yatağımın içərisində qaçmışdım.

Yenə yuxuda onu görmüşdüm. Daha doğrusu onu yox, onun xatirəsini. Əcəb işə düşmüşdüm. Camaat sevgilisinin özünü görür yuxuda, mən xatirəsini. Nənəm deyərdi ki, - ölü insanın yuxusuna girib gözə görsənmirsə, deməli yuxu sahibindən inciklidi. Axı on üç yaşlı qızın nəyindən inciyəcəkdi? O yaşda mənim yerimdə hansı qız olsaydı mənim etdiyimi edərdi.

Mən lap başımı itirmişəm. Axı o, ölməyib. Bəs niyə mən onu ölü kimi xatırlayıram? Yəqin bu iyirmi ildə onu o qədər axtardım ki, axırda yorulub şüurumda onun üstünə ölü damğası vurmuşam. Ondandır. Ya da ki, nənəmin dediyi sözləri uşaq olduğum üçün çox ciddi qəbul etmişəm.

Anam deyir ki, sən anadan olandan iki gün sonra nənən doğum evinə gəldi. Mən yatan otağa girib çarpayının başına sərilmiş üz dəsmalını götürüb stulun üstünə sərdi. Sonra bir neçə dəfə salavat çevirib stula əyləşib dedi:

- İncimə, ay gəlin. Buralar hamısı mundardı. İndicə dəstəmaz alıb evdən çıxmışam.

Sonra qarı məni qucağına alıb diqqətlə baxıb: - Elə də gözəl qız deyil, amma çox ağdı, lap qar kimi. Adını Göyçək qoyarıq, - deyib.

O gündən də mənim adım Göyçək olmuşdu. Nənəmin anamdan xoşu gəlməsə də, məni bütün nənələr kimi çox istəyərdi. Sonralar bildim ki, Göyçək onun çox cavan yaşda kanalda boğulmuş hədsiz gözəl olan böyük bacısının adı olub.

Elşadı unutmuşdum desəm, yalan olardı. Amma son illər əvvəlki illərə nisbətən onu aramsız xatırlamağım da yadıma gəlmir. Rəhmətlik ərimlə evlənməmişdən əvvəl daha çox xatırlayırdım. Ailə qurdum, iş-güc, qayğılar, başımı qarışdırırdı. Daha sonra ərim özündən heç bir nişanə qoymadan qəzaya düşüb rəhmətə getdi. Tək yaşadığım bu beş ildə Elşadı ara-sıra xatırlayır, həm də qınayırdım. Axı niyə gəlib məni axtarmadı? Soraqlamadı? Bəs deyirdi ki, - balaca, məni gözlə, harda olsan gəlib səni tapacam. Heç kimə ərə getmə ha!

Sonralar Elşadı yadırğadım. İki, üç ildən bir arada-bərədə onu yuxuda görərdim. Həmişə də kölgə kimi uzaqdan, lap uzaqdan...

Sısqa və çəlimsiz olduğum üçün məni məktəbə bir il gec qoymuşdular. Ona görə də tay-tuşlarım səkkizinci sinfə keçəndə mən yeddiyə keçmişdim. Elşadı ilk dəfə görəndə on üç yaşım tamam olmuşdu. Qızlar bulağından yenicə su içmişdim. Onu yeddinci sinfi bitirəndə tanıdım, onuncu sinfində oxuyurdu. Hündürboylu, arıq, qıvrımsaçlı, qarayanız oğlanıydı. Parlaq və kəskin baxışları vardı.

İlk vaxtlar aram-aram, sonralar isə açıq-aşkar məni izləməyə başladı. Dərsdən çıxıb evə gələnəcən o, mənim arxamca gəlir, evimizə yaxınlaşanda bir ağacın arxasına daldalanıb gözləyərdi. Mən evimizin darvazasından içəri keçəndən sonra ya çəkilib gedər, ya da bir bəhanəylə bizimlə üz-üzə evdə yaşayan sinif yoldaşı Çingizgilə baş çəkərdi.

Bir dəfə mən evimizə qalxan diki çıxanda boynumun ardında onun isti nəfəsinin hənirini duydum. Bilirdim ki, başımı arxaya çevirsəm, onunla göz-gözə gələcəm. Qorxurdum. Ən çox da onun məni öpməsindən qorxurdum. O vaxta qədər məni heç kim öpməmişdi.

Yoxuşa çatanda o, qolumdan yapışdı. Çevrilib üzünə baxdım. Deyəsən bir az kefliydi. Çünki həmin gün onların “Son zəng”iydi. O, məzun olurdu. Mən isə ondan sonra erməni imkan versəydi, hələ üç il o məktəbə ayaq döyəcəkdim. Elşad əlini sürüşdürüb biləyimdə saxladı. Sonra nə fikirləşdisə, tezcə də əlimi buraxıb dedi:

“Müharibə başlayır balaca... Yəqin bir, iki aya ermənilər buralara da gəlib çıxacaqlar.”

Mən uşaq sadəlöhvlüyü ilə dedim:

“Buralara gələ bilməzlər, bizim dağlar çox yüksəkdi.”

O, gülümsəyib başını yellədi:

“Bax ha, işdi müharibə başlasa, məni gözlə. Heç kimə ərə getmə. Müharibədən sonra gəlib səni özüm alacam.”

“Nə? Başın xarab olub sənin? Piyanın, biri piyan” deyib ondan uzaqlaşdım.

İlk dəfə idi ki, kimdənsə ərə getmək, gəlib səni alacam sözlərini eşidirdim. Özü də Elşad bu sözləri elə qızıl qırmızı demişdi ki, bir az da xətrimə dəymişdi.

Sonra yay tətili başladı. Elşad hər gün biz yaşayan məhləyə gəlib qonşudakı oğlanlarla söhbətləşər, gözucu bizim evimizə də baxardı. Mən də darvazamızın yanında divar dibinə qoyulmuş, içi xəzəllə dolu olan dəmir zibil qutusununn üstünə çıxıb ona baxardım. Sonralar qardaşım deyəsən nədənsə şübhələnməyə başladı. Məni hasardan boylanan görən kimi gəlib üstümə çımxırıb ordan düşürərdi.

İyul ayını yarılamışdıq. Bir həftədən çox idi ki, Elşad gözə görsənmirdi. Onun haqqında heç kimdən heç nə öyrənə bilməzdim. Rayon yeriydi. Kimdən soruşsaydım məni hoydu-hoyduya götürərdi.

İçimdə onu görə bilmək üçün inanılmaz bir həsrət baş qaldırmışdı. Uşaq ağlımla hər gün onu arzulayır, onu görməyə can atırdım. Bir gün axşam tərəfi qonşumuz Çingiz mənə yaxınlaşıb dedi: “Bilirsən, balaca, sənin o qara oğlanın müharibəyə gedir. Ondan bir həftə sonra da bizi aparacaqlar.”

Çingiz ilk dəfə idi ki, mənimlə belə açıq danışırdı. O, heç vaxt Elşad haqqında mənimlə söhbət etməzdi. İndi birdən-birə belə ərklə danışmağı bir azca şəstimə toxundu. Özümü o yerə qoymayıb dedim:

“Sənin dediyin o, qara oğlan məni maraqlandırmır. Hara gedir, getsin. Özü bilər.”

Çingiz, istehzayla qımışdı: “Yaxşı, yekə qızsan. Özünü naza qoyma. Deyirəm əsgər gedir, sən də başlamısan ki, oğlan məni maraqlandırmır.”

Sonra o, bir az sükut edib dedi: “Sabah hava işıqlananda, bağınızın arxa tərəfinə çıx. Səninlə sağollaşmağa gələcək.”

Həmin gecə səhərə kimi yatmadım. Hava işıqlanan kimi üz-gözümü soyuq su ilə yuyub bağımızın arxa tərəfinə çıxdım. Hər tərəf dərin yuxu içərisində idi. Elşad, balaca bir ağacın altında dayanıb məni gözləyirdi. Əynində əsgər paltarı vardı. Həmişəki kimi balaca pişpişə saplağının ucunu dişlərinin arasında çeynəyirdi. Bağın qapısını aralayıb yavaşca küçəyə çıxdım. Məni görəndə üzünə işıqlı bir təbəssüm yayıldı. Sanki pişpişə

yarpaqlarına narın yel toxundu. Bunu duyan kimi ürəyim də əsdi. Yaxınlaşdım. Əlimdən yox, biləyimdən tutub özünə tərəf çəkdi. Diqqətlə üzümə baxdı “Hə balaca, gedirəm. İmkan olmadı, sənədlərimi ali məktəbə verim. Amma eybi yox, müharibə bitən gün qayıdacam”.

O danışdıqca mən daha da kədərlənirdim. Onun qayıdacam deməsinin ardından gözlərimin bulağı açıldı. Yanağım boyu yuvarlanan yaşı görəndə, onun üzündəki təbəssüm itib getdi. Əli ilə başımı sığallayıb üzümü əllərinin içərisinə aldı. İsti, pişpişə qoxulu nəfəsini üz-gözümdə hiss etdim. Məqsədini anlayan kimi vəhşi pişik tək dartınıb əlindən çıxdım. Bu hərəkətimdən məyus olsa da, gülümsədi. İnciməmişdi... Amma nə o, nə də mən bilmirdim ki, onun bircə öpüşündən etdiyim imtinanın ağrısını hələ uzun illər ürəyimdə daşıyacam. Axı bəzi yaralar sarınmaq

üçün deyildi.

Sonra o, heç nə olmamış kimi dedi: “Yaxın vaxtlarda burda güclü döyüşlər olacaq. Hamı çıxıb rayondan, siz də gedin. Sən mütləq Bakıdakı qohumlarınızın yanına get. Amma ağlama. Söz verirəm Bakıda da olsan gəlib səni tapacam. Bircə məni gözlə. Heç kimə ərə getmə ha. Bax, yoxsa, gəlib səni də, getdiyin oğlanı da öldürərəm.”

Bir də heç vaxt Elşadı görmədim. Torpaqlar işğal olunandan sonra biz beş-altı ay Bakıda yaşadıq. Sonra atam ticarətə başladı. Bir gün bizi də özü ilə birgə Türkiyəyə apardı. Mən ailəmlə birlikdə düz on iki il Türkiyədə yaşadım. Orda oxudum, orda işlədim, orda ərə getdim. Atam iflas edəndən sonra ailəmiz Bakıya qayıtdı. Bu vaxtlar ərzində Elşadı ancaq və ancaq öz qəlbimdə axtardım. Elə bir simsar rayon adamı yox idi ki, onu xəbər alım. Bakıya köçəndən sonra da dəfələrlə internetlə onu axtarıb tapmağa çalışdım. Amma bütün cəhdlərim boş idi. Həm də aradan bu qədər illər keçmişdi. Elşad ya müharibədə həlak olmuş, ya da çoxdan ailə qurub başı oğul uşağa qarışmışdı.

Son illər Elşadı belə dərindən xatırlamamışdım. İndi onunla bağlı hər an gözlərimin önündən keçirdi. Evimizə gedən o dikdə boynumun arxasına toxunan isti nəfəs. Son görüş günü deyilən o məhrəm sözlər. Hamısı elə bil iyirimi il əvvələ yox, dünənə, bu günə, lap elə ötüb keçən bir saata aid idi. Nə idi bu gün onu mənə aramsız xatırladan? Səhərə yaxın gördüyüm yuxumu?

Özümlə bağlı gördüyüm yuxular həmişə çin çıxırdı. Amma Elşadı gördüyüm yuxular heç vaxt çin olmadı. Heç bir yuxu onu mənimlə görüşdürmədi. Görüşdürmək bir yana qalsın, bu iyirmi ildə yuxularım ondan mənə xəbər gətirəcək anın müjdəçisi olmadı.

Mətbəxdən özümə çay süzüb qonaq otağına gəldim. Çoxdan öyrəşdiyim evimin sükutunu televizorun səsi ilə pozmaq üçün pultu götürüb ekranı işıqlandırdım. Aparıcı qız cəbhədən gələn qanlı xəbərləri əhaliyə çatdırırdı. Tərtər və Qazax tərəflərdə ölüm-dirim savaşları gedirdi. Hər iki tərəfdən itki vardı. Bizim tərəf on iki nəfər şəhid vermişdi. Şəhidlərin hamısının şəkilləri ekranda göstərilirdi. Hamısı cavan, yaraşıqlı gənclər idi. İndi bu qədər işıqlı arzuları ilə birlikdə qara torpağın altında yatmağa məhkum olunmuşdular. İçərilərində biri yaşlı idi. Hardasa qırx yaşında, dolubədənli, saqqallı bir kişi idi. İşıqlı, baxışları saqqalın simasına bağışladığı ciddiliyi pozur, qorxu, hürkünü kənarlaşdırırdı. Əlindəki avtomatı elə əzmlə tutmuşdu ki, sanki ekrandan izləyicilərə tullayıb deyəcəkdi: nə dayanmısınız, götürün bu silahı gedək torpaqları azad edək.

Xəbərlər bitən kimi televizoru söndürüb otaqdan çıxdım. Öz-özümə düşünürdüm ki, müharibə başlasaydı yəqin ki, mən də çoxdankı arzumu reallaşdıracaqdım. Birbaşa cəbhəyə gedəcəkdim. Nə də olsa, əlimə, ayağıma dolaşacaq bir ər, bir övlad yox idi ki, qarşımı kəsib məni yolumdan saxlasın.

Bayaq ekrandan gördüyüm on iki əsgərin şəhid olması qanımı qaraltmışdı. Səhər yeməyi yemək üçün heç bir aclıq hiss etmirdim. Bütün iştaham qaçmış, əhvalım pozulmuşdu. İki pilot elə göydəcə vurulmuşdu. Kimisi silah daşıyan yerdə, kimisi əmr verdiyi zaman gülləyə sipər olmuşdular. Sonuncu, yaşı digərlərinə nisbətən çox olan şəhid hərbçi idi. Günü güzarı elə dağda daşda, silah sursat yanında keçmişdi. Bəlkə də evinə, ailəsinin, qadının yanına ayda bircə dəfə baş çəkə bilmirmiş. İndi bir günlük və sonuncu dəfə cansız bədəni evində qonaq olacaqdı. Sonuncu şəhid. On birdən sonra gələn müqəddəs rəqəmin sahibi...

Birdən elə bil məni ildırım vurdu. Öz qışqırığıma özüm diksindim. Qaçaraq televizor olan otağa gəlib özümü divanın üstünə atdım. Pultu əlimə götürüb düyməni basdım. Sonuncu, saçlı-saqqalı şəhid o idi! Elşad idi! Onun baxışlarıydı. Səhv edə bilməzdim.

Bütün kanalları bir-birinə vurdum. Hər yerdə qızğın söhbətlər gedirdi. Xəbərlər olan kanalların birində saxladım. Xəbər verilişi təzəcə başlamışdı. Aparıcı döyüşdə gedən hadisələri ard-arda təkrarladıqdan sonra on iki şəhid kəlməsini işlətdi. Sonra ekranda şəhidlərin adları yazılmış tablo görsəndi.

Gözlərimdən yaş sel kimi axmağa başladı. Yanılmamışdım. Məni qara da basmırdı. Ekrandan onun adı və soyadı qəlpə kimi ürəyimdə yaşatdığım xatirələrin üstünə sancılırdı. Quliyev Elşad Ataxan oğlu 1977-ci il.

# 3765 dəfə oxunub

Oxşar xəbərlər

# # #