Məni görməmisiz? - Coys Kerol Oustun hekayəsi

Məni görməmisiz? - Coys Kerol Oustun hekayəsi
29 oktyabr 2023
# 10:00

Kulis.az amerikalı yazıçı Coys Kerol Oustun "Məni görməmisiz?" hekayəsini təqdim edir.

Sanki, bir gecədə şəhərdə minlərlə açıq-sarı nərgiz çiçəyi açıb - 11 yaşlı Marisa Bantrynin gülərüz siması hər yerdədir, bütün şəhəri sarıb.

Mağazaların vitrinlərində, elan lövhələrində, telefon dirəklərində, poçt şöbələrinin qapısında, ərzaq yarmarkasının girişində, şəhər kütləvi kitabxanasının foyesində, binaların divarlarında oradakı şəkillər aprel yağışı ilə artıq bir az da saralmışdı, 11 yaşlı qızcığazın üzü kimi.

"Aprelin 10-da "Scatscill Day" məktəbində təhsil alan qız evə dönməyib. Sonuncu dəfə on beşinci küçədə görülüb".

"Scatscill" Polis İdarəsi tez bir zamanda "MARİSA" adlı xüsusi sayt yaratdı, burada itkin düşən sarışın qızın daha bir neçə fotoşəkli yerləşdirildi və onun xüsusiyyətləri, ünvanı, adı, soyadı ətraflı təsvir edildi. Sonra qeyd gəldi:

"Marisa Bantry barədə nəsə bilən, görən, məlumatı olan hər kəs bu nömrəyə, "Scatscill" polisinə zəng etsin".

Əvvəlcə, mükafat vəd edilməmişdi, amma cümə günü axşam anonim sponsor (çox güman ki, şəhərdə tanınmış təqaüdçü-xeyriyyəçi) tapıldı. O, on beş min dollar mükafat təklif etmişdi, 11 yaşlı qızın harda olduğu haqda məlumat verənlər üçün.

Mətbuat "Scatscill" polisinin gecə-gündüz işlədiyini yazırdı. Onlar ətrafdan daimi təzyiq altında idilər və bütün mümkün ehtimalları nəzərdən keçirirdilər. Şəhərdə indiyədək oxşar cinayətlərdən mühakimə edilən hər kəsi sorğu-sual edən polis, hələ də bir nəticə əldə etməmişdi. Günlər geridə qalırdı, amma 11 yaşlı Marisadan bir xəbər yox idi. Buna baxmayaraq, qəzetlər, hansısa, anonim mənbədən xəbərlər alırdılar ki, detektivlər "Scatscill" şəhərinin altmış yaşlı sakini, təqaüdçü musiqi müəllimi ilə görüşüblər. 1987-ci ildə o, azyaşlı uşağı qaçırtmağı ilə diqqət çəkib. Bu adamın müxbirlə danışmaqdan imtina etdiyinə və üstəlik, özünün şəklini çəkməyə belə icazə vermədiyinə görə qəzet, "Amwell Circle 12" ünvanındakı evinin fotosunu ön tərəfdə dərc etmişdi. Səhifənin yuxarısında başlıq böyük, qalın hərflərlə yazılmışdı:

"Cinayətkara bir sual verildi - Marisa hardadır?"

"Briarcliff" məhəlləsinin bütün sakinləri, bəziləri, hətta bir neçə dəfə dindirilmişdi. Heç bir order verilməsə də, bir neçə nəfər əlindən gələn hər şeylə polislə əməkdaşlıq edərək evlərində axtarış aparılmasına, hətta avtomobillərinin yoxlanılmasına icazə verdi.

Marisanın məktəbdən evə gedən yolu boyunca yerləşən bütün mağaza və köşklərin sahibləri və satıcıları da sorğu-sual edildi. "Sevn-İlevndə", məktəblilərin və gənclərin xüsusilə getməyi xoşladıqları magistral yolun kənarındakı mini yarmarkada bir neçə satıcı itkin düşən qızın fotoşəkillərinə baxıb, məyus halda başlarını bulayıb, sonra da eyni şeyi polis əməkdaşlarına danışdılar:

- Yox, Marisa Bantrynin bu yaxınlarda mağazaya gəldiyini, hətta haçansa, mağazaya gəldiyini xatırlamıram.

Onlara daha sonra Lea Bantrynin fotoşəkli də göstərildi və böyük kassirlərdən biri diqqətlə baxdıqdan sonra təsdiqlədi ki, bəli, bu qadını tanıyır. Onu dəfələrlə qızıyla burada görüb, qızına qarşı xüsusi mehribanlığı və qayğısıyla ağlında qalıb. Ancaq təəssüf ki, o, tam əminliklə deyə bilməmişdi ki, o, cümə axşamı onların mağazasına tək, yoxsa, qızı ilə gəlmişdi.

- Çoxlu alıcımız var. Və onların bir çoxu, bilirsiniz, çox oxşardır. Sarışın olduqları üçün eyni görünürlər, - dedi kassir.

Detektivlər, həmçinin əsasən, "Scatscill High" bölgəsindən olan yeniyetmələri sorğu-sual edirdilər. Onların bəziləri artıq məktəbə getmirdilər. Mağazalarda və mini yarmarkalarda gəzməyi sevənlərə xüsusi diqqət yetirilmişdi. Onların əksəriyyəti polisi görəndə, sadəcə, daşa çevrilib və tələsik başlarını bulayırdılar. Xeyr, onlar bu balaca, zərif qızı görməmişdilər, onu heç gördüklərini də xatırlamırdılar. Mavi saçlı və sol qaşında gümüş sancaq şəklində pirsinqli gənc xanım qaşlarını çatıb, diqqətlə və uzun müddət fotoşəklə baxdıqdan sonra: - Bəli, deyəsən, Marisanı görmüşdüm və deyəsən, anasının yanında idi - dedi.

- Amma ola bilsin ki, dünən deyildi, çünki deyəsən, dünən bura gəlməmişəm. Bəlkə keçən həftə? Oh, bilmirəm, dəqiq deyə bilməyəcəm...

Axtarışın ürəyi "Scatscill Day School"da döyünürdü. Məktəbin önündə televiziya qrupları, hər girişdə isə qəzet müxbirləri və fotoqraflar yerləşdirilmiş, xüsusi axtarış şurası yaradılmışdı, balaca qız üçün. Marisanın yoxa çıxmasının ertəsi günü bu polislər kiçik qruplar şəklində tələbələri sorğu-suala tutmuşdular, bütün siniflərdə, sanki güclü zəlzələdən sonra həyəcan və sarsıntı hiss olunurdu. Bəzi valideynlər məktəb rəhbərliyinin tapşırıqlarına baxmayaraq, övladlarını, ümumiyyətlə məktəbə buraxmırdılar: "Scatscill Day"da heç bir risk yoxdur. Marisanın başına gələnlər məktəbdə olmayıb və cinayətkar da bizim məktəbdən olmayacaq", - deyilirdi məktəbin verdiyi açıqlamada. Bazar ertəsindən etibarən, yeni təhlükəsizlik tədbirlərinin tətbiq ediləcəyi vəd edilməklə, məktəbdə təhlükəsizliyin gücləndiriləcəyi də açıqlanmışdı. Marisa Bantrynin tapılmadığı hər gün insanların əhval-ruhiyyəsi bir az da pisləşirdi. Müəllim uşaqlara Marisanın bu gün də tapılmasını xəbərini çatdırıb, kiminsə sualı olub-olmadığını soruşdu və bütün sinif uzun müddət susdu. Nəhayət, bir oğlan əlini qaldırıb soruşdu:

- Axtarış qrupu olacaqmı? Televiziyada göstərdikləri kimi, insanlar cəsəd tapana qədər meşələri, tarlaları gəzəcəklər...

Bütün siniflərdə oxşar söhbətlər davam edirdi, lakin həmin gün Anita Helder adlı səkkizinci sinif şagirdi qəfildən müəllimi ilə danışmaq üçün könüllü oldu. Səssiz və sakit bir qız olan Anita zəif oxuyurdu, nadir hallarda əlini qaldırır və aydın olmayan xəstəliklərə görə tez-tez dərsdən icazə alırdı. Onun narkotik qəbul etməsindən şübhələnsələr də, onu tuta bilməmişdilər indiyədək. İdarə heyətinə çağırılanda o, nifrət dolu və tutqun baxışları ilə ətrafı süzürdü. Anita birdən narahat, yaltaq səslə dedi ki, deyəsən, bir gün əvvəl dərsdən sonra Marisa Bantryni On Beşinci küçəylə, On Üçüncü küçənin kəsişməsində görüb və deyəsən, Marisa mikroavtobusa minib.

"...onun olduğuna əmin deyiləm, mən bu Marisa Bantryni heç tanımıram, amma yəqin ki, odur"

- Aman Allah, heyif ki, o vaxt onu dayandırmadım! Özümü çox günahkar hiss edirəm. Axı mən ona çox yaxın idim. Ona qışqıra bilərdim ki, "Hey, nə edirsən? Oturma!" - Anita qorxaq səslə davam elədi - Bir də gördüm ki, sürücü əyilib Marisanı maşına sürüklədi. Uzun, tünd saçlı bir adam idi, amma onun üzünü görə bilmədim. Onun mikroavtobusu isə açıq-mavi idi və nömrə "TZ 6" ilə başlayırdı... Qalanını xatırlamıram.

Anitanın gözləri yaşla doldu. Hər yeri titrəyirdi. Görünür, xatirə onu çox incitmişdi.

Bu vaxta qədər detektivlər Mikel Zelmandan başqa, bütün məktəb işçiləri ilə sorğu-sual aparmışdı. Zelman otuz bir yaşında, kompüter dərsləri keçir və cümə günləri məktəbə gəlmirdi.

Tərcümə: Malik Atilay

# 1434 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #