Lotoreya - Şirli Ceksonun hekayəsi

Şirli Cekson

Şirli Cekson

8 yanvar 2023
# 16:00

Kulis.az Mələk Əkbərin tərcüməsində Şirli Ceksonun "Lotoreya" hekayəsini təqdim edir.

Şirli Cekson 1916-1965-ci illərdə yaşamış məşhur amerikalı yazıçıdır. Yazıçı iyirmi illik yazıçılıq karyerası boyunca altı roman, iki memuar, 200-dən çox hekayə qələmə almışdır. Yazıçının ən məşhur hekayəsi olan "Lotereya" ilk dəfə 1948-ci il, iyun ayının 26-da "The New Yorker" jurnalında çap olunaraq, ona "qorxulu hekayələr ustadı" adını qazandırmışdır.

İyun ayının 27-si səhər çağı qızğın yay gününün təravətli istisi ilə aydın və günəşli idi; güllər büsbütün çiçək açır, otlar yaşıllığa bürünürdü. Kənd camaatı saat 10 radələrində poçtla bank arasında yerləşən meydana toplaşmağa başlamışdı, bəzi şəhərlərdə o qədər adam toplaşmışdı ki, lotereya iki gün çəkməli və iyunun 26-da başlamalı olmuşdu. Ancaq cəmi üç yüz nəfərin yaşadığı bu kənddə bütün lotereya müddəti iki saatdan az çəkdi, belə ki, lotereya səhər saat onda başlaya və kənd sakinlərinin günorta nahar üçün evlərinə getməyinə vaxt çata bilərdi.

Təbii ki, əvvəlcə uşaqlar toplaşdılar. Məktəblər yay tətilinə görə bağlanmışdı, onların əksəriyyətinə dayanmaq bilməyən azadlıq hissi hakim idi; səs-küylü oyuna girişməzdən əvvəl bir müddət sakitcə bir araya toplaşdılar, söhbətləri hələ də sinif otağı və müəllimlərdən, kitablar və danlaqlardan gedirdi. Bobbi Martin artıq ciblərini daşla doldurmuşdu, digər oğlanlar da tezliklə ondan nümunə götürərək ən hamar və yumru daşları seçdilər; Bobbi, Herri Cons və Diki Delakrua – kəndlilər bu adı “Dellakroy” kimi tələffüz edirdilər – nəhayət meydanın bir küncündə böyük daş qalaqları düzəldib, onu digər oğlanların basqınlarına qarşı qoruyurdular. Qızlar kənarda dayanıb öz aralarında söhbət edir, çiyinləri üzərindən oğlanlara baxırdılar, lap balaca uşaqlar isə tozda yuvarlanır, ya da böyük bacı-qardaşlarının əlindən yapışırdılar.

Tezliklə kişilər toplaşmağa başladı, öz uşaqlarını axtarır, əkin və yağışdan, traktor və vergilərdən danışırdılar. Küncdəki daş qalaqlarından uzaqda bir yerdə dayanmışdılar, sakit şəkildə zarafatlar edir, gülümsəyirdilər. Solğun ev paltarı və sviter geyinən qadınlar kişilərdən bir az sonra gəldilər. Ərlərinə qoşulmağa gedərkən bir-birləri ilə salamlaşıb dedi-qodu edirdilər. Tezliklə ərlərinin yanında dayanan qadınlar uşaqlarını çağırmağa başladılar, uşaqlar isə dörd-beş dəfə çağırıldıqdan sonra könülsüz-könülsüz gəlirdilər. Bobbi Martin anasının tutduğu əli boşlayıb aradan çıxdı və gülərək daş qalaqlarına tərəf qaçdı. Atası kəskin şəkildə səsini qaldırdıqdan sonra Bobbi cəld geri qayıtdı və atası ilə böyük qardaşı arasındakı yerini aldı.

Lotereya ictimai fəaliyyətlərə ayırmağa vaxt və enerjisi olan cənab Sammers tərəfindən sanki meydan rəqsləri, yeniyetmələr klubu, Hellouin proqramı kimi aparılırdı. O, dəyirmisifət, şən adam idi, kömür biznesi ilə məşğul olurdu, övladı olmadığına və deyingən arvadına görə camaatın ona yazığı gəlirdi. O, qara taxta qutunu götürüb meydana gələndə kənd camaatı arasında uğultulu söz-söhbət gedirdi, əlini yelləyib “Bu gün bir az gecikdik, yoldaşlar” dedi. Poçt müdiri cənab Qreyvs üçayaqlı kətillə onun ardınca gedirdi, kətil meydanın ortasına qoyuldu, cənab Sammers qara qutunu onun üzərinə yerləşdirdi. Kəndlilər özləri və kətil arasında boşluq qoyaraq məsafə saxladılar, cənab Sammers “Sizdən kimlərsə mənə kömək etmək istəyərmi?” deyə səslənərkən, iki kişi – cənab Martin və onun böyük oğlu Bekster içindəki biletlər qarışdırılarkən qutunu kətilin üzərində sabit tutmaq üçün qabağa gələnə qədər tərəddüd yarandı.

Lotereya üçün istifadə olunan orijinal ləvazimatlar çoxdan itmişdi, indi kətilin üzərində duran qara qutu hətta şəhərin ən yaşlı adamı olan Qoca Uorner anadan olmamışdan əvvəl istifadəyə verilmişdi. Cənab Sammers tez-tez kəndlilərə yeni qutu hazırlamaq haqqında danışırdı, lakin ənənə qara qutu ilə təmsil olunduğu müddətcə, heç kim onu dəyişmək istəmirdi. Belə bir rəvayət gəzirdi ki, indiki qutu özündən əvvəlki qutunun bəzi parçaları ilə düzəldilib, ilk sakinlər burada kənd salmaq üçün məskunlaşdıqda hazırlanıb. Hər il lotereyadan sonra cənab Sammers yenidən təzə bir qutu haqqında danışmağa başlayırdı, lakin hər il mövzunun heç bir şey edilmədən sönməsinə icazə verilirdi. Qara qutu ildən-ilə daha da köhnəlirdi: o, artıq tamamilə qara deyildi, hazırlandığı ağacın rəngini göstərəcək qədər bir tərəfi boyunca bərbad bir şəkildə parçalanmış, bəzi yerləri solğunlaşmış və ləkələnmişdi.

Cənab Sammers əli ilə biletləri yaxşıca qarışdırana qədər cənab Martin və böyük oğlu Bekster qara qutunu kətilin üzərində möhkəm saxladılar. Ritualın çox hissəsi unudulduğu və ya belə demək mümkünsə, imtina edildiyi üçün cənab Sammers nəsillər boyu istifadə edilən ağac qırıntılarını kağız parçaları ilə əvəz etməyə müvəffəq olmuşdu. Cənab Sammers iddia edirdi ki, kənd balaca olanda odun qırıntıları işə yarayırdı, lakin indi əhalinin üç yüzdən çox olduğunu və artma ehtimalını nəzərə alaraq, qara qutuya daha asan sığacaq bir şey istifadə etmək lazım idi. Lotereyadan bir gün əvvəl cənab Sammers və cənab Qreyvs kağız parçaları düzəldib qutuya qoydular, qutu cənab Sammers ertəsi səhər onu meydana aparmaq üçün hazır olana qədər onun kömür şirkətinə aparılıb kilidləndi. İlin qalan hissəsində qutu bəzən bir yerə, bəzən başqa yerə qoyulmuşdu, bir il cənab Qreyvsin anbarında, bir il isə poçt şöbəsində ayaq altında qalmış, bəzənsə Martinin baqqalındakı rəfdə yerləşdirilib orada saxlanılmışdı.

Cənab Sammers lotereyanı açıq elan etməzdən əvvəl, edilməli şeylərə görə böyük təlaş var idi. Hər bir ailə üzrə ailə başçıları, ailə saxlayan subay şəxslər və ailə üzvlərindən ibarət olmaqla siyahılar hazırlanmalı idi. Poçt müdiri tərəfindən lotereya rəsmisi kimi cənab Sammersin müvafiq andiçmə mərasimi oldu; bəzilərinin yadına düşdü ki, bir vaxtlar lotereya rəsmisinin ifasında lazımi qaydada birnəfəsə deyilən, melodiyasız, ötəri bir nəğmə, hansısa bir mahnı var idi; bəziləri lotereya rəsmisinin bu mahnını oxuyanda məhz belə dayanmalı olduğunu, bəziləri isə onun camaat arasında gəzməli olduğunu düşünürdü, amma illər-illər əvvəl ritualın bu hissəsinin ixtisar edilməsinə icazə verilmişdi. Lotereya rəsmisinin qutudan bilet çəkməyə gələn hər bir şəxsə müraciət etmək üçün istifadə etməli olduğu rituallaşmış bir salam da var idi, indiyə qədər bu, yalnız qutuya yaxınlaşan şəxslərlə danışacaq lotereya rəsmisi üçün vacib hesab olunurdu, lakin bu da zaman keçdikcə dəyişdi. Cənab Sammers bütün bunları çox yaxşı bacarırdı, təmiz ağ köynəyi və mavi cins şalvarda, bir əli laqeyd şəkildə qara qutuya söykənmiş halda, ara vermədən cənab Qreyvs və Martingillə danışarkən çox ləyaqətli və vacib şəxs kimi görünürdü.

Cənab Sammers nəhayət söhbətini yarımçıq qoyub toplaşan kənd sakinlərinə üz tutduqda, xanım Hatçinson sviteri çiynində tələsik meydançaya gedən cığırla gəlib izdihamın arxasında yerini tutdu. Yanında dayanan xanım Delakruaya “Hansı gün olduğunu təmiz unutmuşam” deyəndə hər ikisi sakitcə güldü. “Fikirləşdim, yəqin, bizim kişi çölə odun yığmağa gedib” deyə xanım Hatçinson davam etdi. “Sonra pəncərədən baxdım, uşaqlar yox idi, ayın iyirmi yeddisi olduğunu xatırladım və qaçaraq gəldim”. O, əllərini önlüyündə qurudarkən xanım Delakrua dedi: “Hərçənd vaxtında gəldin. Onlar hələ orda boş-boş danışırlar”.

Xanım Hatçinson izdihamı görmək üçün boynunu qaldırdı, əri və uşaqlarının ön sıranın yaxınlığında dayandığını gördü. O, sağollaşma əlaməti kimi xanım Delakruanın qoluna toxundu və izdihamın arasından keçib getməyə başladı. Camaat keçməsinə imkan vermək üçün mehribanlıqla aralaşdı: iki-üç nəfər izdihamın arasından eşidiləcək qədər yüksək səslə “Bu da sizin xanım Hatçinson” və “Bil, o, nəhayət ki, gəlib çıxdı” deyirdi. Xanım Hatçinson ərinə çatdı, bayaqdan gözləyən cənab Sammers nəşəli bir şəkildə dedi: “Sənsiz davam etməli olacağımızı düşünürdük, Tessi”. Xanım Hatçinson gülümsəyərək dedi: “İndi qablarımı mətbəx tasında çirkli-çirkli qoyub gəlməyimi istəməzdin, elə deyil, Co?” Xanım Hatçinsonun gəlişindən sonra camaat yenidən öz yerinə qayıdarkən izdihamın arasından yüngül gülüş səsləri keçdi.

“Yaxşı, belə”. Cənab Sammers təmkinlə dedi: “Düşünürəm ki, başlasaq yaxşıdır, vaxtında bitirək, işimiz çoxdur. Kimsə qalmadı ki?”

“Danber” deyə bir neçə nəfər səsləndi. “Danber. Danber”.

Cənab Sammers əlindəki siyahıya baxdı. “Klayd Danber. Düzdür. Ayağı sınıb, elə deyil? Onun yerinə kim çəkir?”

“Deyəsən, mən” deyə bir qadın səsləndi, cənab Sammers çevrilib ona tərəf baxdı. “Arvadı ərinin yerinə çəkir” cənab Sammers dedi. “Sənin yerinə edəcək böyük oğlun yoxdurmu, Ceni?” Cənab Sammers və kənddəki hər kəs cavabı çox yaxşı bilsələr də, bu cür sualları rəsmi şəkildə vermək lotereya rəsmisinin işi idi. Xanım Danber cavab verənə qədər cənab Sammers maraq dolu nəzakətli üz ifadəsi ilə gözlədi.

“Horisin cəmi on altı yaşı var” xanım Danber təəssüflə dedi. “Deyəsən, bu il onun yerinə keçməliyəm”.

“Yaxşı” cənab Sammers cavab verdi. O, əlindəki siyahıya bir şey qeyd etdi. Sonra soruşdu: “Bu il Uatson oğlum çəkə bilərmi?”

Camaatın arasından hündürboy bir oğlan əlini qaldırdı. “Burada” deyə o səsləndi. “Anamın və özümün yerinə çəkəcəyəm”. Camaat içindən “Əhsən, Cek” və “Ananın yerinə bunu edəcək bir kişinin olduğunu görməyimə şadam” kimi sözlər eşidiləndə o, gərgin halda gözlərini qırpıb başını aşağı əydi.

“Yaxşı” cənab Sammers bildirdi. “Deyəsən, hər kəs buradadır. Qoca Uorner özünü çatdırıb?” “Burada” bir səs gəldi, cənab Sammers başı ilə təsdiqlədi.
Cənab Sammers boğazını arıtlayıb siyahıya göz gəzdirəndə izdihamın üzərinə qəfil sükut çökdü. “Hamısı hazırdır?” deyə o soruşdu. “İndi mən əvvəlcə ailə başçılarının adlarını çəkəcəyəm və kişilər gəlib qutudan bir bilet çıxaracaqlar. Hamının növbəsi çatıb qurtarana qədər bileti əlinizdə qatlanmış vəziyyətdə saxlayın. Hər şey aydındır?”

Camaat bunu o qədər etmişdi ki, göstərişlərə yarımçıq qulaq asırdılar: əksəriyyəti sakit idi, dodaqlarını isladır, ətrafa baxmırdı. Daha sonra cənab Sammers bir əlini yuxarı qaldıraraq “Adams” dedi. Bir kişi camaatın arasından ayrılıb qabağa gəldi. “Salam, Stiv” deyə cənab Sammers dilləndi, cənab Adams isə “Salam, Co” deyə cavab verdi. Onlar kefsiz və gərgin şəkildə bir-birinə gülümsədilər. Sonra cənab Adams əlini qara qutuya uzadıb içindən qatlanmış bilet çıxardı. Dönərkən onu bir küncündən bərk-bərk tutdu və tələsik izdihamın içindəki yerinə qayıtdı, əlinə baxmadan ailəsindən bir az kənarda dayandı.

Cənab Sammers bir-bir sadaladı: “Allen”, “Anderson”.... “Bensam”.

“Elə bil, artıq lotereyalar arasında vaxt tez ötür” xanım Delakrua arxa sırada oturan xanım Qreyvsə dedi.

“Hə. Elə bil, axırıncını elə keçən həftə oynamışıq”.

“Vaxt, həqiqətən də, uçur” deyə xanım Qreyvs cavab verdi.

“Klark.Delakrua”.

“Budur, bizim kişi gedir” xanım Delakrua dedi. Əri irəli gedərkən nəfəsini tutdu.

“Danber” cənab Sammers dedi, qadınlardan biri “Davam et, Ceni”, ardınca başqa biri “Budur, o gedir” deyərkən xanım Danber qətiyyətlə qutuya tərəf getdi.

“Növbəti bizik” deyə xanım Qreyvs dilləndi. O, cənab Qreyvsin qutunun yanından gəlib cənab Sammersi ciddi şəkildə salamlamağını, qutudan bir bilet seçməyini seyr etdi. O vaxta qədər kişilər bütün izdiham boyunca böyük əllərində qatlanmış kiçik biletlər tutur, onları gərgin halda dəfələrlə döndərirdilər, əlində bilet tutan xanım Danber və iki oğlu bir yerdə dayanmışdı.

“Harburt... Hatçinson”.

“Get, Bil” xanım Hatçinson dedi, yanındakılar gülüşdülər.

“Cons”.

“Deyirlər,” – cənab Adams yanında dayanan Qoca Uornerə dedi – “şimaldakı kəndlərin birində lotereyadan imtina barədə söhbətlər gedir”.

Qoca Uorner fınxırdı: “Axmaq yığını”. “Gənclərin sözünə qulaq asası olsaq, onları heç nə ilə qane etmək mümkün deyil. Sabah da deyəcəklər ki, mağaralarda yaşayaq, daha heç kim işləməsin, bir müddət belə yaşayacaq. Belə bir məsəl var idi: “Lotereya iyunda, qarğıdalı sonra”. Gərək hamımız buğda bişmiş cincilim və palıd qozası yeyək də. Lotereya həmişə olub” deyə hirslə əlavə etdi. “Bu gənc Co Sammersin orada durub hamıyla zarafatlaşdığını görmək kifayət qədər pis haldır”.

“Bəzi yerlərdə artıq lotereyadan imtina ediblər” xanım Adams dedi.

“Bunda problemdən başqa bir şey görmürəm” deyə Qoca Uorner qətiyyətlə söylədi. “Gənc axmaq yığını”.

“Martin”. Bobbi Martin irəli doğru addımlayan atasına baxırdı. “Overdayk. Persi”.

“Tələssələr, yaxşı olardı” xanım Danber böyük oğluna dedi. “Nə gözəl olardı”.

“Demək olar ki, yekunlaşır” deyə oğlu dilləndi.

“Qaçıb atana xəbər elə” xanım Danber dedi.

Cənab Sammers öz adını çəkdi və sonra dəqiqliklə irəli addımlayıb qutudan bir parça seçdi. Daha sonra “Uorner” deyə səsləndi.

“Yetmiş yeddinci ildir ki, lotereyada iştirak edirəm” deyə izdihamın arasından keçərkən qoca Uorner söylədi. “Yetmiş yeddinci dəfə”.

“Uatson”. Hündürboy oğlan kütlənin arasından yöndəmsiz şəkildə gəldi. Biri “Narahat olma, Cek” deyərkən, cənab Sammers isə “Tələsmə, oğlum” söylədi.

“Zanini”.

Daha sonra cənab Sammers bileti havada tutaraq “Yaxşı, yoldaşlar” deyənə qədər nəfəs vermədən, uzun bir fasilə oldu. Bir dəqiqə heç kim yerindən tərpənmədi, sonra bütün biletlər açıldı. Birdən bütün qadınlar bir anda danışmağa başladılar: “Kimdir?” “Kimdədir?” “Danbergildir?” “Uotsongildir?” Sonra səslər arasında başqaları eşidilməyə başladı: “Hatçinsondur”. “Bu, Bildir”. “Bil Hatçinsondadır”.

Xanım Danber böyük oğluna dedi: “Get, atana xəbər elə”.

İnsanlar Hatçinsonları görmək üçün ətrafa baxmağa başladılar. Bil Hatçinson sakit dayanıb əlindəki biletə baxırdı. Birdən Tessi Hatçinson cənab Sammersə qışqırdı: “Ona istədiyi bileti götürməsi üçün kifayət qədər vaxt vermədiniz. Mən gördüm. Bu, ədalətli deyildi!”

“Uduzduğunu qəbul elə, Tessi” deyə xanım Delakrua dilləndi, xanım Qreyvs isə “Hamımıza eyni şans verilmişdi” deyə cavab verdi.

“Kəs səsini, Tessi” deyə Bil Hatçinson dilləndi.

“Yaxşı, yoldaşlar,” – cənab Sammers dedi – “olduqca sürətli getdi və indi vaxtında başa çatması üçün bir az da tələsməliyik”. O, növbəti siyahısıya nəzər saldı. “Bil,” – dedi – “Hatçinson ailəsi adından çəkirsən. Hatçinson ailəsindən başqa kimsə varmı?”

“Don və Eva var” deyə xanım Hatçinson qışqırdı. “Qoyun onlar da bəxtlərini sınasınlar!”

“Qızlar ərlərinin ailələri ilə çəkirlər, Tessi” deyə cənab Sammers yumşaq tərzdə dedi. “Bunu hamı kimi sən də bilirsən”.

“Bu, ədalətli deyil” deyə Tessi bildirdi.

“Deyəsən, yox, Co” Bil Hatçinson təəssüflə dedi. “Qızım ərinin ailəsi ilə birlikdə çəkir; burda ədalətsiz heç nə yoxdur. Ailəmdə bu uşaqlardan başqa heç kimim yoxdur”.

“Onda belə, ailə başçısı sənsən,” – cənab Sammers izahatında dedi – “həmçinin ailə üzvü kimi çəkirsən. Düzdür?”

“Doğrudur” Bil Hatçinson dedi.

“Neçə uşaq var, Bil?” deyə cənab Sammers rəsmi şəkildə soruşdu. “Üç” Bil Hatçinson cavab verdi.

“Oğlum Bil, Nensi, balaca Deyv. Bir də Tessi və mən”.

“Yaxşı, onda” cənab Sammers dedi. “Heri, onların biletlərini geri almısınız?”

Cənab Qreyvs başını tərpətdi və biletləri yuxarı qaldırdı. “Onları qutuya qoyun” cənab Sammers göstəriş verdi. “Bilinkini götürün və içinə qoyun”.

“Məncə, biz yenidən başlamalıyıq” deyə xanım Hatçinson bacardığı qədər sakitcə dedi. “Sizə deyirəm, bu ədalətli deyil. Ona seçim etmək üçün kifayət qədər vaxt vermədiniz. Bunu hamı gördü”.

Cənab Qreyvs beş bilet seçib qutuya qoydu, sonra bunlardan başqa bütün biletləri yerə tulladı, burada külək onları tutub havaya qaldıracaqdı...

“Hamınız qulaq asın” deyən xanım Hatçinson ətrafdakılara müraciət etdi.

“Hazırsan, Bil?” deyə cənab Sammers soruşdu, Bil Hatçinson arvadı və uşaqlarına cəld nəzər salaraq başını tərpətdi.

“Unutmayın,” – cənab Sammers dedi – “biletləri götürün və hər kəs birini götürənə qədər onları qatlanmış vəziyyətdə saxlayın. Heri, siz balaca Deyvə kömək edin”. Cənab Qreyvs onunla qutuya qədər həvəslə gələn kiçik oğlanın əlindən tutdu. “Qutudan bir bilet çıxar, Deyvi” deyə cənab Sammers dilləndi. Deyvi əlini qutuya salıb güldü. “Cəmi bir bilet götür” cənab Sammers bildirdi. “Heri, bileti hələlik özünüzdə saxlayın”. Cənab Qreyvs onun əlindən tutaraq qatlanmış bileti uşağın sıx yumruğundan götürüb ovcunda saxladı, bu vaxt balaca Deyv yanında dayanıb təəccüblə ona baxırdı.

“Növbə Nensinindir” cənab Sammers dedi. Nensinin on iki yaşı var idi, o, cəld hərəkətlə qabağa gedib zərif şəkildə qutudan bir bilet götürərkən məktəb yoldaşları ağır-ağır nəfəs alırdılar. Cənab Sammers “Oğul Bil” deyəndə qırmızısifət, iri ayaqlı Bili bir bilet çıxararkən, az qala, qutunu aşıracaqdı. “Tessi” deyə cənab Sammers səsləndi. O, bir dəqiqə tərəddüd etdi, cəsarətlə ətrafa baxdı, sonra dodaqlarını büzüb qutuya tərəf getdi. Bir bilet çıxarıb arxasında saxladı.

“Bil” cənab Sammers səsləndi, Bil Hatçinson qutunun içinə əlini uzatdı və toxunaraq tapmağa çalışdı, nəhayət içində bilet tutduğu əlini çıxartdı.

Camaat sakit idi. Bir qız pıçıldadı: “Ümid edirəm, bu, Nensi deyil”, pıçıltının səsi izdihamın kənarlarına çatdı.

“Əvvəllər belə deyildi” deyə qoca Uorner aydın şəkildə bildirdi. “Əvvəlin adamları başqa cür idi”.

“Yaxşı” cənab Sammers dedi. “Biletləri açın. Heri, siz də balaca Deyvinkini açın”.

Cənab Qreyvs biletini açdı, bileti yuxarı qaldırarkən izdihamın arasından ümumi bir ah səsi gəldi və hamı onun boş olduğunu gördü. Nensi və oğul Bil eyni vaxtda özlərininkini açdı, hər ikisi izdihama doğru çevrilərək biletləri başlarının üstündə tutaraq gülüşdülər.

“Tessi” cənab Sammers dedi. Qısa fasilə oldu, sonra cənab Sammers Bil Hatçinsona baxdı, Bil biletini açıb göstərdi. Boş idi.

“Bu, Tessidir” cənab Sammers dilləndi, səsi boğulmuşdu. “Bizə onun biletini göstər, Bil”.

Bil Hatçinson arvadının yanına getdi və əlindən bileti zorla aldı. Üzərində qara ləkə var idi, cənab Sammersin keçən gecə kömür şirkətinin ofisində böyük karandaşla cızdığı qara ləkə... Bil Hatçinson bileti yuxarı qaldırdı, izdihamda hərəkətlənmə yarandı.

“Yaxşı, yoldaşlar” cənab Sammers dedi. “Gəlin, yekunlaşdıraq”.

Kənd camaatı ritualı unutsa və orijinal qara qutunu itirsələr də, daşlardan istifadə etməyi hələ də xatırlayırdılar. Oğlanların daha əvvəl hazırladıqları daş qalaqları hazır idi; yerdə qutudan çıxan, havada sovrulmuş kağız qırıntıları ilə daşlar var idi. Delakrua elə böyük bir daş seçdi ki, onu iki əli ilə götürməli oldu və xanım Danberə tərəf çevrildi. “Gəl,” – dedi – “tələs”.

Cənab Danberin hər iki əlində kiçik daşlar var idi, o, təngnəfəs halda dedi: “Qaça bilmirəm. Sən get, mən sənə çataram”.

Uşaqlar artıq əllərinə daş yığmışdılar. Və kimsə balaca Deyvi Hatçinsona bir neçə balaca daş parçası verdi.

Tessi Hatçinson artıq təmizlənmiş bir məkanın mərkəzində idi və kəndlilər onun üzərinə doğru hərəkət edərkən əllərini ümidsizcəsinə uzatdı. “Bu ədalətli deyil” dedi. Başının yan tərəfinə bir daş dəydi. Qoca Uorner camaata səsləndi: “Gəlin də, hamınız gəlin”. Stiv Adams yanında xanım Qreyvslə bu izdihamın qarşısında dayanmışdı.

“Bu ədalətli deyil, düzgün deyil” deyə xanım Hatçinson qışqırdı, sonra hamı daş yağdırmağa başladı...


# 3402 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #