Kulis.az “Hekayə müzakirəsi” layihəsi çərçivəsində Həmid Piriyevin “Hərami Əhmədin dastanı” adlı yeni hekayəsini təqdim edir.
Çovğundan göz-gözü görmürdü. Mustafa sol qoluyla üzünə çırpılan, çırpıldıqca üz-gözünü yandıran qardan qorunmağa çalışıb, az qala qurşağına çatan qarı yara-yara gedirdi. Sağ əliyləsə dalınca gəlməmək üçün inadkarlıq göstərən atının yüyənini dartmağındaydı. Səhər kənddən çıxanda ona demişdilər ki, axşama möhkəm çovğun olacaq, bu gecə burda qal. Mustafa indi özünü söyə-söyə sözə qulaq asmamağının altını çəkirdi. Artıq getməyə taqəti qalmamışdı, tərs kimi at da bir tərəfdən dartınır, onu bir az da yorurdu. Amma necə olsa getmək lazım idi, dayansaydı ikisi də ölərdi. Çovğun qurtarana oxşamırdı. Külək dəli kimi əsib aramsız yağan qarı elədən-belə, belədən-elə sovururdu.
Şəhər qapısının yanındakı karvansaraya çatanda ikisi də yarımcan haldaydı. Mustafa yumruğunu düyünləyib qapını döydü. Çox keçməmiş qapı açıldı, karvansaraçı çıxıb atın yüyənini Mustafadan aldı, atı tövləyə çəkdi. Mustafa içəri girib kandarda üst-başındakı qarı çırpdı. İçəridə adam çox idi, hamı yerə salınmış həsirlərin üstündə oturmuşdu. Kimisi bardaş qurub çörək yeyirdi, kimisi də mütəkkəyə dirsəklənib nargilə çəkir, nəsə içirdi. Mustafa salam verib salam aldı. Keçib küncdəki boş yerdə oturdu. Sağ tərəfindəki qırmızısaqqal kişi plov yeyirdi, sol tərəfindəki kişi isə bardaqdakı şərabdan cama süzüb yavaş-yavaş qurtumlayırdı.
Karvansaraçı atı tövlədə rahatlayıb gəldi, içəri girib qapının dalına taxta qoydu. Mustafaya yaxınlaşıb soruşdu:
– Yeməkdən, içməkdən nə verim?
Canına işləmiş soyuğun təsirindən hələ də titrəyən Mustafa boğuq səslə dedi:
– Əvvəlcə qəhvə ver, içim isinsin. Sonra yeməyə də nəsə verərsən.
Karvansaraçı içəri otağa keçdi. Mustafanın yanında oturan kişi şərab dolu camı ona uzatdı.
– Al, bir-iki qurtum iç.
Mustafa başıyla razılıq edib camı aldı, içməyə başladı, əli əsdiyi üçün bir azını üstünə dağıtdı. Camı qaytarıb bığ-saqqalındakı şərab damcılarını sildi, bu dəfə diliylə razılıq elədi:
– Sağ olasan.
– Bu çovğunda hara belə?
– Uzaq kəndlərdən birinə getmişdim, hüzr yeri düşmüşdü.
– Çoxdan çıxmısan yola?
– Səhər ertədən. Axşamüstü çovğun məni haqladı. Bura özümü birtəhər çatdırdım.
– Gözləyib sabah gələrdin də. Havadan bilinirdi çovğun olacaq.
– Mən dulusçuyam. Sabaha sifarişim var. Getməmiş hazır eləmişdim, sabah gəlib aparacaqlar. Kənddə qalsaydım gecikərdim...
Karvansaraçı saxsı fincanda buğlanan qəhvəni gətirib Mustafanın qabağına qoydu.
– Yeməyə plovdu, cücə qovurmasıdı, bir də bozbaş. Hansından verim?
Mustafa fincanı götürdü. Yanındakı qırmızısaqqalın yediyi plovun iyi bayaqdan burnunu qıcıqlandırdığı üçün çox fikirləşmədi.
– Plov ver, – dedi, – iki pay elə.
Hələ tanış olmadığı, yanında oturmuş yoldaşı ikinci payın onun üçün nəzərdə tutulduğunu başa düşüb gülümsədi.
– Bir bardaq da şərab gətir, – Mustafa dedi, – bir dənə də cam.
Karvansaraçı baş əyib getdi. İçəridəki bürkü və isti qəhvə Mustafanın canını qızışdırmağa başlamışdı. İsti acı qəhvə qurtumları elə bil mədəsinə yox, damarlarına axıb bədənini dolanırdı. O, kürkünü soyunub bükdü, balış əvəzi dalına qoyub yayxandı. Alnına düşmüş papağını dala itələyib fincanda qalan qəhvəsini içdi.
Yoldaşı bayaq karvansaraçının gəlməyi ilə yarımçıq qalan söhbətə davam elədi:
– Demək, bu şəhərdə yaşayırsan. Nə əcəb birbaşa evə getmədin?
– Evim şəhərin o başındadı. Fikirləşdim çatmağım çox çəkər. Gecəni burda keçirdim, səhər bir dəfəlik gedərəm.
Karvansaraçı mis məcməyidə göyərti, şoraba, bir bardaq şərab və təzə cam gətirib onların qabağına düzdü, boş qəhvə fincanını götürüb getdi.
Mustafanın hələ də tanış olmadığı yoldaşı camlara şərab süzdü. İkisi də götürüb ləzzətlə içdi.
– İnanmıram sifarişçi sabah gəlsin.
Mustafa heç nə deməyib yoldaşının dən düşməyə başlamış saqqalına, sərt üz cizgilərinə, qalın qaşlarının altından baxan qara gözlərinə baxdı.
– Hava heç sabah da düzələnə oxşamır. Gəlməz yəqin.
Mustafa heç nə demək istəməsə də, yoldaşının ona baxıb cavab gözlədiyini başa düşdü.
– Əsas odu mən dükanda olum. Gəlib-gəlməmək onun öz işidi.
Karvansaraçı nimçələrdə buğlanan plovu da gətirib onların qabağına qoydu.
– Sağ olasan.
– Nuş canınız.
Karvansaraçı belini dikəldib məcməyini qoltuğuna vurdu.
– Qış gecəsi uzun olur, – dedi. – Bəlkə nağılçı babadan xahiş eləyək, gecəmizi qısaltsın? Nə deyirsiniz?
Yer-yerdən təsdiq nidaları eşidildi. Karvansaraçı üzünü buxarının yanında oturan qoca kişiyə tutdu.
– Nağılçı baba, meydan sənindi.
– Nolar? Mən həmişə hazıram. Etiraz eləməsəniz, elə yerimdən danışım.
Karvansaraçı da gedib onun yanında oturdu, qoltuğundakı məcməyini qabağına qoydu. Hamı sözünü kəsib nağılçıya baxdı. Nağılçı boğazını arıtlayıb aramla danışmağa başladı.
Hərami Əhmədlə Güləndam xatunun əhvalatı
Bir neçə vaxt bundan əqdəm, Qırım (Krım yarımadası) diyarında Əhməd adında bir igid yaşarmış. İgid nə igid. Qartal baxışına oxşayan gözlərini kimə diksəymiş, o adamın canına vəhmə salarmış. Elə qüvvətliymiş ki, yumruğuyla qaya parçalarmış, daşı ovcunda əzib muma döndərərmiş. At çapmaqda, qılınc oynatmaqda, ox atmaqda çox mahirmiş. Qırım diyarı binə olandan belə bir igid görməyibmiş. Amma di gəl, yaxşı adam deyilmiş bu Əhməd. Özü kimi doqquz nəfəri başına cəm edib həramiliklə məşğul olurmuş. Elə həramiymiş ki, onun adı gələndə nə ki Qırımda, yaxın obaların, şəhərlərin hamısında adamlar tir-tir əsirmiş.
Əhməd başının dəstəsiylə Qırım yolunun üstündəki qayalıqda binə salıbmış. Bir karvanı, bir arabanı, bir süvarini, bir piyadanı boş buraxmazmış. İş o yerə çatıbmış ki, daha heç kim o yoldan ötməzmiş. Dövlətli-dövlətsiz hamı yolunu dəyişdirib uzaq-uzaq yerlərdən gedərmiş. İstər qar qurşaqdan olsun, istər gün təpəni deşsin, heç kim qısa və rahat yolla getməzmiş Əhmədin qorxusundan. Uzaq və çətin yola düşərlərmiş, təki başları səlamət olsun.
Belə Əhməd imiş hərami Əhməd. O qədər var-dövlət yığıbmış ki, yeddi nəsil nəvə-nəticəsinə də çatarmış. Amma adam ki, bir şeyə vərdiş elədi, bir də çətin onu tərgidə. Əhmədin həramiliyi də vərdiş imiş. Bir növ, adətgərdə olubmuş.
Həramiliyi tərgidə bilməməyinin bir səbəbi də sehrkarlığı imiş. Sehrkar imiş Əhməd. Elə əfsunlar bilirmiş ki, o əfsunların qabağında yeddi laylı, qırx qıfıllı qapılar da davam gətirmirmiş. Hər cür müşkül qapının sökülməyi Əhmədin ağzını açmağına bənd imiş.
Günlərdən bir gün Əhməd doqquz silahdaş-yoldaşını çağırıb demiş:
– Daha Qırımda və ətraf şəhərlərdə açmadığımız qapı, talamadığımız xəzinə, soymadığımız karvan qalmadı. Eşitmişəm, Bağdad padşahı Şahənşahın xəzinəsi saya-hesaba gəlməz. Harundan dövlətlidir Şahənşah padşah. Deyirəm, Bağdada gedək, o xəzinəni ələ keçirdib gətirək.
Əhmədin doqquz silahdaşı-yoldaşı bu tədbirə əhsən demiş. Elə həmən günü adama bir-iki kisə qızıldan, gümüşdən götürüb yola düşmüşlər. Tez-tez dincələ-dincələ, yaxşı yeyə-yeyə, içə-içə yol getmişlər. Dörd həftənin tamamına iki gün qalmış Bağdad şəhərinə varid olmuşlar. Bağdad elə şəhərdir ki, vəsfi dilə gəlməz, onu təsvir eləmək istəsən sözlər acizliyindən utanar. Hündür minarələri, günbəzləri bir günlük yoldan görünər, adama gəl-gəl deyər. Hər iki tərəfinə güllər-çiçəklər əkilmiş daş döşəməli yolları o qədər təmiz olar ki, ayaq basmağa çəkinərsən, meydanlardakı hovuzların suyu o qədər duru və şəffaf olar ki, o duruluğa xələl gəlməsin deyə əyilib əksinə baxmağa utanarsan.
Kütahı, Əhməd doqquz silahdaşı-yoldaşı ilə bu şəhərə varid olmuş, saraya yaxın məhəllələrdəki karvansaraylardan birində məskən salmış, hər imkan düşdükcə sarayı güdüb-gözətləməyə başlamış. Amma saray elə möhkəm qorunurmuş ki, Əhməd tez bir zamanda güdməklə əlinə heç nə keçməyəcəyini başa düşmüş. Axır ya kisəsindəki qızılın-gümüşün gücünə, ya da sehrkarlığının-əfsununun hesabına saray xidmətçilərindən birinin dilini açıb sirri ondan almış. Deməgilən, Şahənşah xəzinəsini öz sarayında saxlamırmış. Şahənşahın vardan-yoxdan gözünün ağı-qarası Güləndam xatun adlı bir qızı varmış. Şəhərdən qıraqda öz sarayı varmış Güləndam xatunun. Qırx incə belli qaravaşla o sarayda yaşarmış Şahənşahın qızı. Xəzinə də onun sarayındaymış.
Əhməd bir neçə gecə də Güləndam xatunun sarayını gözətləyib-güdmüş. Bir qərib yerdəymiş saray, düz qayalıqda tikilibmiş. Sıldırım qayalar qoruyurmuş sarayı. Cəmisi bircə yol varmış, iki qayanın arasından keçən yol o qədər darmış ki, iki atlı yanbayan keçə bilməzmiş.
Əhməd hər şeyi yerli-yataqlı öyrənib silahdaş-yoldaşlarının yanına qayıtmış, qəziyyəni onlara danışıb tədbir tökmüş. Növbəti gecə yaraqlanıb-yasaqlanıb yola düşmüşlər. Atları qayalıqdan kənar cidarlayıb piyada dar keçidi keçmişlər. Qapıdakı gözətçiləri öldürüb başlarını bədəndən ayırmışlar. Əhməd əfsun oxuyub sarayın qapılarını açmış. Xəzinə sarayın birinci mərtəbəsindəymiş, qırx incəbelli qaravaşla Güləndam xatun üst mərtəbələrdə qalırmış. Əhməd doqquz silahdaş-yoldaşıyla xəzinəni çapıb talamış, vəzndə yüngül, qiymətdə ağır nə varsa kisələrə doldurmuş. Həramilər kisələri dalına atıb saraydan çıxmış.
Deməgilən, nə sirrdisə o gecə çox lətif gecəymiş. Belə gözəl gecədə yuxuya təslim olmağı günah sayan Güləndam xatun pəncərə qabağında oturub Bağdad evlərinin pəncərələrindən gələn təkəmseyrək işıqları seyr edirmiş. Bu dəm on həraminin gözətçiləri öldürüb saraya girdiyini görmüş. Güləndam xatun çox ərlərin könlünə od salan, adla deyilən gözəl olmaqdan savay, həm də ərənlərə tay döyüşçüymüş. Qılınc tutanda əlinin əsdiyini, ox atanda hədəfinin yayındığını hələ bir kimsənə görməyibmiş. Güləndam xatun durub cəng paltarını geymiş, əsləhələrini qurşanmış, pəncərədən örkən salladıb aşağı düşmüş, qayalıqdakı dar keçiddə marığa yatmış.
Kütahı, həramilər qır-qızıl dolu kisə dallarında bir-bir dar keçiddən çıxmağa başlamışlar. Güləndam xatun fürsəti fövtə verməmiş, həramilər çıxdıqca növbət ilə doqquzunun boynunu vurmuş, onları cəhənnəmə vasil eləmiş. Əhməd özü ən axırda gəlirmiş. Qismətə baxgilən ki, Güləndam xatun onuncu dəfə qılıncını endirəndə Əhməd tezcənə duyuq düşüb başını çəkmiş, qılınc onun başını boynundan ayırmaq yerinə kəlləsindən bir tutam saçını dəriqarışıq üzmüş. Nə sirri-hikmətdirsə Əhməd özünü itirməmiş, Güləndam xatun qolaylanıb ikinci zərbəni endirənə qədər qaçıb gecənin qaranlığına qarışmış.
Şəhərin xəlvət dalanlarından birinə gələn Əhməd onu heç kimin izləmədiyindən əmin olandan sonra yarasını sarımış, üstündən də papağını basıb karvansaraya gəlmiş. Yubanmayıb olanını-qalanını toplamış, gecə ikən Bağdaddan çıxmış. Səhəri günün axşamı yolüstü balaca şəhərlərdən birinə çatmış, təbib tapıb yarasına məlhəm qoydurmuş, təbib duyuq düşməsin deyə də gecə yolda həramilərə tuş gəldiyini demiş. Yarası tamam-kamal sağalıb bitişəndən sonra yola düzəlmiş, qaysağı qopana qədər Qırıma yetişmiş.
Başqası olsaydı, çox yəqini Qırımda rahat-xatircəm yaşamağa davam edərmiş. Amma bu fikir Əhmədin ağlına da gəlməmiş. Qisas almaq ehtirası onun ürəyini didib-parçalayırmış. Çox fikirləşməyib hazırlaşmış, kahasındakı xəzinədə nəyi var yığıb-qablaşdırmış, bir karvan yükü hasil olmuş. Yola düzəllənib əvvəlcə Şam şəhərinə gəlmiş. Şamda özünə nökər-qulluqçu tapmış, Şahənşah üçün əntiq-əntiq hədiyyələr, ənamlar almış, yığışıb-hazırlaşıb Bağdada varid olmuş. Karvanını çəkmiş birbaşa Şahənşah padşahın sarayının qabağına. Qapıçı ilə içəri xəbər göndərmiş, onu qarşılamağa əvvəlcə vəzir çıxmış, niyyətini-mətləbini sormuş.
– Qırım diyarından gəlirəm, – Əhməd demiş, – Şahənşah padşah üçün ənamlarım var. Qəbulu olsa, onunla görüşüb ənamlarımı birbaşa padşahın xaki-payinə düzməyi təvəqqe edirəm.
Şahənşah onu hörmət və artıq izzətlə qəbul etmiş. Əhmədin gətirdiyi ləl-cəvahirat, xalı-xalça, top-top parçalar Şahənşahın nəhayət dərəcədə xoşuna gəlmiş. Əhmədi ən əziz qonağı kimi sarayında saxlamış, hörmətini üstün tutmuş. Günlər keçdikcə Əhməd ya mehribanlığı və ağlıyla, ya da sehrkarlığı və əfsunlarıyla Şahənşahın könlünə girmiş, onun yaxın adamlarından biri olmuş.
Qisas hissi onun fikrini məşğul edib içini dağıtmağındaymış, amma Əhməd nə qədər eləyirdisə, heç cür o dar keçiddə kimin pusqu qurub doqquz silahdaş-yoldaşını qətl etdiyini, özünü isə yaraladığını öyrənə bilmirmiş.
Günlərdən birində Şahənşah Əhmədi divanına çağırmış, sağında oturdub demiş:
– Əhməd, görürəm nəhayətdə ərən və səxavətli cavanmərdsən. Günlərdir fikir edirəm, vəzir-vəkilimlə də məsləhət-məşvərət eləmişəm. Mənim bir qızım var, adına Güləndam xatun deyərlər. Günəş onun gül cəmalını görəndə gözəlliyindən utanar. Həm də çox igid cuvanəzəndir. Bir neçə ay qabaq on hərami sarayın qapısını açıb xəzinəyə daraşıb, qızım Güləndam xatun pusqu qurub, həramilərdən doqquzunun canını alıb. Onuncunu yaralasa da, hərami qaça bilib. Bax, belə qızdır Güləndam xatun. İstəyəni çoxdur, qalmayan padşahlar, şahzadələr, sərkərdələr elçi daşımızı döyəcləyib, gərçi heç biri qızımın layiqi olmayıb. İndi günlərdir fikir edib çək-çevir edirəm, qızıma səndən daha layiqlisini gümana gətirə bilmirəm. gəl Güləndam xatunu verim sənə. Bir-birinizin babısınız ki, dayanıb-durmusunuz. Mən qoca kişiyəm, bu gündə-sabahda öləndə gözüm dalda qalmasın, xətircəmlik içində karvanımı sürüb gedim.
Əhməd Şahənşahın sözlərini eşidib barmağını dişləmiş. Deməgilən, doqquz silahdaş-yoldaşının canını alan, özünü isə yarımcan edən bir zənən xeylağıymış, o da kim ola, Şahənşahın qızı Güləndam xatun. Axtardığı ov özü öz ayağıyla gəlib onun tələsinə düşmüş.
Əhməd Şahənşahın ətəyini öpüb demiş:
– Şah sağ olsun, sənin ən xırda istəyin də mənimçün böyük əmrdir ki, o istəyin-əmrin yerinə yetirilməsi üçün nəinki malımı, canımı da əsirgəmərəm. Vəxta ki, mən həqiri qızın Güləndam xatunun layiqi bilirsən, nə karəyəm sənin istəyindən çıxam? Bu elə xoşbəxtlikdir ki, yatıb yuxuda görməyi də arzulaya bilmərəm.
Əhməd dübarə Şahənşahın ətəyini öpüb könlünü şad etmiş. Şahənşahın əmriylə elə həmin dəqiqədən toy tədarükü başlamış, otuz doqquz gün toy olmuş, qırxıncı gün Əhmədi kamına çatsın deyə Güləndam xatunun hərəmxanasına ötürmüşlər.
Güləndam xatun Əhmədin kim olduğunu bilmirmiş, hamı kimi o da Əhmədi Qırımlı tacir zənn edirmiş. Amma qətiyyən ona meyli yoxmuş. Bu səbəbə gərdəyə özü girməmiş, yerinə özü kimi etibar etdiyi can bir qəlb qaravaşını göndərmiş.
Nağılçı dili yüyrək olar, bu minvalla bir neçə ay keçmiş. Əhməd qisas almaq üçün tədbir tökməyə başlamış. Bir gün gəlmiş Şahənşahın hüzuruna, Güləndam xatunu öz ailəsiylə tanış etmək üçün Qırıma aparmağa rüsxət istəmiş. Şahənşah razılaşmış, tapşırmış ki, gedin, amma Qırımda çox yubanmayın.
Bir həftə hazırlaşmışlar, karvan-karvan ənam və xeyli müşayiətçi ilə yola çıxmışlar. Qırım yolunda Əhmədin əvvəlki məskəninə çatanda gecələməyə düşmüşlər. Əhməd əfsun oxuyub hamını yuxuya vermiş, Güləndam xatundan savay hamını qılıncdan keçirtmiş. Güləndam xatunun özünü isə dara çəkmiş. Güləndam xatun səbəbini sorduqda Əhməd belə cavab vermiş:
– Doqquz silahdaş-yoldaşını öldürüb özünü isə yaraladığın hərami mənəm. İndi səndən qisas alacağam. Gedib meşədən odun gətirib səni yandıracağam. Səni misli görünməyib-eşidilməmiş əziyyətlə öldürəcəyəm. Ocaqda diri-diri ətin bişəcək.
Əhməd atlanmış, odun yükləmək üçün də bir atı yedəyinə alıb meşəyə yollanmış.
Əhmədin birinci dəfə Bağdada getməyindən xeyli vaxt keçmiş, buralarda sakitlik, əmin– amanlıq bərqərar olmuş. Amma Qırım və ətraf şəhərlərin camaatı Əhmədin burda olmadığını bilmədiyindən hələ də bu yoldan gedib-gələn olmurmış. Günlərlə gözləyəsən, nə bir karvan, nə də bir atlı və ya piyada bəni-adəm burdan keçmirmiş. Buna görə Güləndamın fəryadına haray verən olmamış. Güləndam qışqırmaqdan yorulub çarəsizlik içində ağlamağa başlamış. Deməgilən, taleyin gərdişindən buralara nabələd bir sarvan karvanını məhz bu yola salmış. Sarvan Güləndamın halətini görüb karvanı saxlamış, gəlib onu xilas etmiş. Güləndamın qəziyyəsindən xəbər tutandan sonra demiş:
– Biz İsfahana gedirik, istəsən bizə qoşula bilərsən.
Güləndam xatun sevinclə razılaşmış. Öz karvanlarından qalan yüklü dəvələri, atları sarvanın karvanına qoşub İsfahana yol almışlar.
Əhməd Güləndamın ocağı gur yansın deyə çox odun yığdığı üçün yubanmış. Qayıdanda nə Güləndamdan, nə də karvandan əsər görməmiş, yerlərində yel əsib yengələr oynayırmış. Bircə özünün öldürdüyü qul-qaravaş meyitləriymiş ki, onları qarğa-quzğun didişdirirmiş.
Əhməd qalsın hirsindən zəncir çeynəyə-çeynəyə, görək Güləndam xatun neyləmiş. Karvan İsfahana yetəndə sarvan
Güləndama demiş ki, meyli varsa onunla qalsın, amma Güləndam xatun razılaşmamış.
– Başım vayqanlıdır, – demiş, – səni də bəlaya salaram.
Öz karvanında hər nə vardısa sarvana peşkəş eləmiş, canını xilas etdiyi üçün onu alqışlamış və ondan ayrılmış.
Məni ancaq İsfahan padşahı xilas edə bilər fikrilə saraya gəlmiş. Bəxtindən, saray qapısına çatanda İsfahan padşahı Güləfruxun anası seyirdən qayıdırmış. Ana Güləndamı qəbul etmiş, qəziyyəsindən hali olub mehribanlıq göstərmiş, günlərlə qonaq saxlamış. Güləndam bir gün ona demiş:
– Mehribanlığınız və mehmannəvazlığınız üçün artıq dərəcədə minnətdaram. Ancaq sizin də rüsxətiniz olsa, Bağdada, atamın yanına qayıtmaq istərəm.
Ana fikrə gedib vəziyyəti hərtərəfli götür-qoy etmiş, Güləndama demiş:
– Həramiyə üst-üstə neçə zərbələr vurmusan. O heç səni bağışlamaz və qisasının dalınca gələr. Əlbət ki, səni Bağdadda axtarar. Bu halda sənin Bağdada getməyin ayağınla ölümə getməyin deməkdi. Gəl sən burda qal, səni oğlum Güləfruxla evləndirim. Onsuz da ona bab qız axtarırdım. Səndən yaxşısı harda var? Evlənin, yaşayın, bir müddətdən sonra atana xəbər göndərərik, o da hali olar.
Bu məsləhət Güləndamın ağlına batmış və o, ananın təklifilə razılaşmış. Güləfruxla görüşüb-tanışandan sonra ondan təvəqqe eləmiş ki, sarayın bağçasında qırx pilləkanlı başqa bir saray tikdirsin. Sarayı qorumaq üçün həyətə iki aslan buraxsın, qırx pilləkanın hər birində bir əliqılınclı qul dayansın.
Güləfrux razılaşıb dərhal sarayın tikilməsi üçün göstəriş vermiş. Saray tezliklə hazır olmuş və Güləfruxla Güləndam evlənib o sarayda yaşamağa başlamışlar.
Onlar ləzzət içində yaşamağında olsun, sizə kimdən deyim, hərami Əhməddən. Əhməd təzədən yol almış Bağdada, şəhərə çatanda təğyiri-libas olub kəndli paltarı geymiş ki, onu tanımasınlar. Sarayı güdüb-gözətləməyə başlamış. Yenə də ya kisəsindəki qızıl-gümüşün hesabına, ya da sehrkarlığının-əfsununun gücünə saray xidmətçilərindən birini dilə tutmuş, Güləndam xatunun hələ qayıtmadığını öyrənmiş. Başlamış hövsələylə onun yolunu gözləməyə. Mən deyim keçmiş altı ay, sən de keçmiş bir il. Güləndam xatunun nə özü gəlib çıxmış, nə də ondan bir xəbər verən tapılmış. Şahənşah Qırıma xəbərçi göndərmiş. Xəbərçi qayıdıb Qırımda Əhməd adlı tacirin olmadığı və Güləndam xatunun da ayağının ora dəymədiyi xəbərini gətirəndə Şahənşah dərddən-fikirdən yatağa düşmüş. Bir-iki həftənin içində şam kimi ərimiş, axırda da elə şam kimi sönmüş. Yerinə qardaşı oğlunu padşah qoymuşlar.
Əhməd haləti belə görüb Güləndamın bir də bura qayıtmayacağını yəqinləşdirmiş. Nagüman yol almış başqa şəhərlərə. Hər çatdığı yerdə Güləndamı soraqlamış, xəbər almadıqca yola davam eləmiş. Belə-belə gəlib çıxmış İsfahana. Qaldığı karvansarayın nökəri ilə dil tapmış, şəhərdə nə var, nə yox soruşmuş. Nökər də heç nədən şübhələnməyib şəhərin halətindən-vəziyyətindən tutmuş Güləfrux padşahın evlənməsinə qədər hər şeyi yerli-yataqlı danışmış. Əhməd Güləndam xatunun sorağını alanda bir sevinmiş ki, gəl görəsən. Sarayı gözətləyib vəziyyəti öyrənmiş.
Bir axşam çölə gedib əfsun oxumuş, kəməndinə iki ceyran salıb şəhərə gətirmiş. Gecə düşüb toran qovuşan kimi ceyranları götürüb saraya gəlmiş. Ceyranları aslanların qabağına atmış, aslanların başı ceyranları parçalamağa qarışanda aradan sivişib pilləkanlara çatmış. Pilləkanlardakı qulların qılınclarının tiyəsi o qədər itiymiş ki, qaranlıqda da parıldayırmış. Hərami Əhməd əfsun oxuyub qulları yatızdırmış, hər pillədən atladıqca ordakı qulun boynunu vurmuş. Çatmış sarayın qapısına. Elə qapını açıb girmək istəyirmiş ki, Güləndam xatun içəridən onun üstünə atılmış. Qılınclaşmağa başlamışlar. Gah o üstün gəlmiş, gah bu. Amma heç biri digərini məğlub edə bilməmiş. Qılıncları atıb güləşməyə başlamışlar. Xeyli süpürləşəndən sonra Güləndam xatun məqam tapıb Əhmədin ayağından yapışmış, onu bir vaxtlar dərisini üzdüyü kəlləsi üstə yerə aşırtmış. Qırx pilləkanlıq məsafədən yerə düşən Əhməd özünə gəlməyə macal tapmamış ceyranları həzmi-rabedən keçirtmiş aslanlar onun üstünü almış, onu da ceyran kimi parçalamışlar.
Düşmənini öldürən Güləndam xatun Güləfrux padşahla şad-xürrəm yaşayıb uzun ömür sürmüşlər...
Nağılçı söhbətini yekunlaşdırıb boğazını arıtladı, camdakı şərbətdən bir qurtum içib bığını əlinin dalıyla sildi. Nağılın sehrinə uymuş karvansara əhli özünə gəlməyə başladı. Qulaq asanlar nağılçıya o qədər aludə olmuşdu ki, kimisinin yeməyi soyumuş, kimisinin nargiləsi sönmüşdü. Görkəmindən tacirə oxşayan birisi karvansaraçını səslədi:
– Ay karvansaraçı, nargilənin kömürünü dəyiş.
Karvansaraçı məcməyini götürüb ayağa durdu.
– Sağ olsun nağılçı baba, – dedi. – İndi də sazəndələrdən təvəqqe eləyək, gecəmizi rövqənləndirsinlər.
Karvansaraçı buxarının bu biri tərəfində oturmuş iki nəfərə işarə eləyib özü nargilə kömürü gətirmək üçün içəri keçdi. Sazəndələrdən biri dəfini, o biri balabanını çıxartdı, Sarənc üstündə oxuyub-çalmağa başladılar.
Mustafa ilə yoldaşı da soyumuş plovu yeyib qurtardı. Mustafa camın dibindəki şərabı içib bardağı götürdü, təzədən doldurdu. Camını qaldıranda yoldaşına dedi:
– Yaxşı şərabdı. Tünddü.
Yoldaşı başını tərpətməklə təsdiqlədi. Mustafa şərabı içəndə yadına düşdü ki, hələ də yoldaşının adını bilmir. Əlini ona uzatdı:
– Mustafa.
Yoldaşı onun əlini sıxıb dedi:
– Adaşıq.
– Nə yaxşı. Amma buraların adamına oxşamırsan.
– Hə, qəribəm.
– Sənətinin adı nədir?
– Əvvəllər tacir idim. Bir neçə ildi hər şeyi buraxıb gəzməklə məşğulam.
– Səyyahsan?
– Elə də demək olar. Gəzirəm də. Bir ay burda, beş ay orda.
– Bəs nəylə dolanırsan?
– Bir parça çörək hər yerdə var.
– Əslin hardandı?
– Tavridadan (Tavrida – Krımın qədim adı). Siz ora Qırım deyirsiniz. Atam tatardı, anam qıpçaq.
– Baho, Əhmədin yerlisisən ki.
– Hə, – qərib Mustafa camdakı şərabdan bir qurtum içib cavab verdi.
– Bəs sən Əhmədi tanıyırsan?
– Uşaqlıq dostum olub.
– Demə! Bəs nağılçı düz deyir ki, Əhməd sehrkardı?
– Yox əlbəttə. Bir özün fikirləş də, sehrkara qılınc işləyər? Sehrkarı ancaq sehrlə-əfsunla öldürmək olar. Həm də ki, sehrkar onu harda təhlükə gözlədiyini bilər, ora getməz, getsə də, əfsun oxuyub qabağını alar.
Qərib Mustafanın dedikləri Mustafanın ağlına batdı.
– Düz deyirsən, heç bu tərəfini fikirləşməmişdim.
– İstəyirsən Əhmədin doğruçu əhvalatını danışım.
– Danış.
– Burda yox, gedək hücrəyə.
Qərib Mustafa ayağa durub karvansaraçını səslədi.
– Qonşum da mənim hücrəmdə qalacaq.
Karvansaraçı qabağa düşdü. Qərib Mustafa içində şərab qalan bardaqla camları götürüb başıyla Mustafaya işarə elədi ki, gedək. Gəlib balaca bir hücrəyə girdilər. Karvansaraçı divardakı çırağı yandırdı, taxçadakı döşəkləri yerə sərib dedi:
– Siz rahatlanın, mən kömür gətirim, içəri qızışsın.
– Bir bardaq şərab da gətir, – qərib Mustafa dedi.
Karvansaraçı baş əyib çıxdı. Hərəsi öz döşəyinin üstündə oturdu. Karvansaraçı balaca manqalda közərən kömürü gətirib döşəklərin arasına yerləşdirdi. Qoltuğundakı şərab bardağını qərib Mustafaya uzadıb dedi:
– Gecəniz xeyrə qalsın!
Karvansaraçı çıxandan sonra qərib Mustafa camları doldurub danışmağa başladı.
Hərami Əhmədin həqiqi əhvalatı
Bayaq da dedim, Tavridada doğulub böyümüşəm. Bizim Tavrida sizin Baquan (Baquan və ya Baqavan – Bakının qədim adlarından biri) kimi dərya qırağındadı. Amma bizim təbiət sizinkinə oxşamaz. Baquanda olmusan əlbət. Ora quraqlıqdır, şoranlıqdır. Yerdən yağ çıxdığı üçün torpaq əkin-biçinə çox yararlı deyil. Tavrida başqa cürdü amma, torpağı münbitdi oraların. Çubuğu basdırsan bəhər verər.
Biz şəhər ətrafında yaşayırdıq. Atamın əkin sahəsi vardı. Atam, anam, balaca bacı-qardaşlarım hamımız sahədə işləyirdik. Məhsulumuz çox olurdu. Heç nədən korluq çəkmirdik. Mal-qaramız, qoyun-quzumuz da çox idi.
Əhməd bizim qonşumuzun oğlu idi. Qardaş kimiydik onunla, bütün uşaqlığımız bir yerdə keçmişdi.
Tavridadan bir az aralı Kaffa (Feodosiya şəhərinin qədim adı) şəhəri var. Deyirlər, əvvəllər balaca kənd olub. Sonra Genuya tacirləri oranı alıb, sahilində böyük bəndər (liman) salıblar. Kaffa günü-gündən böyüyüb, olub şəhər. Ətrafında möhkəm qala tikilib. Bu yaşımacan az qala dünyanın yarısını gəzmişəm, amma Kaffa bazarı boyda bazar görməmişəm. Quş südündən belə nə istəsən tapardın bu bazarda. Hər millətdən adama rast gələrdin. Sanasan dünyanın ürəyi bu bazarda döyünürdü.
Atam da məhsulumuzu bu bazara gətirib satırdı, Əhmədin atası da. Bir az böyüyəndən sonra atalarımız bizi də alverə göndərməyə başladı. Çox olan məhsulları, buğdanı, çovdarı, darını atalarımız aparırdı, bostan meyvəcatını, ağartını biz aparırdıq. Yavaş-yavaş alverin təhərini öyrənirdik. Əvvəl-əvvəl xam olduğumuzu görüb bizi aldadırdılar, getdikcə hər şeyin çəmini tapırdıq. Gəlirimiz çox yaxşı idi, amma göz doymur ki. Əhmədlə fikirləşdik ki, gəlsənə özümüz Kaffa bazarında dükan açaq? Oturaq əlimiz-ayağımız təmiz, bundan alıb ona sataq. Pulu pul, hörməti hörmət. Gedib atalarımıza dedik, çətinliklə icazə aldıq. Buraxmaq istəmirdilər, ancaq tezliklə başa düşdülər ki, qabağımızı ala bilməyəcəklər. Naçar razılaşdılar.
Gəlib bazarın ucqarındakı boş dükanlardan birini kirayələdik, karvansarada daimi otaq tutduq. Ədviyyat alveri edirdik. Əvvəlki aylarda qazancımız az oldu, çünki biz ancaq əlimizin məhsulunu satmağa öyrəşmişdik. Birindən alıb başqasına satmaq isə tamam başqa sənətdir. Amma bunu da öyrəndik. Qazancımız çoxaldı, yanımızdakı dükanı da götürüb öz dükanımıza qatdıq, işləri böyütdük. Dükana işçilər götürdük. Daha malları özümüz yükləyib-boşaltmırdıq, özümüz çəkib müştəri yola salmırdıq. Bu işlərin hamısını işçilərimiz görürdü. Bizim işimiz ancaq pul saymaq idi. Tez-tez gedib evə dəyirdik, pul verirdik.
Əhməd şəhərdə özü üçün ev alıb evləndi. Amma mən hələ də karvansarada qalırdım. Evlənməyə tələsmirdim.
Bazarın adlı tacirlərindən olmuşduq. Müştərimiz çox idi. Biz başqaları kimi aldatmırdıq deyə bizə inanırdılar. Tərəzimiz düz işləyirdi, ağır gəlsin deyə ədviyyatlara toz-torpaq qatmırdıq. Çünki başa düşmüşdük ki, düzlükdən böyük biclik yoxdur. Müştərini bir dəfə aldadıb xeyli qazanc götürə bilərsən, amma o müştəri bir də səndən mal almayacaq. Az qazanıb daimi qazanmaq daha yaxşıdır. Biz bazardakı azsaylı halal tacirlərdən idik.
Neçə il belə işlədik. Əhmədi bilmirəm, amma mənim kalan pulum yığılmışdı. Ata evində kisə-kisə qızıllarım vardı. Hər təzə kisə dolduqca aparıb o birilərin üstünə yığırdım.
Əhməd evlənəni aramız soyumağa başlamışdı. Subayla evlininki çox da tutmaz. Axşam olcaq Əhməd evə gedirdi, mən meyxanaya. Bir müddətdən sonra Əhməd təzə dostlar tapdı. Hər gün yanına cürbəcür adamlar gəlirdi. Dükanın bir küncünə çəkilib xosunlaşırdılar. Dükanın əsas yükü üstümə düşmüşdü, Əhməd işimizə başısoyuq yanaşmağa başlamışdı. Xətrimə dəysə də, üzünə vurmurdum. Arada illərin dostluğu, xətir-hörməti vardı. Bir gün Əhməd dedi ki, uzun səfərə çıxacaq, hardasa bir ay burda olmayacaq. Soruşdu, dükanı tək idarə edə bilərəm? Dedim, etməyinə edərəm, amma hara getdiyini desən yaxşı olar. Dedi, qayıdanda deyərəm. Əhməd təzə dostlarıyla yığışıb yola düşdü, bayaq dedim e, dükana gəlib-gedən adamlar, bax, onlarla. Səhər tezdən yola çıxdılar. Şəhər qapılarınacan yola saldım onları. Hamısı bir yerdə on nəfər idi. Biri Əhməd, doqquzu təzə yoldaşları. Onlara yaxşı yol arzulayıb şəhərə qayıtdım.
Nə başını ağrıdım, gəlməkləri bir aydan çox çəkdi. Bir axşam meyxanadan çıxıb karvansaraya gedirdim. Əhməd gəlib yolda tapdı məni. Dostumu qucaqlayıb əhval tutdum. Dedi, meyxanadan şərab götürüb gedək karvansaraya. İki bardaq şərab alıb getdik. Əhmədin kefi ala buludda idi. Soruşdum, xeyirdimi? Dedi, xeyirdi, özü də lap xeyirlisindən.
Adaş, bayaq dedim ki, Kaffa bazarı çox böyük idi. Bazarda meyvəcatdan, səbzəvatdan, ədviyyatdan savay qul-qaravaş da satılırdı. Bu işə baxan xüsusi dəstələr vardı. Gedib çöllərdəki, səhralardakı qeyri-millətlərdən əsir tutub gətirir, bazarda satırdılar. Əsirləri əsasən əcnəbi tacirlər alıb dəniz yoluyla aparırdı.
Əhməd də o dəstələrdən birinə qoşulubmuş. Gediblər çölə, balaca moğol kəndlərindən birinə basqın ediblər. Kənddəki orta yaşlılarla qocaları qılıncdan keçirdiblər, cavan qızlarla uşaqları əsir gətiriblər.
Əhməd dedi, əsirləri Kaffadan yarım günlük məsafədə saxlamışıq, sabah yoldaşlar gətirib satacaqlar. Hələ mənə də təkəllif elədi, dedi, qəşəng qızlar var, göyçək oğlan uşaqları da var. Sabah gəl bax, hansını istəsən bir-iki günlük götür, sonra satarıq. Soruşdum, əsirlərin hamısını əldən keçirtmisiniz? Dedi, hə, yol uzun, gecələr səksəkəli. Necəsə rahatlamaq lazımdı axı. Dedim, ay bişərəflər, qohum-əqrəbalarını öldürməyiniz, özlərini əsir eləməyiniz bəs deyil? Daha zorlamaq nə üçün? Gülüb dedi ki, onları bilirsən nə qədər zorlayacaqlar? Bir nəfər az, bir nəfər çox, onlar üçün nə fərqi?
Eşitdiklərim, Əhmədin bu yola düşməyi mənə çox pis təsir elədi. Özümə gəlmək üçün bardaqda qalan şərabı başıma çəkdim. Əhmədin başına ağıl qoymaq istədim. Dedim, Əhməd, cavansan, başa düşürəm, qanının qaynayan vaxtıdı, çoxlu qazanmaq istəyirsən, macərapərəstlik başına vurub. Amma tutduğun yol düz yol deyil. Ağlını başına cəmlə, qayıt nə qədər gec deyil. Gül kimi ailən var. Bu bir dəfəni bağışlayaq uşaqlarının gül camalına. Onsuz da çox qazanırsan, dükanın gəliri yaxşıdı, lap əgər sənə azlıq edirsə, mən öz payımın da yarısını sənə verim. Yox əgər macəra axtarırsansa, nə çoxdur gəzməli diyar. Get, gəz. Daha günah işlərə bulaşmağın nə üçün?
Qısası, mən çox dedim, Əhməd az eşitdi. Dedi, mən yoldaşlarla peyman bağlamışam, onları yarı yolda qoya bilmərəm.
Sözümüz çəpləşdi, az qaldı əlbəyaxaya çıxaq. Qovdum onu. Səhəri gün malımızı tən böldüm, dükanları ayırdım. Dedim, səninki səndə, mənimki məndə. Görməyinə hər gün görürdüm onu, qonşu dükanlarda idik də. Hər dəfə üzümü çevirirdim.
Əhməd bu qul-qaravaş işini şakərə çevirdi. Gedib əsir gətirirdilər, satırdılar, ay tamam olmamış yenə çıxırdılar səfərə.
Bilmirəm neçə il keçdi aradan. Mən də evlənib özümə yurd-yuva elədim. Sonra qıtlıq illəri gəldi. Yadına gəlmiş olar, hardasa on beş il qabaq iqlim dəyişdi, yay da payız kimi keçirdi, qışdan danışmağa dəyməz. Tacirlər danışırdılar ki, Həbəşistan kimi ölkədə də qar yağır. Yerli məhsul çıxmırdı, xaricdən də o qədər az gəlirdi ki, heç gözə görünmürdü. Özümüzə tacir deməyə utanırdıq, çünki tacir mal satar, alver edər. Alıb-satmağa heç nə yoxdursa, onda sən nə tacir oldun?
Xeyli adam qırıldı o qıtlıq illərində. Elə mənim iki bacım aclığın qurbanı oldu. Yemək tapmaq olmurdu.
Həmin o illərdə Kaffa bazarı çökdü. Genuya tacirlərinin əksəri daha gəlmirdi bu tərəflərə. Bəndərdə gəmi gün-gündən azalırdı.
Çərx dönəndə hər şeyi birdən döndərir. Əhmədin başına fəlakət də o vaxtlarda gəldi.
Bir gün dükanda oturub keçmişi-gələcəyi fikirləşirdim. Əhməd gəldi. Başı sarıqlıydı, özü də yaman günə düşmüşdü. Bir istədim qovum onu, yalvarıb and verdi. Dedi, sözümə qulaq as, sonra istəsən qovarsan. Dedim, danış.
Qısası, bunlar yenə yığışıb gedirlər səfərə. Çöllərdə hansısa balaca kəndə hücum edib asdıqlarını asırlar, basdıqlarını basırlar. Əsirləri yığıb üz qoyurlar qayıtmağa. Necə olursa Əhməd əsir qızlardan birinə bənd olur. Onu o biri yoldaşlarına vermir, hər gecə öz yanına salır. Qıza qandırır ki, səni satmayacağam, özümə saxlayacağam. Qız da bu yandan şirinlik edib girir Əhmədin qılığına. Bir gecə yatanda qız Əhmədə deyir ki, ip biləklərimi doğradı. Əhməd inanıb qızın əllərini açır, qucaqlaşıb yatırlar. Hamı yuxuya gedəndən sonra qız durub əsirləri azad edir. Qılınc götürüb düşürlər quldurların canına. Əhmədin doqquz yoldaşını öldürürlər. Qız Əhmədin boynunu vurmaq istəyəndə Əhməd nagahani oyanıb başını qaçırda bilir. Qılınc onun boynunu yox, əmgəyini tutur, kəlləsindən bir tutam saçı dəriqarışıq üzür. Əhməd qılınc götürəndə əsirlər dayanmayıb qaçırlar. Əhməd başını sarıyıb yaralı-yaralı günlərlə yol gəlir, ölüm-zülüm özünü Kaffaya çatdırır.
Əhməd bunları danışıb ayağıma düşdü. Dedi, bir qələtdi eləmişəm, bağışla məni. Fikir elədim ki, allahın vurduğunu bir tərəfdən də bəndənin vurmağı kişilikdən deyil. Əhmədi yenə çəkdim öz yanıma, dükanları birləşdirdik.
Amma alver düzəlmirdi. Bir qədər fikirləşəndən sonra qərara gəldim Hindistana gedim. Bazardakı tacirlərdən bir neçəsi çoxdandı bu fikrə düşmüşdü. Tədarük görüb qoşuldum onlara. Əhmədə də təkəllif elədim bizimlə gəlsin, razılaşmayıb Kaffada qaldı.
Səfərimiz uzun və ağır oldu. Dörd aya Hindistana çatdıq. Hardasa bir ay ordakı alverimiz çəkdi. Olanından-olmazından alıb yükümüzü tutduq, yola düzəldik. Dörd ay da hesabla dala qayıtmağımızı. Doqquz aydan beş-on gün artıq keçmişdi ki, gəlib Kaffaya çatdıq. Kaş gəlməzdik, kaş yolda ölüb qalardıq, gəlib şəhərin bu gününü görməzdik. Şəhərə vəba yayılmışdı. Qala qapılarını bağlamışdılar, giriş-çıxış qadağandı. Ölənləri meydana yığıb yandırırdılar. Yanıq ət iyi daş-divara hopmuşdu, havadan da ütülmüş bədən iyi gəlirdi.
Yaxın kəndlərdən birinə gedib karvansarayda düşdük. Karvansaraçıdan qəziyyəni soruşduq. Dedi, beş-altı ay qabaq moğol xanı Canıbəy qoşununu yığıb Kaffaya hücum eləyib. Əhmədgilin dəstəsi kimi çoxlu dəstələr vardı şəhərdə, əksəri də moğolların üstünə hücum edirdi. Canıbəy axır boğaza yığılıb, məsələni bir dəfəlik həll eləməkçün Kaffanı tutmaq fikrinə düşüb. Kaffa qalası möhkəm qaladı. Canıbəy şəhəri bir ay mühasirədə saxlayıb, amma ala bilməyib. Canıbəyin qoşununda vəba varmış, gündə neçə əsgəri ölürmüş. Onlar bilmirmiş bu nə xəstəlikdi. Bir aydan sonra Canıbəyin qoşunu çəkiləndə ölən əsgərlərin meyitini mancanaqla şəhərə atıb gediblər. Yerli camaat onların bu hərəkətini başa düşməyib. Yəqin, heç moğollar da nə etdiklərini bilmirmiş. Hər halda ölünü torpağı qazıyıb basdırmaqdansa, mancanağa qoyub atmaq daha asan görünüb onlara. Yerli camaat meyitləri yığıb basdırıb, amma vəba artıq şəhərdə idi. Axırını da gördünüz, karvansaraçı dedi.
Uzun danışıb başını ağrıtmaq istəmirəm. Aylar keçdi, xəstəlik sovuşdu, şəhərin qapıları açıldı. Vəba Əhmədlə ailəsini, mənim də arvadımla oğlumu aparmışdı. Kənddəki qohumlarımdan da qalan yox idi. Tək qalmışdım. Göydəki ay kimi təmtək.
Daha Kaffada qalmaq istəmədim. Nəyim qalmışdısa yığdım, düşdüm yollara. Bu gün sizin şəhərdəyəm, sabah allah bilir harda olacağam...
Qərib Mustafa söhbətini qurtarıb bardaqdakı şərabı camlara paylaşdırdı, içdilər. Manqaldakı köz öləzimişdi, hücrə soyuyurdu.
– Yataq daha, – qərib Mustafa dedi, – bir azdan səhər açılacaq, gözümüzün acısını alaq.
– Bəs bu Əhmədin Güləndam xatunla olan əhvalatını kim uydurub?
– O vaxt hələ Əhməd sağ olanda Qırımda meyxanada oturub öz əhvalatını danışırdı. Amma hər dəfə də dəyişdirirdi. O əhvalatı eşidən qəriblər gedib öz diyarlarında danışıblar. Hər adam danışdıqca nələrisə dəyişdirib, nələrisə artırıb, nələrisə azaldıb. Sizin diyara da bu əhvalat gəlib çıxıb.
– Demək, hər yerdə bir cür danışırlar.
– Hə. Trabzonda deyirdilər, Əhməd doqquz yoldaşı ilə gedib yeddibaşlı əjdahanı öldürüb. Moğollar Əhmədin doqquz yoldaşı ilə altı dəniz üzdüyünü deyirdi. Sibiryada danışılana görə isə, Əhməd doqquz yoldaşını dirilik suyunu axtaranda qurban verib. Əhvalatlar dəyişir. Dəyişməyən tək şey Əhmədin doqquz yoldaşı ilə bir tutam saçının dəriqarışıq üzülməyidi. Əhməd haqqında o qədər şey eşitmişəm ki, heç öz danışdığımın da düz olub-olmadığını bilmirəm daha.
– Bəs onda mən hansına inanım?
– Hansı xoşuna gəlirsə, ona da inan.
Qərib Mustafa durub papağını çıxartdı. Çırağı söndürüb yerinə uzandı. Mustafa da kürkünə bürünüb yerinə girdi, gözünü yuman kimi yuxu onu apardı.
Səhər duranda qərib Mustafa hücrədə yox idi. Mustafa çıxıb karvansaraçıdan soruşdu. Karvansaraçı dedi:
– Yoldaşın səhər ertədən getdi.
Mustafa ona pul vermək istəyəndə karvansaraçı almadı.
– Yoldaşın haqq-hesabı üzüb. Sənin atını da apardı, dedi, gecə sənin özünlə sövdələşib. – Karvansaraçı balaca kisədə pul uzatdı Mustafaya. – Dedi, bu sənə çatacaq.
Mustafa pulları saydı, kisədə on atın pulu var idi. Sikkələrdən birini karvansaraçıya verib çıxdı. Çovğun kəsmişdi.
Mustafa evə gedə-gedə fikirləşirdi ki, görəsən gecə qərib Mustafa papağını çıxartanda doğrudan kəlləsindəki bir tutam saçın yeri boş idi, yoxsa içdiyi şərabın təsirindən gözünə elə görünmüşdü...