Tökülən yarpaqların qoxusu - Nəriman Əbdülrəhmanlı

Tökülən yarpaqların qoxusu - Nəriman Əbdülrəhmanlı
5 sentyabr 2023
# 18:00

Redaktor, tərcüməçi və ssenarist Vidadi Paşayevin doğum günüdür. Yaşasaydı, bu gün 80 yaşı tamam olacaqdı...

Kulis.az məşhur redaktorun doğum günü münasibətilə Nəriman Əbdülrəhmanlının "Vidadi Paşayev: Tökülən yarpaqların qoxusu" yazısını təqdim edir.

... - Ə, ayrım balası, nətərisən?!
Aradan illər ötüb, amma hələ də bu səs qulaqlarımdadı. Elə bil, bu səslə birgə onun yiyəsinin ağrı-acılarını, nəfəsindək tütün və içki qoxusunu da duyuram, bu məqamda da dönüb Vidadini görəcəyəm: yüngülcə hallı, damağında siqaret, lopa bığlarının altından şirin-şirin gülümsünəcək, qoltuğundakı qovluğu rahatlayıb əlini saçına çəkəcək:
- Bizim tərəflərdə nə var, nə yox?!
...Sizin tərəflərdə can rahatlığıdı, deyəsən. Belə olmasaydı, cavanlıq tay-tuşların, dost-tanışların bir-biriləriylə sözləşiblərmiş kimi, o tərəflərə gedərdilərmi? İsi Məlikzadə getdi, Tanrıqulu (“Tanqo”) Əliyev getdi, Arif Mustafazadə getdi, Vidadi Məmmədov getdi, Eldar Baxış getdi, Ceyhun Mirzəyev getdi...
Hələ axırıncı gedənləri demirəm...
Yayın ortasında belə, tökülən yarpaqların qoxusu gəlir burnuima...
Bir də içki, tütün qoxusu...

"Kinostudiya bataqlıq kimi bir yerdi, adam düşdümü, çıxa bilmir..."


Cazibə mənasınnda işlətdiyi bu dəqiq ifadəni kinostudiyanın çayxanasında oturduğumuzun birinci günü Vidadi Paşayevdən eşitdim. 1988-ci ilin həmin payız günü “bataqlığın” həyətindəki çayxanada əyləşmişdik, ağacdan qopan yarpaqlar çiyinlərimizə, masanın üstünə tökülür, havadan saralmış yarpaq qoxusu gəlirdi. Vidadinin səsində ötüb-keçən illərin təəssüfü, yorğunluğu, olmuşları geri qaytara bilməyən adamın acizliyi duyulurdu. Bir də hər şeyi atıb getməyə hazır olan, amma getməyə yeri və gücü olmayan həmsöhbətimin öz içində sındığı sezilirdi.

Az sonra özünü toxdadıb siqaret tüstüsü içindən gümrah səslə dilləndi:
- Ə, ayrım balası, danış görək, nə var, nə yox...

Elə ilk tanışlığımızdanca universiteti bitirəndən sonra təyinatla bir müddət Daşkəsəndə işlədiyimi bilib mənə mehrini salmışdı, zarafatla “yerliyik, - deyirdi, - ikimiz də Gəncəbasardanıq”. Onda başına gələnlərdən az-çox xəbərim vardı, onu sənət aləminin qeyri-rəsmi dissidentlərindən sayırdım, çox güman ki, bundan da heç xəbəri yoxudu. Bir də Vidadinin ölçüsüz-biçisiz həyat keçirməklə özünün “yaradıcı obrazını” gözə soxmadığına əmindim: sadəcə başqa cür yaşaya bilmir, ütülü münasibətlərdən, bayağı ünsiyyətlərdən zəndi-zəhləsi gedirdi...

Vidadinin görkəmi də, danışığı da, sevgisi də özündə əsl türk kişisinin koloritini yaşadırdı...

Vidadi “60-cılar”ın sonbeşiyiydi...


Vidadi Paşayev 60-cı illərdə ədəbiyyata gələn dəstənin ən kiçiklərindən (1943-cü il sentyabrın 5-də doğulmuşdu) idi. Universitetin filologiya fakültəsində oxuyanda özündən beş-on yaş böyük olan Fikrət Qocayla, Anarla, İsi Məlikzadə, Əlisa Nicatla, aralarında bir neçə yaş fərq olan Abbas Abdulla, İsa İsmayılzadə, Ələkbər Salahzadə, Vaqif Əlixanlı, Tofiq Abdinlə... isinişmişdi. Adaşı, yığval ortağı Vidadi Məmmədovla bir-birinə qoşulub Gəncədən Bakıya, bu üzü üzlər görmüş şəhəri fəth eləməyə gəlmişdilər. Amma əslində, onların bu şəhərin adamlarından öyrənə biləcəkləri bir şey yoxudu: cavanca yaşlarında dünyanın hər üzünü görmüşdülər, umduqları olsa-olsa, sənət havasıydı. Yazdıqlarını hamıdan gizlədir, “uşaqlar”ın talantını sınağa çəkir, dəqiq, məntiqli, sanballı fikirlər söyləyirdilər...

“Uşaqlar”ın “Paşa” çağırdıqları Vidadi bir müddət “pul (xalq) təsərrüfatı” institutunda oxumuşdu. Qəfildən də “yağlı yeri” atıb o vaxt dabdə olan universitetin filologiya fakültəsinə, axşam şöbəsinə daxil olmuş, əsgərlikdən yayınıb radionun incəsənət şöbəsində işə düzəlmişdi. “Uşaqların sonbeşiyi” olan Vidadi şöbənin də sonbeşiyiydi, şöbə müdiri Anarın, artıq tanınmış şair olan Fikrət Qocanın qəbul elədiyi adamıydı. Tükənməz enerjisi, təşkilatçılıq qabiliyyəti, ötkəmliyi, səmimiliyiylə yanaşı, gözəl redaktor-tərcüməçiydi. Anar ezamiyyətə gedəndə şöbənin yükünü çəkir, verilişlərin maraqlı olması üçün orijinal yollar fikirləşirdi.

Üstəlik də hamının dilini tapmaqda, qəlbinə girməkdə ustaydı: kiminlə beş-on kəlmə kəsirdisə, həmin adam Vidadisiz darıxmağa başlayırdı...

Amma radiodan gedəsi oldu, “Qobustan” qanının arasına girdi...


O vaxt ədəbi-dram verilişləri redaksiyasının baş redaktoru Rauf İsmayılov idi, özü də Vidadinin xətrini çox istəyirdi, fürsət düşəndə yeyib-içməyə birgə gedirdilər. Vidadi hazırladığı radio-jurnal üçün tez-tez tərcümələr eləyirdi. Dünya poeziyasından, görkəmli sənətçlərdən söz açır, bununla yanaşı da çox oxuyur, oxuduğunu özününküləşdirə, dinləyiciyə çatdıra bilirdi. Bu səbəbdən də qələmdaşları Vidadinin sənət söhbətləri üçün əldən-ayaqdan gerdirdilər...

Amma Vidadi həm də özünə güvənən, “qabağından yeməz”, ötkəmliydi. Günlərin birində R.İsmayılov nəyə görəsə Vidadinin verilişini proqramdan çıxarır, o da qeyzə gəlib gedir komitə sədri Ənvər Əlibəylinin yanına. Sədr baş redaktoru çağırtdırır, yüngülcə məzəmmət eləsə də, təbii ki, arxasını yerə vermir. Vidadi də başını aşağı salıb işləsəydi, ta Vidadi olmazdı ki... İki ayağını bir başmağa dirəyib keçir uşaq şöbəsinə. Burda da görür ki, şöbənin müdiri Mailə Muradxanlı hər ay baş redaktorun adından veriliş hazırlayır, o da qonorarını halal malı kimi alıb qoyur cibinə, ümumiyyətlə, radiodan getməyi qərarlaşdırır...

Elə bu vaxt da yuxarılar “Qobustan” sənət toplusunun nəşrinə xeyir-dua verirlər. Anarın yığdığı kollektivdə Vidadi Paşayevin olmaması çox təəccüblü görünərdi: yükün bir tərəfi də məhz toplunun məsul katibi kimi onun çiyinlərinə düşmüşdü. Vidadi də texniki işlə kifayətlənmir, tərcümələr eləyir, sənət adamları haqqında yazır, hər yazısı da dil, üslub, təfəkkür baxımından diqqəti çəkirdi.

Həmin vaxtlar o, yaradıcılıq sarıdan ən yaxşı günlərini yaşayırdı: cəmi-cümlətanı iyirmi beş yaşı vardı, xətrini istəyir, yazılarını bəyənir, gələcəyionə inanırdılar...

Gərək “Gənclik” nəşriyyatına getməyəydi...


İndi bunu demək asandı. Cavan, istedadlı, qabiliyyətli olasan, o vaxt üçün böyük bir vəzifəyə keçmək şansın yarana, bu istəyi içində boğa biləsən – çox çətin məsələdi. İllah da o vəzifə, elə bil, Vidadinin boyuna biçilmişdi: savadı, təşkilatçılığı, redaktə bacarığı, əzəmətli boy-buxunu və... cəmi 26 yaşı vardı. Görünür, alın yazısıymış, getməyə bilməzmiş...

Vidadinin “Gənclik” nəşriyyatına baş redaktor təyin olunmasındfan ötrü Anarın araçılığıyla rəhmətlik Rəsul Rza Cəfər Cəfərova ağız açıb. Vidadi də ustadın etimadını doğrultmaq üçün özünəxas enerjiylə qollarını çırmayıb, başlayıb işə, az vaxt ərzində bir-birindən maraqlı kitabların işıq üzü görməsinə rəvac verib. Arada kefindən də qalmazmış, dostlarını başına yığıb çayxanalara, kababxanalara gedər, sənət söhbətləriylə hamısının “qolunu qatlayarmış”.

Amma özü qalxdığı ucalıqdan özünü elə özü də saldı, o yaşında elə vəzifə sahibi olmağın ona düşmənlər də qazandıracağının fərqinə varmadı. Əlisa Nicatın mərkəzi mətbuatda çıxan ideologiyayazid materalları topladığını bilirmiş, baş redaktor olan kimi, həmin qovluğu alır, yazıları çevirir, “Özüm, gözüm, sözüm” adlı toplu hazırlayır, toplayanı, tərtib və tərcüm eləyəni də Vidadi Paşayev. Yuxarıya siqnal çatır, topluyla maraqlanır, təbii ki, çapına qadağa, üstəlik də Vidadi Paşayevin adının qabağına “quş” qoyurlar ki, “ideoloji sarıdan etibarsızdır”. Bu da azmış kimi, məclislərin birində əsgərliyə getməmək üçün sənəd düzəltdirdiyini ağzından qaçırıbmış, o vaxt üçün “dəhşətli” olan bu fakt da gözügötürməyənlər üçün göydəndüşmə olur. Yenə Rəsul Rza araya girir, məsələnin böyüyüb həbsxanayla nəticələnməsinə imkan vermir – Vidadini vəzifəsindən sözsüz-sovsuz azad eləyirlər...

Vidadi onda ömründə birinci kərə əməlli-başlı sınmışdı...
Aldığı yaranı Bakı, Gəncə sağalda bilməzdi...
Vidadinin başı bir də əlhəd daşına dəyməliydi, elə dəydi də...
Onda 1972-ci iliydi...

Moskvaya dünyadan acığını almağa getmişdi...


Ssenariçi-tərcüməçi Alla Axundovayla elə o zaman rastlaşması da taleyin, qismətin işiymiş. Belə sınıq vaxtında Vidadiyə, dayaq, həyan lazımıydı, bunu da Allanın timsalında tapdı. Onunla birgə yollandı Moskvaya. Bu addımıyla xətrini istədiyi, ərk elədiyi, güvəndiyi dostlarını itirdi – o vaxt bunun fərqində deyildi. Vidadi taledən, qismətdən, özündən qisas almaq istəyirdi, aldı da...

Moskvada Bakıdan, iliyinə işləmiş ab-havadan ötrü burnunun ucu göynəyirdi. Üstəlik də, iki qoçun başı bir qazanda qaynamırdı – qızları Məryəmin dünyaya gəlməsi belə Vidadini ailə həyatına bağlaya bilmirdi. İşsizliyi də bir tərəfdən hövsələsini daraldırdı. Əlac darıxmağı içkiylə ört-basdır eləməyə qalırdı.

Belə bir vaxtda – 1976-cı ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna, SSRİ Xalq artisti Yevgeni Matveyevin emalatxanasına Azərbaycanda bir qrup tələbə daxil oldu. Onda C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası aktyor şöbəsinin rəhbəri olan rejissor Ziyafət Abbasov Vidadiyə kömək məqsədiylə tələbələrə ana dilinin tədrisi məsələsini qaldırır, Y.Matveyevin razılığını və institutun rektoru O.Jdanın xeyir-duasını alır. Sonralar həmin kursu bitirmiş Bəliyət Vəliyev, Ötkəm İsgəndərov, Maya İsgəndərova... Vidadinin onlara necə həvəslə dərs dediyi, tələbələrin həyanına çevrildiyi barədə ağızdolusu danışırdılar. O, Azərbaycan klassiklərinin əsərlərini, dilimizin gözəlliyini gələcək sənətçilərə böyük yanğıyla tədris eləyirdi.

Beş il ötüb keçdi, “Matveyev kursu” təhsilini tamamlayıb Bakıya qayıtdı...
Görünür, daha Vidadini Moskvayla heç nə bağlamırdı...
Onların ardınca qəribsədiyi şəhərə, həsrətini çəkdiyi ədəbi mühitə döndü...

Kinostudiyanın “bataqlığı”ndan çıxa bilmədi...


Amma əvvəlki bağların qırıldığını görəndə hər şeyi təzədən başlamaq üçün özündə qüvvə tapmadı, Gəncəyə getdi, bir müddət orda günlərini işsiz-gücsüz yola verdi. Həmin vaxtlar Mədəniyyət Nazirliyi Baş Repertuar İdarəsinin rəisi işləyən köhnə dostu Vaqif Əlixanlı Vidadini Gəncə teatr mühitinə bağlamağa cəhd elədi. Amma Vidadi 60-cı illərin qaynar yaradıcılıq havasında yetişmişdi, əyalət təfıkkürü onu darıxdırır, bezdirirdi...

Sonra da “bataqlıq” adlandırdığı kinostudiya onu öz caynağına keçirdi. 1981-ci ildə “Mozalan” satirik kino-jurnalına redaktor düzələndə satrsılmış müvazinətini bərpa eləməyə ümidliydi. Moskvada qazandığı astma xəstəliyi amanını kəssə də, püxtələşmiş peşəkarlığı köməyinə çatır, süjetlərin bədii cəhətdən səviyyəli, kəskin olmasına çalışırdı. Xasiyyətisə dəyişməmişdi, qazandığını bircə gündə göyə sovurur, ağız açana köməyini əsirgəmir, elədiklərinin müqabilində xeyir güdmürdü. Rəhmətlik Ceyhun Mirzəyevlə tapışmışdılar, söhbətləri də, xudmani məclislərə münasibətləri də tuturdu...

1982-ci ildə Ziyafət Abbasov “Mozalan”ın baş redaktoru təyin olunanda Vidadi Paşayev növbəti dəfə sındı: rejissorun baş redaktor olmasını sinirə bilmirdi. Bəlkə də, bu səbəbdən tez-tez mübahisələri olurdu. Vidadi özünə və başqalarına qarşı hədsiz tələbkarıydı, süjertlərin mətninə lazım bildiyi kimi “əl gəzdirir”, baş redaktor da müəllif üslubunun nəzərə alınmasını istəyirdi. Vidadi get-gedə daha qaraqabaq, acıdil, inadkar olur, yazı-pozudan soyuyurdu.

Üstəlik, onun böyrünə-başına keçib istedadını zəli kimi soranlar az deyildi; əvəzindəsə qəpik-quruş verirdilər, bu da onun cızdağını çıxarırdı...

Vidadidən qalanlar, bir də Vidadili xatirələr...


Məryəm indi yetkin qadındı, yəqin...

“Gənclik” nəşriyyatında baş redaktor olanda polyak yazıçısı Yeji Pşimanovskinin “Dörd tankçı və bir it” povestini dilimizə ustalıqla çevirmişdi. Orta məktəbdə dönə-dönə oxuduğum o əsərdəki cazibənin Vidadiylə bağlı olduğunu indi dərk eləyirəm...

Səksəninci illərin əvvəllərində təzədən ailə qurmuş, fiziki və mənəvi müvazinətini bir qədər bərpa eləmiş, dünyaya gələn qızını böyütməklə bağlı qayğıları yaşamışdı...
Bəstəkar Məmməd Quliyevin “Aldanmış ulduzlar” operettasının librettosunu yazmış, yaradıcılıq potensialının boyunu göstərmişdi. Bəstəkar müsahibələrində Vidadinin talantını, həssaslığını, ədəbiyyata və musiqiyə bələdliyini dönə-dönə qeyd eləyib...

Rejissor-opertator Zaur Məhərrəmovun çəkdiyi “Daş yaddaş” və “Köç” filmlərinin ssenarisini yazıb. “Köç” lentinin yaddaşına Vidadinin tanış səsi də köçüb. Sayır: “Kürən qoyun, tayını görüm...” Bu filmlərdə onun maddi mədəniyyətimizə, folklorumuza sonsuz sevgisi də üzə çıxıb...

Vidadi dünyasını dəyişəndən sonra Gəncədə çıxan dərgidə şeirlərini oxudum. Görünür, başqalarına qarşı hədsiz tələbkar olduğundan, yazdıqlarını sağlığında üzə çıxmasını istəmirmiş...

Mənə elə gəlir, qəlbindəki sınıqlar olmasaydı, astmanın öhdəsindən gələrdi. 1991-ci ilin bir yaz günü dünyayla vidalaşanda özündən sonra necə bir ağrı qoyub getdiyinun fərqində deyildi. Onda rəhmətlik İsa İsmayılzadənin “Adaş itkilər”, Ələkbər Salahzadənin “İki Vidadidən biri” anımları çap olundu. Bir qədər əvvəl də Vidadi Məmmədov qəzaya uğramışdı, ölüm haqqında söz düşəndə də adları qoşa çəkilirdi...

“Vidadi Paşanınkı gətirmədi. Elə o da o biri Vidadi kimi qəzaya düşdü. Taledən küskün... - öz ayağıyla qəzaya doğru getdi. Biganələrin gözləri qarşısında iblis hörümçək torlarına ilişdi...
Heç kəs onu qorumadı...
Heç birimiz onu qoruya bilmədik...
Vidadini heç özün də qorumadın, Vidadi!
O biri Vidadi maşın qəzası keçirdi, Vidadi!
Bu biri Vidadi hansı qəzaya düşdü, İlahi!”
Bu da Ələkbır Salahzadənin dost yanğısıdı...

2003-cü ildə Vidadi Paşayevin 60 yaşını “Lider” televiziyasında çəkdiyimiz sənədli filmlə qeyd elədim...

Elə o filmin də adı “Tökülən yarpaqların qoxusu”du...

Havadan tökülən yarpaqların qoxusu gəlir yenə...

...avqust 1999-2023

# 3095 dəfə oxunub

Oxşar xəbərlər

4 dəfə evlənən şair kimliyini niyə gizlədirdi? - "Səni düşündükcə o atı da sevirəm..."

4 dəfə evlənən şair kimliyini niyə gizlədirdi? - "Səni düşündükcə o atı da sevirəm..."

09:05 23 dekabr 2024
Oynaşından ötrü oğlunu atan qadın - Ən yaxşı 10 sevgi romanı

Oynaşından ötrü oğlunu atan qadın - Ən yaxşı 10 sevgi romanı

15:00 21 dekabr 2024
Tanrının fil sümüyündən yaratdığı canlı - Kişi qadını mələyə necə çevirir?

Tanrının fil sümüyündən yaratdığı canlı - Kişi qadını mələyə necə çevirir?

12:00 19 dekabr 2024
Qafiyədən çəkdiyimiz zülm... - Şeir necə təhlil olunmalıdır?

Qafiyədən çəkdiyimiz zülm... - Şeir necə təhlil olunmalıdır?

15:35 18 dekabr 2024
"İki kor, bir dəli oğlu olan ana növbəti dəfə hamilədir..." - Dahi bəstəkara görə özünə qəsd edən uşaq kim idi?

"İki kor, bir dəli oğlu olan ana növbəti dəfə hamilədir..." - Dahi bəstəkara görə özünə qəsd edən uşaq kim idi?

17:00 16 dekabr 2024
İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

İntihar, vərəm, ürək çatışmazlığı... - Çimərlikdə yandırılan, ürəyi oddan qorunan, ac-susuz küçələrdə ölən yazıçılar

12:00 14 dekabr 2024
#
#
# # #