Heç kimin edə bilmədiyini edən şair - O, qarşısındakıları necə susdurdu?

Heç kimin edə bilmədiyini edən şair - O, qarşısındakıları necə susdurdu?
11 noyabr 2025
# 11:00

Bu gün şair, dramaturq Mirmehdi Seyidzadənin anım günüdür.

Xalq yazıçısı Hüseyn Abbaszadənin “Nurdan yoğrulmuşlar” kitabından onun haqqında xatirə yazısını təqdim edir.

Tənqidçi İslam İbrahimov eşidir ki, Mirmehdi Seyidzadə bədahətən şeir deməkdə ustadır və o, ən çətin sözlərin belə dərhal qafiyəsini tapır. Yoldaşlarına deyir: “Mən elə bir söz taparam ki, Mirmehdi qafiyəsini deyə bilməz”.

İslam fikirləşib mürəkkəb bir söz tapır və İttifaqda Ağa ilə görüşəndə deyir:

- Ağa, danışırlar ki, sən qafiyə üçün əlini cibinə salmırsan.

- Bəs sən nə bilmişdin?

- Mən bir söz deyərəm, sən qafiyəsini tapa bilməzsən.

- Ay zalım (Ağa bu ifadəni çox işlədirdi), məni imtahana çəkirsən çək, sözüm yoxdu, amma məni qafiyədə bağlayan hələ anadan olmayıb, İshaq İbrahimov!

- İndi görərsən ki, olub, Ağa. Hünərin var, "Daxau" sözünə qafiyə tap!

Mirmehdi Seyidzadə gözləmir ki, İslam onu belə çətin, xarici, həm də Azərbaycan dilinə yatmayan mürəkkəb sözə qafiyə tapmaqda imtahana çəksin. Susub fikrə gedir. İslam elə güman eləyir ki, Mirmehdini bağladı. Öyünə-öyünə deyir:

- İndi gördün ki, elə bir oğlan anadan olub? Ancaq bu vaxtacan sənin qarşına çıxmamışdı.

Ağa qafiyə tapmaq üçün qəsdən vaxtı uzadıb soruşur:

- O nə söz idi, bir də de görüm.

İslam ucadan qalibanə bir ifadə ilə deyir:

- Daxau. Daxau Almaniyada şəhər adıdır, İkinci Dünya müharibəsində faşistlər ordakı ölüm düşərgəsində əsirlərini saxlayırdılar.

Mirmehdi Seyidzadə eyni avazla İslama cavab verir:

- Daxau, Daxau,

Çək əlimdən yaxau.

İslam İbrahimov qəşş eləyib deyir:

- Mən təslim, Ağa. Day sənə sözüm yoxdu.

***

Mirmehdi Seyidzadə yoldaşları ilə hansı uca binanınsa üçüncü mərtəbəsində olan bir idarəyə gedirlərmiş. Həmin binada lift varmış. Onlar görürlər ki, bir neçə nəfər lift növbəsində dayanıb. Gözləməyib yuxarı qalxırlar. Mirmehdi Seyidzadə isə tələsmir, liftlə yuxarı qalxır. Yoldaşları ona deyirlər:

- Ay Ağa, üçüncü mərtəbəyə qalxmağa nə var ki? Heç o qədər gözləməyə dəyməzdi.

Ağa deyir:

Minirəm liftə,

Qalxıram müftə.

***

1957-ci ildə “General” romanım çap olunanda başqa qələm yoldaşlarım kimi Mirmehdi Seyidzadə də məni təbrik elədi:

- Yaxşı eləyib iri nəsr əsəri yazmısan. Fikir deməkçün nəsrin imkanları poeziyaya nisbətən daha genişdi. Həm də indi getdikcə nəsrə tələbat artır. Ay zalım!

Baxmısan əsrə,

Keçmisən nəsrə.

***

Azərbaycan yazıçılarının növbəti qurultayında Mehdi Hüseyni İttifaqa sədr seçirlər. Ertəsi gün o, gəlib kabinetində oturur. Heç işə başlamamış həmişə hər şeydən narazı olanlar yanına girib köhnə rəhbərlikdən şikayətlənirlər. Ona gələcəkdə necə işləmək barədə məsləhət verməyə başlayırlar: nə bilim, filan işi belə, filan işi elə eləsən, daha yaxşı olar. Bu vaxt Mirmehdi Seyidzadə də sədrin kabinetində imiş. Mehdi Hüseyn görür ki, başqaları danışır, o isə susub sakitcə qulaq asır. Seyidzadədən soruşur:

- Ağa, bəs sənin mənə nə məsləhətin var?

Mirmehdi Seyidzadə deyir:

- Mən əvvəlcə sənə can sağlığı, sonra işində böyük müvəffəqiyyətlər arzulayıram. Bacarığına bələdəm, bilirəm ki, obyektiv adamsan, hər şey qaydasında olacaq.

Və o, azacıq fikrə gedəndən sonra avazla deyir:

Sən olmusan sədrimiz,

Bilinəcək qədrimiz.

# 1278 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər