Ən yaxın dostunun mərmi qəlpəsi ilə tikə-parça olması - Müharibənin dəhşətləri

Ən yaxın dostunun mərmi qəlpəsi ilə tikə-parça olması - Müharibənin dəhşətləri
11 noyabr 2022
# 15:00

Kulis.az Vüsal Bağırlının “Qərb cəbhəsində dəyişiklik yoxdur” adlı yazısını təqdim edir.

“Mən Üçüncü dünya müharibəsində hansı silahlardan istifadə olunacağını bilmirəm, amma Dördüncüdə insanlar ağaclar və daşlarla savaşacaqlar”.

(Albert Eynşteyn)

Erix Mariya Remarkın “Qərb cəbhəsində təbəddülat yoxdur” romanını təxminən on beş il əvvəl, rus dilində tapıb oxumuşdum. Bir neçə il əvvəl isə kitab dükanında romanın öz dilimizə tərcümə edilmiş variantına rast gəldim. Kitabı “Qanun” nəşriyyatı nəşr etmişdi.

Kitabın üstündə tikanlı məftillər fonunda, döyüş meydanında alman əsgərinin dəbilqəsi təsvir olunmuşdu. Dəbilqənin üstünə sarı kəpənək qonmuşdu.
Təbii ki, kitabı alıb evə gətirdim. Atam onu götürüb vərəqlədi və oxumağa başladı.

Kitablara ironiya ilə yanaşan, hər kitabı bəyənib oxumayan, oxumaq istədiklərini də bir-iki səhifədən sonra “boş şeydir” deyib kənara tullayan adam, təəccübümə rəğmən, onu birnəfəsə oxudu.

Bitirdikdən sonra məni yanına çağırdı. Kitab masanın üzərində idi. Onu göstərərək, “hələ indiyədək, müharibəni bu dərəcədə real təsvir edən başqa roman oxumamışdım. Mənə çox təsir etdi. Remark gözəl yazıb” dedi.

***
İstər kinofilmlər olsun, istərsə də, əsərlər, müharibə janrı həmişə insanlar üçün ən maraqlı mövzudur. Dünya müharibələri haqqında çox oxumuşam, amma İkinci dünya müharibəsi tarixi hadisə olaraq, dövrünün ölkə liderləri, öz sirləri, müəmmaları ilə məni həmişə daha çox cəlb edib.

Dünkerk əməliyyatı, Stalinqrad, Kursk döyüşləri, Parisin işğalı, Pörl-Harborun bombalanması, Normandiyaya desant çıxarışı, Nürnberq məhkəməsi, Tehran görüşü, Yalta konfransı.

Amma son vaxtlar nədənsə maraq bucağım dəyişib. İndi Birinci Dünya Müharibəsiylə maraqlanıram.

Müharibə nədən yaranır? Milli maraqlar, ideoloji ziddiyyətlər, ərazi iddiası yoxsa, acgöz dövlətlərin sərvət bölgüsü.

Bəs 17 milyon insanı qırıb-çatmış Birinci dünya müharibəsi niyə başladı, niyə qarşısını almaq mümkün olmadı? Çünki başlamaya bilməzdi. Çünki imperiyaların bir-birinə qarşı birləşdiyi nəhəng bloklar, Antanta və Üçlər İttifaqı arasındakı mübahisə və rəqabət kəskin həddə çatmışdı.

Almaniya güclənmişdi və dünyanın ərazi və sərvət cəhətdən bölüşdürülməsində İtaliya, Rusiya, Fransa, İngiltərə və ABŞ-la birgə iştirak etmək istəyirdi. Müharibə ərəfəsində alman kansleri Bernxard fon Byulof deyirdi: “Almanların öz qonşularına torpağı, dənizi güzəşt edib, özünə səmanı götürdüyü dövr artıq bitmişdir. Biz də günəş altında yer tələb edirik!”.

Birinci dünya müharibəsi həm də yeni hərbi ixtiraların, müasir döyüş texnologiyalarının müharibəsi idi. Zəhərli qazlar, tanklar, zirehli maşınlar, pulemyotlar, təyyarələr. Başqa maraqlı nüanslar da var. Aylarla, illərlə bir qarış belə irəliləmədən yağışın, palçığın altında səngər döyüşləri. Döyüş fasilələrində düşmən tərəflərin silahı bir kənara qoyaraq, bir-birləri ilə futbol, voleybol oynaması, tək döyüşlərdə yox, əsgərlər arasında yayılmış infeksion xəstəliklər, antisanitariya və çirkdən milyonlara əsgərin qırılması.

***

Son dövrlər Birinci dünya müharibəsindən bəhs edən iki keyfiyyətli film ərsəyə gəlib: “1917”“Qərb cəbhəsində dəyişiklik yoxdur”.

Birinci film haqqında təəssüratlarımı vaxtilə bəhs etmişəm. Maraqlanan olsa, buradan oxuya bilər.

İkinci filmə isə dünən baxdım. Filmin adı Remarkın eyni adlı əsərindən götürülüb. Amma əsərlə filmin süjeti arasında xeyli ziddiyyət və uyğunsuzluq mövcuddur.

1931-ci ildə Remarkın adı “Qərb cəbhəsində dəyişiklik yoxdur” romanına görə Nobelə namizədlər siyahısına salındı, amma mükafata layiq görülmədi. Əsər və müəllif bütün dünyada məşhurluq qazandı. Sonra isə Hitler hakimiyyəti kitabı yandırdı. Roman hər yerdə qadağan edildi.

Amma o məhv olmadı. Əksinə daha da məşhurlaşdı. Bu əsər Almaniya tarixində ən çox satılan kitabdır. Qəribəsi odur ki, müəllif müharibədə cəmisi ikicə həftə iştirak edib. O, 1917-ci ilin 17 iyununda orduya çağırılır, 31 iyulda isə boynundan, ayağından və əlindən aldığı qəlpə yarası alır və hospitala göndərilir. Remark müharibədə iki həftə olur, amma əsər üzərində illərlə işləyir.

Remark öz şedevri haqqında deyir: “Əsər nə ittiham, nə də tövbə üçündür. Mən müharibələrdə məhv edilmiş nəsillərdən yazmaq istədim. O nəsil ki, müharibə dəhşətlərinin qurbanına çevrildi, hətta bir çoxları sağ qalsa belə”.

Əsərlə film arasında fərqlər xeyli olsa da, ideya eynidir. Hər ikisi həyatın və ölümün əbədi qarşıdurmasını əks etdirir.

“Qərb cəbhəsində dəyişiklik yoxdur” filmi lap başlanğıcdan müharibənin mənasızlığını tamaşaçıya çatdırır. Ölən əsgərin qanlı pal-paltarını sıyırıb çıxarırlar, yuyurlar, cırıq-sökük yerləri tikirlər. Ad birkasını, tanınma nişanını dəyişirlər və onu yeni əsgərə təqdim edirlər.

Epizod göstərir ki, insan, artıq insan deyil. Az sonra o, hansısa səngərdə, döyüş meydanında qəlpədən, güllədən, süngü yarasından öləcək birkadır, tanınma nişanıdır, vecsiz əşyadır.

Müharibə insanı küt, laqeyd varlığa döndərir, içini yeyir, mənəviyyatını deqradasiyaya uğradır. Hər kəsi laqeydləşdirir, kütləşdirir, onu beyinsiz, hissiz varlığa çevirir. Müharibə öldürür, sağ qalanların isə ruhunu zədələyir, əbədi şikəst edir.

Epizodların birində Katçinskiy Baumerə deyir: “Səndən soruşuram, müharibədən qayıdanda biz kim olacağıq? Yad birisi. Biz hamıda turist, başqa planetdən gəlmiş adam təəssüratı yaradacağıq”.

Film bir-birinə paralel gedən iki süjet xətti üzərində qurulub. Bədbəxt gənc əsgərlərin döyüş meydanında milçək kimi qırıldığı an, planetar miqyaslı başqa hadisə baş verir, iki qarşıduran dövlət, iki hökumət bir-birləri ilə sülh danışıqları aparır.

Burada əsas rolu, aktyor Daniel Bryumun ifa etdiyi portfelsiz nazir Matias Erzberqer və fransız generalı Foş oynayır. Erzberqer Almaniyada müharibənin dəhşətli miqyasını anlayan az saylı məmurlardan biridir. O hakimiyyətin əksinə gedərək öz həyatını, reputasiyasını risk altına atır və Kompyen meşəsində alçaldıcı sülh sazişinə qol çəkir. Beləcə, döyüşlər dayanır. Atəşkəs elan olunur. Tam sülhə saatlar qalır.

Amma qana və hakimiyyətə susamış generallar “vətən naminə, torpaq naminə” qışqıraraq, gənc əsgərləri yenə də ölümün caynağına göndərirlər. Burada biz müharibənin əsl sifətini görürük. O heç nəyi gizlətmir, vəhşiliyi, qəddarlığı bütün çılpaqlığı ilə aşkara çıxarır.

Partlayış dalğası ilə qalmış bədən hissələri, bir yerdə deyib-güldüyün, səngərdə birgə çay içib, dərdləşdiyin ən yaxın dostunun bir an sonra mərmi qəlpəsi ilə tikə-parça olmuş cəsədi, diri-diri yanan, yaxud tank tırtılı altında əzilən əsgərin qışqırtısı.

Film, qələbə, vətən haqqında təmtəraqlı şüarların, tüpürcək dağıdan pafoslu çağırışların arxasında həmişə ölüm və qaranlıq gizləndiyini bizə bir daha xatırladır.

Filmin qəhrəmanı Pol Baumer şən, enerji, həyat, mərhəmət dolu insan, ümidlərlə, arzularla yaşayan gəncdir. Amma sonluqda o tamam dəyişir, başqa adam olur. Hərəkətləri, fikirləri, əməlləri tanınmaz hala düşür. Baumer özünü ölüm maşını, zombi kimi aparır. Onun üzü solğun, gözləri ifadəsiz və qəddardır.

Film qəribə hisslər yaşadır, tamaşaçı həm almanlara, həm də fransızlara, bir-birinə düşmən olan hər iki tərəfə acıyır. Tamaşaçı yalnız bir şey istəyir, dünyadakı bütün savaşlar durdurulsun və heç vaxt müharibə olmasın.

Şübhəsiz, kino əsəri ilin ən yaxşı filmlərindəndir. Rejissor filmə özünəməxsus şəkildə yanaşa bilib. O, əsəri olduğu kimi lentə köçürmür, onu ümumi ştrixləri, obrazları, ideya xəttini saxlamaqla tamam dəyişir, öz əlavələrini edir.

# 2927 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #