#

Böyük balıqlar, balaca balıqlar – İtalo Kalvinonun hekayəsi

İtalo Kalvino, məşhur italyan yazıçısı

İtalo Kalvino, məşhur italyan yazıçısı

2 may 2022
# 16:00

Kulis.az Qismətin tərcüməsində görkəmli italyan yazıçısı İtalo Kalvinonun “Böyük balıqlar, balaca balıqlar” hekayəsini təqdim edir.

Zefferinonun atası qəti çimərlik paltarı geyməzdi. Əynində həmişə köynək, ətəyini qatladığı şalvar olardı, ağ papağını gözünün üstünə basıb gün boyu qayalıqlarda hərlənərdi. Ən böyük azarı qayalara yapışan, hər birinin sərt qabığı az qala daşlaşmış Çinpapaq midyələr, yastı molyuskalar idi. Zefferinonun atası onları ancaq bıçaqla qoparardı. Hər bazar günü iri eynəyini taxıb bir-bir sahil burnundakı qayaları yoxlayardı. Balaca səbətini doldurana qədər oradan getməz, bəzilərini ordaca yeyər, islaq, turşməzə əti qaşıq kimi tutduğu qabıqdan sümürər, bəzilərini isə səbətinə atardı. Arada başını qaldırıb dənizə baxar, “Zefferino, haradasan?” deyə qışqırardı.

Zefferino günortadan sonraları dənizdən çıxmazdı. Sahil burnuna birlikdə gələrdilər, sonra atası oğlunu orda qoyub molyuskaların dalınca gedərdi. Qayalara yapışmış, inadkar Çinpapaq midyələr Zefferinonun marağında deyildi; əvvəllər xərçənglərə, sonra osminoqlara, meduzalara meyil salmış və yavaş-yavaş hər növ balıqla maraqlanmağa başlamışdı. Yaz aylarında get-gedə daha çətin və ustalıq tələb edən işlərlə məşğul olurdu: artıq yaşıdları arasında sualtı tüfəngdən onun qədər bacarıqla istifadə edən yox idi. Ən yaxşı üzgüçülər bəstəboy və arıq-tırıq olanlardan çıxır, Zefferino da eləydi. Onu sahildə atasının əlindən tutub gedərkən görsəniz, elə bilərdiniz ki, saçı dibindən keçəl olan bu ağzı ayrıq uşağı dümsükləməsən də tərpənməz, amma elə ki, dənizə girdi, heç kim onunla aşıq ata bilməzdi, özü də dibdən üzməkdə əlinə su tökən yox idi.

Zefferino o gün bütün sualtı alət dəstini hazırlamışdı. Şnorkeli onsuz da vardı, keçən il nənəsi hədiyyə vermişdi; ayaqları balaca olan əmisi uşağı öz üzgəclərini ona vermiş, tüfəngi isə əmisigildən əkişdirmişdi, amma atasına demişdi ki, borca götürmüşəm. Əslində, hər şeyi diqqətlə, təmiz və yaxşı istifadə etdiyi üçün ona güvənir, nə istəsə verirdilər.

Dəniz tərtəmiz və gözəl idi. Atası nə qədər xəbərdarlıq etsə də, Zefferino “Yaxşı, ata” deyəndən sonra dənizə girdi. İndi o bu sifətdə insana oxşamırdı: sifətində şnorkeli, tənəffüs borusu, ayaqlarında üzgəcləri – balıqlardakı kimi, əlində isə bir az mizrağa, bir az tüfəngə, bir az da çəngələ oxşayan nəsə bir alət. Amma bu qıraqdan belə görünürdü, üzgəclərini tərpətməsindən, qoltuğunun altındakı tüfəngi tutmasından, dənizin üzünü öpüb dərinlərə baş vurmasından bilinirdi ki, Zefferino ən çox indi özüdür.

Dənizin dibi dayazlıqda daş-kəsək idi, sonra bəzisi çılpaq və aşınmış, bəzisi qəhvəyi, sıx yosunlarla örtülü qayalar başlayırdı. Hər qaya çıxıntısından, axıntıda titrəşən hər yosun topasından iri bir balıq çıxa bilərdi; şnorkelin pəncərəsindən Zefferinonun maraqlı gözləri diqqətlə künc-bucağı araşdırırdı.

Birinci dəfə görəndə dənizin dibi adama gözəl gəlir, amma hər şeydə olduğu kimi, əsl gözəllik hər tərəf qulac-qulac kəşf ediləndən sonra başlayır – elə bil, dənizin dibindəki görüntüləri içirsiniz, ha gedirsiniz, sonu yoxdur. Şnorkelin şüşəsi kölgələri və rəngləri udmağa hazır azman bir göz kimidir. Budur, qaranlıq qurtarır, qayalıqlardan çıxırsan; dibdəki qumluqda dalğaların ayaq izi gözə dəyir. Göz vuran parıltılar və tilov dalınca düşən işıltılı balıq sürülərinin arasından süzülüb gələn günəş şüaları buracan gəlib çatır; xırda balıqlar ox kimi süzürlər, sonra qəfildən hamısı bir yerdə başqa yönə gedirlər.

Dənizin dibindən quyruğunu torpağa çırpan sarqan balığının yaratdığı xırda bir toz buludu yüksəldi. Balıq tilova üz tutduğu üçün heç nədən xəbər yox idi. Zefferino dibdən üzürdü, sarqan zolaqlı böyrünü bir-iki dəfə çevirərək dalğın-dalğın səntirlədikdən sonra birdən uzaqlaşmağa başladı. Balıqla balıqçı hər yanı məsaməli və az qala çılpaq olan yosunlu qayalıqların arasından üzdülər. Zefferino, “burada artıq əlimdən qaça bilməz” deyə düşündü və elə həmin an balıq yenidən yoxa çıxdı. Dəliklərdən, oyuqlardan sıra-sıra hava qabarcıqları çıxır, sonra qəfildən kəsilir və başqa tərəfdə yenidən başlayırdı, pusquya yatmış kimi gözləyən dəniz lalələri par-par yanırdı. Sarqan bir yuvadan gizlicə başını çıxardı, sonra başqa oyuğa girdi və çox keçməmiş uzaqdakı bir dəlikdən çölə çıxdı. Sivri bir qayanın ətrafında var-gəl edib istiqamətini dəyişdi, dibə üzdü; Zefferino aşağıda parlaq yaşıl bir yer gördü. Balıq həmin işıqda gözdən itdi, Zefferino da dalınca üzdü.

Qayanın ətəyindəki qövsü keçdi, yuxarıda suyu və səmanı gördü. Hər tərəfdə rəngli daşların kölgəsi oynaşır, açıq dənizdə yarısı suya gömülmüş bir qaya parçası görünürdü. Zefferino üzgəclərini işə salıb irəli atıldı, sonra nəfəsini dərmək üçün yuxarıya üzdü. Şnorkelinin içinə girmiş bir-iki damcı suyu tənəffüs borusundan çölə üflədi, amma başı suyun altında qaldı. Sarqanı yenidən tapmışdı; özü də indi bir yox, iki dənə idilər! Elə təzəcə nişan almışdı ki, sol tərəfində sakit-sakit üzən bir balıq sürüsü gördü, sağından da par-par yanan başqa bir sürü keçirdi. Bura balaca bir gölü xatırladan, balığı bol, əsl ov yer idi; Zefferino hara baxsa, qaynaşan üzgəclər, par-par yanan pulcuqlar görür, sevincdən, təəccübdən tətiyi çəkmək belə ağlına gəlmirdi.

Tələsməməli, balıqları qorxudub qaçırmadan ən yaxşı ovun hansı olduğunu araşdırmalı idi. Başını suyun altında saxlayan Zefferino ən yaxın qayalığa üz tutdu və suya sürüşmüş bir əl gördü. Su sakit idi, amma onun dümdüz, tərtəmiz səthində yağış damcıları düşürmüş kimi iç-içə keçmiş iri həlqələr əmələ gəlirdi. Uşaq başını qaldırıb boylandı, qayanın üstündə üzü üstə uzanmış ətli-budlu, çimərlik paltarında bir qadın günəşlənirdi. Və ağlayırdı. Yanaqlarından süzülən damla-damla göz yaşları dənizə düşürdü.

Zefferino şnorkelini alnına sıyırıb “Şeydir, üzrlü sayın” – dedi.

Kök qadın “Zərəri yoxdur, bala,” dedi və ağlamağına davam edərək, “sən ovlanmağında ol” deyə əlavə etdi.

Zefferino, “Bu yer balıqla doludur,” dedi, “görürsünüz nə çoxdur?”

Kök qadın başını qaldırıb yaşlı gözlərilə irəli baxırdı. “Görməmişəm, necə görüm, ağlayıb kiriyə bilirəm ki?”

Söhbət dənizdən və balıqlardan gedəndə od-alov olan Zefferino iş insanlara gələndə o saat ağzı ayrıq, pəltək uşağa çevrilirdi. “Bağışlayın, madam…” Sarqanın dalınca düşmək istəyirdi, amma ağlayan kök qadın görmək elə qeyri-adi bir şey idi ki, sehrlənmiş kimi ağlı başından çıxmışdı, qeyri-ixtiyari ona baxmağa davam edirdi.

Kök qadın nəcib, azca da burnundan gələn səslə cavab verdi: “Mən madam deyiləm, bala, mənə madmazel de. Madmazel de Magistris. Sənin adın nədir?”

“Zefferino.”

“Afərin sənə, Zefferino. Necə deyirlər, işin avand olsun?”

“Bilmirəm necə deyirlər. Hələ heç nə tutmamışam. Amma bura yaxşı yerdir.”

“O tüfənglə ehtiyatlı ol. Özüm üçüm demirəm. Mənim onsuz da axırımdır. Sənə görə deyirəm, ehtiyatlı ol, özünü yaralama.”

Zefferino qadına dedi ki, narahat olmasın. Qayaya dırmaşıb qadının yanında oturdu, bir müddət onun ağlamağına tamaşa etdi. Qadın bəzən kiriyən kimi olur, qıpqırmızı burnunu çəkə-çəkə başını yelləyirdi. Amma elə həmin andaca gözlərinin çeşməsində yığılıb qalan tər-təzə damlalar yanaqlarından daşıb aşağı yuvarlanırdı.

Zefferino bilmirdi neyləsin. Bir qadını ağlayan görmək ürəyini yandırırdı. İnsanın qəlbini sonsuz sevinclə, istəklə dolduran, saysız-hesabsız balıqla dolu bu gözəl məkanda necə qəmlənmək olardı? Amma qabağında oturan qadın göz yaşlarına qərq olarkən o necə yamyaşıl sularda balıq dalınca gedə bilərdi axı? Havada bir-birinə zidd olan, qovuşması qeyri-mümkün iki duyğu vardı. Zefferino iki duyğunu birdən dərk edə bilmir, nə birindən, nə də digərindən vaz keçə bilirdi.

“Madmazel,” – dedi.

“Buyur, qadası.”

“Niyə ağlayırsız?”

“Sevgidə bəxtim gətirmir, ona görə.”

“Belə de!”

“Sən başa düşməzsən, hələ uşaqsan.”

“Şnorkellə üzmək istəyirsiz?”

“Sağ ol, əlbəttə. Gözəldir?”

“Dünyanın ən gözəl şeyidir.”

Madmazel De Magistris ayağa qalxdı, çimərlik geyimini səhmana saldı. Zefferino şnorkelini ona verdi, necə taxacağını başa saldı. Qadın bir az istehzalı, bir az da utana-utana şnorkeli başına keçirdi, amma şüşənin arxasından hələ də doluxsunmuş gözləri görünürdü. Suiti kimi astagəlliklə dənizə girdi, üzünü suya daldırıb çabalamağa başladı.

Zefferino da tüfəngini qoltuğunun altına basıb suya tullandı.

Madmazel De Magistrisə tərəf çığırdı: “Balıq görən kimi mənə xəbər verin.” Zefferinonu dənizdə çox ciddi olur, onunla birgə ovlanmaq şərəfini başqalarına çox nadir hallarda bəxş edirdi.

Amma madmazel başını qaldırır və yox deyirmiş kimi işarələr edirdi. Şnorkelin şüşəsi tərləmişdi, üzü görünmürdü. Sonra şnorkeli çıxartdı. “Heç nə görmürəm, ağlamaqdan şüşə tərlədi. Bacarmayacam. Üzrlü say” – dedi və dənizin ortasında təzədən ağlamağa başladı.

Zefferino öz-özünə “İşə düşdük də” – dedi. Özüylə şnorkelin şüşəsini təmizləyəcək bir dilim kartof götürməmişdi, amma tüpürcəyilə bacardıqca siləndən sonra şnorkeli özü taxdı. Sonra üzünü qadına tutub dedi: “Baxın, mən nətər eləyirəm.” Zefferino başını suyun altında tutaraq üzgəclərini tərpədərək irəli atılır, yanpörtü üzən qadın bir qolunu qabağa uzadıb o birini bükür, başını dik tutub nəhayətsiz kədər içində balaca oğlanla yanaşı üzürdü.

Madmazel De Magistris bacarıqsız qulaclarla yanpörtü və pis üzürdü. Metrlərcə aşağıda balıqlar qaynaşır, dəniz ulduzları ilə mürəkkəbbalıqları üzür, anemonlar ağızlarını açıb yumurdular. Zefferinonun gözləri qarşısında insanı məst eləyən bir mənzərə açılmışdı. Bura dərin idi, dibdəki qumlara səpələnmiş balaca qayalıqların arasındakı yosun yumaqları dənizin çətin eşidilən axıntısı ilə xəfif-xəfif titrəyirdi. Amma yuxarıdan baxanda, dibdəki qayalıqlar elə görünürdü ki, elə bil, sakit dənizin və yosun yığınlarının arasında yellənirlər.

De Magistris birdən uşağın suya baş vurub gözdən itdiyini, bir anda yanbızının su üzünə çıxdığını, əvvəlcə üzgəclərinin, sonra kölgəsinin, ardınca isə özünün sürətlə suyun dibinə üzdüyünü gördü. Xanı balığı təhlükəni sezəndə artıq gec idi: böyründən vurulmuş, harpunun orta dişi quyruğunun bir tərəfindən girib o biri tərəfindən çıxmışdı. Xanı tikanlı üzgəclərini düzəldib suyu döyməyə başladı, harpunun o biri dişləri gövdəsinə saplanmamışdı, quyruğu qopsa da, qaçmağa ümid edirdi. Amma üzgəclərindən birini harpunun dişlərinə qurban verdi və məğlub oldu. Artıq taxtabənd qarqaraya sarınaraq dartılmağa başlamışdı, Zefferinonun xoşbəxt, çəhrayı kölgəsi düz təpəsindəydi.

Suyun üzündə əvvəlcə xanı balığı, sonra uşağın qolu, dalınca isə borusundan sular püskürən şnorkelli baş göründü. Zefferino şnorkelini çıxara-çıxara dedi: “Gördünüz nə gözəldir? Gördünüz madmazel?” Bu, tünd gümüşü rəngdə bir xanı balığı idi. Amma qadın hələ də ağlayırdı.

Zefferino qayalardan birinə dırmaşdı. De Magistris çətinliklə onun dalınca getdi. Balığı sərin bir yerdə saxlamaq istəyən uşaq su dolu bir çuxur tapdı. Orda yan-yana uzandılar. Zefferino balığın rəngdən rəngə düşməsinə heyranlıqla baxır, pulcuqlarını sığallayır, De Magistrisin də onun kimi etməsini istəyirdi.

“Gördünüz nə gözəldir? Görün necə dişləyir?” Sonra balıqla azca da olsa maraqlanmağın kök qadını az-maz ovundurduğunu hiss edəndə, “Mən gedib baxım, bəlkə yenə nəsə vura bildim” – deyərək yenidən suya baş vurdu.

Qadın balıqla tək qaldı. Düşündü ki, heç bu qədər kədərli balıq görməyib. Barmaqlarını balığın halqa kimi açıq ağzında, qəlsəmələrində, quyruğunda gəzdirir, onun gümüş gövdəsində minlərcə balaca deşiyin açıldığını görürdü. Balıqlara qırsaqqız kimi yapışan balaca su birələri çoxdan xanının canına daraşıb onu gəmirirdilər.

Zefferino bütün baş verənlərdən xəbərsizcəsinə harpunun ucunda qızılı bir umbrina ilə qayıtdı və balığı madmazel De Magistrisə verdi. Beləcə, aralarında iş bölgüsü başladı. Qadın balığı harpundan çıxarır və su dolu çuxura atırdı, Zefferino da təzəsini tutmaq üçün yenidən suya baş vururdu. Amma hər dəfə dayanıb qadına baxırdı ki, görsün ağlayır, ya yox. Bir xanı balığı, bir umbrina görəndə ağlamağı kəsməsə, görən onu başqa nə ilə ovuda bilərdi?

Umbrinanın böyründə qızılı zolaqlar, kürəyində iki sıra üzgəc vardı. Madmazel bu üzgəclərin arasında harpunun açdığı yaradan daha qədim, incə və dərin bir yara gördü. Bir qağayı balığın kürəyini elə möhkəm dimdikləmişdi ki, ölməməyi möcüzə idi. Zavallı umbrina, kim bilir, neçə vaxtdır bu ağrıya dözür!

Zefferinonun harpunundan daha sürətli olan zuban balığı bir sürü xırda və çaş-baş balığın ətrafında hərlənirdi; zuban xırda balıqlardan birini təzəcə udmuşdu ki, harpun boğazına saplandı. Zefferinonun əli heç vaxt belə gətirməmişdi.

Şnorkelini çıxararkən “Möhtəşəm bir zuban!” deyə qışqırdı. “Mən xırda balıqları qovurdum! O biri balığı udan kimi, mən də onu haqladım…” Həyəcandan pəltəkləyərək həmin səhnəni təsvir etməyə çalışırdı. Bundan daha iri və gözəl balıq ovlamaq olmazdı. Zefferino istəyirdi ki, qadın da onun xoşbəxtliyini bölüşsün. Qadın balığın gümüşü iri gödvəsinə, bir az əvvəl yaşıl xırda balığı udan, indi isə harpunun dişləri ilə parçalanmış ağzına baxırdı: dənizdə həyat belədir!

Zefferino sonra biri boz, biri qırmızı rokka, kürəyi sarı zolaqlı bir sarqan, iri bir qızıl balıq, yastı bir kupes, bir də tikanlı və bığlı lüsian tutdu. Amma madmazel De Magistris bunların hamısında harpun yarasından başqa, ya su birəsindən qalma izlər, ya məchul bir xəstəliyin yaratdığı ləkələr, ya da çox-çox əvvəllər boğazlarına saplanmış qarmaqların yarasını görürdü. Uşağın kəşf etdiyi bu buxta bəlkə də ölməyə gələn heyvanların sığınacağı, ümidsiz xəstələr üçün dəniz xəstəxanası, ağrıdan dəliyə dönmüş balıqların ölümünə savaşdığı döyüş arenası idi.

Zefferino indi də qayaların arasında pusquda durmuşdu: osminoqlar! Bir qayanın dibində gizlənmiş bir osminoq sürüsü kəşf etdi. Budur, harpunun ucuna taxılmış iri, bənövşəyi osminoqun yarasından su qatılmış mürəkkəb kimi maye damcılayır. Madmazel De Magistrisin birdən ürəyi sıxıldı. Osminoqun ölçülərinə uyğun təzə bir çuxur tapıldı; Zefferino onun başından ayrılmır, yavaş-yavaş rəngini dəyişdirən çəhrayı-boz osminoqu heyranlıqla seyr edirdi. Artıq xeyli vaxt keçmiş, uşaq o qədər uzun müddət suda qalmaqdan yolunmuş toyuğa dönmüşdü. Amma Zefferinonun yuvasını təzəcə kəşf etdiyi osminoq ailəsini buraxmaq fikri yox idi.

Madmazel osminoqun sürüşkən ətinə, əmcəklərinin ağzına, qırmızı, az qala, su kimi şəffaf gözlərinə baxırdı. Bu osminoq indiyə qədərki ovların içində yarası və ağrısı olmayan yeganə varlıqdır. İnsan əzələləri kimi yumuşaq, qıvrım-qıvrım bir sürü gizli qoltuqaltını xatırladan qolları sağlam və həyat dolu idi, asta-asta bükülüb açılan əmcəkləri böyüyüb genişlənirdi. Madmazel De Magistrisin havaya qalxan əlləri, elə bil, osminoqu sığallayır, heyvanın gərilib büzülməsinə züy tutaraq get-gedə ona daha çox yaxınlaşırdı.

Axşam düşürdü, iri bir dalğa qabaran dənizin üzünü qırışdırmağa başlamışdı. Osminoqun əlləri qamçı kimi havada titrəyirdi və qəfildən onlardan biri var gücüylə qadının qoluna dolandı. Qayanın üstündə ayağa duran qadın özü-özü qolundan xilas olmaq istəyirmiş kimi, “Osminoq! Osminoq məni parçalayır!” deyə çığırmağa başladı.

Bir kalmarı yuvasından qovan Zefferino başını sudan çıxardı, qadının qoluna dolanan osminoqun onun boynunu sarmaq istədiyini gördü. Madmazel uzun-uzun və bacardıqca bərkdən qışqırsa da, bağırtısının ancaq axırını eşitmişdi, amma deyəsən qadın artıq ağlamırdı.

Əlində bıçaq qaça-qaça bir adam gəldi, bıçağı osminoqun gözünə saplamağa başladı və bir həmlədə başını kəsdi. Bu, səbətini Çinpapaq midyələrlə doldurmuş və qayalıqlarda oğlunu axtarmağa çıxmış Zefferinonun atası idi. Çığırtını eşitmiş, iri eynəyinin üstündən baxıb qadını görmüş və onun köməyinə gəlmişdi. Osminoqun qolları o saat boşaldı, sonra qadının ürəyi getdi.

Ayılanda osminoqun parçalandığını gördü, Zefferionun atası qızartmaq üçün osminoq tikələrini qadına hədiyyə etdi. Axşam düşmüşdü. Zefferino köynəyini geyindi. Atası qadına ən yaxşı osminoq qızartmasını necə bişirməli olduğunu başa saldı. Zefferino durub-durub madmazelə baxırdı, bir-iki dəfə ona elə gəldi ki, qadın yenə ağlayacaq, amma onun gözlərindən bir damcı da yaş düşmədi.

(1950)

/sim-sim.az/

# 3374 dəfə oxunub

Oxşar xəbərlər

Dilənçi və dönərçi - Yaşar Bünyadın yeni hekayəsi

Dilənçi və dönərçi - Yaşar Bünyadın yeni hekayəsi

10:32 1 oktyabr 2024
Heç birinə inanmayın - Gənc yazıçılara 10 məsləhət

Heç birinə inanmayın - Gənc yazıçılara 10 məsləhət

12:00 30 sentyabr 2024
Qeybdən uzanan əl - Elçinin yeni hekayəsi

Qeybdən uzanan əl - Elçinin yeni hekayəsi

15:00 28 sentyabr 2024
Allahın özünün də kamilləşməyə, saflaşmağa ehtiyacı var - Fəxri Uğurlu

Allahın özünün də kamilləşməyə, saflaşmağa ehtiyacı var - Fəxri Uğurlu

12:00 28 sentyabr 2024
Bir əsgər anasının ümidi ölmür heç vaxt - Ən yaxşı müharibə şeirlərimiz

Bir əsgər anasının ümidi ölmür heç vaxt - Ən yaxşı müharibə şeirlərimiz

17:00 27 sentyabr 2024
Şəhid telefonlarına cavab verən ekspertiza həkimi - Onun ölüm səbəbi nə idi?

Şəhid telefonlarına cavab verən ekspertiza həkimi - Onun ölüm səbəbi nə idi?

15:00 27 sentyabr 2024
# # #