O, şəhid olan gecə səhərəcən yatmadım - Cəbrayıl Dövlətzadə haqqında roman

O, şəhid olan gecə səhərəcən yatmadım - Cəbrayıl Dövlətzadə haqqında roman
2 aprel 2021
# 09:01

Kulis.az qəhrəman şəhidimiz Cəbrayıl Dövlətzadə haqqında yazıçı Azad Qaradərəlinin yazdığı “Cəbrayil əfsanəsi” romanını hər cümə günü yayımlayır. Romanın növbəti hissəsini təqdim edirik.

əvvəli burda

Teymurun vəfatınnan sonra Qara Yusif və Sultan Əhməd azad oldular. Bir müddət əhdnaməyə riayət elədilər. Amma Təbriz sevdası Sultan Əhmədin həm hakimiyyətinə, həm də həyatına son qoydu. Onun xəyanətini bağışlamayan Qara Yusıf Sultan Əhmədi edam etdirdikdən sonra Pirbudağı şah elan edərək nəhəng imperatorluğu onun adından idarə etməyə başladı...”

...Bəhlul Əfəndi cavanların onu diqqətlə dinlədiyini görüb bir az da vəcdə gələrək dedi:

- Sizlər də, bizlər də bax o böyük kişilərin nəslinnənik. Damarlarımızda onların qanı axır. Bir zaman Sədli tayfasının yurdu olan Çuxursəddə, İrəvanda indi ermənilər at oynadır. Rusların əliynən vətənimizi ikiyə bölüblər. O tayda farslar, burda da ruslar ağalıq eləyir. Əslində heç farslar hakimiyyətdə olmayıb e, o tayda... Özümüzkilər, türk şahları, üzr istəyirəm ifadəyə görə, fars qızlarının göbəyinə qızıl onluqlar düzə-düzə, farsca qəzəl oxuya-oxuya gönü suya veriblər... Hakimiyyətdə Qacarlar, Əfşarlar, onnan qabaq Səfəvilər, Qaraqoyunlular, Ağqoyunlular olsa da, ölkə İran, dövlət də İran dövləti adlanıb... Ağqoyunlu, Qaraqoyunlu... Hələ sən ada bax... At üstə döyüşən, at üstə yatan, at üstə ölən kişinin qurduğu dövlətin adı qoyunla başlayır, qoçla da yox ha, qoyunla, dişisiylə... Mən istiyirəm ki, bir məsələni biləsiniz: bizim evimizi şer və şairlər yıxıb. İstanbula gedənəcən mən də şeriyyatla məşğul olardım... Qəzəliyyatım da vardı... Orda bu iki ildə aldığım təlim, elmi-ləduniyyət və elmi-fikriyyət mənə onu anlatdı ki, dünyanın böyük şairi olan Nizami bizim evimizi yıxıb. Nizamini oxuyan, Nizamini sevən İranın türk şahları, bizim qanbir qardaşlarımız oturub Nizamiyə bənzətmələr yazıblar, farsca yazmaqları cəhənnəmə, farsca da düşünüblər, ölkəni farsca idarə ediblər. Anaları ilə, ataları ilə, hətta xaricdən gələn elçiləri ilə türkcə, sayı-hesabı bilinməyən arvadları ilə farsca danışıblar. Hələ Nizaminin bu misralarına fikir verin:

Məra çün Məhzənül-Esrar gənci,
Çe bayəd dər həvəs peymud rənci.
Və lakin dər cahan emruz kəs nist,
Ki ura der həvəsname həvəs nist!

Anlamı odu ki,”Sirlər xəzinəsi” kimi bir xəzinəm var ikən, həvəs arxasından qaçmaq nəyə lazım? Fəqət bu zamanda həvəsnaməyə meyl etməyən də çətin tapılar... O həvəsnamə dalınca qaçanlar, bax bizlərik, türklər... Ruslar bizə tatar, ermənilər tork, farslar azər deyib, əsil adımızsa türkdü ki, türkdü... Qoy Şeyx Nizaminin ruhu məni bağışlasın, amma dediyimdə zərrəcə şübhə yoxdur... Elə bu səbəbdən mən şeriyyatdan əl çəkdim, fiqh elmini, yəni islam hüququnu, şəriət hüquqşünaslığını öyrənməyə qərar verdim. Elmə, hüquqa, bir də güclü iqtisadiyyata, təsərrüfata, maddiyyata sahib olmasaq, işimiz fənadır. Bir də hərb elmini dərindən mənimsəməliyik... Ona görə də mən sizin əlinizdə silah görəndə sevindim. Amma silah gərək ağıllılar əlində olsun. Rus dilini, farscanı öyrənin ki, düşmənə onun dili və elmi ilə qalib gəlmək olar... Bu dılqır erməniləri də unutmaq olmaz. Məkr və hiylə onların xislətindədir. Yavaş-yavaş torpaqlarımızın içərilərinə doğru irəliləyirlər... O qucağınızdakı silahları heç vaxt yerə qoymayın. Yurdumuzu birləşdirməyənəcən, düşməni buralardan qovmayanacan biz rahat nəfəs ala bilmərik. Şeyx Şamili, Nəbini gətirin gözünüzün qabağına...

Bəhlul sonra üzünü Fərzalıya tutub dedi:

- Mən hələ bir-iki ay burdayam, sonra İstanbula qayıdacam. Xahiş eliyirəm, bizi unutma. Hərdən gəl, görüşək, söhbətləşək. Bir də bir xahişim də var...

Fərzalı tez dilləndi:

- Buyurun, əfəndim.

- Gedəndə Zəngilan kəndinə baş vurarsan, bu məktubu Əbdüssəməd bəyə verərsən. Zəhmət olmaz ki?

- Yox, yox, nə zəhmət?

- Bəs bəyi tanıyırsanmı?

Fərzalı gülümsündü:

- Yox, şəxsən tanımıram... Axı ağa mənnən çox böyükdür, dədəm yerində kişidir... Bir də mən hara, Absəməd bəy hara? Özü də onlar mənim kimiləri sevməzlər... Heç mənim də bu bəy tayfasıynan-filannan işim olmaz...

Bəhlul əlini qısa saqqalına çəkib gülümsündü, bu gəncin səmimiyyətinə heyranlıqla başını bulayıb dedi:

- Sadə, mehriban kişidir, özü də atası Məhəmməd bəy Aşiq kimi şairdir. Nə isə, tanış olun ki, bir-birinizə gərək olarsınız. Səni yaxın vaxtlarda gözləyirəm.

Fərzalı üçkünç qatlanmış məktubu alıb dedi:

- Yox, əfəndim, mən altdakı həftənin bu günü sizi Qaradərədə - Taydolaq Baharlıda gözləyirəm. Əziz qonağımsan. Kimi də istəsəniz, götürüb gələ bilərsiniz...

Beşinci səs

CƏBRAYIL

Tumsatan kişinin tariximizdən danışdığı söhbət məni xeyli yaşlandırdı – hə özümü daha 14-15 yaşındakı uşaq kimi hiss etmirdim. Ağlım, dünyagörüşüm və gələcəyə baxışım dəyişirdi. Fərzalı, illah da Bəhlul əfəndi məni söküb təzədən yığdılar. Biləndə ki, mən Qaraqoyunlu imperiyasını qurmuş Qara Yusifin nəslinnənəm, başım hərləndi. Dünənəcən öz ailə şəcərəmi bilməyən mən, indi böyük bir imperatorla bir nəsildənəm!..

Başa düşürdüm ki, mənsub olduğum xalq böyük xalqdır, sadəcə öz böyüklüyünü bəlkə heç özü də bilmir. Ona görə də sağında-solunda atılıb-düşən, torpaqlarına susayan bu oğru, talançı tayfaya ciddi baxmır. Və düşünür ki, bir gün əlimin dalı ilə vuraram ağzının üstünnən, ataram torpaqlarımnan bayıra. Belə-belə düz 30 il gözləyib! İstəyirdim qışqıram: -Eheeeeyyyyy! Ay xalq, səbrin də bir hüdudu var axı!..

Amma onun mənim kimi bir uşağa həsr etməyə vaxtı yoxuydu. Və bir gün gəldi ki... o bizi özü çağırası oldu...

Demişdim axı, mən silah azarkeşi olmuşam.

Ciddi silahlarla ilk tanışlığım təbii ki, hərbiyə gələndən sonra oldu. Amma ona qədər bir çox məsələləri bilirdim. Məktəbdə köhnə, silinmiş bir avtomat vardı, bəlkə min dəf onu söküb-yığmışdım. Tanka, topa, PDM-lərə marağım o qədər idi ki, artıq qərarımı vermişdim: hərbçi olacağam.

Bir ara təyyarəyə də maraq göstərdim. Təyyarəçi olmaq, göylərdə dövrə vurmaq, sevdiyin şəhərlərin, kəndlərin üstü ilə uçub qəhqəhə çəkmək! Və düşmənin üzərinə şığıyıb onların evlərini, bazalarını uçurmaq!..

Sonra bir ara süni intellektə - PUA-lara - pilotsuz uçuş aparatlarına marağım oldu. Onları idarə etmək kimi arzu baş qaldırdı ürəyimdə. Hətta bir neçə belə aparat yaratmaq üçün cəhd də göstərdim. Necə? Çox sadəcə: bir toyda kompüterlə idarə olunan, amma özü göydə uçub toyu çəkən kamera gördüm və o saat fikirləşdim ki, belə bir aparatım olsa, üstünə bomba bağlayaram, gedib oturaram Füzulinin, yaxud Ağdamın bizdə olan kəndlərində və kompüterin dəstəyi ilə aparatı göndərərəm düşmən bazasının üstünə. Bum! Part!!! – Düşmənin silah-sursat bazası, silahları, əsgər və zabitləri məhv olar...

Sonra buna marağım azaldı. Bilirsiniz niyə? Axı mən bilməyəcəkdim nə qədər düşmən məhv etmişəm?.. Amma mən qarşımda məqsəd qoymuşdum: ən azı Mübariz kimi düşmənin 100 əsgərini məhv etməliyəm. Və buna görə də qərarımı verdim: hərbçi olacağam.

ATA

Oğlum çox halal uşaq idi. Zəhmətkeş, haqq-ədalət tərəfdarı, sözü üzə deyən. Həm də qüvvətli idi. Uşaqlıqdan cüdo ilə məşğul olmuşdu. Biri haqsızlıq edəndə, dostunu kimlərsə döymək istəyəndə dözməz, həmin adamları cəzalandırardı...

Mən onnan xahiş edirdim ki, sənnən gücsüzlərə toxunma. Deyirdi, ata, bilmirsən axı, beş-altı nəfər yığışıb bir nəfəri döyəndə mən necə dözüm? Əgər bilsəm ki, döyüləcəyəm, yenə o haqsızlığa dözə bilmərəm...

Dəstabazlığın düşməni idi. Həmişə haqqın tərəfini tutardı. Elə buna görə də ermənilərin haqsızlığını, torpaqlarımızı işğal etməsini sinirə bilmədi... Polad Həşimovun vurulması ona elə pis təsir etmişdi ki, neçə gün telefon zəngimizə də cavab vermədi. Axırda müharibənin ilk gününnən ərizə yazıb könüllü savaşa getdi. O sərhədçi idi, getməyə bilərdi, amma dözmədi, getdi... İmam Hüseyn axşam düşməyi gözləyib, qaranlıqda “kim istəyir getsin” – yəni üzlərini görüb utanmasınlar – demədimi? Oğlum da İmam Hüseyn məktəbinin davamçılarınnan biri kimi bu yolu seçdi. Vətən aşiqi, torpaq təəssübü onu apardı düşmən üstünə...

SƏRHƏDÇİ

O, əla oğlan idi. Cəsur və qorxmaz. Təlim zamanı özünü az qala fəda edirdi. Bütün tapşırıqları qüsursuz yerinə yetirirdi. Düzdür, bu onun idmançı olmasınnan da irəli gəlirdi, amma həm də içindəki ilham və döyüş eşqi ilə də bağlı idi.

Sərhəd Qoşunlarına, onun formasına xüsusi sayqısı vardı. Bizim forma ona ayrı cür yaraşırdı.

Müharibə başlayan kimi ilk könüllülərdən oldu. Mən “tələsmə, bizi də çağıracaqlar” desəm də, razılaşmadı. Daha yüksək rütbəlilərlə danışaraq cəbhəyə yollandı. Onu saxlamaq qeyri-mümkün idi.

CƏBRAYIL

Müharibə başlayanda sərhəd qoşunlarındaydım. Məni onlar yetişdirdi. Hərbçi intizamını, qayda-qanunu, səliqə-səhmanı və formaya sədaqəti orda öyrətdilər mənə. Xüsusi Təyinatlı dəstəyə də burada yazıldım və həyatımın, ömrümün ən mənalı çağları bu dəstədə keçdi. Amma daha orada qala bilməzdim. İllərdir gözlədiyim an gəlib çatmışdı. Ona görə ərizə yazıb döyüş bölgəsinə göndərilməyimi xahiş etdim. Sağ olsunlar, arzuma qarşı çıxmadılar. Təkcə qalırdı anamı və nənəmi razı salmaq. Bunun isə bircə yolu vardı: onlara bildirmədən getməliydim. Sonra bütün valideynlər kimi onlar da razılaşacaqlar...

Bilirsiniz, baxdım ki, bu müharibə mənim şansımdır. Yəni, mən aid olduğum nəslin bir yanının – ana tərəfimin başıaşağılığını, xəcalətini üstünnən götürə bilərəm... Yooox, yanlış anlamayın, demirəm ki, Qarabağı tək alacam... Yooox, deməyim odur ki, beşini mən öldürərəm, üçünü sən, on üçünü bir ayrı igid, belə-belə qırıb qurtararıq bu düşməni... Hə də, sayları da o qədər çox deyil ki?! Nolsun e tərəfdarları çoxdu, arxalıdılar, əsas millətin özüdü... Bu milləti də ki, biz tanıyırıq. Üzbəüz, nənəm demiş qabaqqənşər gəlib, tetatet vuruşmaqları yoxdur qəti... Bunlarınkı daldada gizlənmək, qəfil dabalaq vurmaq, arxadan xəncər saplamaq, minaya salmaqdı, terror etməkdi... Hə, hə! Terrorçudular bunlar... Mənim bir az söz bazam zəifdir, üzürlü sayın. Nə edim axı, nə yatdım ki, nə də yuxu görəm? Heç düz-əməlli on doqquzu da tamamlaya bilmədim... Çoxlu kitab oxumağa da vaxtım olmadı... Yenə nənəm sağ olsun, vallah! Nə öyrənmişəm, onnan öyrənmişəm... Bir də o Tumsatan kişi... Onu da allah hardansa gətirib mənimlə qarşılaşdırdı ki, kimliyimi, hansı nəslə mənsub olduğumu öyrənə bilim... Sən biləndə ki, mənsub olduğun tayfa – Qaraqoyunlular və Baharlılar bir ucu Bağdad, bir ucu Təbriz, Diyarbəkir, indiki Ermənistanın ərazisi, Şimali və Cənubu Azərbaycan da daxil nəhəng bir Qaraqoyunlular imperiyası qurmuşdu, gəl fəxr eləmə görüm, necə eləmirsən!.. Hələ Baharlı nəslinnən olan bu şahlar – Qara Yusif, Cahan Şah Həqiqi, Bayram Xan Baharlı... Hamısı həm dövlət xadimi, həm də şair idilər!... Bayram xan Baharlı hətta Hindistanda qurulan Böyük Moğol türk imperiyasının başçılarınnan Humayun xanın, Əkbər şahın vəziri olmuş, imperiyanın faktik idarəedicisi olmuşdur...

Hələ Qaraqoyunlu imperiyasının şahlarınnan olan Cahan Şah Həqiqi böyük sərkərdə olmaqla yanaşı, gözəl şair olub. Onun bu misralarına baxın:

Eşqin əsrarını faş etmişəm aləmdə mən
Gəl bu sirri gör ki, ol əsrara müştaqəm yenə...

Bir az dili çətindi, amma o Tumsatan filosof bunları sətirbəsətir bizə izah etmişdi: eşqin sözlərini mən dünyaya car eyləmişəm, gəl bu sirri sən də gör ki, bu sözə - sirrə müştaqam mən...

Dünyanın sirrlərinnən xəbərdar olmaq üçün çox oxumaq lazımmış. Fəqət mənim buna zamanım olmadı. Nə edim? Tale elə gətirdi ki, normal ailədə doğulmadım. Ata ilə ana ayrıldılar, biz də ananın yanında qalmalı olduq. Ordan-ora köç etdik. Məktəbdən məktəbə dəyişdim. Elə oldu ki, ailəmizin yeganə qazanc gətirəni anamın ayağı zədələnəndə həm oxumalı, həm işləməli oldum. Heç on yaşım yox idi. Amma özümə söz vermişdim ki, işləyib, evə çörəkpulu gətirməliyəm... Belə şeyləri danışmağı sevmirəm. Yeri gəldi dedim...

Şair necə demişdi? “Müştaqəm mən!”

Mən də müştaqam. Vətənə, torpağa, Qarabağa...

Ona görə də bu yolda həyatımnan belə keçməyə hazıram.

MÜƏLLİM

Cəbrayıl ailə vəziyyətinə görə əvvəl başqa məktəbdə oxumuşdu. Sonra bizim məktəbə gəldi. O qədər mehriban uşaq idi ki, bütün sinif xətrini istəyirdi. Çox tez isinişdi uşaqlarla. İş burasındadır ki, gəldiyi məktəbdə rus bölməsində oxumuşdu, bizdə isə Azərbaycan bölməsi idi. Bir-iki ay əziyyət çəksə də, onu da atlaya bildi. Tez bir zamanda əlaçı oldu.

Cəbrayıl gözəl xətlə yazar, yüksək səslə oxuyardı. Riyaziyyatı, oxunu tez götürərdi. Əl qabliyyəti isə başqa aləm idi. Elə gözəl rəsmlər çəkərdi ki!.. 20 Yanvara, Xocalıya aid rəsmlərinə baxanda heyrət edərdim. Sanki bu uşaq özünü intiqama hazırlayırmış. Kaş mən onun çəkdiyi rəsmləri saxlamış olaydım!.. Hamısında igid Azərbaycan əsgəri, tanklar, hərbi təyyarələr, silahlar... Silahlara aşırı marağı vardı Cəbrayılın. Sonradan eşidəndə ki, hərbiçi olub, heç təəccüblənmədim.

Hətta eşitdim ki, Polad Həşmovun şəhid olmasınnan sonra silahını da götürüb gecə ilə Tovuz cəbhəsinə getmək, düşmənə qarşı diversiya əməliyyatı keçirmək istəmişdi.

CƏBRAYIL

Mən Polad Həşimovun əsgəriyəm. Baxmayaraq ki, Onu heç görməmişəm, amma özümü onun davamçısı hesab edirəm. O bir sərkərdə, o bir komandan, o bir şəhid idi. O sübut etdi ki, general əsgərlə birlikdə səngərdə şəhid ola bilər və olmalıdır.

O, şəhid olan gecəni səhərəcən yatmadım. Qınayan olmasaydı, gecə ilə silahlanıb düşmənə qarşı təkbaşına vuruşmağa gedərdim. Lakin bu bir eşq kimi başıma gəldi və getdi... Axı mən indi hərbçiyəm. Hərbdə isə dəmir intizam var...

Məni qınamayın, onun səsini eşidirdim. Onun hayqırtısını dinləyirdim. O bizi düşmən üzərinə yeriməyə çağırırdı. Ürəyimə dammışdı ki, onun səsini Ali Baş komandan da eşidir və az sonra həqiqətən də belə olduğu üzə çıxdı. Mən hələ indi də Polad Paşanın səsini duymaqdayam... Bir qulaq verin, bəlkə siz də eşidə bildiniz?

POLAD PAŞA

“Günəş bizsiz doğursa, qəm etməyin, şəhid qardaşlarım. Bu o demək deyil ki, günəş bizi görmədi – gördü, sadəcə həmişəki kimi gülümsəyə bilmədi. Onun sarı-sarı kədəri qanlı alnımızdan öpdü, yaralı sinəmizi sığalladı, açıq gözlərimizi sığadı. Hamısı yaxşı idi, fəqət gözümüzü sığamasını istəmirdim – baxmaq istəyirdim Vətənimə. Görüm mənnən sonra ordumuz qisasımızı aldımı? Günəşsə, şüa barmaqları ilə gözümüzü el adətincə sığadı...

Biz el adətincə ölmədik ki, el adətincə dəfn edəsiniz. Gözüaçıq dəfn edin bizi. Gözümüz arxada qalıb axı! Qarabağımız düşməndə, Tovuzumuz güllə altında... Nə el adəti... Ohhhh... Yaralarım sızladı... Yox, güllə yarası ağrıtmaz məni, ağrı işimin yarımçıq qalmasınnandır. Mən Qarabağda vurmağı, sonra vurulmağı arzu etmişdim axı... Qismət olmadı... Gözüm görmür daha, ay Günəş, mən sənə nə deyim? Vaxtsız ölənin gözünü vaxtsız sığayarlarmı?!.

Gözümüz görməsə də, qulağımız eşidir – mən bizim topların səsini ayırd edə bilirəm axı. “Bum!” – bax bu düşmən topudur. Tovuzda Əziz kişinin evinə düşdü, qanına qəltan etdi onu. Hə, hə, nə durmusunuz?! Nə əmr?! Vurun! Mən sizə əmr edirəm!!! Vurun düşməni!!!

“Bom!” “Bom!” “Bom!”

Afərin uşaqlar! Dəqiq atırsınız. Amma sizdən bir xahişim var: mülkü əhali olan yerə atmayın... Hə, bu, həm də əmrdir! Düşmən postuna, atəş! Atəş! Atəş!

Yaxşı, qışqırdım, yaram qan verdi.

Mən getməliyəm... Babalarımız demiş: gedən cismimdir. Ruhumu və bu yaralı ürəyimi sizə vermişəm...

Ayıq-sayıq olun!..

Eşidirsiniz səsini, ən gənc şəhidimizin yarasınnan qan açıldı, məni çağırır. O zarıyan isə 6 aylıq körpəsinin səsi qulaqlarında qalan, şad ola bilməyən Elşaddır. Hər körpə səsi eşidəndə bağırır, bədənindəki qəlpələr təzədən partlayır, qan aparır onu... Burda da işim çoxdur. Getməliyəm...

Yenə deyirəm: ayıq-sayıq olun!

Gözünüzü dörd açın...

Bu gün bütün Azərbaycan torpağı səngər olmalı!

Hamı səngərə!“

ANA

Tez-ez zəng etməyi sevməzdi. Amma zəngini də əsirgəməzdi. Bilirdi axı, mən də, nənəsi də onunla nəfəs alırdıq. Zəngi bircə gün geciksə, ürəyimiz ağzımıza gələrdi. Anam yenə bir az dözürdü, mən dəli kimi olurdum. Özümə yer tapmırdım. Nəhayət zəng etdi.

TELEFON DANIŞIĞI

Cəbrayıl:-Mama, necəsən? Nənəm necədi? Bacım, qaqaş necədirlər?

Ana:-Ürəyim, biz yaxşıyıq. Niyə gec zəng vurdun? Bilmirsən, mən sənin zəngini necə həsrətlə gözləyirəm? Qadan alım, nə olar, gec zəng vurma, anan gözlərinə qurban...

Cəbrayıl:-Ay ma, burda tez-tez zəng vuran uşaqlara pis baxırlar e...(gülür) Mama uşağı kimi. (Yenə gülür). Yaxşı zarafat elədim. Bilirəm ki, siz mənim zəngimi gözləyirsiniz, ona görə də çalışıram vaxtında zəng edim... Ay ma... Bilirsən, bura hərbidir... bir də görürsən təlimlər... zad olur... Belə ağır şəraitdə olurlar bəzən... Məsələn, elə uzaq məsafələrə gedə bilərik ki, heç set də olmaz... Bax, onda zəngim gecikə bilər... Bunlara alışmaq lazımdı... Yəni...

Ana:-Bala, sən nə danışırsan? Bu nə söhbətdir?.. Bəs mən sənin zəngin... (ağlayır)

Cəbrayıl:-Ay ma, yaxşı da... Sözgəlişi dedim. Bir də axı bura hərbi düşərgədir... Nə bilirsən, bəlkə ucqar bir bölgəyə-zada... Bir leytenant var burda... O da Xüsusi Təyinatlıdır... Əfqanıstanda olub eee... Hə-hə, Əfqanıstanda!.. Sülhməramlıların tərkibində... Deyir elə olurdu aylarla evlə əlaqə saxlaya bilmirdik... Hə də ay ma... Sən də bircə gün zəngim gecikən kimi...

Ana:-Niyə görüntülü yığmamısan?! Mən səni görmək istəyirəm axı...

Cəbrayıl:-Burda internet yoxdur. Ona görə. İnternet olan kimi görüntülü yığacam. Hamıya salam de. Nənəni, bacını öp. Qaqaşa da de ki, ailə ona əmanətdi. Di sağ ol, ay ma! Məni şağırırlar....

(Zəng kəsilir)

ANA

Bu onun son zəngi idi. Son. O mənimlə vidalaşırmış, əslində. Mən isə anlamamışam.... Səhər eşitdik ki, müharibə başlayıb. Nömrəsini nə qədər yığdıq, zəng çatmadı. Dostunun nömrəsini yığdıq, o da yozdu bizi. Guya Cəbrayılı harasa təcili göndəriblər. Özü bizi yığacaqmış... Harasa nədi?! Nə harabazlıqdır?! Müharibə başlayıbsa, onu saxlamaq olmaz! Bunu mən yaxşı bilirəm... O, illərdir ki, buna hazırlaşır. Sarı üzlü dəftərçəsi varmış. Mən bu günlərdə bilmişəm bunu. Gedəndə çamadanına qoyub, ağzını bağlayıb. Orda bilirsiniz nə var? Hamısı silah şəkilləri, hərbi mahnıların sözləri... Dəftərçənin yanında kasetlər...kasetlər... Ən çox sevdiyi bir mahnı vardı: “Cənab leytinant”... Barıt qoxulu, o yollar, o yollar... Səni bəs nəvaxt qaytarar, qaytarar... Sənnən təsəlli bir zabit mundiri... Bir cüt ulduzlu, aylı paqonlar... Hay ver mənə cənab leytenant... Anan ölsün, ay Cəbrayıl... Arzun vardı axı... Ali Hərbi məktəbə girib leytenant olmaq istəyirdin axı... O sarı dəftərçədə gör day nələr varmış?! Bacısı danışıb mənə... Mənim doğulduğum rayonun tarixi, qəhrəmanları... Zəngilanın döyüşkən adamları, Qubadlının qəhrəmanları... Qarabağın igidləri... Qaçaq Fərzalı... Bəhlul əfəndi...

davamı var...

# 5321 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #