Kulis.az Simran Qədimin “Narsistlərin xülyası” essesini təqdim edir.
Dövrümüzdə hər kəs az-çox psixoloq olmağa ehtiyac duyur. Psixologiyanı - müəyyən psixi xəstəlikləri, travmaları, sindromları, kompleksləri, fobiyaları bilməklə sanki beynimizdə bir çox şeyləri yerbəyer etmiş oluruq. Rəflərə səliqəylə düzülən kitablar kimi, insanları da tiplərinə, kateqoriyalarına görə, bir-birindən ayırmaq lazımdır. Bu, ünsiyyət qurduğumuz adamları daha yaxşı anlamağımıza, fikirlərimizi onlara daha düzgün, başadüşülən, aydın formada çatdırmağımıza kömək ola bilər. Kimisi belə şeyləri zəngin həyat təcrübəsi keçməklə, fərqli-fərqli, cürbəcür insanlarla təkrar-təkrar ünsiyyətdə olmaqla öyrənir, kimisi də mövzuya dair çoxsaylı filmlərə, verilişlərə baxmaqla, yazılar, kitablar oxumaqla.
Nəzəriyyə ilə silahlanmaq təcrübədə bir neçə addım öndə olmaq deməkdir.
Sağlam, normal psixoloji durumda olduğunu düşündüyümüz bir çox insanlar var ki, əslində, heç də ilk baxışdan göründükləri kimi deyillər. Onların özlərini aparmalarında, hərəkətlərində qeyri-adekvatlıq sezilir, danışıqlarında anlaşılmazlıq, rabitəsizlik olur, sosiopatdırlar – cəmiyyətdə kəskin davranış pozğunluqları sərgiləyirlər. Nə qədər qəribə, əcaib səslənsə də, mütəxəssislər arasında geniş yayılmış belə bir deyim var:
“Psixoloq yanına gedən adamların əksəriyyəti həkimə müraciət etməyən, bayırda gəzib-dolaşan psixlərin ucbatından xəstə olan kəslərdir...”
Həddən artıq yüksək eqolu, xudpəsənd, “mən, mən” deməklə, əslində, özünü hamıdan üstün, dəyərli görən insanlara narsist deyilir. Belə adamlar yerli-yersiz kimisə incidib-aşağılamaqdan, qarşısındakına irad tutmaqdan, ələ salıb pərt eləməkdən çəkinmirlər. Narsistlər daim öz uğurlarını şişirdib, digərlərinin nailiyyətlərini heçə endirməyi sevirlər. Onlarda empatiya hissi – özlərini qabaqlarındakı şəxslə eyniləşdirmək, başqalarının yaşantılarını, ağrı-acılarını duymaq bacarığı zəif olur. Adətən, acidil, kobud, aqressiv, bəzən isə qəddar, amansız olan narsistlərə görə, dünya məhz onların ətrafında fırlanmalıdır. Həmişə diqqət çəkməyə çalışır, tez-tez özlərini tərifləməklə natamamlıq komplekslərini – dəyərsizlik, əskiklik duyğularını kompensasiya edirlər.
Dünyadakı milyardlarla insandan biri kimi, hər kəsin öz-özünə belə bir sual verməsi vacibdir: niyə başqaları yox, məhz mən hamıdan üstünəm? Özümü Misir fironları, Roma sezarları kimi aparmaq haqqını kim mənə verib axı?! Həyatda hər kəs önəmli statusa, böyük hökm, qüdrət sahibliyinə yiyələnməyi arzulasa da, bir çox hallarda qabiliyyət və bacarıqlarla, belə demək mümkünsə, daxili və xarici resurslarla şəxsi ambisiyalar üst-üstə düşmür.
Bir-birini tamamlamayan şərtlər altında atılan bütün addımlar axır-əvvəl uğursuzluğa məhkumdur.
Narsistlər həyatdakı iddialarının, gözləntilərinin boş olduğunu illər ötüb yaşa dolduqca daha yaxşı anlamağa başlayırlar. Uğursuzluqlarının fərqinə varıb, səhvlərini gördükcə daha da aqressivləşir, günahı başqalarında axtarıb, mənalı-mənasız arqumentlərlə, hətta cəfəng-cəfəng konspiroloji səfsətələrlə təsəlli tapmağa, hər şeyi kiminsə, ya nəyinsə üstünə yıxmağa çalışırlar. Dünyadakı ədalətsizliklər, çevrəmizdəki insanlar, tale, qismət...
Narsizmin yaxşı şey olmadığını hər kəs qəbul etsə də, kimsə özündə bu cür çatışmazlığın, mənfiliyin mövcudluğunu təsdiqləmək istəmir. Xəstəliyi müalicə etməkdən ötrü ilkin şərt doğru-düzgün müayinə - diaqnoz qoymaq olduğu kimi, insanın da içində nələrisə dəyişməsi, nöqsanlarını aradan qaldırması üçün əsas amil, əvvəlcə, qüsurlarını, səhvlərini, ən azı özünə etiraf etməsidir.
Həqiqətlərlə üzləşmək həqiqətlərdən qaçmaqdan qat-qat yaxşıdır.
Narsistlərə görə, başqa adamlar yoxdur. Digərləri, sadəcə, onların öz varlıqlarını təsdiqləyən bir faktor - güzgü rolunu oynayırlar. Bu gün sosial şəbəkələrdə durmadan paylaşım edən, layklar, ürəklər, kommentlər yağışına tuş gəlmək arzusuyla alışıb-yanan, hər anını göstərməklə sanki cümlə-cahana “Dünyanın xoşbəxti mənəm, mən!” deyən “selfi nəsli”nin şöhrətpərəstliyi də bundan qaynaqlanır. Dekart indi yaşasaydı, deyərdi: “Şəbəkədəyəmsə, deməli, varam!”
Qaçaqaçlı, qovhaqovlu müasir dünyada hər addımbaşı bizə narsistik davranış modelləri təşviq edilir: uğur qazanmağı həyatın əsas kredosuna, meyarına çevirmək, rəqabət hissinin, əksər hallarda pul qazanmaq məcburiyyətinin təsiriylə həmişə harasa, nəyəsə tələsmək, hər vəchlə üzdə olub önə çıxmaq... Bənzər impulslarla daim hamıdan fərqli, üstün olduğumuzu sübuta yetirməyə çalışırıq, amma bunlar yaşamın reallıqları çərçivəsində nə qədər vacib olsa da, ifrata varıldıqda insani-mənəvi dəyərlər aşınır, deqradasiyaya uğrayır.
“Xoşbəxtliyin sirri uğurda, uğurun açarı isə daha çox çalışmaqdadır” tezisində, təbii ki, böyük həqiqət payı var. Amma digər sahələrdə olduğu kimi, burada da məsələnin fərqli-fərqli rakursları özünü göstərir. Axı uğur qazanmaqdan, xoşbəxtliyə çatmaqdan ötrü nəfəs dərmədən qaçarkən bəzən təngnəfəs olub boğulmuruqmu? Bəlkə, “kapitalizmin köləsi”nə, getdiyi yoldan zövq almayan, yalnız xəyali-absurd nəticəyə görə özünü fəda edən miskin, bədbəxt bir varlığa çevrilirik, xəbərimiz yox.
Bahalı smartfonlar, brend geyimlər, “super-full” maşınlar, dəbdəbəli evlər, villalar, lüks həyat, var-dövlət, şan-şöhrət... Yəni bunlara sahib olanlar, doğrudanmı, dünyanın ən xoşbəxti, bəxtəvəridirlər? Deyillərsə, bəs onda bütün insanların böyük sərvətlərə, mala-mülkə can atmasında nə məna?
Günümüzdə müasir texnologiyaların da təsiriylə sadə yaşam trendləri, tendensiyaları çox tez-tez dəyişir, yenilənir. Bu nəfəskəsən, başgicəlləndirici “marafon”da başqalarıyla ayaqlaşıb bir yer tutmaq üçün tək fiziki yox, həm də zehni, mənəvi yük altında əzilirik. İnformasiya bombardmanlarıyla çaşdırılır, yalanla gerçəyin, virtuallıqla reallığın məngənəsində paranoyyaya qapılır, sosial-psixoloji təlatümlər keçirib, depressiyaya düşürük.
Bəzən zamandan geri qalmamağa çalışarkən zamanı əldən buraxdığımızın fərqinə varmırıq.
Qədim dövrlərdən bu yana, demək olar, bütün fəlsəfi sistemlərdə, dini-ideoloji konsepsiyalarda, ədəbi-psixoloji kitablarda belə bir təməl, fundamental prinsip qızıl xətlə keçir: özünü tanı!.. Özümüzü tanımırıqsa, beynimizdə baş verənlərə laqeyd, vecsiz münasibət göstərib, çatışmazlıqlarımızı görmək istəmiriksə, təkrar-təkrar eyni səhvləri buraxacağıq. Xətalarımız artacaq, onları düzəltmək imkanından məhrum qalacağıq.
Get-gedə düşüncələrinə, beyninə, dolayısı ilə də, danışığına, hərəkətlərinə nəzarəti itirən insanlar həm özlərinə zərər verirlər, həm də cəmiyyətə.
Daim nöqsanları gizlətmək, ört-basdır etməklə təsəlli tapmaq fərdi inkişafın qabağını kəsir. Halbuki içimizdəki müəyyən iradə hesabına, tədricən də olsa, təfəkkürdə, xarakterdə dəyişikliklər edilə, eqoizm tərgidilə bilər. Özünü tanımaq, gerçək kimliyinlə üzləşib koqnitiv psixoterapiya üsullarındakı kimi, beynində gəzintiyə çıxmaq, düzəlişlər edib müdrikliyə, kamilliyə can atmaq, bəlkə də, insanlığın başlıca şərtidir.
Baxmayaraq ki, ideal görünmək ideal olmağa çalışmaqdan asandır, nəticəyə gedən yol görüntüdən yox, reallıqdan keçir.
Reallığı dərk edənlər, həyatda az-çox məna tapanlar anlayırlar ki, həmin o xülyasını qurduqları “alçaq dağlar”ı yaratmaq tək bir adamın gücü, bacarığı daxilində deyil. Zənn ediləndən qat-qat çətin olan bu işi qismən gerçəkləşdirmək üçün insan həqiqətən böyüməli, yetkinləşməli, təqliddən əl çəkib ideallığa, mükəmməlliyə yaxınlaşmalıdır.