Aqşin Yeniseyin kəşf etdiyi azərbaycanlı xarakteristikası

Aqşin Yeniseyin kəşf etdiyi azərbaycanlı xarakteristikası
3 iyun 2021
# 13:18

Kulis.az Ali Fuatın "Tarix və Tale" və ya Azərbaycan xalqının xarakteristikası” təqdim edir.

Aqşin Yeniseyin yaradıcılığıyla ilk yaxın tanışlığım onun bir şeiri üzərinə layihə yazmağımla başlayıb. Sonra davamlı olaraq özümə maraqlı məqalə və şeirlərini də oxumuşam.

Sonuncusu olmamaq ümidiylə əlimə aldığım bu kitab haqqında məni son bir ildə düşündüyümdən daha artıq düşündürdüyü üçün yazıram.

Aqşin Yeniseyin bu romanı güzgü mahiyyəti daşıyır. Oxucu ya bu güzgünün qarşısında sınır, ona tabe olur, ya da dözə bilməyib, güzgünü sındırır.

Romanın iki fərqli süjet xəttinin arasında böyük məsafə var. Əgər bir tərəfdə Musa təkbaşına bayıl həbsxanasına qarşı döyüşürdüsə, digər tərəfdə Rza kəsilmiş barmağını boynundan asırdı. Müəllif tərəzinin bir gözünə bir kilo dəmir, digər gözünə bir kilo pambıq qoyub. Bu tərəflərdən hansının ağır, hansının yüngül gəlməsi oxucudan asılıdır.

Ümumilikdə “Tarix və Tale”nin şair tərəfindən yazıldığı açıq-aşkar bəlli olur. Roman epik-lirik növdə yazılmış əsərlərə bənzəyir. Sadəcə, fərq ondadır ki, yazar janr standartlarına uyğun olaraq nəsrlə yazıb. Müəllifin əksəriyyətlə işlətdiyi uğurlu metaforaların oxucunun gözünü bağlamaq məqsədi güddüyünə inanmıram. Bu günə qədər hindli sehrbazların kobrasına, ərəb vədi şərab və huriyə, bir də rus arağına hipnoz olan düşərgə sakinlərinin bugünkü bəzi sələfləri də elə eyni həvəslə estafeti davam etdirirlər.

Əslində, kitab özü də bir növ hipnoz xarakteri daşıyır. Müəllif obrazları pasiyent misalı hipnoz edib danışdırır, oxucu isə bəzən eyni problemli xəstə yaxını kimi bu prosesləri izləyir.

Keçmişi xatırlamağa məcbur edildikcə emosionallaşan personajlar, elə bil, 10-dan geri sayılmamış ayılır və o dəqiqə də ölürlər. Bu, bir neçə dəfə və romanın hər iki süjet xəttində təkrarlanır. Obrazların gələcək inkişafı üçün heç bir işıq görünmür. Sanki, ümumi kompozisiya ayaq-baş olub.

Hadisələrin ərşə çatdığı məqam finala çox yaxındır. Onların həyatında baş verən bir-iki fiziki dəyişikliyi nəzərə almasaq, romanın əvvəlində necə idilərsə, elə də qalırlar.

Düşünürəm ki, yazar, obrazları müəyyən bir zaman kəsimində sıxışdırıb. Bəzilərinin keçmişini, bəzilərinin gələcəyini əsirgəyib.

Məsələn, İsanın uşaqlığıyla bağlı nə qədər böyük təsəvvürümüz yaranırsa, fantaziyamıza nə qədər güc versək də, eyni təsəvvür onun həbsxanada keçirdiyi müddət üçün yaranmır.

Hətta, elə bil, müəllif ölümə göndərdiyi məhbusları belə bəzi əsas qəhrəmanlarından daha çox sevərək yazıb.

Oxucu süjetin əvvəlindən sonuna qədər obrazların sadəcə psixoloji metamorfozunu görür. Bəlkə, yazan üçün də elə bu cür maraqlıdır.

Əsas qəhrəmanlarla empatiya qurmaq mümkündür, lakin müəllifin bəzi fəlsəfi fikirlərinin qəhrəmanlara ağır gəldiyini istər-istəməz hiss edirsən. Ya da biz elektrik ustası işləyən atanın, qəzetdə çalışan oğlunun yazmış olduğu hekayələrə düzəliş etməsinə öyrəşməmişik.

Bütün qəhrəmanlara aid olmasa da, bəzi qəhrəmanların real həyat prototipinin olduğunu təxmin etmək olur.

Əgər XIX əsrdə Əli bəy Hüseynzadə gələcək üçün türk qanlı, müsəlman imanlı, avropalı qiyafəli fədailər axtarırdısa, Aqşin Yenisey bir qədər də keçmişə gedib, bu fədailərin əcdadlarını 21-ci əsr pəncərəsindən belə xarakterizə edir: Genlər türk-monqol, beyin hind-fars, inanc və əxlaq ərəbləşmiş yəhudi, tərbiyə və təhsil rus mənşəli...

Məhəmməd Hadinin bir vaxt əlində satdığı şeirlərinin bənzər taleyini yaşayan, fəqət janrını və məzmununu dəyişərək, başqa müəlliflərin şinelindən olmasa da, mavi gödəkcəsindən çıxan ədəbiyyat nümunələrinin ölkəmizdə hələ də var olduğu bir şəraitdə, belə bir materialın kitaba çevrilə bilməsi uğurdur.

Teatrımızın kinomuzdan, kinomuzun ədəbiyyatımızdan betər olduğu və sənətkarlarımızın sənətdən əvvəl “Covid”ə yoluxduğu bir dönəmdə belə əsərlərin ortaya çıxması az qala insanı “ağladır”.

Sadəcə bir əmma var ki, bu kitab və bu müəllif bizim mürgülü təbiətimizə uyğun gəlmir.

Sutkanın 10 saatını yatan bu kəsləri, bir gözü açıq mürgü vuranda da baş uclarındakı, adını qədim Afrika qəbilələrindən alan və öz qəbilələrinə sadiq qalaraq qətiyyən azərbaycanlı kimi danışmayan vərəq israfının qəhrəmanları oyadırlar.

Oyadırlar ki, qarşıdan gələn növbəti Novruz bayramında tonqalı alışdırmaq üçün istifadə olunmasınlar.

# 3212 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #