Türk yazıçıdan Ərdoğan haqda sərt sözlər:

Türk yazıçıdan Ərdoğan haqda sərt sözlər:
13 iyun 2011
# 12:12
Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan məşhur yazıçı, “Taraf” qəzetinin baş redaktoru Əhməd Altanı onun haqda yazdığı yazıya görə məhkəməyə vermişdi.

Məhkəmədə çıxış edən Əhməd Altanın müdafiə nitqini sizə təqdim edirik.

Nitq bir neçə gün əvvəl söylənmişdir.

Bir çoxları bu nitqi türk ədəbiyyatının son illərdə yazılan ən yaxşı mətni hesab edir.

Hörmətli hakim!

Məni bura həbsə atılmağımı istəyərək göndərən insan bu ölkəyə çox yararlı xidmətləri olmuş dəyərli bir insandır.

Özü də bu sıxıntıları çəkmiş, hökm almış və həbsdə yatmış biridir.
Mənim həbs olunmağımı istəyən insan bu ölkənin baş naziridir.
Müxtəlif acılar, zülmlər, düşmənçiliklər, məğlubiyyətlər görmüş, bütün hamısına sinə gərmiş bir insandır.

Çox heyf ki, məğlubiyyətlər qarşısında güclü duran bir çox insanlar zəfərlərin ağırlığını daşıya bilməmiş, sarsılmış, yolunu azmış və öz qalibiyyəti ilə yaralanmışdır.

Mənim həbs olunmağımı istəyən bir zamanların məhkumu, indinin baş naziri də öz qalibiyyətinin yaralarını daşıyır bu gün.

Bir zamanlar şeir oxuduğu üçün sistem işçiləri tərəfindən həbs olunan bir qurbanın, özü iqtidara gələndə yazarların həbs olunmağını istəyən birinə çevrilməsi, o insanın keçdiyi yollarda yaşadığı məğlubiyyətlərdən deyil, zəfərlərdən yolunu azdığını göstərir.

Bu gün bu həqiqət bu məhkəmənin özündə də, mənim həbs olunmağımdan da daha böyük bir əhəmiyyət daşıyır, çünki bu baş nazir yeni zəfərlər qazanmağa hazırlaşır.

Daşımaqda əziyyət çəkəcəyi yeni zəfərləri olacaq.

Mən bunun əvəzini başda özü olmaqla, bütün ölkənin ödəməsindən çəkindiyim üçün ona xəbərdarlıq etmək istəyirəm.

Bu gün mənim yazdığım yazıya görə burada müttəhim kürsüsündə oturmağıma yol açan məsələ, baş nazirin bir heykəl haqqında haqsız, yersiz və həddini fövqəladə şəkildə aşan bir hökm verməsi ilə başladı.

Qarsdakı bir heykələ “əcaib” deyərək sökülməsini istədi.

Özü haqda yazılmış bir yazı qarşısında belə reaksiya göstərən, o yazını yazanın həbs olunmasını istəmək dərəcəsinə qədər özünü sevən biri, bir başqasının əsəri haqqında bu qədər rahat təhqiredici sözlər işlədə bilirsə və bunu normal hesab edirsə, bu adam özünü müqəddəsləşdirməyə, başqalarını isə hörmətə layiq olmayan insanlar olaraq görməyə başlamış olması deməkdir.

Ölçülərini bu cür itirən biri baş nazirdirsə, bu ölçü itirilməsi hər kəs üçün bir problem anlamına gəlir.

Ölkəmiz çirkin heykəllərlə, çirkin binalarla doludur, şəhər meydanlarında çox pis düzəldilən Atatürk heykəlləri, hər yanda inanclı insanların əziyyət çəkdiyi estetikadan məhrum məscidlər var.

Baş nazir çirkin hesab etdiyi hər hansı bir Atatürk heykəlinə, ya da məscidə “əcaib” deyə bilərmi, onları uçura bilərmi, cəsarəti buna çatarmı?

Onlara toxuna bilməyən birin sahibsiz bir heykəltəraşın heykəlini təhqir edərək uçurtması necədir?

İçi boş göstərişçi bir igidlikdir bu, rahat bir hədəf seçib ondan xeyir götürməkdir.

Ayıblanmağı, qınanmağı, tənqid olunmağı lazım olan bir hərəkətdir.
Bir baş nazir “bəyənmədim” dəyərək bir heykəli necə uçura bilər?
Hansı haqla bunu edir?

Bu baş nazir roman oxumağa başlarsa, nə olacaq, bir düşünün.
Baş nazir bəyənmədiyi üçün “Madam Bovari”ni, ərini aldadan bir qadın olduğu üçün “Anna Karenina”nı meydanlardamı yandıracağıq?
Küçələrdə hələ kitab yandırmamağı baş nazirin roman oxumamasınamı borcluyuq?

Baş nazir özünü hər cür əsər haqqında hökm verəcək qədər yetkin və bəyənmədiyi hər şeyi yox etdirəcək qədər güclü sanırsa,
Türkiyədə bütün sənət əsərlərinin taleyi baş nazirin iki dodağı arasında olacaq?

Buna etiraz etməyəcəyik?

Buna üsyan etməyəcəyik?

Boyun əyəcəyik belə bir kobudluğa?

Özünü tək bir orqan olaraq görən biri təyin edəcək bütün sənətçilərin və əsərlərinin taleyini?

Mən bunu qəbul etmərəm!

Bunu qəbul edəcəksən, bunu tənqid etməyəcəksən, qarşı çıxmayacaqsan deyərək məni həbslə təhdid edən baş nazirlə hakim, qorxutmaq üçün özlərinə başqasını tapsınlar.

Onların gücü çatmaz məni qorxutmağa.

Mən bu ölkədə kiminsə taleyinin bir insanın iki dodağı arasında olmasını istəmirəm, mən bu ölkədə hər kəsin azad olmasını, fikirlərini söyləməsini, ibadətini etməsini, əsərlərini yaratmasını, öz dilində danışmasını, istədiyi kimi geyinib, istədiyi kimi fikirlərini söyləyə bilməsini müdafiə edirəm.

Baş nazir nəyi müdafiə edir?

Bir heykəli tək əmrlə uçura bilən biri nəyi müdafiə edə bilər?
Heykəli uçurulan heykəltəraşı kim müdafiə edəcək bu ölkədə, kim ona sahib çıxacaq, kim ədalət istəyəcək, kim gücsüzün tərəfində olacaq?

Bir vaxtlar bu sualların cavabı olaraq bu ölkədə bir çox insan bu baş nazirin adını söyləyirdi, bugün bunu demək çox çətindir.

Referendumu elə böyük bir zəfərlə qazandı ki baş nazir, çiyinləri o zəfərin ağırlığını daşıya bilmədi.

Aradan altı ay keçməmiş heykəlləri uçurtmağa başladı.

Əvvəlcə, olduğu yerdən elə çıxdı ki bu insan, bütün dindarlığına, bütün inancına, etdiyi bütün dini vurğulara rəğmən bu gün hz. Məhəmmədin (s.) bir hədisi söylənəndə bunu təhqir kimi qəbul edir.
Bir hədisdən narahat olan dindar müsəlman nə o hədisdən, nə o hədisi söyləyəndən şübhə etməlidir.

O insanın şübhə etməli olduğu tək insan özüdür.

Baş nazir bunu da görə bilmir artıq.

O dindar baş nazirin haqqımda yazdırdığı iddianamədə əleyhimə dəlil olaraq Peyğəmbərin bir sözünü söyləməyim göstərilir.

Öz zəfəri ilə yaralanmaq budur bax.

Gücünü elə səhv istifadə edərsən ki, axırda peyğəmbərinin sözü sənə təhqir kimi görünməyə başlayar.

Peyğəmbərinin sözündən qorxan dindar biri bir ölkəni idarə etməkdən daha çox tragik bir romanın baş qəhrəmanı olmağa uyğundur.

Acıqlıdır, acıq və iqtidar birləşəndə ortaya çox təhlükəli biri çıxır.
Mən bu ölkəni tarixi liderlərindən biri ola biləcək bir insanı, öz varlığını, düşüncələrini, inanclarını yox sayan bir zəfər yorğunu olmaqdan qurtara bilmək, şəxsi bir tragediyanın bütün ölkəyə yayılmasının qarşısını alacaq bir xəbərdarlıq etmək üçün yazdım o yazıları.

Təhqir etmədim.

Tarixi bir lider və tragik qəhrəman olmaq arasında qalan bu baş nazir hər şeyin sadəcə özünə iznli olduğunu hesab etdiyindən bunu təhqir kimi görüb cəzalandırılmasını istədi.

Möhtərəm hakim!

Verəcəyiniz qərar mənimlə bağlı olmayacaq.

Siz bu ölkənin hüququnun gücün kobudca istifadəsinə, əhvala uyğun qərarlara, gücsüzlərin əzilməsinə cavab verib-vermədiyinə qərar verəcəksiniz.

Məni məhkum etsəniz, baş nazir daha çox heykəl uçuracaq.
Məhkum etməsəniz, bəlkə, səhv etdiyini görər.

Bunu görərsə, həm bu ölkə, həm də özü qazanar.

Mən öz zəfərlərinin ağırlığından yolunu azmış bu baş nazirə kömək etməyinizi istərdim.
# 1035 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #