Nərimanov parkının şahmat ustaları FOTOLAR

Nərimanov parkının şahmat ustaları FOTOLAR
15 avqust 2012
# 05:00
Domino, nərd oynayan insanlara əksər çayxanalarda, parklarda rast gələ bilərsiniz. Şahmat isə intellektual oyundur. Ona görə də şahmat oynayan insanlara rast gəlmək biraz çətin məsələdir. Lakin Bakıda belə bir məkan var. Nəriman Nərimanov metrostansiyası üzərində yerləşən parkda yaşlı insanlar hər axşam yığılıb şahmat oynayırlar.

Reportaj hazırlamaq üçün bu məkana üz tuturam.

Beynimdə yazının planını cızıram. Yolboyu ağlıma ilişən məsələlərdən biri də şortikdə olmağımdır. Əgər mühafizəkar insanlardırsa, mənə pis baxacaqlarını düşünürəm.

Parkın bir tərəfində oturacaqlar qabaq-qabağa qoyulub. Köhnə-kürüş taxtalardan düzəldilmiş stolların üzərində üç şahmat taxtası yan-yana düzülüb. Saçları çoxdan ağarmış qocaların fikirləri oyundadır. Salamıma bir neçəsi dilucu cavab versə də əksəriyyət başını qaldırmır. Bir müddət sakitcə müşahidə edirəm. Bunu jurnalistikada divarda milçək üslubu deyirlər. Bir oyun təxminən yarım saat çəkir. Oyunu udan davam edir, uduzanın yerinə isə sıra gözləyən digər qocalar keçir.

Yanımda ayaq üstə duran bir nəfər hay-küy salaraq oyuna tez-tez müdaxilə edir. Və bu müdaxiləyə reaksiya özünü gecikdirmir. Stolun digər başında oturan Rəfael kişi (adını sonradan öyrəndim – E.B.) əsəbləşir: “Ay qardaş, bəsdir də, imkan ver oyunumuzu oynayaq. Sənin səsindən oyun oynaya bilmirik burda. Gəlmişik ki, istirahət edək, başımızı qataq.”
Müdaxilə edən qoca özünün də eyni vəziyyətlə üzləşdiyini deyərək özünü müdafiə etməyə çalışır. Rəfael kişi lap özündən çıxır: “A kişi, sən oynayanda kimsə yerdən danışırsa ona de. İndi sənə deyiblər deyə sən də deməlisən?! Mən pensioner adamam, sən isə başımızın üstünü kəsdirib müdir kimi danışırsan”. Başqa qocalar da söhbətə qarışır, səs-küy artır, digər stoldakılar çevrilib tamaşa edir.

İçlərində ən yaşlısı, zövqlə arxaya daranmış saçları tamamilə ağaran Qiyas müəllim ayağa duraraq qocaları sakitləşdirir. Qara şalvar, üzərinə ləkə düşən bozumtul rəng köynək geyinən Qiyas müəllim keçmişdə hansısa vəzifədə çalışıb. Vəzifəsini soruşsam da cavab verməkdən qaçır. Foto çəkəndə də narahat olur və deyinir.

Ara sakitləşəndən sonra jurnalist olduğumu deyirəm. Yaşlılar başını qaldırıb məni süzməyə başlayır. Onlara gəliş səbəbimi açıqlayıram. Doğrusu, bura gələndə şahmatdan, şahmat tarixindən, sovet şahmatçılarından danışacağımı düşünsəm də qocalar elə ilk andan problemlərdən danışmağa başlayırlar. İlk olaraq Rəfael kişi danışmağa başlayır. Parkda istirahət etmək üçün onlara yaradılan şəraitin pis olmasından gileylənir.

Rəfael kişi deyir ki, hər axşam bura gəlib başımızı qatırıq, dincəlirik. Hamımız təqaüdlə dolanan adamlarıq. Televizorda baxmağa, baş qatmağa heç nə yoxdur. Tək əyləncəmiz elə budur. Gəl ki, yağış yağanda, qar yağanda əziyyət çəkirik. İstəyirik burada bizim üçün bir yer tikilsin, yağış, qar yağanda girib altında rahat şahmat oynayaq.

Rəfael kişi bunun üçün Nərimanov rayon İcra Hakimiyyətinə də müraciət etdiklərini bildirir. Lakin hələ müraciətlərinə cavab gəlməyib. Rəfael kişi iki həftəyə cavab gələcəyini deyir.

Daha bir maraqlı fakt isə budur ki, Nərimanov parkına şahmat oynamaq üçün gələnlər təkcə bu ətrafda yaşayanlar deyil. Bura şəhərin müxtəlif yerlərindən şahmat azarkeşləri gəlir.

Məsələn, digərlərindən nisbətən cavan olan və hələ də işləyən Əli kişi Əhmədlidən gəldiyini deyir.

Biraz əvvəl uduzub oyundan çıxan Aydın kişi ilə söhbət edə-edə biraz kənara çəkilirik. Ondan burada şahmat oynamaq ənənəsi haqqında soruşuram. Dediyinə görə əvvəllər burda klub və mədəniyyət evi fəaliyyət göstərirmiş. Parkın ortasında da Nəriman Nərimanovun heykəli var imiş. O vaxt kluba yığılıb şahmat oynayırmışlar: “Sonradan klubu da, heykəli də uçurdular. Bizə də balaca bir yer qaldı. O vaxt hər şeyimizi dövlət təmin edirdi. İndi şahmat taxtalarını özümüz gətiririk. Bu stolları da özümüz köhnə taxtalardan düzəltmişik”. Aydın kişi parkdakı atraksionları göstərib deyir ki, bu qədər şey qururlar, ancaq əl yumağa yer yoxdur.

Söhbətləşdikdən sonra fotolarını çəkirəm. Və Qiyas müəllim yenə fotoaparatdan gizlənməyə çalışır...
# 2931 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
#
#
# # #