Şeirdən necə gül düzəltmək olar?!

Şeirdən necə gül düzəltmək olar?!
29 iyul 2013
# 11:00

Mən sizə şeiri gülə çevirməyin üsullarından danışacam.

Səbrli olun, suallarınızı axıra saxlayın.

Birinci üsul:

Sevdiyiniz şeirlərdən birini, əgər əzbər bilirsizsə xatırlayın, bilmirsizsə kitabda axtarıb tapın. Düşünürəm ki, əgər o şeiri, və ya müəllifini doğurdan da sevirsizsə, həmin kitab bir qayda olaraq əl altında olmalıdır, demək bir elə əziyyət çəkməyəcəksiz.

Sonra isə on-on beş ədəd salfet kağızı götürün, bu da çətin olmayacaq; salfetlər beş-on da ola bilər, hər şeyi misraların sayı müəyyənləşdirəcək. Salfet kağızlarını səliqəylə üst-üstə yığın, bir stəkan götürüb onu salfet kağızlarının üzərində ağzıaşağı qoyun, çevrə çəkin. Salfetləri çevrə boyunca kəsin. Sonra isə kəsilmiş dairəvi salfetlərin kənarıyla həmin şeirin misralarını yazın; hərəsində bir misra. Onları təkrar üst-üstə yığın.

Məsələn, mən indi Söhrab Sipehrinin Məsihağa Məhəmmədinin tərcüməsindəki “Yoldan bir sifariş” şeirindən bir fraqmenti xatırlayıram:

Gələcəm:

dilənçiyə yasəmən verəcəm,

cüzamlı qadına sırğa bağışlayacam,

kora deyəcəm: «Bağ nə baxmalıdır!»

Hər yanı dolaşacam,

küçələri gəzəcəm,

car çəkəcəm: «Şeh, şeh, şeh!»

Bir yolçu deyəcək: «Yaman zülmət gecədir».

Ona bir kəhkəşan verəcəm.

Körpünün üstündə ayaqsız bir qızcığaz var –

ulduzları onun boynundan asacam.

Bütün söyüşləri dodaqlardan yığacam,

bütün divarları diblərindən yıxacam.

Quldurlara deyəcəm:

«Karvan gəlib, yükü təbəssüm!»

Buludları parçalayacam.

Gözləri Günəşə,

ürəkləri eşqə,

kölgələri suya,

budaqları küləyə

düyünləyib bağlayacam.

Uşaqların yuxusunu

cırcıramaların nəğməsinə qovuşduracam.

Çərpələnglər uçuracam,

güldanları sulayacam.

Misra sayına uyğun 25 salfet kağızında bu şeiri yazıram. Və sizə az əvvəl yuxarıda dediklərimi qızım Sonayla birgə edirik. Və nəhayət A4 formatlı bir ağ vərəqi, ya da başqa bir salfeti (yaşıl rəngdə olsa daha yaxşı olar) tən ortdan kəsib onun bir parçasını səliqəylə yumrulayırıq. Qələmə oxşayan bu uzunsov yumrulanmış vərəqi (o çiçəyin sapı olacaq) üst-üstə yığılmış dairəvi salfetlərin düz ortasına qoyur, elə oradanca, tən ortadan steplerlə (yapışqanla da olar) onları tikir, birləşdiririk. Steplerlə tikdiyimiz yumru salfet topasını götürüb qayçıyla radius boyunca çevrənin kənarlarının müxtəlif nöqtələrindən mərkəzinə doğru onu 7 dəfə kəsirik. Əmələ gələn saçaqlı gül ləçəkləri olacaq, onları bir-birindən qoparmadan ustufca ayırırıq. Çobanyastığına oxşayan bir şey, ləçək topası, gül əmələ gəldi. Hə, şeir kustar, ya da deyək mexaniki üsulla gülə döndü.

Qızım Sonayla hazırladığımız gülün şəkillərinə, lütfən, aşağıdakı şəklə baxın.

Çiçək hazırdır. Və sizə bunun üçün nə qoca Borxesin “Paraselsin qızılgülü” oxumaq, nə də oxuduğunuza inanmaq tələb olunmadı.

Bu gül solmayacaq. Əz azı yaxın 1 il ərzində. Odur ki, siz bu gülü dostunuza, sevgilinizə, ürəklə hədiyyə edə bilərsiz. Sevginizin əlaməti kimi. Verəndə deyin ki, sevdiyinizə bir daha əmin olmaq istəyirlərsə, “sevir-sevmir” deyə ləçəklərini, hətta ləçəklərin saçaqlarını saya da bilərlər, əlbəttə qırmadan. Narahat olmayın, 25 misralıq, yəni 25 ləçəkli güldə cavab həmişə “sevir” olacaq. Hətta saçaqları belə saysalar (7x 25= 175) cavab yenə “sevir”dir. Və əgər dostunuz, ya da sevgiliniz üstəlik o şeirin mahiyyətini də sevəcəklərsə, nə xoş.

İkinci üsul:

Sözlə anlaşa bilmədiyiniz sevgilinizə bir müddət sükutla zilləndikdən sonra çıxıb gedin. Çəkilin hücrənizə. Bir el bayatısını xatırlayın:

Eləmi, sona yeri,

Telləri sana yeri,

Üz qoyum üzün üstə

Seçilsin xına yeri...

Bir vərəq götürün. Ora bir çevrə çəkin. Çevrənin mərkəzindən xy oxlarını keçirin. Bayatı hər sətirdə 7 heca olmaqla 28 hecadır deyə, 360 dərəcəlik çevrəni 28 bərabər hissəyə(dərəcələrlə) bölün (360: 28 = 12,857 eləyir), bölgüləri qara nöqtələrlə nişanlayın. Siz bunu bucaqölçən (=transportir) və pərgarla asanca edəcəksiz. Nöqtələyəndən sonra həmin nöqtələri düz və qara xətlərlə birləşdirin, görəcəksiz ki, 28 bərabərtərəfli bir fiqur alınır. Sonra isə bayatıdakı vurğu düşən hecaları müəyyənləşdirin. Təklif olunmuş bayatıda bu aşağıdakı hecalara düşür: 3-5-7/ 10,12,14/ 17,19,21/ 24,26,28. İndi isə həmin 28 tərəfli fiqurda bu nöqtələri qırmızlayın, sonra isə qırmızılanmış nöqtələri elə qırmızı qələmlə öz aralarında xəttlə birləşdirin. Çevrənin içində ikinci, bu dəfə isə 12 qeyri bərabərtərəfli qırmızı fiqur alınacaq. Diqqətlə baxsanız, bu fiqur da tərəflərinin qeyri-bərabərliyinə rəğmən simmetrikdir, əlbəttə, bu istənilən şeirin bətnində gizlənən sirdir ki, y oxundan 25,7 dərəcə sol tərəfdən keçməklə onun da simmetriya oxunu müəyyənləşdirmək olar və şərti olaraq yaşıl rənglə çəkdiyimiz bu oxu da z adlandıraq. Sonra isə yaşıl rəngli z simmetriya oxunu çiçəyin, gülün sapı hesab edib qırmızı nöqtələri elə qırmızı qələmlə ləçəklər kimi birləşdirək. Budur, bayatı, şeir gülə döndü, çiçək hazırdır. Nümunə kimi, mənim sifarişimlə, Porter üsuluyla oğlum Mübarəkin kağız üzərində, gənc dostum Cavid Kişiyevin isə kompüterdə hazırladığı qrafiklərə, aşağıdakı fotoya baxın.

İndi isə hücrənizdən çıxın, az əvvəl heç cür dil tapa bilmədiyiniz sevgilinizlə görüşün, bu gülü ona hədiyyə edin, sevgiylə və səbrlə bunu necə etdiyinizi ona izah edin. Söz- dərman, insan isə üns, ins, ünsiyyət kəlməsindəndir.

Üçüncü üsul:

Darıxırsız. Hamı darıxır. Məsələn, mən bir səhəri darıxanda belə bir şeir yazdım:

O çiçəyi üzdüm ki, yer kürəsini əlimə götürdüm.

Hə, həmin o çiçəkdə yer kürəsindən nəsə vardı.

Özünü güclü bilmək indiki kimi axmaq bir əhvaldı.

Bunu mənə ovcumu isladan bir cüt jalə sükutla anlatdı.

O səhər bildim: bu dünya hamıya bir az göz yaşı,

bir az da kədər vəd edər

və sonunda üzülmək var evindən,

budağından.

Sonra isə heç vaxt üzmədiyim, dərmədiyim bir gülü xəyalımda canlandırdım, elə bu şeiri o gülün xəyalımda canlandırdığım cizgilərinə uyğun şəkildə yerləşdirdim vərəqdə (ya da kompüterin səhifəsində). Təbii ki, yazı vektorunu, sətirdən sətrə keçmələri normal yazıda olduğu kimi qoruyaraq...Gül hazırdı. Sonra da o gülün ilk nüsxəsini mənim səbəbsiz, xroniki darıxmağlıqlarıma 15 ildir mətanətlə səbr edən Həmidə xanıma hədiyyə etdim. Nümunə üçün, həm o gülün, həm də həyət-bacam olmadığımdan yalnız vərəq üzərində əkdiyim bir ağacın şəkillərini sizə təqdim edirəm. Lütfən, həmin 3-cü şəklə də baxın.

Sözardı:

Suallarınızı axıra saxlayın, bunu sizdən lap əvvəldə xahiş eləmişdim.

Suallar deyəndə ki, bir əsas sualınız olacaq çox güman: bütün bunlar nəyə lazımdır?

Mən əslində bu sualın cavabını bilmirəm: guya biz hansı sualın cavabını bilirik ki?!

Amma nədənsə İsa peyğəmbərin (A.S.) bir sözünü xatırlayıram:

“Kim ki uşaq kimi olmayacaq, o cənnətə girməyəcək”.

Məhəmməd peyğəmbərin də (S.A.S.) bir sözü var: “Uşaqların qoxusu cənnətin qoxusudur...”

Cənnət sözündən xoşu gəlməyənlər, onu xilas kəlməsi ilə əvəz edə bilərlər. Kimdən, nədən xilas məsələsini də qoy, hərə özü bildiyi və arzuladığı kimi qəbul eləsin, amma şəxsən hər iki fikri elə bukval qəbul eləməyin tərəfdarıyam...

Sualınıza yenə cavab verə bilmədim, amma bir də cəhd edim.

Sizə şeirdən gül düzəltməyin üç üsulundan danışdım. Əgər bu deyilənləri daha başqa və kamil variantda icra eləməyə girişsəz, buna 4 saatdan 16 saata qədər vaxt sərf edəcəksiz. Bu müddət ərzində siz gündəlik qayğıları, seçkiöncəsi qovhaqovları, ədəbi cameədəki və pərdəarxasındakı “təqib” və “təhqir”ləri, qeybətləri, milli və regional kimlik, müxalifət və iqtidar davalarını unudacaqsız. Və işinizi uğurla bitirib o axşamüstü çölə çıxacaqsız. Adamlara ilk dəfə görür kimi baxacaq, qarşı dirəklərin solğun parıltılarını gün işığı kimi sevəcək, yayın yarpaq tərpənməyən axşam bürküsündən belə bəlkə xoşlanacaqsız. Gözünüz, işıq dirəklərinin birinin altında anasının əlindən tutub bu çox vaxt sevmədiyimiz torpaqda şəstlə yeriyən, cingiltili səsiylə, baxışlarının işıltısıyla bütün bəşəri məhrumiyyətləri bir heç kimi unutduran uşağı görəcəksiz...

Mən cavabları bilmirəm.

Michelangelo Antonioninin “L Eclisse” (qürub, tutulma, batış və sair kimi də tərcümə oluna bilər) filmini xatırlayıram. İtalyan birjalarının birində bir yaşlı qadın böyük məbləğdə pul itirir. Həmin qadının qızı Vittoriya (Monica Vitti) birja makleri və sevgilisi Pyeroya (Alain Delon) təlaşla deyir:

  • Bu çoxmu ciddidir, bir şey eləmək olmaz?
  • Bilmirəm. Pul olsaydı çox şeyi düzəltmək olardı.
  • Bəs, mənim anam...
  • O yəqin bir on milyon itirib. Bu böyük məbləğdir. Əksəriyyət üçün bu əsl faciədir. Amma bu gün milyardları itirən italiyanları fikişləş. O adamı görürsən,- tösmərək bir kişini göstərir, - o bu gün əlli milyon lirə itirib.

Filmin sonrasında Vittoriya o kişini izləyir. Kişi aptekdən sakitləşdirici alır və yaxınlıqdakı kafedə mineral su ilə dərmanı içir. Cib bloknotuna şəkil çəkir. Qalxanda vərəqi cırıb masanın üzərində qoyub gedir. Gözləmək olardı ki, bütün varidatını itirən o kişi, vida məktubu yazır. Amma onu güdən Vittoriya masadakı kağızı götürür. Sonradan Vittoriya və Pyero arasında bu qısa dialoq da baş verir:

  • O gül çəkdi.
  • Kim?
  • Milyonlarını itirən həmin adam...
# 4193 dəfə oxunub

Müəllifin son yazıları

# # #