Günay Əfəndiyeva ilə bağlı dost yazısı - Səlim Babullaoğlu

Günay Əfəndiyeva ilə bağlı dost yazısı - Səlim Babullaoğlu
20 oktyabr 2023
# 13:00


Kulis.az Səlim Babullaoğlunun Günay Əfəndiyeva ilə bağlı dost yazısını təqdim edir.

Günay xanımla tanışlığımızın tarixçəsini xatırlamağa çalışıram. 2000-ci illərin lap başlanğıcında Xalq yazıçısı Elçin Əfəndiyevlə ikinci görüşümüz zamanı övladları haqda qürurla danışırdı; bu onun övladları ilə qiyabı tanışlığın ilk anı idi; sonra bir neçə dəfə Çingiz Əlioğlu danışıb böyük ədib, dramaturq İlyas Əfəndiyev və onun nəvələri barədə; ilk təəssüratlarım belə formalaşıb.

Daha sonra iş elə gətirdi ki, 2006-cı ildə Türkiyədə kitabım nəşr olundu, üzü payıza doğru kitabın tərcüməçisi Yasəmin Bayerin yaxından iştirakıyla TÜYAP-a qatıldıq, kitabın müxtəlif yerlərdə təqdimatlarında Günel Anarqızı ilə bərabər iştirak etdik. Həmin o artıq xeyli uzaq, undulmaz günlərdə Günay Əfəndiyeva ilə tanış olduq, yəni üz-üzə. İstanbuldakı baş konsulluğumuzda mədəniyyət attaşesi vəzifəsində işləyirdi. Həm TÜYAP-dakı, həm Sant-Georq türk-fransız litseyindəki görüşlərdə Günay xanım mədəniyyətimizlə birbaşa bağlı olan insan və diplomat kimi bizi- uşaqlıq dostu, yazıçı Günel Anarqızını və məni tək qoymadı. Bütün bu tədbirlərdə ürəklə işitrak etdi, bizi baş konsulluğumuza dəvət etdi.

Sonradan Günay xanım Xarici İşlər nazirliyində müxtəlif vəzifələrdə və nəhayət, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti görəvində çalışdı. Ötən 17 il ərzində bizim əlaqələrimiz iki həmyaşıd (mən Günay xanımdan bir az böyüyəm), lap düzü, nəsildaş və ədəbiyyata bağlı insan kimi olduqca xoş, daha çox işgüzar məcrada davam elədi.

Günay xanımı Azərbaycan mədəniyyəti, bütövlükdə ümumtürk mədəniyyəti üçün fədakarlıqla çalışan gördüm həmişə, xeyli maraqlı, lazımlı layihələrin müəllifi oldu, hətta bu gün artıq geniş türk coğrafiyasında nüfuz qazanmış Türk Mədəniyyəti və İrsi Fondunun yaradılmasının xeyli görünməyən əziyyəti eyni zamanda onun çiyinlərinə düşdü , hər halda mən belə bilirəm. Şadam ki, bu illər ərzində onun gerçəkləşdirdiyi bəzi layihələrdə müəyyən qədər iştirakım olub və indi mən bütün baş verənləri məmnunluqla xatırlaya bilirəm.

Babası ilə bağlı yazdığı bir xatirə yazısı da yadımdadır, irsi olaraq ona da keçmiş yazıçılıq bacarığı ilə qələmə alınmış bir xatirə idi: təfərrüatlı, detallı, səlis, istedadlı və duyğulu bir dillə yazılmışdı.

Dəfələrlə, atası Elçin Əfəndiyevin əsərləri ilə bağlı danışmışıq, xüsusən, hekayələri barədə, xeyli üst-üstə fikirlərimiz də olub.

Günay Əfəndiyeva XX əsr mədəniyyətimiz, xüsusən ədəbiyyatmız üçün əvəzolunmaz iki şəxsiyyətin - İlyas Əfəndiyev və Elçin Əfəndiyevin dəyərli davamçısı, mənəvi ardıcılı və yadigarıdır. Və çox yaxşı ki, fəaliyyəti boyu bunu unutmayıb, daha doğrusu, həmişə nəzərə alıb.

Aşağı-yuxarı həmyaşıdım olan dostlarımla (onların əksəriyyəti mədəniyyətlə bağlı adamlardır) bağlı, xüsusən, onlar hər mənada uğurluykən, bir duyğum olub; sevinmişəm ki, nə yaxşı onlarla nəsildaşam və nə yaxşı ki, bu uğura nəsildaş kimi məhz o, mənim tanıdığım, dostluq etdiyim adam imza atıb; nə qədər eqoistik olsa da, sanki həmin işdə hansısa əməyim varmış kimi hiss etmişəm özümü.
Günay xanımın fəaliyyəti ilə də bağlı oxşar hissi dəfələrlə yaşamışam. Və tanışlığımızın ilk günü onu necə həqiqi Azərbaycan qadınına xas cazibə və xarizmaya sahib, yüksək zövqlü, ağıllı və bacarıqlı görümşəmsə, bu gün də onu elə tanıyıram, elə görürəm.

Çox yaşasın! Sağlam yaşasın! Həmişə ən azı indiyəqədərki şövqlə çalışmaq arzusu və imkanı olsun!

Həmişəki dost münasibəti ilə.

# 1545 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #