Evimizi tikən erməni ustanın “uzaqgörənliyi”

Evimizi tikən erməni ustanın “uzaqgörənliyi”
13 aprel 2016
# 09:00

Anam bir ayağını avtobusun pilləkəninə qoymuşdu, maşın yerindən götürüldü. Qışqırdım. Anam yerə yıxılmışdı, ağlamağa başladım. O, yerdən qalxıb məni sakitləşdirməyə çalışdı. Üst-başı toz içindəydi, dizləri qanamışdı.

- Ağlama! Heç nə olmayıb, sağ-salamatam! Ermənidilər də..! Müsəlman bunu eləyər?!

Mən hələ də ağlayırdım. Yan-yörəmizdə adamlar vardı. Amma heç kəs bizə yaxın gəlmirdi, bəziləri kənardan baxıb başa düşmədiyim dildə nəsə deyirdilər. Əllərinin hərəkətindən, üz-gözlərindən əsəbi olduqlarını anlayırdım. Bu, məni bir az da qorxudurdu. Anamın qat-qat, şələ paltarının ətəyindən bərk-bərk yapışmışdım...

Başqa bir avtobus gəldi. Ürəyim bərk döyündü... Bu dəfə, yaxşı ki, qorxduğum şey olmadı...

Avtobusda anam kimi geyinən iki qadın vardı. Onlar ayaq üstdə dayanmışdılar. Biz onların yanına getdik. Qadınlardan biri mənə baxıb gülümsündü, başımı tumarladı. Anamla nəsə danışdılar. Birdən qadın qışqırdı.

- Aaayyy...

Onun sağ tərəfində pırpızbaş, kök bir qadın dayanmışdı. O, anam kimi geyinməmişdi.

- Ayağımı niyə ayaqlayırsan, ay arvad?!

Pırpızbaş qadın hirsləndi, əl-qolunu yellədə-yellədə bərkdən danışmağa başladı. Onun nə dediyini başa düşmürdüm. Sonra bizim dildə danışdı. Dedi ki, onları bezdirmişik. Biz siçan kimi hər yerə doluşmuşuq. O, bizi görəndə əsəbiləşir...

Mən yenə qorxurdum. Anamın ətəyindən möhkəmcə yapışmışdım.

Bazara, dükana gedəndə də qorxumdan ürəyim əsirdi. Tez-tez anamla satıcıların davası düşürdü. Hərdən də anam aldığı meyvəni, tərəvəzi yerinə töküb əliboş geri qayıdırdı. Yolboyu deyinirdi:

- Özlərinə qırx qəpiyə olan şeyi bizə ikiqat qiymətə satırlar. Bunlar nə təhər millətdilər?!

...Həmin yay anamla Cermuxdan qayıdanda yenə dayımın qonağı gəlmişdi. Onu görəndə həmişə gülməyim tuturdu. Qonağın yanaqları, qulaqları qırmızı rəngdəydi, dişlərisə ağappaq. Qulağının arxasına karandaş taxardı. Bu, onu lap gülməli göstərirdi. Slavik yaxşı ustaydı. Ev tikirdi, təmir eləyirdi. Hamı istəyirdi ki, evinin ustası Slavik olsun. Dayımla çoxdan dostluq eləyirdilər. Dayım onun qızının toyuna getmişdi, arvadının toxuduğu, üstündə qız şəkli olan xalçanı da hədiyyə aparmışdı. Slavik də bizim toyların hamısına gələrdi. Dayım ona çox inanırdı, evinin, süfrəsinin ən əziz yerində oturdardı. Elə biz də dayım kimi onu çox istəyirdik. Başına yığışardıq, o da rəndə ilə taxta yona-yona bizə maraqlı, məzəli nağıllar danışardı. Hərdən bizi imtahan da eləyərdi:

- Yer niyə yumrudu? Bəs biz yeriyəndə niyə diyirlənib yıxılmırıq? Kim deyər? Kim tapsa, onu özümə şagird götürəcəm...

Biz də ağlımıza gələni deyər, pıqqıldaşıb gülərdik. O da bizə qoşulardı. Gülə-gülə karandaşı qulağından götürüb taxtanı işarələyər, sonra yenidən qulağına sancardı.

Bizi yenə gülmək tutardı...

Mən həmişə onun qırmızı sifətinə baxanda Cermuxda gördüyüm ermənilər yadıma düşürdü. Slaviki onlarla müqayisə eləyirdim. Axırda çıxardığım nəticə belə olurdu: "Slavik yaxşı ermənidi! Ondan qorxmaq lazım deyil. Axı o, bizim dostumuzdu."

Slavik hərdən oğlunu da kəndimizə gətirərdi. O da atasıyla birlikdə işləyərdi. Onlar öz aralarında nəsə danışıb gülər, bir-birilərinə qaş-göz eləyərdilər. Ata-bala bizim evi də təmir elədilər, anam onlara süfrə açdı, çörək kəsdilər...

Bir gün atama Slavikin məzəli söhbətlərindən danışırdım, qaşlarını düyünlədi:

- O, yaxşı adam deyil!

Gözüm kəlləmə çıxdı:

- Niyə?!

- İndi balacasan, böyüyəndə bilərsən...

Əl çəkmədim.

- Yox, indi de!

- Qızım, iki gün bundan qabaq ona dedim ki, sağ ol, ay usta, əllərin var olsun! Sənin sayəndə ev-eşiyimiz abıra minir, gözəlləşir. Güldü, bic-bic üzümə baxıb dedi ki, nə eləyirik özümüzə eləyirik. Əvvəl başa düşmədim, sonra onun "vaxt olacaq, bu evlərdə siz yox, biz yaşayacağıq" sözünü eşidəndə dalağım sancdı.

Mən də atamın sözündən bir şey anlamadım. Key-key üzünə baxdım:

- Bu nə deməkdi?

Atam başımı tumarladı:

- Bu, o deməkdi ki, erməniyə yaxşılıq eləməyə dəyməz! Onlar bizi istəmirlər!

Atam üzünü yana çevirib dodağının altında Slavikin qarasına söydü:

- Köpəyoğlu!

Yenə yadıma Cermuxda gördüyüm ermənilər düşdü. Canımdan soyuq gizilti keçdi...

Bu hadisələr 1984-85-ci illərdə olub. İllər sonra ermənilər kəndimizi aldılar, adamlarımızı öldürdülər...

...Atamın dediklərini indi çox yaxşı anlayırdım...

O vaxtdan bir də dayımın qonağıyla rastlaşmadım. Amma əsgərlərimizdən biri danışırdı ki, Slaviki görüb. O, kəndimizi talayan ermənilərin öndə gedəniymiş. Sonra başqa bir xəbər də eşitdim, deyirdilər, Slavik əsir düşən adamlarımızın başını kəsib ağaclara taxırmış...

# 972 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #