Yusif Vəzir pulla başqasına hekayə yazırmış - HƏYAT HEKAYƏSİ

Yusif Vəzir pulla başqasına hekayə yazırmış - <span style="color:red;">HƏYAT HEKAYƏSİ
25 yanvar 2016
# 09:00

Kulis Səfurə Çərkəzqızının “Damğalanmış talelər” yazısını təqdim edir.

Vəzirovlar Şuşada məşhur nəsil olub. Ulu babaları Əliməmməd Ağa İbrahim xan Cavanşirə vəzirlik eləyib. Molla Pənah Vaqifdən sonra Şuşanın ikinci vəziri sayılıb. Elə nəsil də soyadını burdan götürüb. Şuşalılar bu nəsli ağır seyid kimi tanıyıblar. Həm də əzəldən elmə, təhsilə hörmətləri ilə ad qazanıblar.

Yusif Vəzir Çəmənzəminlinin atası Mirbaba Mirabdulla oğlu dövrünün oxumuş adamı olub. İranı, Turanı gəzib-görüb. Oğlanlarını Şuşada rus məktəbində oxudub. Deyirlər, böyük oğlu Əbdülhəsən xüsusi biliyə qadirmiş. Hamı ümidliymiş ki, ondan nəsə çıxacaq. Heyf ki, ömrü vədəsiz qırılır. 21 yaşında dünyadan köçür. Rəhmətliyin yaxşı kitabxanası varmış. Sahibindən sonra kitabxananın açarını ancaq Yusifə etibar eləyirlər. O da saatla bura girib oxuyarmış...

Diplomat

1905-ci ildə ailə erməni-müsəlman davasına görə Şuşadan Aşqabada köçür. Bir il sonra 19 yaşlı Yusif Bakıya təhsil almağa qayıdır.

Fikrət Vəzirov (oğlu):

- Atam Bakıda rus seminariyasında oxuyub. O vaxt seminariya indiki İqtisadiyyat İnstitutunun binasında yerləşib. Hələ seminariyada oxuyanda atamın əsərləri Aşqabadda məşhurmuş. Bəzi hekayələri orta məktəb dərsliklərinə salınıbmış.

Seminariyanı bitirəndən sonra Yusif Kiyevdəki Vladimir adına İmperator Universitetinin hüquq fakültəsində təhsil alır. O dövrdəki inqilabla bağlı universiteti Saratovda bitirir. 1916-cı ildə.

Kiyevdə yaşadığı dövrdə siyasi həyata qatılır. 1914-cü ildə Müsavat Partiyasının Kiyev filialına başqanlıq edir.

İki il sonra orda Azərbaycanın səlahiyyətli səfiri vəzifəsində işləyir. Üstəlik, Krımda, Polşada Azərbaycanı təmsil edir. 1919-cu ildəsə İstanbulda səfir olur. Sovet hökuməti qurulandan sonra bir il Türkiyədə qalır, sonra Fransaya gedir.

Paris günləri...

Fransa onu gözəl həyata qonaq eləmir. Çörəkpulunu min əziyyət bahasına qazanır. Gah zavodda işləyir, gah da yazdığı məqalələrin qonorarına göz dikir.

- Atam Fransada olanda kiçik qardaşı Mirabdulla da onunla qalırmış. Həm Ali diplomatiya məktəbində oxuyurmuş, həm də işləyirmiş. Hələ dolanışıqları o qədər də pis deyilmiş. Əmim xəstələnəndən sonra acı günlər başlayır. Atam 1921-ci ildə gündəliyində yazır ki, qardaşımın faciəsi üçün Məmməd Əmin Rəsulzadəyə, Əlimərdan bəy Topçubaşova məktub göndərmişdim. Xahiş eləmişdim ki, ona pul sarıdan kömək eləsinlər. Məmməd Əmin Rəsulzadə cəmi 3 dollar göndərir. Topçubaşovdansa heç bir xəbər-ətər çıxmır. Bütün bunlar atamın əsərlərinin üçüncü cildində var.

350

Başqalarına yazı yazıb faiz alırdı

Yusif Vəzir Çəmənzəminli dolanmağın başqa yolunu da tapmışdı. Əsərlərinin birinci cildində “Bir qaçqının dəftərindən” adlı yazıda deyilir ki, Parisdə küçəylə gedirdim. Təsadüfən 17 il bundan qabaq bir yerdə oxuduğum Bakı ermənisiylə rastlaşdım. Heç birimizin pulu yox idi. Amma istəyirdik ki, bir yerdə oturub, qarın dolusu yemək yeyək. Birdən ağlıma yaxşı fikir gəldi. Dedim, burda bir rus mühərriri yaşayır, qaçqınlardandı. Gəl, gedək, ondan pul alaq. Bir qəzetdə şərq məktubları yazır. Məlumatın çoxunu da məndən alıb öz adına çap elətdirir. Əvəzində, qazandığının 25 faizini mənə verir.

Çox sonralar Bakıya qayıdanda da bu yolla ailəsini dolandırmalı olur. Oğlu Orxan Vəzirov “Atam Yusif Vəzir Çəmənzəminli haqqında...” adlı kitabda belə bir xatirə yazıb: “Atam ailəsini dolandırmaqçün ədəbiyyat həvəskarlarına evdə dərs deyirdi. Belə həvəskarlardan biri də Azərbaycan Dövlət Opera və Balet Teatrının orkestrində (orkestrdə nəfəsli alətdə çalırdı) çalışan Ağasəf Ağayev idi. Maddi çətinlik çəkdiyimiz üçün atam Ağəsəfə müxtəlif hekayələr də yazıb verirdi. O isə həmin hekayələri öz adı ilə qəzet və jurnallarda çap etdirirdi. Qonorarın müəyyən hissəsini atama verirdi. Atamın Ağasəfə yazdığı hekayələrdən biri də “Al toxmağım, vur toxmağım”idi. Ağasəf bu hekayəni 1937-ci ildə öz adından “Pioner” jurnalında çap etdirmişdi”.

40 yaşında evlənib

1925-ci ildə kiçik qardaş Mirabdulla dünyasını dəyişir. Onun ölümündən bir il sonra Yusif Vəzir Çəmənzəminli Fransadan Bakıya qayıdır. 1927-ci ildə Bilqeyis adlı xanımla ailə qurur.

- Tanışlıqlarının maraqlı tarixçəsi var. Anamgilin əsli Gürcüstandan idi. Köçüb Bakıya gəlmişdilər. Anamı birinci Əzət bibim (Yusif Vəzir Çəmənzəminlinin bacısı) bəyənib. Bibim indiki Şeyx Şamil küçəsində yaşayan Əziz adlı bir qadının evinə gedib-gəlirdi, çoxdanın tanışı idilər. Anamgil də həmin qadının evində yaşayırdılar. Bibim anamı görən kimi gəlib atama deyir ki, Yusif, sənə yaxşı qız tapmışam. Sizi mütləq tanış eləyəcəm. Onda atamın 40 yaşı varmış. İndiki Bünyad Sərdarov küçəsində bir ev kirayələmişdi. Qönçə bibimlə o evdə qalırdı.

Bibim qızı dilə tutub atamın yaşadığı evə gətirir. Yaxşı qonaqlıq verirlər. Atam da qıza göz qoyur, xoşuna gəlir. İşi uzatmır, elə həmin gün anamın barmağına üzük taxır.

Gürcü qızı Nino

...Amma “N” onun ilk sevgisi olub. Gündəliyində bu hərfi tez-tez yazarmış. Onu sevdiyini, necə tanış olduğunu ancaq o dəftərə etibar eləyib. Adını açıq yazmağısa heç ora da qıymayıb...

“Bakı 22 aprel 1907-ci il. “N”lə yeddi aydı qonşuyuq. O, bizdən bir mərtəbə aşağıda yaşayır...”

- Sonra sevgisini başı bəlalı “Əli və Nino” əsərində qələmə alır. (Əsərin müəllifi mübahisəlidir - S.Ç) Əsərdə belə bir yer var: Əli xan deyir ki, mən Ninoya bulaq başında, şəlalələr yanında yox, Nikolay küçəsində, məktəb yolunda rast gəlmişdim. Gündəlikdə də yazır ki, “N” Qızlar Gimnaziyasında oxuyur - indiki şəkil qalereyası yerləşən küçədə. Atamın yazılarından belə məlum olur ki, “N”ə böyük sevgisi varmış. Amma atam onunla heç vaxt evlənməzdi. Çünki “N” gürcü qızı idi - Nino Kipyani. Atamsa çox millətsevər adam olub. Kiyevdə, Parisdə yaşayanda qızlar özü ona evlənmək təklif eləyirmiş. Həm ağlına, həm də görünüşünə görə. Amma atam “Ancaq öz millətimin qızı ilə evlənəcəm”, - deyib.

Atamı ermənilər tutdurdu

Bilqeyis evdar qadın olsa da, bir-birlərini yaxşı başa düşürlər. Üç uşaq sahibi olurlar. Güzəranları da pis keçmir. Yusif Vəzir Çəmənzəminli həm hüquqşünas kimi işləyir, həm Neft Akademiyasında ədəbiyyatdan dərs deyir. Bədii yaradıcılığından da qalmır. “İki od arasında”, “Qan içində”, “Həzrət Şəhriyar”, “Altunsaç” və başqa əsərlərini o dövrdə yazır. Neft tarixini araşdırmaqla da məşğul olur. Həm də 1935-ci ildə Azərbaycanda ilk səsli kino sayılan “Çapayev”i tərcümə eləyir.

...1937-ci ildə həyat dəyişir. Bəhanələrlə onu işdən çıxarırlar. 1938-ci ildə ailəsini Bakıda qoyub, iş dalınca Özbəkistana gedir. Ürgənc şəhərində rus dilindən dərs deyir. Məktəbin kitabxanasını da ona tapşırırlar...

- Atam hər ay bizə pul göndərirdi. Təzə-təzə pulsuzluqdan canımız qurtarırdı, yenə hər şey puç oldu. Qonşumuzda Okayev adlı erməni yaşayırdı. Deyirdilər, “NKVD”-yə işləyir. Bizi dilə tuturdu ki, atamızın ünvanını öyrənsin. Deyirdi ki, atanız mənim dostumdu, ona məktub yazacam. Amma biz demirdik. Atam bizə nə göndərirdisə, nənəmgilin ünvanına yollayırdı. Heç kəsin atamdan xəbəri yox idi. Bəziləri elə bilirdi ki, atamı tutub aparıblar. Elə dövr idi ki, söz soruşmağa da hamı bir-birindən ehtiyat edirdi.

1939-cu ildə atam evimizə gəldi. Nalçikə istirahətə getdik. Avqustun 3-də təzədən Özbəkistana qayıtdı. 1940-cı ilin yanvarın 27-də Bakının sifarişi ilə onu tutdular. Atamın gəlişini erməni qonşumuz xəbər eləmişdi. Markaryan, Qriqoryan adlı ermənilərin bu həbsdə xüsusi rolu olub.

Dərbədər

- Məktəbdən gəlib gördüm ki, anam ağlayır. Dedi, atanızı həbs eləyiblər. Evin altını-üstünə çevirib gediblər. Atamdan ilk məktub Nijni Novqorod vilayətinin “Suxobezvodnoe” stansiyasından gəldi. Yazmışdı ki, mənə 8 il iş kəsiblər. Həmişə məktublarında yazırdı ki, siqaretdən korluq çəkirəm. Nə qədər imkanınız varsa, göndərin.

1941-ci ilin noyabrın 15-də evimizə gəlib dedilər ki, sizi də sürgün eləyirik. Üç gün vaxt verdilər. Nənəm birinci olaraq atamın yazılarını yığışdırdı. Səhər saat 9-da bizi maşına doldurdular. Keşlədə “Meyvə-tərəvəz bazası” deyilən yerə gətirdilər. Ziyalıların çoxu ordaydı. Milliyətcə erməni olan “NKVD” işçiləri camaata ağalıq eləyirdi. Gah deyirdilər, qatar gəlib sizi Gəncəyə aparacaq, gah da eşidirdik ki, Mardakertə göndərəcəklər. O vaxt dayılarımızın köməyi ilə Qubaya getməyimizə icazə verdilər. Gecəni evimizdə yatdıq. Səhərə kimi “NKVD” işçiləri qapımızı təpiklədi. Hava işıqlanan kimi yola düşdük. 1942-ci ildə Dərbəndə köçdük. Qubada bizi qeydiyyata götürmürdülər. Onda da çörək almaq üçün “kartoçka” vermirdilər. Dərbənd rəhbərinin qonşusu anamgilin tanışı çıxdı. Bizə birotaqlı ev verdilər. 1943-cü ildə Dərbəndi aclıq götürdü. Orda qalmaq mümkün deyildi. Çörək əvəzinə adambaşına 100 qram düyü, ya da noxud verirdilər. Ordan da Şəkiyə getdik.

Atamın ölüm xəbərini bizə Əzət bibim verdi. Xəbəri ora göndərmişdilər. 1943-cü ilin yanvarın 3-də rəhmətə gedibmiş.

Bakıya 1944-cü ilin axırları qayıda bildik. Bir az rahat yaşayaq deyə, anam qəsdən pasportunu itirib, təzəsini aldı. Köhnə pasportdakı möhürü görən kimi hay-küy salırdılar.

Davud Bədəlbəyli adlı yaxşı bir insan vardı. Bizi - mənimlə qardaşım Orxanı Energetika Texnikumuna götürdü. Tapşırdı ki, bu uşaqlardan muğayat olun, bunlar Çəmənzəminlinin oğullarıdı. Axırda onu da ailəsi ilə Tomsk vilayətinə sürgün elədilər. Guya arvadının İranda qohumu varmış.

...Biz atasız yaşamağı qismətimiz bildik. Onsuz da buna alışmaqdan başqa çarəmiz qalmamışdı. Amma yazıq nənəm ümidini kəsmirdi. “Balam qayıdacaq” – deyirdi. Hər dəfə qapı açılanda ürəyi tikələnirdi...

...O isə həsrətdən, şaxtadan cəsədə dönənlərə qarışmışdı...

“Həftə içi” qəzeti. 15-18 sentyabr 2001-ci il

# 1457 dəfə oxunub

Müəllifin son yazıları

# # #