Allahı kodlara, rəqəmlərə bölənlər

Allahı kodlara, rəqəmlərə bölənlər
4 mart 2024
# 12:00

Kulis.az Rəvan Cavidin "“Cavidannamə”dən “Black Mirror”a" adlı yeni yazısını təqdim edir.

“Netflix”in həyatımıza ayaq açdığı vaxtlarda artıq klassikaya çevrilmiş bir serial var idi – “Black Mirror”, dilimizə tərcümə etsək, “Qara güzgü”. Hər bölümündə izləyicilərə yad olan müxtəlif mövzulara toxunurdular. Süni intellekt, virtual gerçəklik, robotlar, kirayə sevgililər, bədənin və beynin transplantasiyası, kolbalarda yaradılan uşaqlar, cinsiyyətsiz adamlar və sair. Həmin dövr üçün bu mövzular bir az da fantastik görünürdü bizə. Düşünürdük ki, necə ola bilər ki, bir insanın bütün düşüncəsi, təxəyyülü, səsi, hərəkətləri, hətta xatirələri başqa bir metal varlığa köçürülsün? Ya da necə ola bilər ki, biz hansısa məlumatı almaq üçün, ya da dərs tapşırıqlarımızı yerinə yetirmək üçün açar kəlimələri kompüterimizə yazmaq kifayət edəcək? İnsan olmadan zavodlar, şirkətlər idarə olunacaq. Sürücüsüz taksilər gəzəcək şəhərlərdə. Bir sözlə, dünyanın ipi insanın əlindən sürüşüb çıxacaq. Bu kimi şeylərdən danışan adamlarla məzələnirdik də.

Sonra “Tesla” şirkəti ortaya çıxdı. “Tesla” bütün “ola bilməzləri” mümkünə çevirdi. Şirkətin növbəti beş il üçün planlarına, layihələrinə baxanda adam dəhşətə gəlir. Və “Tesla”nın ona qədərki şirkətlərdən əsas və dünyanı dəyişəcək bir fərqi var idi. “Tesla” bütün layihələrini açıq-aşkar həyata keçirirdi. Heç bir sirrə bürünmədən. Deyirdilər ki, baxın, əgər savadınız, bacarığınız yetirsə, siz də bizə qoşulun, hətta qoşulmasanız da olar, imkanınız, cəsarətiniz varsa, özünüz edin. İlon Mask Nikolo Teslanın bütün xəyallarını, yazıb cırdığı, pozub yandırdığı layihələri həqiqətə çevirdi və çevirməkdə davam edir.

Bu texnologiya bumundan bir-iki il sonra isə həyatımızın ayrılmaz parçasına çevrilən sosial şəbəkələri “Meta”nın damı altına yığdılar və məişətin və sosial həyatın bütün gündəlik vərdişlərini kompüter oyunu kimi virtual bir aləmə daşıdılar. Sonra da eynək düzəldib satdılar ki, buyurun, dünyaya bir az da belə baxın.

Gözümüzü yumub-açdıq ki, hər şey rəqəmlərdən və hərflərdən ibarətdir. İki ölçülü müstəvidən üç ölçülü, sonra da çoxölçülü fəza müstəvisinə keçdik. Evklid həndəsəsini Lobaçevski həndəsəsinə, klassik fizikanı da Kvant fizikasına dəyişdilər. Bu boyda həngaməni bir gün yox eləmək üçün də atom bombasını hidrogen bombası ilə əvəz etdilər.

Bu qədər sürətli dünyanın ortasında qalmayım deyə, balaca bir şəhərdə xırdaca bir otaqda lap əvvəli, dünyanın gəlib keçdiyi dövrləri oxumaq həvəsi yarandı məndə. Orta əsrlərin başlanğıcında şərqin inancını kodlayan təriqətlər haqqındakı məlumatlarla günümüzün həqiqi kodları arasında gedib-gəldim. İndi rəqəmlərin, hərflərin, çoxölçülü fəza müstəvisinin fanidən fani həyatımızı işğal etməsi mənə bir zamanlar yaradılışı və sonsuz sonluğu rəqəmlər və hərflərlə ifadə etməyə çalışan, az qala, məzhəblər qədər imperiyaların canına qorxu salan İslam təriqətini – hürufiləri xatırladır. Vaxtilə gah iyirmi səkkiz, gah da otuz iki hərflə Quranı təfsir edən Fəzlullahın prinsipləri edamından sonra Anadoluya, Qafqaza, bütün Yaxın və Orta Şərqə, nəhayət, Qərbə ayaq açdı.

Keçən əsrin əvvəllərindən başlayaraq Avropada kütləvi şəkildə Şərq və İslam haqqında ciddi kitablar yazıldı. Hətta qərblilər şərqi və İslamı bizdən daha yaxşı mənimsədilər. Bu iki böyük məhfumdan yaxşı mənada fəlsəfə və elm, pis mənada Şər ordusu qurdular. Həllac Mənsurundan tutmuş Qazalisinə, Qazalisindən tutmuş Gilyanisinə kimi bütün mütəsəvvüfləri araşdırdılar, həqiqətləri lüt-üryan kitablara tökdülər. Evi görmək üçün bir az da çöldən baxmaq lazımdı axı ona. Biz də bu gün iki şərqlini oxuyanda dönüb bir nəfər də qərblinin kitabını vərəqləyirik. Hər iki tərəfdən baxanda da bir şeyi dəqiq, əsaslı şəkildə görüb dərk edirik ki, mədəniyyət də, barbarlıq da Şərqdə yarandı, Şərqdən ayaq açdı bəşəriyyətə. İndi də geri, elə Şərqin özünə qayıdır həm mədəniyyət, həm də barbarlıq.

Hötenin “Hicrət”ində bir dördlük var:

Dağılır Şimal da, Cənub da, Qərb də,
Taxtlar çatlamağa başlayır, imperiyalar titrəməyə.
Qanadlan, uç, get, tez yetiş Şərqə
Atalarının o ilk nəfəsini içinə çəkməyə...

Höteyə görə yazdığı bu şeirlərin də, hekayələrin, əhvalatların da cəmi Şirazlı Hafizin bircə beytindən ağır deyil. Başqa bir avropalı Hüqo isə “Paşanın kədəri” və “Müftinin döyüş hayqırtıları” şeirlərində Şərqin barbarlığı ilə mədəniyyətinin necə eyni yerdən mənşə götürməsinə təəccüblənirdi. Bizim istər əski, istərsə də orta əsrlərdəki mütəsəvvüflərimiz, fəlsəfəçilərimiz isə Qərbə tərəf boylanmırdı da heç. Çünki onlar Köhnə Dünyadan götürdüklərini götürmüşdülər: Aristoteli və Platonu. Götürüb Qurana və altı müqəddəs hədis kitabına qatmışdılar. Sona qədər də o bilgələr o kitablara istinad edərək dünyadan köçüb getdilər.

Beləcə, Şərq Qərbə, Qərb də Şərqə güzgü tutdu. Həm də qara güzgü. Ona görə qara güzgü ki, yaradılışı və axirəti rəqəmlərə köçürməyi xəyal edən edənlər, bu xəyallarına görə parça-tikə edilənlər günümüzün rəqəmsal erasına ilham olmuşdular. İndi şəxslər, düşüncələr yox, dünyanın özü parça-parça edilir, necə ki, “Qara güzgü”nün koverindəki o məyus şəkil kimi.

“Netflix” indi “Məsih”i, “Kübra”nı çəkir. Yəni deyirlər ki, həmin qara güzgü düşdü yerə çilik-çilik oldu. Dünya da, allahlarımız da həmin çiliklərdə gördüyümüz rəqəmlərə, kodlara, ölçülərə bölündü. İndi də belə yaşamaq gərək.

# 2181 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #