“Şirməmməd Hüseynov. Biblioqrafiya” kitabının təqdimatı keçirildi

“Şirməmməd Hüseynov. Biblioqrafiya” kitabının təqdimatı keçirildi
26 dekabr 2024
# 09:59

Milli Kitabxanada “Şirməmməd Hüseynov. Biblioqrafiya” kitabının və eyniadlı elektron məlumat bazasının təqdimat mərasimi keçirilib.

Kulis.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə həyata keçirdiyi “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından işıq üzü görən kitab görkəmli alim və pedaqoq, Cümhuriyyət və mətbuat tariximizin böyük tədqiqatçısı, professor Şirməmməd Hüseynovun anadan olmasının 100 illiyinə həsr edilib.

Təqdimat mərasimində mədəniyyət naziri Adil Kərimli, tanınmış elm və mədəniyyət xadimləri, media nümayəndələri iştirak edib.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov çıxışında deyib ki, Şirməmməd Hüseynov Cümhuriyyət dövrünün, Azərbaycan müstəqillik tarixinin, eləcə də, mətbuat tarixinin öyrənilməsində böyük rol oynayan görkəmli şəxsiyyətlərdən biridir. O, milli məfkurəmizin böyük simaları Ü.Hacıbəyli, M.Ə.Rəsulzadə, Ə.Ağayev, Ə.Topçubaşov, Ə.Hüseynzadə, Ö.F.Nemanzadə və başqa mütəfəkkirlərin zəngin irsini, milli tərəqqi, istiqlal düşüncəsi ilə bağlı ölməz fikirlərini böyük fədakarlıqla toplayaraq abidə nəşrlər ortaya qoyub. Milli Kitabxana “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından 150-dən artıq biblioqrafiya nəşr edib və məqsəd görkəmli şəxslərin xatirəsini yaşatmaqdır.

Milli Məclisin sədr müavini akademik Rafael Hüseynov Şirməmməd Hüseynovun Azərbaycan müstəqillik mübarizələri və istiqlal düşüncəsinin salnaməçilərindən biri olduğunu söyləyib, unudulmaz alimin həyat yolundan və yaradıcılığından ətraflı bəhs edib. O, Şirməmməd Hüseynov kimi insanların millətin sərvəti olduğunu vurğulayıb. Bildirib ki, bu biblioqrafiya kitabı Şirməmməd Hüseynovun kimliyi barədə suala cavabın ən mükəmməl nümunələrdən biridir və böyük cəfakeş alimin xatirəsini əsrlərlə yaşadacaq bir abidədir.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Şirməmməd Hüseynovu bənzərsiz şəxsiyyət, fədakar mətbuat fədaisi və tədqiqatçısı, ustad müəllim kimi xarakterizə edib. Qeyd edib ki, Şirməmməd müəllim müstəqillik dövrünün elmi və siyasi publisistikasının yaradıcılarından, mətbuat tarixinin ən görkəmli tədqiqatçılarından biridir. O, 20 cildlik mətbuat tarixi salnaməsinin yaradıcısı, 800-dən artıq elmi və elmi-publisistik məqalənin müəllifidir. Akademik biblioqrafiya kitabının Şirməmməd müəllimin yaradıcılığını araşdıranlar üçün mayak olacağını bildirib.

Tədbirdə Bakı Dövlət Universitetinin professorları Cahangir Məmmədli, Qulu Məhərrəmli, Milli Məclisin Elm və təhsil komitəsinin sədri professor Anar İsgəndərov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Mətbuat Şurasının sədri, Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, Medianın İnkişafı Agentliyinin direktor müavini Natiq Məmmədli, Milli Məclisin deputatı, Əməkdar jurnalist Vüqar Rəhimzadə və “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan çıxış edərək Şirməmməd Hüseynov haqqında xatirələrini bölüşüblər.

Çıxışlarda Şirməmməd Hüseynov Azərbaycan mətbuat tarixinin yaradıcısı, ictimai fikir tarixinin, eləcə də Cümhuriyyət dövrünün araşdırmaçısı, tədqiqatçısı kimi xarakterizə olunub. Onun həm alim, həm də pedaqoq kimi Azərbaycan klassik jurnalistikasının görkəmli simalarının irsini hərtərəfli araşdıraraq yetişməkdə olan nəslə çatdırılmasında mühüm xidmətlər göstərdiyi vurğulanıb.

Tədbirin davamında Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Professor Şirməmməd Hüseynov-100” adlı elektron məlumat bazasının təqdimatı olub.

Sonda alimin ailəsi adından çıxış edən Şirməmməd Hüseynovun qızı, Azərbaycan Milli Konservatoriyasının prorektoru professor Lalə Hüseynova tədbirin təşkilinə görə Milli Kitabxanaya, eləcə də biblioqrafiyanın hazırlanmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Qeyd edək ki, “Şirməmməd Hüseynov. Biblioqrafiya”nın tərtibçisi Lalə Şirinova, elmi redaktoru professor Kərim Tahirov, “Ön söz”ün müəllifi akademik Rafael Hüseynov, məsləhətçisi və redaktoru isə Ülkər Hüseynovadır. Biblioqrafiyada Şirməmməd Hüseynovun həyat və fəaliyyətinin əsas tarixləri, görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri, alimin kitabları, dövri mətbuat, dərslik və məcmuələrdə çap olunmuş əsərləri, tərcümələri, həyat və yaradıcılığı haqqında zəngin materiallar toplanıb. Kitabda, həmçinin görkəmli alimin dünyanın ən zəngin milli, dövlət və universitet kitabxanalarında mühafizə olunan əsərləri də öz əksini tapıb. Yeni nəşr alimlər, tədqiqatçılar, mətbuat işçiləri, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

# 992 dəfə oxunub

Oxşar xəbərlər

Üzvlükdən azad edilən, töhmət verilən Füzuli Hüseynov kimdir?

Üzvlükdən azad edilən, töhmət verilən Füzuli Hüseynov kimdir?

15:22 31 may 2025
Saleh Səmədov həbs edildi

Saleh Səmədov həbs edildi

15:00 31 may 2025
Qadağan olunmuş layihə: Bakıxanovun məktəb planı nəyə görə gizlədildi?

Qadağan olunmuş layihə: Bakıxanovun məktəb planı nəyə görə gizlədildi?

14:01 31 may 2025
Qəbri tapılmayan baş nazirimiz - Onu kim qətlə yetirmişdi?

Qəbri tapılmayan baş nazirimiz - Onu kim qətlə yetirmişdi?

11:00 31 may 2025
Təfəkkürün başqa kainatı - Murad Köhnəqala

Təfəkkürün başqa kainatı - Murad Köhnəqala

10:15 31 may 2025
İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

09:00 31 may 2025
# # #